Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6211/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 mart 2021-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının nümayəndəsi (əri) X2, cavabdehin özünün, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında olmuş elektron pulun (kriptovalyutanın) alğı-satqısı nəticəsində yaranmış borcun ödənilməsi məqsədi ilə 1.388 manat, əldən çıxmış faydaya görə 1.000 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat, cəmi isə 2.418 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ilin iyul ayında Cavabdeh iddiaçıya müraciət edərək iddiaçıdan dəyəri 347 manat olan elektron pul vahidini (kriptovalyutanı) almaq istədiyini bildirmişdir. İddiaçı cavabdeh ilə razılaşaraq kriptovalyutanı cavabdehə satmış, cavabdehin hesabına köçürtmüşdür. Bu zaman cavabdeh onun hesabına 4 dəfə, yəni 1.388 manat köçürmüşdür. Bununla bağlı cavabdehlə əlaqə saxlanılmış və məlumat verilmişdir. Cavabdeh xahiş etmişdir ki, əlavə köçürtdüyü pula görə iddiaçı onun hesabına əlavə olaraq 3 elektron pul vahidi köçürtsün. İddiaçı cavabdehin təklifi ilə razılaşaraq cavabdehin hesabına əlavə olaraq 3 elektron pul vahidi köçürtmüşdür. Lakin sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdehin onun hesabına köçürtdüyü cəmi 1.388 manat məbləğində pula qadağa qoyulmuş və pul cavabdehin sərəncamına qayıtmışdır. İddiaçı və iddiaçının əri bununla bağlı cavabdeh ilə əlaqə saxlasalar da, cavabdeh, pulu iddiaçıya ödəməkdən yayınmışdır. Bu səbəbdən də, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, onunla cavabdeh arasında olmuş elektron pulun alğı-satqısı nəticəsində yaranmış borcun ödənilməsi məqsədi ilə 1.388 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 30 manat cavabdehdən onun xeyrinə tutulmalıdır. Bundan başqa iddiaçı bildirir ki, cavabdeh ona çatmalı olan 1.388 manatı təxminən 3 ay ərzində qanunsuz olaraq özündə saxlamaqla onu həmin pul hesabına fayda əldə etməkdən məhrum etmiş, bununla da ona maddi zərər vurmuşdur. Buna görə də, iddiaçı hesab edir ki, əldən çıxmış fayda olaraq cavabdehdən onun xeyrinə 1.000 manat məbləğində pul tutulmalıdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 11.03.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdehdən iddiaçının xeyrinə 1.388 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçıya heç bir borcu yoxdur. Cavabdehin kartından ödənilən məbləğ "xxxx" ASC tərəfindən geri qaytarılmışdır. İddiaçının həmin vəsaiti tələb etməyə hüququ yoxdur. Cavabdeh, 17.09.2021-ci il tarixli məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışı iclasında iştirak etməmiş, bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin əvvəlki məhkəmə baxışı iclaslarında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin dəlillərinə uyğun izahat vermişdir. İddiaçının nümayəndəsi (əri) apelyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. Apellyasiya baxışı zamanı Məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" ASC-nin nümayəndəsi E.Həsənov şifahi və yazılı izahat verərək bildirdi ki, “Bank of Baku “ASC-də xidmət olunan Cavabdeh məxsus “MasterCard” brendli ödəniş kartı (531599****2384) ilə 30.07.2020-ci il tarixində 21:43-21:52 saat intervalında ardıcıl olaraq 8 dəfə 347 AZN məbləğində pul vəsaitinin "xxxx" ASC tərəfindən emissiya edilmiş ödəniş kartına (472494****4417) köçürülməsinə (“card-to-card”) cəhd edilmişdir. Bu ödəniş əməliyyatları "xxxx" ASC-nin mobil bankçılıq xidməti üzərindən həyata keçirilmişdir. “Card-to-card” tipli ödəniş əməliyyatlarının emalı zamanı ilk növbədə vəsait alan banka (emitent banka) ödəniş əməliyyatı haqqında məlumat daxil olur. Növbəti günlər ərzində isə pul vəsaitinin emitent bankın müxbir hesabına mədaxil edilməsi haqqında klirinq faylı daxil olur. Əməliyyatın bu formada təşkil edilməsində əsas məqsəd kart istifadəçilərinə pul vəsaitlərindən qanuni əsaslarda effektiv formada istifadə edilməsi imkanının yaradılmasıdır. Ödəniş kartı ilə aparılan ödəniş əməliyyatlarının texniki baxımdan emalı zamanı mühüm məsələlərdən biri iştirakçı tərəflərin sorğulara zamanında cavab verməsidir. Sorğulara zamanında cavab verilmədiyi təqdirdə ödəniş əməliyyatı uğurla başa çatdırılmır. Araşdırılan halda "xxxx" ASC tərəfindən texniki baxımdan zamanında (20 saniyə ərzində) cavab verilmədiyinə görə (“time-out” səbəbi) ödəniş əməliyyatları "xxxx" ASC tərəfindən uğursuz olaraq tanınmış və pul vəsaitləri dərhal geri qaytarılmışdır (“reversal”). Öz növbəsində "xxxx" ASC tərəfindən uğurlu cavab alınmadığına görə bu ödəniş əməliyyatına dair klirinq faylı təqdim edilməmişdir. Lakin emitent bank ödəniş əməliyyatlarını uğurlu hesab edərək əldə etdiyi məlumat əsasında pul vəsaitini 472494****4417 nömrəli kart hesabında əks etdirmişdir. Aparılan ödəniş əməliyyatlarına görə klirinq faylı əldə etmədiyinə görə isə vəsaitləri kart hesabından silmişdir. Məhkəmə tərəfindən işin baxılmasına mütəxəssis qismində cəlb edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankın əməkdaşı İlham Bağırzadə bildirmişdir ki, Cavabdeh bank xidməti göstərən "xxxx" ASC-dən götürülmüş “Bank hesablarından çıxarışlara” əsasən müəyyən edilir ki, iddia ərizəsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulması tələb edilən məbləğlər üzrə cavabdeh tərəfindən ödəniş əməliyyatı aparılmamışdır. Məhkəmə hazırki apellyasiya baxışının hədləri ilə bağlı bildirir ki, iddia tələbinin “əldən çıxmış faydaya görə 1.000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə” hissəsi təmin edilməsə də, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, Rayon Məhkəməsinin bu nəticəsi ilə razılaşmışdır. Qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi xahiş edilsə də, şikayətinin məzmunundan görünür ki, cavabdeh də qeyd edilən nəticəni mübahisələndirmir. MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, MPM-nin 372.6-ci maddəsinin tələbindən çıxış edən və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə, qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamışdır. Hazırki iş üzrə apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən və tərəflərin məhkəmələrə verdikləri izahatlardan müəyyən olunur ki, iş üzrə tərəflər arasında 30.07.2020-ci il tarixdə elektron pulun (kriptovalyutanın) alğı-satqısı olmuşdur. Həmin tarixdə Cavabdeh İddiaçı müraciət edərək iddiaçıdan dəyəri 347 manat olan elektron pul vahidini almaq istədiyini bildirmiş, iddiaçı cavabdeh ilə razılaşaraq kriptovalyutanı cavabdehə satmış, cavabdehin hesabına köçürtmüşdür. Bu zaman cavabdeh iddiaçının hesabına 4 dəfə, yəni 1.388 manat köçürmüşdür. Bununla bağlı cavabdehlə əlaqə saxlanılmış və məlumat verilmişdir. Cavabdeh iddiaçıdan xahiş etmişdir ki, əlavə köçürtdüyü pula görə iddiaçı onun hesabına əlavə olaraq 3 elektron pul vahidi köçürtsün. İddiaçı cavabdehin təklifi ilə razılaşaraq cavabdehin hesabına əlavə olaraq 3 elektron pul vahidi köçürtmüşdür. Lakin sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdehin onun hesabına köçürtdüyü cəmi 1.388 manat məbləğində pula qadağa qoyulmuş və pul cavabdehin sərəncamına qayıtmışdır. İddiaçı bununla bağlı cavabdeh ilə əlaqə saxlamış, lakin cavabdeh, pulu iddiaçıya artıq ödədiyini bildirərək yenidən pul köçürməkdən imtina etmişdir. İddiaçı qeyd edilən bu hala əsaslanaraq 1.388 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Bu tələbə qarşı cavabdehin etirazı isə onunla əsaslandırılır ki, cavabdehin iddiaçıya heç bir borcu yoxdur. Cavabdehin kartından ödənilən məbləğ "xxxx" ASC tərəfindən geri qaytarılmışdır. İddiaçının həmin vəsaiti tələb etməyə hüququ yoxdur. Mövcud mübahisənin həlli və apellyasiya şikayətinin dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 425.1. maddəsinə görə, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd edilən maddi hüquq normalarının tələblərindən işin hallarına yanaşdıqda müəyyən edilir ki, cavabdeh, özünə məxsus bank kartı vasitəsi ilə iddiaçıya 1.388 manat ödədiyini, lakin bu vəsaitin "xxxx" ASC tərəfindən geri qaytarıldığını bildirsə də, son nəticədə görünür ki, o, iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, iddiaçıdan aldığı elektron pulun (kriptovalyutanın) dəyəri olan cəmi 1.388 manatı iddiaçıya ödəməmişdir. Belə olan halda hesab edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassızdır, Rayon Məhkəməsi 1.388 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsi hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Apellyasiya şikayətinə münasibətdə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 mart 2021-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6211/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6211/2021
17.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver