Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6202/2024 30.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli e-2(011)- 6777/2024 saylı qərardadından cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Xətai rayonu, Şıxlinski küçəsi, ev 15, mənzil 100-ə azyaşlı övladları X4 və X3 ilə birlikdə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək işin Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh hazırda Bakı şəhəri, Nərimanov rayonunda qeydiyyatdadır. Bu səbəbdən işin Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X2 vəsatətə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli e-2(011)- 6777/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Cavabdeh mülki işin aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatətinin rədd edilməsi qərara alınmışdır. Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli e-2(011)- 6777/2024 saylı qərardadından şikayət verərək şikayətin təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, e-2(011)-6777/2024 saylı qərardadının ləğv edilməsi və mülki işin aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını, əks təqdirdə şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Xətai rayonu, Şıxlinski küçəsi, ev 15, mənzil 100ə azyaşlı övladları X4 və X3 ilə birlikdə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək işin Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, e-2(011)-6777/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Cavabdeh mülki işin aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatətinin rədd edilməsi qərara alınmışdır. Hesab edir məhkəmənin qərardadı qanunsuz və əsassız olduğundan ləğv edilməli və mülki işə aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsində göndərilməlidir. Ərizəni rədd edən məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, hazırda iddiaçı mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etdiyindən, sözügedən mənzil də Bakı şəhəri Xətai rayonu ərazisində yerləşdiyindən, məhkəmə hesab edir ki, aidiyyət qaydaları pozulmamışdır. Hesab edir ki, məhkəmə mülki prosessual qanunvericiliyin müstəsna aidiyyətlə bağlı normasını yanlış təfsir etdiyindən qanunvericiliyin tələblərinə zidd qərardad çıxarmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. “Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi plenumunun 02 iyun 2021-ci il tarixli Qərarında qeyd edir ki, Mülki-Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. Konstitusiya Məhkəməsi bundan əlavə qeyd edir ki, Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalıməhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Eyni zamanda məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir (Konstitusiya Məhkəməsi Plenumunun M.A.Muradovun şikayəti üzrə 2004-cü il 28 aprel tarixli və “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il 28 mart tarixli Qərarları). Göründüyü kimi, qanunverici müstəsna aidiyyət məsələsini nə iddiaçının nə də məhkəmənin seçiminə buraxmamışdır. İş materiallarına əlavə edilmiş cavabdehin şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, o, 06 aprel 2024-cü il tarixdən ünvan 1 ünvanına qeydiyyata düşmüş, iddia ərizəsi isə 02 avqust 2024-cü il tarixdə aidiyyət qaydalarını pozmaqla verilmiş və məhkəmənin MPM-nin 44.1-ci maddəsinə istinad etməsi prosessual hüquq normasının pozulmasına gətirib çıxarmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli e-2(011)- 6777/2024 saylı qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə görə tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Kollegiya qeyd edir ki, Qeyd edilən müəddəaların tələblərindən göründüyü kimi, məhkəmədə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməli, mübahlsəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır. Kollegiya hesab edir ki, hazırki iddia tələbinin predmeti sahibliyin pozulması ilə əlaqədar olmaqla iddia tələbi müstəsna aidiyyətə görə iddia tələbində qeyd edilən daşınmaz əmlakın yerləşdiyi ərazi üzrə müstəsna aidiyyat qaydalarına uyğun baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli e-2(011)-6777/2024 saylı qərardadının ləğvi üçün əsas yoxdur. Məhkəmə sözügedən qərardadı qəbul etməkdə haqlıdır. Mübahisələndirilən qərardadın qəbulunda hər hansı qanun pozuntularına yol verilməmiş, şikayət əsassız olduğundan rədd edilməlidir. Bu səbəbdən cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli e-2(011)-6777/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli e-2(011)- 6777/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6202/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6202/2024
30.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver