Məhkəmə qərarları › İş №2(103)-6194/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6194/2024

18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6194/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Həsənova (Kakşa) Gülnarə Nizami qızının ("xxxx" MMC üçüncü şəxs qismində cəlb etedilməklə) cavabdeh "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına qarşı iş üzrə (açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qaraşarlı Layla Çingiz qızının katibliyi, cavabdeh "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Həsənova (Kakşa) Gülnarə Nizami qızının ("xxxx" MMC üçüncü şəxs qismində cəlb etedilməklə) cavabdeh "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına qarşı "kredit bürosundan borcun silinməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-3618/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Qazax Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(023)-774/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh QSC BOKT-nın cavabdeh X3 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası iddia müddəti üzürsüz səbəbdən ötürüldüyündən rədd edilmişdir. Həsənova (Kakşa) Gülnarə Nizami qızının nümayəndəsi X4 müraciətinə cavab olaraq, "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının 20 fevral 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “...Qazax Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(023)-773/2022 saylı və 31 may 2022-ci il tarixli, 2(023)-774/2022 saylı qətnamələri ilə iddia ərizələri təmin edilməmişdir. Məhkəmənin sözügedən qətnamələri ilə iddia tələbi təmin edilməsə də borcluların kredit borcunun silinməsi barədə vəzifə qoyulmamışdır. Bu səbəbdən borcalanların adlarının kredit reyestrindən çıxarılması mümkün deyildir...” Azərbaycan Kredit Bürosunun 23 fevral 2024-cü il tarixli məktubuna əsasən, X6 bildirilmişdir ki, “...qeyd etdiyiniz məsələnin araşdırılması üçün məlumat təchizatçısına (bank, bank olmayan kredit təşkilatı və s.) müraciət edilmişdir. Məlumat təchizatçısı tərəfindən Büroya göndərilən rəsmi məktubda Qazax Rayon Məhkəməsinin 31 may 2022ci il tarixli 2(023)-773/2022 saylı və 31 may 2022-ci il tarixli 2(023)-774/2022 saylı qətnamələri ilə məlumat təchizatçısının borcun ödənilməsi ilə bağlı iddia ərizələrinin təmin edilmədiyi, habelə müvafiq iddia ərizələrində borcluların kredit borcunun bağlanılması üçün vəzifə qoyulmadığı və bu səbəbdən məlumatların bağlı statusda Büroya ötürülməsinin mümkün olmadığı qeyd edilmişdir. Əlavə olaraq bildiririk ki, məlumat təchizatçısının rəsmi məktubunda hal-hazırda borc öhdəliyinizin mövcud olduğu qeyd edilmişdir. Nəzərinizə çatdırırıq ki, Büroya məlumat təchizatçıları tərəfindən təqdim edilən məlumatlar yalnız texniki emal edilir və onların üzərində dəyişikliklərin aparılması Büronun səlahiyyətləri xaricindədir. Kredit hesabatınızın məlumatlarında hələ də yanlışlıq olduğunu iddia etdiyiniz halda, təsdiqləyici sənədlərlə müvafiq məlumatı təqdim etmiş məlumat təchizatçısına və ya məhkəməyə müraciət edə bilərsiniz.” Birinci instansiya məhkəməsində icraat İddiaçı Həsənova (Kakşa) Gülnarə Nizami qızı ("xxxx" MMC üçüncü şəxs qismində cəlb etedilməklə) cavabdeh "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına qarşı "kredit bürosundan borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC BOKT-da Həsənova (Kakşa) Gülnarə Nizami qızının adına olan borcun silinməsi və bununla bağlı məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsinin Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatının üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC X3 qarşı kredit borcunun tutulması tələbinə dair iddia icraatı qaydasında məhkəməyə müraciət etmişdir. Qazax Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(023)-774/2022 saylı məhkəmə qətnaməsi ilə iddiaçının iddiası iddia müddəti üzürsüz səbəbdən ötürüldüyündən rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh QSC şikayət vermiş və 08 avqust 2022-ci il tarixli 2(023)777/2022 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Onun borcunun silinməsi barədə Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlamış olduğu cavab məktubunda bildirilmişdir ki, onunla bağlanmış kredit müqaviləsindəki öhdəliyə əsasən krediti vaxtında ödəmədikləri üçün hər iki borclu barədə 08 aprel 2022-ci il tarixində iddia ərizələri ilə Qazax Rayon Məhkəməsinə müraciət edilmişdir. Qazax Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(023)-773/2022 saylı və 31 may 2022-ci il tarixli 2(023)-774/2022 saylı qətnamələri ilə iddia ərizələri təmin edilməmişdir. Məhkəmənin sözügedən qətnamələri ilə iddia tələbi təmin edilməsə də borcluların kredit borcunun silinməsi barədə vəzifə qoyulmamışdır. Bu səbəbdən borcalanların adlarının kredit reyestrindən çıxarılması mümkün olmadığı qeyd edilmişdir. Bank tərəfi cavabdehin borcunun olması barədə göndərmiş olduğu xəbərdarlıq məktubdan sonra müqavilə öhdəlikləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüş, (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən) bu vaxt ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmədiyindən sözügedən həmin mübahisəli kreditlərlə bağlı iddia təmin edilməmişdir. Bank tərəfi vaxtında onlara xəbərdarlıq göndərsə də, vaxtında məhkəməyə müraciət etməmişdir. Belə ki, iddianın təmin edilməməsi barədə mövcud qanunvericiliyə əsasən qətnamənin icra vərəqəsi verilmir. Cavabdehi müəyyən hərəkətləri etməyə məcbur edən qətnamə qəbul edilərsə qətnamənin icrası barədə icra vərəqəsi verilir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı vardır. Ölkədə yaranmış devalivasiya və maddi çətinlik nəticəsində əmələ gələn problemli kreditləri olan ailələrdən biri də onların ailəsi olmuşdur. Hər bir şəxsin müəyyən problemləri olduğu kimi kreditə müraciət etdiyi kimi o da müraciət edən hər zaman imtina edilir. Həmin, problemli kredit üzrə Cavabdeh QSC iddiaçı tərəf vaxtında mövcud qanunvericiliyə əsasən məhkəmədə iddia qaldırmış olsaydı, onların bugünkü gündə həmin problemi davam etməzdi. Hər bir bank problemli vətəndaşların kreditlərinin həllini vaxtında həll edilməsi üçün vaxtında iddia müddəti bitmədən məhkəməyə müraciət edir və qanunamüvafiq qaydada öz həllini tapır. Beləliklə hesab edir ki, "xxxx" ASC-nin Qazax filialı ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli 983 nömrəli kredit müqaviləsi üzrə borca məhkəmə qətnamələri ilə münasibət bildirildiyindən ümüdsüz borc kimi xitam verilməlidir və həmin müqavilə üzrə hesablanmış borc silinməlidir. Eyni zamanda, tələb hüququ "xxxx" ASC-dən Cavabdeh QSC-yə ötürülmüş və adında qalmış borclarla bağlı qeyd "xxxx" MMC-dən silinməlidir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, bildirmişdir ki, iddia tələbi tam əsassızdır. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin Kakşa (Həsənova) Gülnarə Nizami qızına qarşı 1526,0 manat əsas borc, 960,91 manat faiz borcu olmaqla, cəmi 2486,91 (iki min dörd yüz səksən altı manat 91 qəpik) manat məbləğində problemli borcu üzrə tələb hüququ xx.xx.2018-ci il tarixli S-FKQAZ-266 saylı təhvil-təslim aktı əsasında Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Azərbaycan Beynəlxalq Bankı ASC-nin Qazax filialı ilə cavabdeh X5 arasında bağlanmış 30 iyul 2013-cü il tarixli 903 saylı kredit müqaviləsinə əsasən X3 24 ay müddətinə illik 24 %-lə 3000,0 (üç min) manat kredit verilmişdir. Kredit müqaviləsinin 5.2. və 6.1-ci bəndinə əsasən borc alan bu müqavilənin tələblərini vaxtında və lazımı qaydada yerinə yetirilməsini öz üzərinə götürür. Müqavilənin 6.5-ci bəndinə əsasən kredit üzrə öhdəliklər icra edilmədikdə borc alan dəbbə pulu və borc verənə dəymiş zərəri tam həcmdə ödəməlidir. Kredit müqaviləsinin 9.1-ci bəndinə əsasən bu müqavilə bağlandığı andan qüvvəyə minir. Müqavilə borc verən və borc alan tərəfindən üzərinə götürülmüş öhdəliklərin yerinə yetiriləcək müddətə qədər öz qüvvəsini saxlayır. Kakşa (Həsənova) Gülnarə Nizami qızı tərəfindən müqavilənin şərtlərinə əməl olunmamış, kredit və ona hesablanmış faiz borcu "xxxx"’ QSC-yə qaytarılmamışdır. Son nəticədə Cavabdeh QSC iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qazax Rayon Məhkəməsi Gülnarə Həsənovanın iddia müddətinin tətbiqi barədə verdiyi ərizəyə istinad edib həmin mübahisəyə iddia müddətini tətbiq edərək iddianı rədd etmək barədə 3 1 may 2022-ci il tarixli 2(023)774/2022 saylı qətnamə qəbul etmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. İddiaçı Kakşa (Həsənova) Gülnarə Nizami qızının adından etibarnamə əsasında bacısı X8 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onun adında olan kredit borcunun silinməsi vəzifəsinin cavabdeh olaraq Cavabdeh QSC-nin üzərinə qoymağı xahiş edir. İlk növbədə nəzərə alınmalıdır ki, "xxxx" ASC-dən Leyla Həsənova və digər problemli borcu olan şəxslərlə bağlı borc öhdəlikləri və bununla bağlı tələb hüququ Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar “ “Aqrarkredif’ QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Sözügedən Fərmanla həmin borcların qaytarılması vəzifəsi Cavabdeh QSC-nin üzərinə qoyulmuşdur. Cavabdeh QSC səhmləri 100 faiz dövlətə məxsus olmaqla, əsas səhmdarı Azərbaycan Respublikasının Maliyyə Nazirliyidir. Kredit borclarının silinməsi səlahiyyətinə Cavabdeh QSC-nin özü deyil, onun səhmdarı malikdir. İkincisi, qeyd olunmalıdır ki, iddia müddətinin keçməsinə görə kredit borcununun Təşkilatın balansından silinməsi ilə bağlı qanunvericilikdə hər hansı bir göstəriş yoxdur. Üçüncüsü, İddiaçı Qazax rayon Daş Salahlı kəndində müəllim işləyərkən həmin krediti götürmüş və ondan yararlanmışdır. Aldığı krediti qaytarmaq onun vəzifəsi, öhdəliyi olsa belə, o kredit borcunu ödəməkdən yayınmış, bilərəkdən həmin borcu qaytarmamış, son nəticədə aldığı vəsaitin bir hissəsinin özü tərəfindən mənimsənilməsinə nail olmuşdur. "xxxx" QSC-nin Qazax filialının mütəxəssisləri Gülnarə Həsənova ilə əlaqə yarada bilmədiklərini, onun 2015-ci il tarixindən etibarən Türkiyə Respublikasında yaşadığını bildirmişlər. Yəni iddiaçının maddi imkanı kifayət qədər borcu ödəməyə imkan verməsinə baxmayaraq, onun aldığı borcu dövlət təşkilatına qaytarmaq niyyəti olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1 -ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərin hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazimi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, İddiaçı Həsənovanın kredit borcunun onun adından silinməsi üçün heç bir qanuni əsas yoxdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-3618/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh QSC BOKT tərəfindən iddiaçı Həsənova (Kakşa) Gülnarə Nizami qızından 30 iyul 2013-cü il tarixli, 983 saylı kredit müqaviləsi üzrə tələb olunan 1509,44 manat əsas kredit borcu, 960,91 manat faiz borcu olmaqla, cəmi 2470,35 manat (iki min dörd yüz yetmiş manat 35 qəpik) məbləğində borc silinməsi, iddiaçı Həsənova (Kakşa) Gülnarə Nizami qızının 30 iyul 2013-cü il tarixli, 983 saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsinin Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatının üzərinə qoyulması, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, müəyyən edilmişdir ki, Qazax Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(023)-774/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə Cavabdeh QSC BOKT-nın X3 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası iddia müddəti üzürsüz səbəbdən ötürüldüyündən rədd edilmişdir. Buna baxmayaraq, iddiaçı X1 hal-hazıradək adı kredit reyestrindən çıxarılmamışdır. Səbəb qismində Cavabdeh QSC BOKT bildirmişdir ki, məhkəmənin sözügedən qətnaməsi ilə iddia tələbi təmin edilməsə də borclunun kredit borcunun silinməsi barədə vəzifə qoyulmamışdır. Hazırki mülki iş üzrə iddia tələbi ilə əlaqədar Cavabdeh QSC BOKT etirazının əsasları kimi X1 bilərəkdən kredit borcunu qaytarmadığını, habelə iddia müddətinin keçməsinə görə kredit borcununun Təşkilatın balansından silinməsi ilə bağlı qanunvericilikdə hər hansı bir göstərişin olmadığını göstərmişdir. Halbuki, mülki qanunvericiliyə əsasən öhdəliyə müddətin keçməsi nəticəsində xitam verilir. Bundan əlavə, məhkəmə onu da qeyd edir ki, qanunvericiliklə məlumat təchizatçılarının kredit bürosuna təqdim etməli olduqları məlumatlar sırasında balansdan silinmiş ümidsiz borc da göstərilir. Ümidsiz borc dedikdə, iddia müddəti keçmiş və icrası mümkün olmadığına görə mülkü qanunvericiliyə görə öhdəliyə xitam verilmiş borclar başa düşülür. Odur ki, hazırki iddia tələbi tam əsaslı olub təmin ediməli, Cavabdeh QSC BOKT tərəfindən iddiaçı Həsənova (Kakşa) Gülnarə Nizami qızından 30 iyul 2013-cü il tarixli, 983 saylı kredit müqaviləsi üzrə tələb olunan 1509,44 manat əsas kredit borcu, 960,91 manat faiz borcu olmaqla, cəmi 2470,35 manat (iki min dörd yüz yetmiş manat 35 qəpik) məbləğində borc silinməli; iddiaçı Həsənova (Kakşa) Gülnarə Nizami qızının 30 iyul 2013-cü il tarixli, 983 saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsi Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatının üzərinə qoyulmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 527.1, 550-ci maddələrinə, Kredit büroları haqqında Azərbaycan Respublikası Qanununun 16.1ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-200-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-3618/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçı Həsənova (Kakşa) Gülnarə Nizami qızı "xxxx" MMC-ni üçüncü şəxs qismidə cəlb edilməklə cavabdeh “Aqrarkredi QSC Bank olmayan Kredit Təşkilatına qarşı onun adına olan “kredit bürosundan borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh QSC BOKT tərəfindən iddiaçı Həsənova (Kakşa) Gülnarə Nizami qızının iddia ərizəsinə qarşı etiraz təqdim edilmiş və məhkəmədə iddianın rədd edilməsi xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən Həsənova (Kakşa) Gülnarə Nizami qızının iddia ərizəsinə baxılaraq iddia tələbinin təmin edilməsi, Cavabdeh QSC BOKT tərəfindən iddiaçı Həsənova (Kakşa) Gülnarə Nizami qızı ilə bağlanmış 30 iyul 2013-cü il tarixli 903 saylı kredit müqaviləsi üzrə tələb olunan 1509,44 manat əsas borc, 960,91 manat faiz borcu olmaqla, cəmi 2470,35 (iki min dörd yüz yetmiş manat 35 qəpik) manat məbləğində borcun silinməsi, iddiaçı Həsənova (Kakşa) Gülnarə Nizami qızından bağlanmış 30 iyul 2013-cü il tarixli 983 saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsinin Cavabdeh QSC BOKT-n üzərinə qoyulması qət edilmişdir. Həmin qətnamə xx.xx.2024-cü il tarixdə Cavabdeh QSC BOKT tərəfindən alınmışdır. Məhkəmə Cavabdeh QSC-nin Həsənova (Kakşa) Gülnarə Nizami qızına qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə Qazax Rayon Məhkəməsinin qəbul etdiyi 31 may 2022-ci il tarixli 2(023)773/2022 saylı qətnaməyə istinad edərək, iddia müddətinin keçməsinə görə, Cavabdeh QSC-nin iddiasının rədd edildiyini, mülki qanunvericiliyə əsasən öhdəliyə müddətin keçməsi nəticəsində xitam verildiyini, qanunvericilikdə məlumat təchizatçılarının kredit bürosuna təqdim etməli olduqları məlumatlar sırasında balansdan silinmiş ümidsiz borcun da göstərildiyini, ümidsiz borcun iddia müddəti keçmiş və icrası mümkün olmadığına görə mülki qanunvericiliyə görə öhdəliyə xitam verilmiş borc kimi başa düşüldüyünü, bu səbəbdən iddianın təmin edilməsi qənaətinə gəldiyini qeyd etmişdir. Məhkəmə tərəfindən iddia tələbi təmin edilərkən maddi hüquq normaları düzgün təbiq olunmamışdır. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edib təmin edilməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı Həsənova (Kakşa) Gülnarə Nizami qızının və üçüncü şəxs "xxxx" MMC-in nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia tələbi təmin edildiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, iddiaçının hüquqi marağı, Qazax Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(023)-774/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə Cavabdeh QSC BOKT-un X3 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiasının iddia müddəti üzürsüz səbəbdən ötürüldüyündən rədd edildiyi üçün, ümumilikdə 2470,35 manat borcunun silinməsindən və adının kredit reyestrindən çıxarılmasından ibarətdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən öz mövqeyini mülki qanunvericiliyə əsasən öhdəliyə müddətin keçməsi nəticəsində xitam verilməsi ilə əsaslandırmışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olduğundan, yəni iddia müddətinin keçməsi iddiaçının cavabdeh qarşısında olan öhdəliyinin xitamına səbəb olmadığından borcun silinməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, “Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Göründüyü kimi, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Vurğulanmalıdır ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Məlum olduğu kimi, öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. Bu səbəbdəndir ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). İddia müddətinin keçməsi özlüyündə öhdəliyin xitamına səbəb olmadığındandır ki, Mülki Məcəllənin 383-cü maddəsinə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Qeyd edilənlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun L.İ. Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayət üzrə 2020-ci il 12 mart tarixli Qərarı). Beləliklə, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir.” Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normasının səhv təsfir edilməsi ilə qəbul edildiyindən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməli, tərəflərin hər birinin ödədikləri dövlət rüsumları isə özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-3618/2024 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Həsənova (Kakşa) Gülnarə Nizami qızının ("xxxx" MMC üçüncü şəxs qismində cəlb etedilməklə) cavabdeh "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına qarşı Cavabdeh QSC BOKT-da Həsənova (Kakşa) Gülnarə Nizami qızının adına olan borcun silinməsi və bununla bağlı məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsinin Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatının üzərinə qoyulmasına dair iddia ərizəsi təmin edilməsin. Tərəflərin hər birinin ödədikləri dövlət rüsumları özlərinə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar