Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6216/2021 20.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İlham Kərimli və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, ərizəçinin vəkili Vəkil və maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Cahangir Rəhimovun iştirakı ilə, ərizəçi Vəliyeva (Mahmudova) Qənirə Mansır qızının “başqa ölkənin vətəndaşı olmama və Azərbaycan Respublikasında yaşama faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizədə xahiş olunub ki, ərizəçinin heç bir ölkənin vətəndaşı olmaması və 2004cü ildən Azərbaycan Respublikasında yaşaması faktı müəyyən edilsin. Qətnamə ilə qət olunub ki, ərizə təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu, maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Cahangir Rəhimov isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Ərizəçi əvvəlki məhkəmə iclasında iştirak etsə də sonuncu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Ərizəçi 28.06.1962-ci ildə Gürcüstanın Dmanisi rayonunda anadan olub. Ona aid olan “Doğum haqqımda” şəhadətnamənin surəti (iş v. 51) və SSRİ pasportunun surəti (iş v. 48) iş materiallarına əlavə edilib. Ərizəçinin nikaha qədərki soyadı Mahmudova olub, 05.03.1988-ci ildə nikah bağlayaraq Vəliyeva soyadını götürüb. “Nikahın bağlanması haqqında” şəhadətnamənin surəti (iş v. 81) iş materiallarına əlavə edilib. Ərizəçi 1991-ci ildə Ukraynaya gedərək orada yaşayıb. 07.09.2004-cü ildə Azərbaycan Respublikasına gəlib, həmin vaxtdan hal-hazıra kimi burada yaşayır. Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı deyil. Bu, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətini arayışı ilə (iş v. 54) təsdiq olunur. O, vətəndaşlıqla bağlı DMX-nə müraciət edib. DMX-nin 13.01.2020-ci il tarixli, R/V-65 nömrəli məktubu ilə (iş v. 2) ona cavab verib ki, 2004-cü ildən hazırkı vaxtadək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşı olmaması faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün DMX-nə müraciət edə bilər. Bundan sonra ərizəçi həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət edib. Faktın hüquqi əhəmiyyəti “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsinin dördüncü hissəsində müəyyən olunub. Orada qeyd olunub ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. O cümlədən Mülki-Prosessul Məcəllənin 307.2.10-1-ci maddəsinə görə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Ərizəçi 07.09.2004-cü ildən Azərbaycan Respublikasında daimi yaşayır. Bu, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 16.03.2020-ci il tarixli, 33/88/M-288 nömrəli məktubu ilə (iş v. 6) təsdiq olunur. Belə ki, həmin məktubdan görünür ki, 2000- 2020-ci illər ərzində ərizəçinin dövlət sərhəddindən hərəkəti barədə yalnız bir məlumat qeydə alınıb: 07.09.2004-cü ildə ölkəyə giriş. Ərizəçi Gürcüstanın vətəndaşı deyil. Bu, Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən verilmiş arayışla (iş v. 8) təsdiq olunur. Ərizəçi Ukraynanın da vətəndaşı deyil. Bu, Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən verilmiş arayışla (iş v. 79) təsdiq olunur. Həmin arayışda qeyd olunub ki, ərizəçinin Ukrayna vətəndaşlığına mənsubiyyətini müəyyən etmək mümkün olmadı. Bu məlumat həmin arayışın ümumi məzmunu nəzərə alınmaqla belə qiymətləndirilir ki, ərizəçi Ukrayna vətəndaşı deyil. Beləliklə, işdə olan sübutlar ərizəçinin heç bir ölkənin vətəndaşı olmadığını və 07.09.2004-cü ildən Azərbaycan Respublikasında daimi yaşadığını təsdiq edir. Birinci instnsiya məhkəməsinin gədliyi nəticə işin hallarına uyğun olmadığından qətnamə ləğv edilməli və ərizə təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli qətnaməsi ləğv olunsun. Ərizə təmin olunsun. 28.06.1962-ci ildə Gürcüstanda anadan olmuş Vəliyeva (Mahmudova) Qənirə Mansır qızının heç bir ölkənin vətəndaşı olmaması və 07.09.2004-cü ildən Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6216/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6216/2021
20.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver