Məhkəmə qərarları › İş №2(103)-6211/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6211/2020

12.08.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6211/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)- 3500/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər xxx X3 və AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə (üçüncü şəxslər AR Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, Bakı şəhər İcra Hakimiyyətinə, Binəqədi rayonu İcra Hakimiyyətinə və “xxxxxxxx” ASC-yə) qarşı “əmlakın bərpası və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus torpaq sahəsinin “torpaq sahəsinin planı və ölçüsü” ilə müəyyən edilmiş hüdudlarında olmuş torpaq qatının tam bərpası, möhkəmləndirilmə işinin görülməsi, qazıntı nəticəsində çıxmış qrunt sularının qarşısı alınmaqla mənbəyinin etibarlı şəkildə kəsilməsi, araşdırma ilə müəyyən ediləcək kəsilən ağacların əvəzinin ödənilməsi, sahənin hasarının və darvazasının tam yenidən qurulması, 2018-ci ilin mart ayından bu günədək hasar və darvazanın sökülməsi nəticəsində baxımsız qalaraq yararsız hala gəlmiş bağın (torpaq sahəsinin) məhv olmuş bitkilərinin yenidən salınması vəzifə və öhdəliklərin Cavabdeh1 üzərinə qoyulması, mülkiyyətdən istifadədən məhrum etdikləri üçün 60.000 (altmış min) manat təzminatın ona ödənilməsi vəzifə və öhdəliklərin Cavabdeh1 və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin üzərinə qoyulması, qanunsuz hərəkətləri ilə dəymiş 60.000 (altmış min) manat mənəvi ziyanın ona ödənilməsi vəzifə və öhdəliyin hər iki cavabdehin üzərinə müştərək qaydada qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmin iddia tələbi ilə bağlı iddianı təmin etmə tədbiri barədə ərizə verərək, cavabdeh xxx MMC şirkəti tərəfindən ona məxsus torpaq sahəsi ilə yanaşı ərazidə (Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllə) qrunt sularının nasosla kənara axıdılması işi istisna olmaqla bütün tikinti-qazıntı işlərinin dərhal dayandırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3500/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə, İddiaçı iddianı təmin etmək haqqında ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan İddiaçı şikayət vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(001)-3500/2020 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili X4 şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan digər şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı(bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi kimi tədbirlər görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2018-ci il tarixli qərarında qeyd olunru ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət və işdə olan sənədlər qərardadın ləğv edilməsi və ərizənin qismən təmin edilməsi üçün əsasdır. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin tədbirinin tətbiqinə dair ərizəni tam rədd edərkən tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Çünki, işdən görünür ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində ünvanında yerləşən 0.0240 kv.m olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. İddiaçı iddia edir ki, cavabdeh onunun mülkiyyətində olan torpaq sahəsini zəbt edərək orada qazıntı-tikinti işləri aparır və xüsusi mülkiyyətində olan əmlakını məhv edir. İddiaçının təqdim etdiyi DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxx 2020-ci il tarixli məktubunda da iddiaçıya məxsus torpaq sahəsinin 105.0 kv.m hissəsinin zəbt olunaraq taxta lövhələrlə hasarlandığı göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi, xüsusilə vurğulayır ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşısa və işi qabaqcadan mahiyyəti üzrə həll etməsə də, iddia tələbinin məzmununa, həddinə və ruhuna uyğun olmalıdır. Hazırki iş üzrə də iddianın təmini tədbirinə dair ərizə iddianın məzmununa uyğundur. Buna görə də, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıdığından və işi qabaqcadan mahiyyəti üzrə həll etmədiyindən, hazırki iş üzrə də iddianın təmini tədbiri barədə ərizə qismən təmin edilməli, iddiaçının xüsusi mülkiyyətində olan Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində ünvanında yerləşən 0.0240 kv.m olan torpaq sahəsində qazıntı-tikinti işləri dayandırılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0 və 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 157-160, 163, 236, 263- 264, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: İddiaçı nümayəndəsi Nümayəndə şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(001)-3500/2020 saylı qərardadı ləğv edilsin. Ərizə qismən təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində ünvanında yerləşən 0.0240 kv.m torpaq sahəsində qazıntı-tikinti işləri dayandırılsın. Qərardadın icrası Binəqədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardad dərhal icra edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Akif İsgəndərov imza İlham Kərimli Düzdür: Hakim: Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar