Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6215/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: mənzilə köçürmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, Cavabdeh nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-4396/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63.93 kv/metr olan mənzilinə dair Cavabdeh ½ hissədə payına dair hüququ xx.xx.2023-cü il tarixdə, İddiaçı Serqeyevnanın ½ hissə payına dair hüququ xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 8-ci mkr, 28 saylı mənzilin 111 saylı mənzilinə köçürülməsi və iddia qaldırmaq üçün məhkəmənin hesabına ödədiyi 100 manatın və vəkilə hüquqi xidmətlər göstərməsi üçün ödədiyi 400 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etirazını onunla əsaslandırmışdır ki, mübahisəli ünvan 2 ünvanında yerləşən 111 nömrəli mənzilin ½ hissəsi onun, ½ hissəsi isə İddiaçı Serqeyevnanın mülkiyyətindədir. İddiaçı faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi ev 34a, mənzil 14 də yaşayır. Onun mübahisəli mənzilə köçürülməsinin əleyhinədir. Belə ki, əvvala o, qadındır. İkincisi, çox narahat insandır. Əgər o, mənzilə köçürülərsə, onun orada yaşamasına imkan verməyəcəkdir. Aralarında dayanmadan dava-dalaş yaranacaq və o, çalışacaq ki, onu mənzilə buraxmasın. Biirdəfəlik kənarlaşdırsın və həmin yaşayış sahəsinin tək və yeganə sahibi olsun. Onun isə başqa yerdə yaşamaq üçün mənzili yoxdur. Əgər o, mənzilə köçürülərsə, bu onun yaşayış sahəsindən məhrüm edilməsi və çölə atılması deməkdir. İdddiaçı İddiaçı tərəfindən ona qarşı törədilə biləcək yuxarıda qeyd etdikləri təhlükələri nəzərə alaraq onun Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 8 mkr-n, ev 28, mənzil 111-ə köçürülmə tələbinə dair iddiasını təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) X2 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti. 8-ci mkr. ev 28 mənzil 111 saylı mənzilin ½ hissəsi iddiaçının, qalan ½ hissəsi isə Cavabdeh Fvodoroviçin mülkiyyətindədir. Lakin cavabeh iddiaçıya mülkiyyətindən istifadə etməsinə imkan vermir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 iddia ərizəsinə etiraz təqdim edərək göstərdi ki, iddianı qəbul etmir və hesab edir ki, İddiaçı Serqeyevnanın mənzilə köçürülməsinə dair iddiası Azərbaycan Respublikası Mülki Məcəllənin aşağıda qeyd olunan maddələlərinə əsasən rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Macəlləsinin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Həmin Məcəllənin 222.3-cü maddəsinə əsasən birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Həmin Məcəllənin 222.4-cü maddəsinə əsasən birgə mülkiyyətin digər mülkiyyətçiləri razılıq vermədikdə borclu ayrıca birgə mülkiyyətçiyə olan tələbini əvəzləşdirə bilməz. Göründüyü kimi fiziki bölgü olmadığından mübahisə yaradır və bu səbəbdən də iddiaçı həmin mənzilə köçürülə bilməz. Qeyd olunanları nəzərə alaraq iddianın trədd olunmasını xahiş edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-4396/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışa əsasən ½ hissədə paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63.93 kv/metr olan mənzilinə köçürülməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun və vəkilə hüquqi xidmətlər göstərilməsi üçün ödənilmiş 400 manat məbləğində pul vəsaitin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, hazırki iş üzrə mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63.93 kv/metr olan mənzilin ½ hissə Cavabdeh, ½ hissə isə İddiaçı Serqeyevnanın bərabər paylı mülkiyyətlərində olması işin mübahisəsiz halıdır. Hazırda iddiaçı öz payına uyğun hissədə mülkiyyətində olan mənzilə köçürülməsini tələb edir, cavabdeh isə yuxarıda göstərilənlərə istinad edərək onun köçürülməsinə etiraz edir. Məhkəmə cavabdehin dəlilləri ilə razılaşmayarq aşağıdakıları qeyd edir. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçının mübahisəli mənzildən istifadə etməsinə yaradılan istənilən qanunsuz maneə onun mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Mülkiyyət hüququ Konstitusiyada təsbit edilmiş təməl hüquqlardan biri olmaqla Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan geniş səlahiyyətləri (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Məhkəmə onu da vurğulayır ki, cavabdehin mübahisəli mənzildə faktiki yaşaması iddiaçıya münasibətdə heç bir üstünlük kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Bununla yanaşı cavabdehin tərəfin mənzilə dair fiziki bölgü olmadığından mübahisənin yaranacağını və bu səbəbdən də iddiaçının həmin mənzilə köçürülə bilinmədiyi ilə bağlı arqumentinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilinməsi və ya mülkiyyətçinin öz payının ayrılmasını tələb edə bilməsi mülkiyyətçilərə verilmiş bir hüquqdur, vəzifə deyil. Hazırkı halda da bu hüquqdan istifadə etmək imkanları hər iki tərəfdə mövcuddur, lakin bu əsasla bərabər paylara malik bir mülkiyyətçinin digər mülkiyyətçiyə münasibətdə hüquqlarının məhdudlaşdırlıması qanuni və ədalətli sayıla bilməz. Qanunvericiliyin tələblərini və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63.93 kv/metr olan mənzili ümumi paylı mülkiyyət hüququ üzrə iş üzrə iddiaçının adına dövlət reyestr xidmətində qeydə alındığından o, mülkiyyətçi kimi qanunla müəyyən edilmiş qaydada həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və öz payına münasibətdə ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehə münasibətdə də qanunidir. Odur ki, onun ümumi paylı mülkiyyətində olan mənzilə dair hüquqları cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Belə olan halda, İddiaçı mübahisəli mənzilə köçürülməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışa əsasən ½ hissədə paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63.93 kv/metr olan mənzilinə köçürülməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu və vəkilə hüquqi xidmətlər göstərilməsi üçün ödənilmiş 400 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi, 29-cu maddələrinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 14.2.1, 18, 152.1, 152.2, 152.3, 157.2, 178.1, 213.1, 213.2, 213.3, 213.8, 215.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 88, 106.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-4396/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti. 8-ci mkr-n, ev 28, 111 nömrəli mənzilə köçürülməsi və iddia qaldırmaq üçün məhkəmənin hesabına ödədiyi 100 manatın və vəkilə hüquqi xidmətlər göstərməsi üçün ödədiyi 400 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, qətnamə ləğv edilməli və apellyasiya şikayəti təmin olunmalıdır. Belə ki, mübahisəli ünvan 2 ünvanında yerləşən 111 nömrəli mənzilin ½ hissəsi onun, ½ hissəsi isə İddiaçı Serqeyevnanın mülkiyyətindədir. İddiaçı faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi ev 34a, mənzil 14 də yaşayır. Onun mübahisəli mənzilə köçürülməsinin əleyhinədir, əvvala o, qadındır, ikincisi, çox narahat insandır. Əgər iddiaçı mənzilə köçürülərsə, onun orada yaşamasına imkan verməyəcəkdir. Aralarında dayanmadan dava-dalaş yaranacaq və iddiaçı çalışacaq ki, şikayətçini mənzilə buraxmasın, birdəfəlik kənarlaşdırsın və həmin yaşayış sahəsinin tək və yeganə sahibi olsun. Onun isə başqa yerdə yaşamaq üçün mənzili yoxdur. Əgər iddiaçı mənzilə köçürülərsə, bu onun yaşayış sahəsindən məhrum edilməsi deməkdir. İdddiaçı İddiaçı tərəfindən ona qarşı törədilə biləcək yuxarıda qeyd etdikləri təhlükələri nəzərə alaraq onun Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 8 mkr-n, ev 28, mənzil 111-ə köçürülmə tələbinə dair iddiası təmin edilməməlidir. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul ounduğu üçün şikayətçi ondan narazıdır və qətnamədən apellyasiya şikayəri verir. İnanır ki, məhkəmə kollegiyası işi hərtərəfli, tam və obyektiv araşdıraraq ədalətli qərar qəbul edəcəkdir. Qeyd edir ki, iddiaçının mənzilə köçürülməkdə məqsədi cavabdehin qeydiyyatda olduğu və yaşadığı mənzildən birdəfəlik kənarlaşdırmaq və həmin yaşayış sahəsinin tək və yeganə sahibi olmaqdır. Mənzilin fiziki bölgüsü olmadığından mübahisə yaradır və bu səbəbdən də iddiaçı həmin mənzilə köçürülə bilməz. Hesab edirəm ki, İddiaçı mənzilə köçürülmə tələbinə dair iddiası qeyd olunan səbəblərə görə təmin olunmamalıdır. Tərəflərin bir birinə olan münasibətlərinin çox gərgin olmasını, cavabdehin hazırda başqa ünvanda qeydiyyatda olmasını, mənzilə iddiaçı Cavabdeh qəsdən zülm vermək, onun mənzildə yaşamasını məhdudlaşdırmaq üçün köçmək istədiyini nəzərə almamışdır. Halbuki, cavabdehin hazırda özünə məxsus digər yaşayış sahəsi vardır və həmin mənzildə də qeydiyyatda olmaqla yaşayır. Mübahisəli mənzilə ehtiyacı belə yöxdur. İddiaçı qadındır və narahat insandır. O, hansı otağa köçürüləçəkdir. Kommunal xidmətlərdən istifadə qaydaları necə müəyyən olunacaqdır. Beləliklə də işə baxan hakim iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4396/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətini müdafiə edib təmin edilməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə 154.1. Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Maddə 154.2. Bu Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudiyyətlərin müəyyənləşdirildiyi hallar istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırılmır. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia təmin edildiyindən və qətnamə apellyasiya şikayətinə əsasən cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, cavabdeh, tərəflərin bərabər hissələrdə paylı mülkiyyətlərində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 8 mkr, 28 saylı evin 111 saylı mənzilində iddiaçı ilə birgə yaşamasının mümkün olmaması səbəbindən iddiaçının mənzilə köçürülməsinə etiraz edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və mülkiyyət hüququnun tanınmasına, müdafiəsinə dövlət tərəfindən təminat verilir. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində miqdarı və dəyəri məhdudlaşdırılmadan istənilən əmlak ola bilər. Sadalanan hüquqlarla yanaşı mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək, mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb etmək, bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb etmək hüququna malikdir. Göründüyü kimi cavabdeh mənzilə dair özü ilə bərabər hüquqlara malik olan iddiaçının mülkiyyət hüququna qanunsuz və əsasız müdaxilə etməklə sonuncunun mənzildən istifadə hüququnu məhdudlaşdır. Baxmayaraq ki, paylı mülkiyyətin mülkiyyətçisi kimi cavabdeh ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında iddiaçı ilə razılığa gələ bilmədiyi halda öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək, bu mümkün olmadıqda öz payının dəyərini iddiaçıdan tələb etmək, bu da mümkün olmadıqda əmlakın açıq hərracdan satılması və satış pulunun bölünməsini tələb etmək hüququna malikdir. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq mənzilin paylı mülkiyyətçisi olan iddiaçının cavabdeh tərəfindən pozulan hüququnu, iddia tələbini təmin etməklə, bərpa edərkən düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, apellyasiya şikayətinin dəlilləri iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas olmadığından, apellyasiya şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-4396/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6215/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6215/2024
11.12.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver