Məhkəmə qərarları › İş №2(103)-6209/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6209/2020

19.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6209/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili X5, Cavabdeh iştirakı ilə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-835/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, A/B yaşayış sahəsi, 149 saylı evin, 8 saylı mənzilindən istifadə hüququ olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, A/B yaşayış sahəsi, 149 saylı evin, 8 saylı mənzili 2007-ci ilin yanvar ayında 36000 ABŞ dollarına almışdır. Həmin mənzilə öz adına xx.xx.2007-ci il tarixində Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı ******* nömrəli çıxarış almışdır. Qızı Abdullayevə (İsmayılova) Xumar Balağa qızı xx.xx.2008-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Lakin Cavabdeh adında Bakı şəhərində, eləcə də, Respublikanın digər bölgələrində daşınmaz əmlak olmadığı üçün o, məcburiyyət qarşısında qalıb Cavabdeh şəxsi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, A/B yaşayış sahəsi, 149 saylı evin, 8 saylı mənzilə qeydiyyata düşməsinə razılıq vermişdir və həmin ünvana qeydiyyata düşərək yeni şəxsiyyət vəsiqəsi almasına köməklik göstərmişdir. Cavabdeh şəxsi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, A/B yaşayış sahəsi, 149 saylı evin, 8 saylı mənzilində qeydiyyatda olmasına baxmayaraq, həmin mənzildə yaşaması və ya onun mənzildən istifadə hüququnun yaranması barədə aralarında heç bir müqavilə bağlanmamışdır. Həmçinin, Cavabdeh şəxsi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, A/B yaşayış sahəsi, 149 saylı evin, 8 saylı mənzildə 2019-cu ilin aprel ayından hal-hazırkı günədək yaşamır. Cavabdehin həmin evdə qeydiyyatda qalması isə ona evdən maneəsiz istifadə etməyə imkan vermir. Buna görə də, cavabdehin onun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, A/B yaşayış sahəsi, 149 saylı evin, 8 saylı mənzilində qeydiyyatda qalması onun mülkiyyət hüquqlarını məhdudlaşdırır və o, mülkiyyətçi olaraq həmin mənzilə dair sərəncam verə bilmir. Belə ki, Cavabdeh şəxsi mülkiyyətində olan mənzildə formal qeydiyyatda olsa da, ailə üzvü hesab olunmur. Qızı ilə cavabdehin ailə münasibətləri pozulmuşdur və cavabdeh 5-6 aydan çoxdur ki, öz əşyalarını yığaraq evdən getmişdir. Buna görə də iddianın təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-835/2020 saylı xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, A/B yaşayış sahəsi, 149 saylı evin, 8 saylı mənzilindən istifadə hüququ olmayan hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməklə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddiaçının qızı X6 ilə xx.xx.2008ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 adlı iki uşaqları doğulmuşdur. Həmin tarixdən Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yerləşən 149 nömrəli evin 8 saylı mənzilinə köçmüşlər və 2019-cu ilin aprel ayınadək ailəsilə birlikdə həmin evdə yaşamışdır. 2019-cu ilin aprel ayında onu məcburi qaydada yaşadığı evdən qovublar. Həmin vaxtdan etibarən qızı X3 ilə birlikdə başqa ünvanda kirayədə yaşayır. Qeyd edir ki, o, X6 ilə ailə qurduqdan sonra Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən mənzilini satmış və həmin pulun böyük bir hissəsi ilə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yerləşən 149 nömrəli evin 8 saylı mənzilini təmir etdirmişdir. Həmin vaxtdan da iddiaçının şifahi razılığı əsasında mənzil qeydiyyatına düşməklə ailəsilə birlikdə 2019-cu ilin aprel ayınadək həmin ünvanda yaşamışdır. Həmin vaxtdan etibarən bütün kommunal ödənişləri o, ödəmişdir. 2019-cu ilin aprel ayında X6 ilə aralarında müəyyən mübahisələr yarandığına görə onu yaşadığı mənzildən qovmuşlar. O, məhkəmə baxışı zamanı 2008-ci ildən davamlı olaraq həmin mənzildə yaşadığını, mənzilin onun tərəfimdən təmir olunmasını və s. bu kimi hallan məhkəməyə bildirsə də, məhkəmə işin hallannı obyektiv araşdırmamışdır. O, 2008-ci ildən 2019-cu ilin aprel ayınadək ailə üzvlərilə birlikdə mülkiyyətçinin könüllü razılığı ilə daimi olaraq həmin ünvanda yaşamışdır, həmin vaxtdan həmin ünvanda qeydiyyatdadır və həmin mənzildən istifadə hüququ vardır. Bundan başqa, o, torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə yaralanmışdır, hazırda Qarabağ müharibəsinin 1-ci qrup əlilidir. Suraxanı rayon məhkəməsi onun 1-ci qrup əlil olmağını əsas gətirərək qızı X1 onun himayəsində saxlasa da, digər qızı X2 onun himayəmdə saxlamamışdır. O, hazırda qızıyla birlikdə başqa ünvanda kirayədə yaşayır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X9 şikayətin əsassız olduğunu bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-835/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı ******* nömrəli Çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, A/B yaşayış sahəsi, 149 saylı evin, 8 saylı mənzili xx.xx.2007-ci il tarixdən tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 269 nömrəli reyestr kitabının 26004 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Suraxanı rayon Məhkməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi” tələbi barədə iddiası təmin edilməmişdir. Həmin qətnamənin məzmunundan müəyyən olunur ki, Cavabdehİddiaçı ailə üzvü hesab olunmamış, beləliklə də onun mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, A/B yaşayış sahəsi, 149 saylı evin, 8 saylı mənzilə istifadə hüququ yaranmamışdır. Məhkəmə belə qənatə gəlmişdir ki, hər hansı hüquqa itirilmiş hesab edilməsi üçün əvvəlcə həmin hüququn yaranması müəyyən edilməlidir və mövcud olmayan istifadə hüququ itirilə bilməz. Eyni qətnamə ilə Cavabdeh İddiaçı qarşı “yaşayış hüququnun tanınması və mənzilə köçürülməsi” tələbi barədə qarşılıqlı iddiası iddiaçının cavabdehin mənzilinə münasibətdə istifadə hüququ yaranmadığından sonuncunun övladı ilə mübahisəli mənzilə köçürülməsi mülkiyyətçinin mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər əsası ilə təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir. Birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində qeyd etmişdir ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, A/B yaşayış sahəsi, 149 saylı evin, 8 saylı mənzilininmülkiyyətçisi olduğundan, cavabdehin mübahisəli mənzilə istifadə hüququ yaranmadığından iddia təmin olunmalı, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, A/B yaşayış sahəsi, 149 saylı evin, 8 saylı mənzilindənistifadə hüququ olmayan hesab olunmalıdır. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehin mübahisəli mənzilə münasibətdə hər hansı hüququ yaranmamışdır və iddiaçı hazırda həmin mənzildən ona məxsus mülkiyyət hüququna əsaslanaraq sərbəst istifadə və sahiblik edə bilmir. Hüquqi nəticə etibarı ilə cavabdehin bu hərəkətləri nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Bundan əlavə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Suraxanı rayon Məhkməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi” tələbi barədə iddiası təmin edilməmişdir. Həmin qətnamənin məzmunundan müəyyən olunur ki, Cavabdehİddiaçı ailə üzvü hesab olunmamış, beləliklə də onun mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, A/B yaşayış sahəsi, 149 saylı evin, 8 saylı mənzilə istifadə hüququ yaranmamışdır. Məhkəmə belə qənatə gəlmişdir ki, hər hansı hüquqa itirilmiş hesab edilməsi üçün əvvəlcə həmin hüququn yaranması müəyyən edilməlidir və mövcud olmayan istifadə hüququ itirilə bilməz. Həmin qətnamə qanuni qüvvəyə minmiş və cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, şikayətdə göstərilənlər əsassız olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, cavabdehin həmin mənzildə qeydiyyatda olmağı həmin mənzilə münasibətdə istifadə hüququnun yaranması üçün əsas deyil. Həmçinin cavabdeh mənzilin təmirinə əsaslı xərc çəkdiyini bildirsə də, nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatı zamanı bu halları təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, bu hal əgər təsdiqini taparsa belə, yalnız iddiaçıdan mənzilin təmirinə çəkdiyi xərci geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apellyasiya şikayətində göstərilənlər yuxarıda qeyd olunanlarla təkzib edilərək qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməliBakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-835/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-835/2020 saylı xx xxxxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar