Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6205/2024 25.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6205/2024 (Açar sözlər: əmrin ləğvi, işə bərpa edilmə və məcburi iş buraxma müddəti üçün əmək haqqı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X7 və X4 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı ödənilməsi” tələbinə dairmülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, e-2(005)-2525/2024 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən verilmiş apelyasiya şikayətinə 25 dekabr 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1994-cü ildən İmişli rayonu, Buludlu kənd uşaq bağçasında tərbiyəçi vəzifəsində əmək fəaliyyətinə başlamış, xx.xx.2005-ci ildən isə həmin uşaq bağçasının müdiri vəzifəsinə keçirilmişdir. İddiaçı müddətsiz əmək müqaviləsi əsasında işləmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3- 29-69/3-1-318K/2024 saylı əmri ilə iddiaçı ilə bağlanılmış əmək müqaviləsi rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəliklərini və əmək funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-69/3-1-318K/2024 saylı əmrinin ləğv edilməsini, özünün işə bərpa edilməsini, məcburi iş buraxma müddəti üçün orta əmək haqqının ödənilməsi, mediasiya, poçt və hüquqi yardım üçün ödənilmiş 360 manat pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1994-cü ildən İmişli rayonu, Buludlu kənd uşaq bağçasında tərbiyəçi vəzifəsində əmək fəaliyyətinə başlamış, xx.xx.2005-ci ildən isə həmin uşaq bağçasının müdiri vəzifəsinə keçirilmişdir. İddiaçı müddətsiz əmək müqaviləsi əsasında işləmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3- 29-69/3-1-318K/2024 saylı əmri ilə iddiaçı ilə bağlanılmış əmək müqaviləsi rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəliklərini və əmək funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. İddiaçı bu əmrdə göstərilən səbəblərlə qətiyyən razılaşmır və işəgötürənin onu sözügedən əsasla işdən çıxarmasını qanunsuz və əsassız hesab edir. Belə ki, iddiaçı bağçaya rəhbərlik etdiyi 19 il ərzində heç bir nöqsana yol verməmiş, barəsində hər-hansı bir intizam məsuliyyəti tətbiq edilməmişdir. Əmrə əsasən iddiaçının işdən çıxarılmasına səbəb 2024-cü ilin mart ayının 11-da bağçaya gəlmiş Mil-Muğan Təhsil İdarəsinin əməkdaşlarının bağçada apardıqları monitorinq zamanı aşkar olunan nöqsanlar və bununla bağlı tərtib edilmiş akt olmuşdur. İddiaçı həmin aktda göstərilən nöqsanlar ilə tanış olmamışdır. Həmin aktı iddiaçı yalnız xx.xx.2024-cü ildə Mil-Muğan Təhsil İdarəsinə müraciət etdikdən sonra, yəni barəsində verilmiş əmrdən 1 ay 5 gün sonra almışdır. Aktda iddiaçının rəhbərlik etdiyi bağçanın yox, İmişli rayonu, Sarxanlı kənd uşaq bağçasının möhürü vurulmuşdur. Həmin aktı tərtib etdikdən sonra Mil-Muğan Regional Təhsil İdarəsinin əməkdaşları iddiaçını İdarəyə dəvət edərək işdən çıxarılacağını bildirmiş, veriləcək hesaba 2500 manat ödəniş edildiyi təqdirdə işdən çıxarılmayacağını və əmək fəaliyyətinə davam edəcəyini bildirmişlər. İddiaçı isə yekun qərarın ona təqdim edilməsini və əgər maddi ziyan vurmuşdursa, veriləcək hesaba ödəniş etməyə hazır olduğunu bildirmiş, orada olan əməkdaş tərəfindən ona hədə-qorxu gəlinərək işinin prokurorluğa veriləcəyi bildirilmişdir. Bundan sonra Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayonu üzrə sektorunun Atakişi adlı əməkdaşı iddiaçıya zəng edərək onu Kərim müəllim ilə görüşə çağırmış və görüş zamanı 2500 manat ödəyəcəyi təqdirdə vəzifədə qalacağı iddiaçıya bildirilmişdir. İddiaçı isə İdarədə bildirdiyi kimi, qərarın ona təqdim edilməsini və bundan sonra ödəniş edəcəyini bildirmişdir. Ödəniş etmədiyi üçün ona qərəzli münasibət göstərilmiş, nəticədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-69/3-1-318K/2024 saylı əmri ilə iddiaçı ilə bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. İddiaçı tərəfindən bağçada işlədiyi 30 ildən artıq müddətdə ciddi nöqsanlara yol verilməmiş, aktda göstərilən nöqsanların bir çoxu obyektiv səbəblərdən baş vermişdir. Belə ki, uşaq bağçası ayrıca binada deyil, orta məktəbə aid uyğunlaşdırılmış binada (idman zalı olub) fəaliyyət göstərir, bağça icra hakimiyyətinə tabe olduğu dövrdə çarpayı verilmişdir ki, onlar da artıq köhnəlmişdir, Təhsil Nazirliyinə tabe olduğu dövrdə bağçaya cəmi 5 ədəd çarpayı verilmiş, bağçada olmasına baxmayaraq 2 ədəd 2 mərtəbəli çarpayı yoxlayıcılar tərəfindən qərəzli şəkildə qeyd olunmamışdır. Bağça istilik sistemi və müasir avadanlıqlarla təchiz olunmamışdır. Bu nöqsanların baş vermə səbəb və şəraiti araşdırılmadan iddiaçının ciddi nöqsanlara yol verməsi səbəb göstərilərək onunla bağlanılmış əmək müqaviləsi qanunsuz və əsassız olaraq ləğv edilmişdir. İddiaçı işlədiyi müddətdə kollektiv arasında hörmət qazanmış, əmək funksiyalarını yüksək səviyyədə icra etmiş, iş yerində daim intizamlı müdir kimi tanınmış, saysız-hesabsız uşağın cəmiyyətdə yararlı insan kimi yetişməsində böyük rolu olmuş, heç bir zərərli vərdişi olmayan şəxsdir. İddiaçının mübahisənin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun tənzimlənməsi cəhdləri heç bir səmərə verməmişdir. Bakı Şəhəri 14 saylı Mediasiya Təşkilatının mediatoru X1 xx.xx.2024-cü il tarixli MŞB/14/2024-00294 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışda qeyd edilir ki, ikinci tərəf Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilkin mediasiya sessiyasında iştirak etməmişdir.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2525/2024 nömrəli 23 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3 Sənəm Çingiz qızı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli 3-29-69/3-1-318K/2024 saylı əmrinin ləğv edilməsi, İddiaçı İmişli rayonu Buludlu kənd uşaq bağçasının direktoru vəzifəsinə bərpa edilməsi, xx.xx.2024-cü il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 42.1, 70, 71, 72, 287, 288, 292, 300, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutları araşdırarkən və sübutları qiymətləndirərkən obyektiv yanaşmamış və bu qeyri-obyektivlik məhkəmə qətnaməsinin yazılış üslubundan da özünü biruzə verir. Məhkəmə iş materiallarında olan aktda, xidməti məlumatda, izahatlarda və Agentlik tərəfindən təqdim edilən etirazda qeyd olunan faktları yanlış yorumlamış və düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan monitorinqin nəticələrinə dair materiallardan uşaq bağçasının şəraitsiz olması İddiaçı nöqsanı kimi qeyd olunmamışdır. Nöqsan olaraq qeyd olunmuşdur ki, bağçaya müntəzəm olaraq 6-10 nəfər uşağın gəldiyi halda əvvəlki aylarda ərzağın 20 nəfərə qədər uşaq üçün verildiyi və həmin sayda uşaq üçün ərzağın silindiyi müəyyən edilmişdir. Çarpayı sayının az olması onu sübut edir ki, bağçaya uşaqların davamiyyəti 13 nəfərdən aşağıdır və belə olan halda iddiaçı tərəfindən 20 nəfərə qədər uşaq üçün ərzaq götürülmüşdür. Aktda, xidməti məlumatda, izahatlarda, cavabdehin təqdim etdiyi etirazda qeyd edilmişdir ki, bağça üzrə 32 uşaq olsa da, uşaqların yatması üçün nəzərdə tutulmuş otaqda 13 çarpayının olduğu müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş fotoşəkillərdən də görünür ki, bağçada çarpayı sayı azdır. Lakin buna baxmayaraq, iddiaçı tərəfindən yalan məlumatlar təqdim edərək ərzağın 20 nəfərə qədər (“Ərzaq məhsullarının hərəkətinə dair” cədvəldən görünür ki, bəzi aylarda daha çox) uşaq üçün verildiyi və həmin sayda uşaq üçün ərzağın silindiyi müəyyən edilmişdir. Məhkəmə qətnaməsində qeyd olunan hallardan fərqli olaraq bildirilir ki, əvvəlki tarixlər üçün uşaqların davamiyyətinin göstərilən dərəcədə aşağı olmasının əminliklə qeyd edilməsinə cavabdeh tərəfindən həm məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən, həm də monitorinqin nəticələrinə dair sənədlərdə aydınlıq gətirilmişdir. Yerli təhsili idarəetmə orqanları tabeliklərində olan təhsil müəssisələrində, o cümlədən məktəbəqədər təhsil müəssisələrində müşahidə, araşdırma, monitorinq və sair tədbirlər həyata keçirirlər. Əvvəlki müşahidələr nəticəsində uşaq davamiyyətinin az, götürülən ərzaqın çox olmasının müəyyən edilməsi əsaslı şübhələr yaratmış və hazırki monitorinq keçirilməsinə səbəb olmuşdur. Məhkəmə qərəzli olaraq qeyd edir ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclaslarında prokurorluq orqanına iddiaçının hərəkətlərinə hüquqi qiymət verilməsi üçün müraciət edilməsinə bir neçə dəfə istinad edilmişdir. Bu qeyd əsassızdır. Əksinə iddiaçının nümayəndəsi və vəkili tərəfindən dəfələrlə məhkəməyə bildirilmişdir ki, iddiaçı haqqında cinayət işi başlanılmamış və ona görə də iddia ərizəsi əsaslıdır. Qətnamədə qeyd olunan digər arqumentlərə münasibətdə bildirir ki, iddiaçı təqdim etdiyi izahatda da bildirir ki, bağçanın əmrlər kitabını 23 oktyabr 2023-cü il tarixdən etibarən yazmamışdır. İddiaçı izahatında həmin nöqsanı qəbul etmişdir. Əmrlər kitabına baxış keçirilərkən cari tədris ilinin əvvəlində qrupların komlektləşdirilməsi, qrupların tərbiyəçilərə həvalə olunması, bağçaya qəbul və xaric edilən uşaqlar barədə əmrlərin verilmədiyi müəyyən edilmişdir. Yekun olaraq, Monitorinqin nəticələrinə dair materiallarda bağçanın fəaliyyət planı, müdirin fəaliyyət planı, pedaqoji şuranın fəaliyyət planı, bağçanın gün rejimi, tədris planına uyğun məşğələ cədvəlinin, tərbiyəçilərin illik prespektiv planı və proqramının olmadığının, qrup jurnallarında tədris ili ərzində hər hansı bir məşğələ barədə keçirilən mövzuların yazılmadığının müəyyən edildiyi qeyd edilmişdir. Qeyd olunan tədbirlər müvafiq əmrlə rəsmiləşdirilməli olduğu halda əmr verilməmişdir. İddiaçı izahatında bu faktları təsdiq etmişdir. Monitorinqin nəticələrinə dair materiallarda bağçanın Pedaqoji şuranın protokolu kitabının olmadığı və olmadığı üçün də təqdim edilmədiyi, ümumiyyətlə bağçada pedaqoji şuranın keçirilmədiyi qeyd edilmişdir. Pedaqoji şurada qəbul edilən qərarlar əmrlə rəsmiləşdirilir. Lakin pedaqoji şura üçün (keçirilməli olduğu halda) keçirilmədiyi bununla əlaqədar əmrlər də verilməmişdir. .
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi verilmiş apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir.
10. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili verilmiş apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, İmişli rayon prokurorluğu ilə əlaqə saxlamış, sonuncu tərəfindən onlara cavabdehdən müəyyən sənədlər istənildiyi və onların bir qisminin hələ təqdim edilmədiyi bildirilmişdir. İddiaçının korrupsiya cinayəti törətməsi heç nə ilə təsdiq olunmur. Pedoqoji şuranın protokol dəftərinin olmaması şəxsin bu əsasla işdən çıxarılmasına əsas deyil.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
11. Maddə 70, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
12. Maddə 71, 2-ci hissə Bu məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
13. Maddə 83. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
14. Maddə 186.2, “Ç” bəndi İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən onunla bağlanmış əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edə bilər.
15. Maddə 287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.
16. Maddə 288, “a” bəndi. Bu Məcəllə ilə əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi ilə bağlı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır:
17. Maddə 292.1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.
18. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu
19. Maddə 30.1. Təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsasında bu Qanuna, digər normativ hüquqi aktlara və öz nizamnaməsinə uyğun idarə edilir.
20. Maddə 30.7. Təhsil müəssisəsinə rəhbərlik həmin müəssisənin statusuna uyğun olaraq rektor, direktor, müdir tərəfindən təhsil müəssisəsinin nizamnaməsinə uyğun həyata keçirilir
21. Maddə 33.3.5-1. Daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək təhsilverənlərin vəzifəsidir.
“Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanunu
22. Maddə 16.03-04. Təhsil müəssisəsinin rəhbəri və təhsilverənlər (pedaqoji işçilər) – tərbiyəçi-müəllimlər, metodistlər, defektoloqlar, loqopedlər, musiqi rəhbərləri, psixoloqlar məktəbəqədər təhsil prosesinin iştirakçılarıdırlar:
23. Maddə 18. Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin hüquq və vəzifələri; 18.1. Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin hüquqları aşağıdakılardır: 18.1.1. təhlükəsiz və normal iş şəraiti ilə təmin olunmaq; 18.1.2. təhsil prosesinin təşkili və idarə olunmasında, təhsil layihələrində iştirak etmək, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürmək; 18.1.3. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək; 18.1.4. təhsil prosesində tətbiq olunan forma, metod və vasitələri sərbəst seçmək; 18.1.5. mükafatlandırılmaq və təltif olunmaq.
24. Maddə 18.2. Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin vəzifələri aşağıdakılardır: 18.2.1. məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək; 18.2.2. ixtisasını artırmaq, peşəkarlıq səviyyəsini yüksəltmək və sertifikatlaşdırmadan keçmək; 18.2.3. dövlət təhsil standartlarına uyğun olaraq, təhsilalanların zəruri bilik və həyati bacarıqlara yiyələnməsini təmin etmək; 18.2.4. məktəbəqədər təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsində nəzərdə tutulan vəzifə funksiyalarını yerinə yetirmək; 18.2.5. təhsilalanları Azərbaycan xalqının dilinə, adət və ənənələrinə, mənəvi dəyərlərə, dövlət rəmzlərinə hörmət, azərbaycançılıq, vətənpərvərlik ruhunda tərbiyə etmək; 18.2.6. uşaqların şərəf və ləyaqətinə hörmət etmək, pedaqoji etika və əxlaq normalarına riayət etmək, təhsil işçisi adını yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək; 18.2.7. uşaqların təhlükəsizliyinin və sağlamlığının qorunmasında bilavasitə iştirak etmək, onları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq; 18.2.8. uşaqların təlim-tərbiyəsi və inkişafı ilə bağlı valideynlərlə əməkdaşlıq etmək; 18.2.9. təhsilalanları müəyyən edilmiş təhsil standartları əsasında məktəb təliminə hazırlamaq; 18.2.10. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ildə bir dəfə dövlət hesabına tibbi müayinədən keçmək.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisəsinin nümunəvi nizamnaməsi”
25. Maddə 3.9. Məktəbəqədər təhsil müəssisəsinin iş rejimi ailələrin tələbatına əsasən pedaqoji şura tərəfindən müəyyənləşdirilir.
26. Maddə 3.16. Uşaqların qidalanmasının təşkilinə nəzarət məktəbəqədər təhsil müəssisəsinin müdiri tərəfindən həyata keçirilir.
27. Maddə 5.6.4. məktəbəqədər təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsində nəzərdə tutulan vəzifə funksiyalarını yerinə yetirmək təhsilverənin vəzifəsidir.
28. Maddə 6.6.5. məktəbəqədər təhsil müəssisəsinin fəaliyyəti barədə təsisçiyə hesabat vermək məktəbəqədər təhsil müəssisəsi müdirinin vəzifəsidir;
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
32. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın təmin olunması hissəsində yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır.
37. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Əmək Məcəlləsinin (ƏM) 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən ƏM-nin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Bundan başqa əmrdə cavabdeh məhz iddiaçının özünün hansı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini qeyd etsə də, bunun məhz qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla baş verməsini göstərməmiş və əsaslandırmamışdır.
38. Aşağıdakı səbəblərdən kollegiya birinci instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşmır.
39. Belə ki, əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mil-Muğan Regional Təhsil İdarəsi və işçi İddiaçı xx.xx.2023-cü il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsi üzrə İddiaçı İmişli rayonu Buludlu kənd uşaq bağçasının direktoru vəzifəsinə işə qəbul edilmişdir. Bildiriş sistemə X15 tərəfindən daxil edilmişdir.
40. İmişli rayonu Buludlu kənd uşaq bağçasının böyük qrupunun tərbiyəçisi X5 tərəfindən xx.xx.2024-cü il tarixdə yazılmış izahatda qeyd olunur ki, həmin qrupda sənəd üzrə 17 uşaq olsa da, xx.xx.2024-cü il tarixdə həmin qrup üzrə 4 uşaq bağçada olmuşdur. Bağçaya gəlməyən 13 uşağın valideynləri ilə danışıqlar aparılsa da, bağçaya olan məsafənin uzaq olması və bağçanın zəruri şəraitinin olmaması səbəbindən valideynlər uşaqlarını bağçaya gətirməmişlər. Bu barədə bağça müdirinə bir neçə dəfə məlumat verilmişdir.
41. İmişli rayonu Buludlu kənd uşaq bağçasının müdiri İddiaçı xx.xx.2024-cü il tarixdə yazdığı izahatında 2024-cü ilin mart ayı üçün ərzaq menyusunu şifahi olaraq aşpaza bildirdiyini və buna görə də yazılı şəkildə yoxlama aparan şəxslərə təqdim etmədiyini, ümumiyyətlə isə ərzağı hər 15 gündən biri 20 nəfər uşaq sayı üçün sifariş verdiyini qeyd etmişdir.
42. İmişli rayonu Buludlu kənd uşaq bağçasının orta qrupunun tərbiyəçisi X6 tərəfindən xx.xx.2024-cü il tarixdə yazılmış izahatda qeyd olunur ki, həmin qrupda sənəd üzrə 15 uşaq olsa da, xx.xx.2024-cü il tarixdə həmin qrup üzrə 2 uşaq bağçada olmuşdur. Bağçaya gəlməyən uşaqların valideynləri ilə danışıqlar aparılsa da, bağçanın zəruri şəraitinin olmaması səbəbindən valideynlər uşaqlarını bağçaya gətirməmişlər. Tədris etdiyi mövzulara dair qrup jurnalında qeydiyyat aparmamış, illik planlaşdırma proqramı tərtib etməmişdir.
43. İmişli rayonu Buludlu kənd uşaq bağçasının gözətçisi X10 tərəfindən xx.xx.2024-cü il tarixdə yazılmış izahatda qeyd olunur ki, hər gün saat 8-9:00 aralığında bağçanın qapısını açdıqdan və 1-2 saat ərazidə olduqdan sonra yaşadığı ünvan bağçaya yaxın olduğu üçün bağçanı tərk edərək evinə gedir və bağça işçilərinin iş vaxtı bitən zaman qayıdaraq qapıları bağlayır. Əmək müqaviləsi üzrə müəyyən edilmiş iş vaxtı barədə məlumatlı deyil.
44. İmişli rayonu Buludlu kənd uşaq bağçasının müdiri İddiaçı xx.xx.2024-cü il tarixdə yazdığı növbəti izahatında bağçada uşaqlara verilən çörəkləri özü evdə bişirdiyini, iş vaxtı ərzində növbəliliyin bağça gözətçilərinin özləri tərəfindən razılaşdırıldığını, bu barədə əmr vermədiyi və əmək müqavilələrində iş vaxtının göstərilməsidini qeyd etmişdir.
45. İmişli rayonu Buludlu kənd uşaq bağçasının aşpazı X11 xx.xx.2024-cü il tarixdə yazdığı izahatında qeyd etmişdir ki, bağçada uşaqların sayının ən çox olduğu hallarda 8- 12 nəfər uşaq sayına, bir neçə dəfə isə 15 nəfər uşaq sayına görə ərzaq verilmişdir.
46. İmişli rayonu Buludlu kənd uşaq bağçasının müdiri İddiaçı xx.xx.2024-cü il tarixdə yazdığı növbəti izahatında yoxlama keçirilən tarixdə bağçada 32 nəfər uşaqdan 6sının olduğunu, siyahıdan kənar Rəcəb adlı uşağın bağçada olduğunu, bağçanın aşpazı Cəfərova Ətlasın xəstə olması və dərman qəbul etməyə zəruriyyətinin olması səbəbindən yoxlama aprılan zaman bağçada olmadığını, bağçanın pedoqoji şuranın protokol kitabının olmadığını, bağçanın əmrlər kitabın 31 oktyabr 2023-cü il tarixdən etibarən yazılmadığını, gündəlik gün rejiminin olmadığını, məşğələ cədvəlinin tərtib edilib təsdiqlənmədiyini, məşğələ cədvəli olaraq təqdim etdiyi cədvəldə göstərilmiş fənlərlə tədris planı arasında uyğunsuzluq olduğunu, 32 uşaqdan 22 uşağın şəxsi işinin yerində olmadığını, pedoji şuranın fəaliyyət planının olmadığını, əmr kitabında cari ilin sentyabr ayının tədris planı işlənsə də əvvəlki tədris illərinə dair əmrlərin olmadığı, işçilərin şəxsi işlərinin natamam olduğu, bağçaya gəlməyən uşaqların validyenləri ilə söhbət aparılmasına baxmayaraq onların bağçanın şəraitinin olmamasına və uşaqların xəstələnməsinə görə uşaqları bağçaya gətirməkdən imtina etdiklərini bildirmişdir.
47. Mil-Muğan Regional Təhsil İdarəsi Tədrisin keyfiyyəti sektorunun müdiri Mahir Zahidov, həmin İdarənin Sabirabad rayonu üzrə mühasibi İlham Əliyev, İmişli Rayonu Məzrəli kənd tam orta məktəbin təşkilatçısı Hakim Novruzov, İmişli rayonu Buludlu kənd uşaq bağçasının müdiri İddiaçı və həmin bağçanın aşpazı Ətlaz Cəfərova tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli aktda qeyd olunur ki, 1) İşçilərin əmək intizamı yoxlanılarkən 11 işçidən 9 nəfər işçinin (2 gözətçidən başqa) işdə olduğu müəyyən edildi; 2) Uşaqların davamiyyəti yoxlanılarkən 3-4 yaşlılardan ibarət qrupda 15 uşaqdan 13 nəfər, 4-5 yaşlılardan ibarət qrupda 17 uşaqdan 13 nəfər olmaqla, iki qrup üzrə ümumilikdə 32 nəfər uşaqdan 26 nəfər uşağın bağçada olmadığı (saat 12 radələrində 2 nəfər uşağın gəldiyi), bir nəfər uşağın (Rəcəb adlı) MTİS-dən kənar uşağın olduğu müəyyən edilmişdir. 3) Bağçanın əmr kitabı 23 oktyabr 2023-cü il tarixdən 11 mart 2024-cü il tarixədək yazılmamışdır. Yazılmış əmrlərin səthi olduğu, cari tədris ilinin əvvəlində qrupların komplektləşdirilməsi, qrupların tərbiyəçilərə həvalə olunması, bağçaya qəbul və xaric edilən uşaqlar barədə əmrlərin verilmədiyi müəyyən edilmişdir. 4) Bağçanın Pedaqoji şuranın protokolu kitabı olmadığı üçün təqdim edilmədi. Ümumiyyətlə, bağçada pedaqoji şura keçirilməmişdir. Bağçanın fəaliyyət planı, müdirin fəaliyyət planı, pedaqoji şuranın fəaliyyət planı, bağçanın gün rejimi, tədris planına uyğun məşğələ cədvəlinin, tərbiyəçilərin illik perspektiv planı proqramının olmadığı, qrup jurnallarında tədris ili ərzində hər hansı bir məşğələ barədə keçirilən mövzuların yazılmadığı müəyyən edildi. 5) Uşaqların şəxsi işlərinə baxarkən bağça üzrə 32 uşaqdan heç birinin sağlamlıq haqqında arayışının olmadığı, 10 nəfər uşağın sağlamlıq haqqında arayışından başqa digər sənədlərin yerində olduğu, 22 nəfər uşağın isə şəxsi işi təqdim olunmadı. 6) İşçilərin şəxsi işlərinə baxış keçirilərkən şəxsi işlərinin natamam olduğu müəyyən edildi. Belə ki, əmək müqavilələri bağlandığı halda işçi haqqında məlumatlar, əmək funksiyası haqqında məlumatlar yazılmamış, tərcümeyi-hal, foto şəkilin olmadığı, kadr anketlərin yazılmadığı, yenilənmədiyi və s. çatışmazlıqlar mövcud idi. 7) Bağça üzrə 32 uşaq olsa da, uşaqların yatması üçün nəzərdə tutulmuş otaqda 13 çarpayının olduğu müəyyən edildi. Digər otaqda 5 çarpayı olsa da, həmin otaqdan uşaqların yatması üçün istifadə edilmədiyi bildirildi. Bağçanın gözətçilərin əmək müqaviləsi üzrə iş saatlarının bilmədikləri, iş vaxtını öz aralarında şəxsi razılıqları ilə bölüşdürdükləri müəyyən edildi. İş vaxtı barədə əmr kitabında hər hansı bir qeydin, əmək müqaviləsində iş vaxi ilə bağlı öhdəlik götürülməmişdir. 8) Uşaqların qidalanması, qida normalarına riayət edilməsi vəziyyəti, ərzaq məhsullarının saxlanma qaydalarına əməl olunma vəziyyəti yoxlanılarkən ərzaq məhsullarının saxlanma şəraitinin normalara uyğun olmadığı, ərzağın hər gün ancaq bağça müdiri tərəfindən aşpaza verildiyi, 01 yanvar 2024-cü il tarixdən 11 mart 2024-cü il tarixədək olan dövr üçün menyu tələbnamənin olmadığı, çörəklərin bağça müdiri tərəfindən evdə bişirildiyi, cari ilin mart ayı ərzində menyunun bağça müdiri tərəfindən yazılmadığı müəyyən edilmiş, sərf olunmuş ərzaq barədə məxaric sənədi olmadığı üçün təqdim edilməmişdir.
48. Mil-Muğan Regional Təhsil İdarəsinin müdirinin müavini X8 tərəfindən həmin İdarənin müdiri Rəşad Musayevə ünvanlanmış “Xidməti məlumatı”ndan görünür ki, həmin məlumatda xx.xx.2024-cü il tarixli akta istinadən yoxlamaların nəticələri qeyd olunmuşdur. Həmçinin göstərilmişdir ki, bağçaya müntəzəm olaraq 6-10 nəfər uşağın gəldiyi halda əvvəlki aylarda ərzağın 20 nəfərə qədər uşaq üçün verildiyi və həmin sayda uşaq üçün ərzağın silindiyi müəyyən edilmişdir. Bununla da 01 sentyabr 2023-cü il tarixdən 10 mart 2024-cü il tarixədək olan dövr ərzində dövlət büdcəsindən əsassız xərclərin yaranmasına, dövlət büdcəsinə zərər vurulmasına əsaslı şübhələr yaranmışdır. Monitorinqin nəticələrinə əsasən İmişli rayonu Buludlu kənd uşaq bağçasının müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi təklif olunmuşdur.
49. Mil-Muğan Regional Təhsil İdarəsinin müdirin Rəşad Musayev tərəfindən İmişli rayon prokuroruna edilmiş müraciətdə İdarə tərəfindən xx.xx.2024-cü il tarixdə İmişli rayonu Buludlu kənd uşaq bağçasında keçirilmiş monitorinq zamanı bağçada rəhbərlik tərəfindən əmək funksiyalarının icra olunmaması ilə əlaqədar dövlət büdcəsinə zərər vurulmasına əsaslı şübhələr yarandığı və araşdırmanın nəticəsinə hüquqi qiymət verilməsi üçün monitorinqə dair təsdiqedici sənədlərin aidiyyəti üzrə göndərildiyi qeyd olunmuşdur.
50. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunur ki, Mil-Muğan Regional Təhsil idarəsinin müdiri X19 Rayon Buludlu kənd uşaq bağçasında yol verilmiş bir sıra qanunsuzluqlar barədə İmişli rayon prokurorluğundan Baş Prokurorluğua daxil olmuş müraciət öyrənilərkən müəyyən edilmişdir ki, aparılmış monitorinq nəticəsində həmin uşaq bağçasının saxlanılması məqsədi ilə cari il üçün dövlət büdcəsindən nə qədər vəsait ayrılması, habelə müraciətdə sadalanan qanunsuzluqlar nəticəsində dövlət büdcəsinə nə qədər maddi ziyan vurulması kimi xüsusiyyatlara aydınlıq gətirilməmişdir. Odur ki, qeyd olunan müraciət və ona əlavə edilmiş müvafiq sənədlər göstərilən xüsusiyyatların hərtərəfli yoxlanılmaqla yaranmış suallara aydınlıq gətirilməsi, nəticəsi barədə Baş Prokurorluğa aydınlıq verilməsi, cinayət, yaxud inzibati xəta əlamətləri olan faktlar aşkar olunacağı təqdirdə isə müvafiq sənədlərin hüquqi qiymət verilməsi məqsədi ilə Baş Prokurorluğa təqdim olunması üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə göndərilmişdir.
51. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru X15 tərəfindən verilmiş əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İmişli rayonu Buludlu kənd uşaq bağçasının müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinin rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəliklərini və əmək funksiyalarını yerinə yetirmədiyinə görə ləğv edilməsi barədə əmr verilmişdir.
52. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, işçi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmişdir.
53. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qənaətinə hüquqi qiymət verilmədən əvvəl ilk növbədə işəgötürən tərəfindən işçinin müddətsiz əmək müqaviləsinə xitam əsası kimi müraciət etdiyi Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə əlaqədar aşağıdakılar mütləq vurğulanmalıdır.
54. Qeyd olunan norma onun məzmunundan da aydın olduğu kimi 2 müstəqil tərkib hissəyə malik olduğundan bunların hər biri bir-biri ilə vəhdətdə təhlil edilməlidir. Belə ki, hazırki iş üzrə işçi barəsində adıçəkilən normanın tətbiqi üçün: 1) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməli; 2) bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması kimi faktlar mövcud olmalıdır.
55. Kollegiya hər iki hissəyə, yəni məhkəmədə tədqiq olunan iş hallarına və tərəflərin izahatlarına uyğun olaraq nəzər yetirərək, qeyd edir ki, aparılmış monitorinq nəticəsində uşaqların davamiyyətinin hədsiz aşağı olması, bağçanın əmr kitabı 23 oktyabr 2023-cü il tarixdən 11 mart 2024-cü il tarixədək yazılmaması, yazılmış əmrlərin səthi olduğu, cari tədris ilinin əvvəlində qrupların komplektləşdirilməsi, qrupların tərbiyəçilərə həvalə olunması, bağçaya qəbul və xaric edilən uşaqlar barədə əmrlərin verilmədiyi, bağçanın Pedaqoji şuranın protokolu kitabı olmadığı və ümumiyyətlə, şuranın keçirilmədiyi, uşaqların şəxsi işlərinə baxarkən bağça üzrə 32 uşaqdan heç birinin sağlamlıq haqqında arayışının olmaması, bəzi uşaqların və işçilərin şəxsi işlərinin natamam olması, uşaqların yatması üçün kifayət qədər yatağın olmaması, ərzaq məhsullarının saxlanma şəraitinin normalara uyğun olmadığı, bağçaya müntəzəm olaraq 6-10 nəfər uşağın gəldiyi halda əvvəlki aylarda ərzağın 20 nəfərə qədər uşaq üçün verildiyi və həmin sayda uşaq üçün ərzağın silindiyi və digər pozuntuların törədilməsi aşkar olunmuş, bununla bağlı işçinin izahatları alınmış və bu pozuntuların bir qismini etiraf edərək sadəcə ondan asılı olmayan səbəbdən baş verdiyini bildirmişdir.
56. Belə olan halda kollegiyanın qənaətinə görə iddiaçının əmək qanunvericiliyinin əsas prinsip və tələblərini pozarması, aparılmış yoxlama nəticəsində qanunla müəyyən edilmiş qaydalara riayət edilmədiyi aşkar olunduğundan işgötürən tərəfindən onun əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi tam qanuni və əsaslıdır.
57. Belə ki, işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə dair normanın tələblərinə müvafiq olaraq müvafiq tələbin əsaslı olması üçün ilk növbədə işəgötürən (indiki halda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi) işçinin öhdəliklərini icra etməməsi barədə faktların hansı hallardan irəli gəldiyini sübuta yetirməlidir.
58. Həmçinin işəgötürən tərəfindən pozuntu qismində göstərilən hallar üzrə işçinin səlahiyyətli olub-olmaması müəyyənləşdirilməli, səlahiyyətli olduğu təqdirdə müvafiq pozuntu nəticəsində əmək və icra intizamının normal ahəngi pozulmuş olmalı və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir.
59. Məhkəmə icraatı zamanı tədqiq olunmuş sübutlara əsasən müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixində təhsil müəssisəsində monitorinq təşkil olunmuş və yuxarıda qeyd olunan bir sıra pozuntular aşkarlanmış, bu barədə akt tərtib olunaraq, inzibati tədbirlərin görülməsi müvafiq strukturlara məlumat verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan halların hər bir epizoduna adekvat qiymət verilmədiyindən kollegiya bütün bu hallara ayrılıqda nəzərdən keçirilməsini məqsədəmüvafiq hesab edir.
60. İlk növbədə birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunma əsası kimi qeyd etmişdir ki, direktorun pozuntularla əlaqədar birbaşa məsuliyyəti müəyyən edilmir. Lakin məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, direktor tərəfindən müvafiq sənədləşdirmə əməliyyatlarının aparılmaması, eləcə də Pedaqoji şuranın işinin təşkil olunmasına dair hər hansı hüquqi addım atmamasını öz izahatları ilə etiraf etmişdir. Bununla da, analoji hallar iddiaçı tərəfindən təsdiqləndiyindən, cavabdehin sübutetmə yükü bu hissədə aradan qalxmışdır. Bu halların təkzibinə dair hər hansı arqument olduğu halda artıq sübutetmə vəzifəsi iddiaçıya aid edilməlidir.
61. Digər tərəfdən həm xidməti məlumat vərəqində, həm də tərəflərin izahatları ilə təkzibolunmaz qaydada müəyyən edilmişdir ki, təhsil müəssisəsininin müvafiq heyətinə adekvat olmayan sayda qida sifarişləri həyata keçirilmiş, bununla da dövlət büdcəsinə əhəmiyyətli miqdarda ziyan vurulması halı müşahidə olunmuşdur.
62. Qeyd edilməlidir ki, iş materiallarındakı son dövrləri əhatə edən xidməti məlumat vərəqələrində qida sifarişlərinin artıq uşaqların sayına uyğun qaydada aparıldığı əks olunmuşdur və bu hal da iddiaçının eyni təhsil ili ərzində müxtəlif dövrlərdə verdiyi sifarişlər arasında bu cür kəskin fərqin yaranmasının sonuncunun məhz özündən qaynaqlandığını deməyə əsas verir.
63. Bundan əlavə birinci instansiya məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, cavabdehin mülahizəsinə əsasən iddiaçının yol verdiyi nöqsanların dərəcəsinin ciddiliyi görüntüsü yaradılması üçün prokurorluq orqanına iddiaçının hərəkətlərinə hüquqi qiymət verilməsi üçün müraciət edilmiş, cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclaslarında bu hala bir neçə dəfə istinad edilmişdir. Halbuki iş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Azərbaycan respublikasının Elm və Təhsil Nazirliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda müvafiq araşdırma aparılması üçün zəruri məlumatların olmadığı bildirilmişdir. Məhkəmə gələcəkdə iddiaçının hərəkətlərində inzibati və ya cinayət hüquqi xarakterli əməlin əlamətlərinin ola bilməsi ehtimalına əsaslanaraq cavabdehin etirazının müvafiq hissədə əsaslı olması qənaətinə gələ bilməz.
64. Qeyd edilən mövqeyə münasibətdə kollegiya ilk növbədə qeyd edir ki, iş materiallarındakı sözügedən məktubun məzmunundan da göründüyü kimi iddiaçının əməllərində cinayət hüquqi xarakterli əməlin əlamətlərinin olub-olmamasınını müəyyən edilməməsinə səbəb müvafiq sənədlərin hələ ki, tam formada istintaq orqanına təqdim olunmamasıdır və bu hal iddiaçının nümayəndəsi və vəkilinin məhkəmədə verdiyi izahatla da təsdiq olunur. Bundan əlavə məhkəmə qeyd edir ki, hazırki işin mahiyyəti tərəflər arasındakı əmək münasibətlərindən irəli gəlməklə iddiaçının əməllərindəki pozuntuya da məhz əmək qanunvericiliyinə əsasən tərəflərin öz vəzifələrinə nə dərəcədə düzgün riayət edib-etməməsinin araşdırılmasından ibarətdir. Mülki prosessual qanunvericiliyin bu barədə olan normalarına əsasən də məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Nəzərə alınsa ki, hazırki mübahisə üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı da mövcud deyildir, bu halda prokurorluq orqanı tərəfindən aparılan araşdırmanın da hazırki mübahisənin həllinə hansısa formada aidliyi yoxdur.
65. Məhkəmə kollegiyası o cümlədən apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq hazırki işin mahiyyəti, yəni iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən azad olunmasını nəzərə alaraq bu barədə qanunvericiliyin digər tələblərinin də hazırki mübahisə çərçivəsində yoxlanılmasını zəruri hesab edir.
66. Əmək Məcəlləsinin 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İş materiallarından görünür ki, iddiaçıdan xx.xx.2024-cü il tarixdə bir neçə izahat alınmış və o, pozuntuların bir hissəsinin mövcudluğunu qəbul edərək ondan asılı olmayan səbəblərdən baş verdiyini bildirmişdir.
67. Bundan əlavə Əmək Məcəlləsinin 187.2-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İş materiallarından görünür ki, yuxarıda qeyd edilən pozutuları xx.xx.2024-cü il tarixində Mil-Muğan Təhsil İdarəsinin əməkdaşlarının bağçada apardıqları monitorinq zamanı aşkar olunmuş, iddiaçıdan həmin gün izahatlar alınmışdır. Bununla da həmin gün iddiaçının əmək intizamının pozması cavabdeh tərəfindən aşkar edilmiş və xx.xx.2024-cü il tarixində onunla bağlanılan əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi işəgötürən tərəfindən intizam tənbehinin verilməsi üçün qanunla müəyyən olunan 1 aylıq müddət də ötürülməmişdir.
68. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
69. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, əmək fəaliyyəti zamanı işçinin yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi belə halların sırasında göstərilmişdir.
70. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.
71. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli əmri qanunvericilyin tələbinə əsasən qanuni olmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.
72. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
73. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 74.Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
75. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
76. MPM-in 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2525/2024 nömrəli 23 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev