Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6210/2024 24.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə (açar sözlər: əmlakın girovdan azad edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X7 ibarət tərkibdə, məhkəmə katibi Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «əmlakın girovdan azad edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(006)-3036/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli e-2(012)-207/2024 saylı qətnaməsinə əsasən, iddiaçı Cavabdeh ASC-nin cavabdeh X5 qarşı «pul» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilmişdir. Sumqayıt «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 noyabr 2016-cı il tarixli AZ-İ seriyalı 837117 saylı ölüm haqqında şəhadətnaməyə əsasən, X8 xx.xx.2016-cı il tarixdə Abşeron rayonu Masazır qəsəbəsində insultdan vəfat etmiş, 15 noyabr 2016-cı il tarixdə bu barədə müvafiq akt qeydləri kitabında 1438 saylı akt qeydi aparılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh ASC-yə qarşı «əmlakın girovdan azad edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ əsasında ona məxsus olan və banka ipoteka qoyulmuş ipoteka predmeti olan Chevrolet Cruze markalı **-CV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin girovdan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti cavabdeh X2 qarşı «borcun tutulması və tutumun ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-207/2024 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə X8 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 107130-1-3546/2 nömrəli «nağd pul krediti müqaviləsi»nə əsasən xx.xx.2023-cü il tarixinə banka borcu olduğu 13.158,89 ABŞ dolları məbləğində əsas borc, 7.987,69 ABŞ dolları məbləğində faiz, 760,71 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə isə 21.907,29 ABŞ dolları pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 155,72 manat dövlət rüsumunun qanun üzrə vərəsəsi İddiaçı tutularaq Cavabdeh Açıq Səhimdar Cəmiyyətinə ödənilməsi, tələbin cavabdeh X1 mülkiyyət hüququ əsasında məxsus olan və banka ipoteka qoyulmuş ipoteka predmeti olan Chevrolet Cruze minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, həmin avtomobilin açıq hərracdan satılmasından əldə edilən vəsaitdən, qeyd edilən pul məbləğinin Cavabdeh ASC-yə ödənilməsi barədə iddiası iş üzrə iddia müddəti ötürülməsi səbəbindən rədd edilmişdir. Belə ki, cavabdeh X8 ilə Cavabdeh ASC arasında bağlanmış 107130-1-3546 saylı, xx.xx.2012-ci il tarixli «avtomobil krediti müqaviləsi»nə əsasən cavabdehə avtomobil satın alınması üçün 60 ay müddətinə illik 18 % hesablanmaqla 22.056 ABŞ dolları məbləğində kredit verilmişdir. «Kredit müqaviləsi»ndən irəli gələn öhdəliklərinin icrasının təmini üsulu kimi bank ilə cavabdeh arasında 1071xx-xx-3878 saylı, xx.xx.2012-ci il tarixli «ipoteka müqaviləsi (avtomobil)» bağlanılmışdır və həmin müqaviləyə əsasən ipoteka qoyanın mülkiyyətində olan Chevrolet Cruze minik markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobili ipoteka saxlayanın, iddiaçının xeyirinə yüklü edilmişdir. Bundan başqa, Bankla İ.X.Hənifəyev arasında bağlanmış «xx.xx.2012-ci il tarixli 107130-1-3546 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə» 27 avqust 2015-ci il tarixli 1 saylı razılaşmaya əsasən İ.X.Hənifəyevin banka xx.xx.2015-ci il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 12.872.96 ABŞ dolları məbləğində borcu illik 18 % hesablanması şərti ilə 24 (iyirmi dörd) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq, tərəflər arasında xx.xx.2015-ci il tarixli 1071xx-xx-3878 saylı ipoteka müqaviləsinə 27 avqust 2015-ci il tarixli 1 saylı razılaşma bağlanmışdır. Bundan başqa, bankla İ.X.Hənifəyev arasında bağlanmış «xx.xx.2012-ci il tarixli 107130-1-3546 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə» 15 yanvar 2016-cı il tarixli 2 saylı razılaşmaya əsasən İ.X.Hənifəyevin banka xx.xx.2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 13.570 ABŞ dolları məbləğində borcu illik 18 faiz hesablanması şərti ilə 19 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq, tərəflər arasında xx.xx.2016-cı il tarixli 1071xx-xx-3878 saylı ipoteka müqaviləsinə xx.xx.2016-cı il tarixli 2 saylı razılaşma bağlanmışdır. xx.xx.2023-cü il tarixli 2 saylı razılaşmaya əsasən 13.570.00 ABŞ dolları məbləğində krediti 19 ay müddətinə xx.xx.2017-ci il tarixədək qaytarmaqla bağlı tərəflər öz üzərinə öhdəlik götürmüşlər. Cavabdeh tərəfindən sonuncu 140 manat kredit borcunu xx.xx.2018-ci il tarixdə e-manat vasitəsi ilə iddiaçıya məxsus hesaba ödəniş etmişdir. Belə olduğu halda tərəflər arasında sonuncu dəfə xx.xx.2016-cı il tarixli 2 saylı razılaşmaya əsasən kredit müqaviləsi üzrə öhdəliyin bitməsi 19 ay müddətinə, yəni xx.xx.2017-ci il tarixədək nəzərədə tutulmuş olsada, lakin cavabdeh sonuncu 140 manat kredit borcunu xx.xx.2018-ci il tarixdə e-manat vasitəsi ilə iddiaçıya məxsus hesaba ödəniş etmişdir. Belə olduğu halda iddia müddətinin axımı cavabdehin iddiaçıya məxsus hesaba 140 manat ödəniş etdiyi tarixdən, yəni xx.xx.2018-ci il tarixdən hesablanmalıdır. Cavabdehin iddiaçıya məxsus hesaba sonuncu ödəniş tarixi xx.xx.2018-ci il tarixdən tərəflər arasında imzalanmış xx.xx.2016-cı il tarixli 2 saylı razılaşmaya əsasən kredit müqaviləsi üzrə öhdəliyin 19 ay müdətinə bitməsinə əsalanan iddiaçı hesab edir ki, iddia müddətinin bitməsi üçün sonuncu gün xx.xx.2021-ci il tarixdə bitmişdir. Amma buna baxmayaraq iddiaçı iddia ərizəsini xx.xx.2021-ci il tarixədək 3 il müddətinə verməli olduğu halda 3 illik iddia müddətini ötürərək iddia ərizəsini xx.xx.2023-cü il taixdə, yəni 5 il 3 ay 28 gün sonra elektron məhkəmə sistemi vasitəsi ilə Abşeron Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə haqlı olaraq, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi müqavilə tələblərindən irəli gəldiyindən və iddia müddəti ötürüldüyündən məhkəmə tərəfindən iddia müddəti tətbiq edilərək iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarmışdır. Avtomobilin girovda qalması iddiaçının mülkiyyət hüquqularını pozur. Belə olan halda hesab edir ki, banka ipoteka qoyulmuş ipoteka predmeti olan Chevrolet Cruze minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobil girovdan azad edilməlidir. Cavabdeh ASC-in iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında İddiaçı Cavabdeh ASC-yə qarşı «əmlakın girovdan azad edilməsi» tələbinə dair iddiası üzrə mülki iş vardır. İddia tələbinə və iddia ərizəsinin əsaslandığı dəlillərə etiraz edirlər. İddiaçı əmlakın girovdan azad edilməsinə dair iddia tələbinin dəlili əsassız olduğundan onunla razılaşmırlar. Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli e-2(012)-207/2024 saylı qətnaməsi ilə Cavabdeh ASC tərəfindən X1 vərəsəsi X6 qarşı qaldırılmış iddia rədd edilmişdir. Qeyd olunur ki, X8 (vəfat edən) ilə Cavabdeh ASC arasında xx.xx.2012-ci il tarixdə 107130-1-3546 saylı «avtomobil kredit müqaviləsi» bağlanmışdır. «Kredit müqaviləsi»ndən irəli gələn öhdəliklərin icrasını təmin etmək üçün ipoteka qoyanın mülkiyyətində olan Chevrolet Cruze minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobili ipoteka saxlayanın/bankın xeyrinə yüklü edilmişdir. İddiaçı iddia ərizəsində yuxarıda qeyd olunan avtomobilin girovdan azad edilməsini məhkəmədən xahiş edir. Halbuki avtomobilin girovdan azad edilməsi borclu tərəfindən kredit müqaviləsi üzrə borc tam ödənildikdən sonra mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. Göründüyü kimi, Abşeron Rayon Məhkəməsinin e-2(012)-207/2024 saylı qətnaməsi ilə iddia rədd olunsa da, bu, ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İş materiallarından göründüyü kimi, X8 xx.xx.2016-cı il tarixdə vəfat etmiş və xx.xx.2017-ci il tarixli şəhadətnaməyə əsasən İddiaçı ona düşən pay üzrə vərəsəliyini qəbul etmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X1 vafat etdiyi tarix üzrə 13.904.65 ABŞ dolları məbləğində borcu hesablanmışdır və hal-hazırda qeyd olunan borcda heç bir dəyişiklik yoxdur. Bu isə iddiaçının «hüququnun pozulduğu»na dair iddiasındakı məqsədinin hüququnun bərpa edilməsi deyil, əksinə məhkəmə sisteminin mühüm vaxtının alınmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, aparılan araşdırmalar zamanı iddiaçının bildirdikləri öz təsdiqini tapmamışdır. Mülki Prosessual Məcəllənin 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Göründüyü kimi, İddiaçı tərəfindən, əmlakın girovdan azad edilməsi tələbinə uyğun olaraq heç bir hərəkətlər görülməmişdir. Bütün göstərilənlər iddia ərizəsinin tam əsassız olduğunu sübut edir, odur ki, təmin olunmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı X3 əmlakın girovdan azad edilməsi tələbinə dair iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3036/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı «əmlakın girovdan azad edilməsi» tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, təqdim olunmuş Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli e-2(012)-207/2024 saylı qətnaməsindən göründüyü kimi, Cavabdeh ASC ilə X8 arasında bağlanmış kredit müqaviləsi üzrə tələblərə münasibətdə iddia müddəti keçsə də, bu, həmin müqavilənin təminatı kimi çıxış edən ipoteka (girov) müqaviləsi üzrə yüklü edilmiş Chevrolet Cruze markalı **-CV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə münasibətdə ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb deyil. Qanunvericilikdə ipotekaya xitam verilməsinin dəqiq əsasları müəyyən edilmişdir. İddiaçının irəli sürdüyü dəlil ipotekaya xitam verilməsi üçün qanunla müəyyən edilmiş əsaslarda qeyd edilməmişdir.Bu səbəbdən, iddia əsaslı deyil və təmin edilə bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 269.2, 269.3, 269.4, 269.5-ci maddələrinə, İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 48.1.1, 48.1.2, 48.1.2-1, 48.1.3, 48.1.4, 48.1.5-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 119.1, 217.1, 217.3, 217.4, 218.3, 220.4-ci maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2ci və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "Bank VTB (Azərbaycan)" ASC cavabdeh İddiaçı qarşı “borcun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)- 207/2024 saylı qətnaməsi ilə iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin cavabdeh İddiaçı qarşı Bank VTB (Azərbaycan) ASC ilə X8 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 107130-1-3546/2 nömrəli nağd pul krediti müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə banka borcu olduğu 13.158,89 ABŞ dolları məbləğində əsas borc, 7987,69 ABŞ dolları məbləğində faiz borcu, 760,71 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə isə 21.907,29 ABŞ dolları pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 155,72 manat dövlət rüsumunun qanun üzrə vərəsəsi İddiaçı tutularaq Bank VTB (Azərbaycan) ASC-ə ödənilməsi, tələbin cavabdeh X4 mülkiyyət hüququ əsasında məxsus olan və banka ipoteka qoyulmuş ipoteka predmeti olan Chevrolet Cruze minik markalı, **- CV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, həmin avtomobilin açıq hərracdan satılmasından əldə edilən vəsaitdən, qeyd edilən pul məbləğinin Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsi barədə iddiası iş üzrə iddia müddəti ötürülməsi səbəbindən rədd edilmişdir. Belə ki, cavabdeh X8 ilə Bank VTB (Azərbaycan) ASC arasında bağlanmış 107130-1-3546 saylı, xx.xx.2012-ci il tarixli avtomobil krediti müqaviləsinə əsasən cavabdehə avtomobil satın alınması üçün 60 ay müddətinə illik 18% faiz hesablanmaqla 22.056 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmini üsulu kimi bank ilə cavabdeh arasında 1071xx-xx-3878 saylı, xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsi bağlanılmışdır və həmin müqaviləyə əsasən ipoteka qoyanın mülkiyyətində olan Chevrolet Cruze minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobili ipoteka saxlayanın, iddiaçının xeyirinə yüklü edilmişdir. Bundan başqa, bankla İ.X.Hənifəyev arasında bağlanmış xx.xx.2012-ci il tarixli 107130-1-3546saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 27 avqust 2015-ci il tarixli 1 saylı razılaşmaya əsasən İ.X.Hənifəyevin banka xx.xx.2015-ci il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 12872.96 ABŞ dolları məbləğində borcu illik 18 faiz hesablanması şərti ilə 24 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq, tərəflər arasında xx.xx.2015-ci il tarixli 1071xx-xx- 3878 saylı ipoteka müqaviləsinə 27 avqust 2015-ci il tarixli 1 saylı razılaşma bağlanmışdır. Bundan başqa, bankla İ.X.Hənifəyev arasında bağlanmış xx.xx.2012-ci il tarixli 107130-1- 3546 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 15 yanvar 2016-cı il tarixli 2 saylı razılaşmaya əsasən İ.X.Hənifəyevin banka xx.xx.2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 13570 ABŞ dolları məbləğində borcu illik 18 faiz hesablanması şərti ilə 19 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq, tərəflər arasında xx.xx.2016-cı il tarixli 1071xx-xx-3878 saylı ipoteka müqaviləsinə xx.xx.2016-cı il tarixli 2 saylı razılaşma bağlanmışdır.xx.xx.2023-cü il tarixli 2 saylı razılaşmaya əsasən 13570.00 ABŞ dolları məbləğində krediti 19 ay müddətinə xx.xx.2017-ci il tarixədək qaytarmaqla bağlı tərəflər öz üzərinə öhdəlik götürmüşlər. Cavabdeh tərəfindən sonuncu 140 manat kredit borcunu xx.xx.2018-ci il tarixdə e-manat vasitəsi ilə iddiaçıya məxsus hesaba ödəniş etmişdir. Belə olduğu halda tərəflər arasında sonuncu dəfə xx.xx.2016-cı il tarixli 2 saylı razılaşmaya əsasən kredit müqaviləsi üzrə öhdəliyin bitməsi 19 ay müddətinə, yəni xx.xx.2017-ci il tarixədək nəzərədə tutulmuş olsada, lakin cavabdeh sonuncu 140 manat kredit borcunu xx.xx.2018-ci il tarixdə e-manat vasitəsi ilə iddiaçıya məxsus hesaba ödəniş etmişdir. Belə olduğu halda iddia müddətinin axımı cavabdehin iddiaçıya məxsus hesaba 140 manat ödəniş etdiyi tarixdən, yəni xx.xx.2018-ci il tarixdən hesablanmalıdır. Cavabdehin iddiaçıya məxsus hesaba sonuncu ödəniş tarixi xx.xx.2018-ci il tarixdən tərəflər arasında imzalanmış xx.xx.2016-cı il tarixli 2 saylı razılaşmaya əsasən kredit müqaviləsi üzrə öhdəliyin 19 ay müdətinə bitməsinə əsalandıqda görünür ki, iddia müddətinin bitməsi üçün sonuncu gün xx.xx.2021-ci il tarixdə bitmişdir. Amma buna baxmayaraq iddiaçı iddia ərizəsini xx.xx.2021-ci il tarixədək 3 il müddətinə verməli olduğu halda 3 illik iddia müddətini ötürərək iddia ərizəsini xx.xx.2023-cü il taixdə, yəni 5 il 3 ay 28 gün sonra elektron məhkəmə sistemi vasitəsi ilə Abşeron Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə haqlı olaraq, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi müqavilə tələblərindən irəli gəldiyindən və iddia müddəti ötürüldüyündən məhkəmə tərəfindən iddia müddəti tətbiq edilərək iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarmışdır. Lakin avtomobil hələdə girovda qalmaqdadır. Bu da iddiaçının mülkiyyət hüquqularını pozur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh Bank VTB (Azərbaycan) ASC-in nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. 48.2. Bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamə bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, iddiaçının hüquqi marağı, Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli e-2(012)-207/2024 saylı qətnaməsinə əsasən, iddiaçı Cavabdeh ASC-nin cavabdeh X5 qarşı «pul» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edildiyi üçün, mülkiyyətində olan ipoteka predmetinin yüklülükdən azad edilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən öz mövqeyini kredit müqaviləsi üzrə tələblərə münasibətdə iddia müddəti keçsə də, bu, həmin müqavilənin təminatı kimi çıxış edən ipoteka (girov) müqaviləsi üzrə yüklü edilmiş Chevrolet Cruze markalı **-CV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə münasibətdə ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmaması, qanunvericilikdə ipotekaya xitam verilməsinin dəqiq əsaslarının müəyyən edilməsi ilə əsaslandırmışdır. Kollegiya qeyd edir ki, yuxarıda istinad olunan maddi hüquq normalarının tələbinə əsasən, qanunverici borc müqaviləsi üzrə iddia müddətinin keçməsini ipotekaya xitam verən hallar sırasına daxil etməmişdir. Belə ki, Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Göründüyü kimi, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun öz qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Belə ki, öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. Bu səbəbdəndir ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). İddia müddətinin keçməsi özlüyündə öhdəliyin xitamına səbəb olmadığındandır ki, Mülki Məcəllənin 383-cü maddəsinə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Konstitusiya Məhkəməsi Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı). Beləliklə, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Girov və ipoteka institutunun əsas mahiyyəti ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditorlara nisbətən üstünlük hüququna malik olur. İpoteka (girov) eyni zamanda kreditorun tələbinin borclu tərəfindən yerinə yetirilməsini təminat altına almaq məqsədi ilə əşya üzərində kreditora tanınan bir əşya haqqıdır. Borclu tərəfindən öhdəliyin (kreditorun tələbinin) pozulduğu təqdirdə, kreditor ipoteka (girov) qoyulan həmin əşyanı satdırmaqla əldə olunan vəsait hesabına pozulmuş əmlak mənafeyini bərpa etmək imkanına malik olur. Yəni ipoteka (girov) bir tələbin yerinə yetirilməsini təmin edən məhdud əşya hüququ olduğundan müstəqil deyil, “əlavə” (Mülki Məcəllənin 269.5, 376 və s. maddələri) bir haqdır. İpoteka (girov) tələbinin əmələ gəlmə səbəbi, məqsədi və təyinatı şəxsi tələb hüququnun yerinə yetirilməsinin təmin edilməsi ilə bağlı olduğundan, ipoteka (girov) tələbinin yaranması üçün ilk öncə şəxsi tələb hüququ olmalıdır. Mülki Məcəllənin 376-cı maddəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddətinin keçdiyi təsbit edilmişdir. Əsas tələb üzrə iddia müddətinin keçməsi səbəbindən onun məcburi icrası mümkün olmadığından, bu tələblə bağlı olan girov və ipotekaya da məcburi tutmanın yönəldilməsi istisna edilmişdir. Göründüyü kimi əlavə öhdəlik kimi ipoteka müstəqil deyil, əsas öhdəlikdən asılıdır və əsas öhdəlik üzrə pozulmuş hüquqların məhkəmə qaydasında bərpası imkanı məhkəmə tərəfindən Mülki Məcəllənin 375.2-ci maddəsi tətbiq edilərək aradan qalxırsa, bu halda əsas öhdəliyin təminatı olan ipoteka üzrə də pozulmuş hüquqların məhkəmə qaydasında müdafiə imkanı itirilmiş olur. Girov (ipoteka) hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əmlak hüququ olaraq müddətsiz xarakter daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında da vurğulanmışdır ki, əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir. İstinad olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdiyi halda əlavə tələb olaraq ipotekaya məcburi tutma yönəldilə bilməsə də, ipotekaya xitam verilmədiyindən və ipoteka predmetinin yüklülüyü davam ediyindən birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir. Beləliklə, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3036/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6210/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6210/2024
24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver