Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6218/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6 və X2 qarşı iş üzrə (Açar sözlər: mənzilə köçürülmə və cavabdehlərin mənzildən çıxarılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onların nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6 və X2 qarşı “mülkiyyətçinin mənzilə köçürülməsi və cavabdehlərin mənzildən çıxarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1773/2022 saylı 08 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə 05 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhər İcra Hakimiyyəti Tİ və MHQİ tərəfindən verilmiş 25 dekabr 2004-cü il tarixli ÖM seriyalı 219783 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi 8 saylı evin 3 saylı bir otaqlı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına 1361 saylı reyestr kitabının 204367 saylı vərəqində 25 dekabr 2004-cü il tarixdə qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin aidiyyatı Ərazi İdarəsi tərəfindən verilmiş 25 avqust 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı qeyd olunan daşınmaz əmlak üzərində tam pay üzrə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, İddiaçı və X3 mübahisəli mənzildə qeydiyyatdadırlar.
4. Beləliklə müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu Mixail Kaveroçkin küçəsi 8 saylı evin 3 saylı 1 otaqlı mənzili (bundan sonra – mübahisəli mənzil) iddiaçının mülkiyyətindədir, cavabdehlərdən Cavabdeh1 onun övladıdır və 1982-ci ildən həmin ünvanda qeydiyyatdadır. Cavabdeh1 2006-cı ildə Cavabdeh2 ilə ailə həyatı qurmuş və bu nikahdan 2009-cu ildə Zəhra, 2015-ci ildə isə Zeynəb adlı qızları dünyaya gəlmişdir. Onlar 2015-ci ilə kimi başqa ünvanda kirayə yaşamış, həmin vaxtdan isə iddiaçının razılığı ilə mübahisəli mənzilinə köçmüş, iddiaçı özü isə Masazır qəsəbəsində yaşamağa başlamışdır. Cavabdeh2 da mübahisəli mənzildə qeydiyyatdadır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin əmlakları ilə birlikdə mübahisəli mənzilindən çıxarılması və özünün həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, mübahisəli mənzil onun mülkiyyətindədir. Cavabdehlər təxminən 2006-cı ildə ailə qurmuşlar və kirayədə yaşamışlar. Həmişə demişlər ki, pul toplayıb özlərinə ev alacaqlar. Onlar, yəni valideynlər də imkanları daxilində köməklik göstərmişlər. 2009-cu ildə cavabdehlərin Zəhra, 2015-ci ildə isə Zeynəb adlı qızları dünyaya gəlmişdir. 2015-ci ildə kirayədən çıxıb müvəqqəti onun mülkiyyətində olan hazırda yaşadıqları bir otaqlı mənzilə köçmüşlər. Cavabdeh1 əvvəldən qeydiyyatda olsa da, digərlərini uşaqlar doğulandan sonra poliklinikada qeydiyyata düşmələri üçün qeydiyyata almışdır. Özü isə bu müddət ərzində müvəqqəti olaraq Abşeron rayonu Masazır kəndi Yoncalıq yaşayış massivi deyilən ərazidə qızının yanında yaşayır. Xəstədir, tez-tez həkim çağırmaq və ya həkimə getmək lazım qəlir. Dəfələrlə hazırda cavabdeh olan oğluna mənzilə köçmək istədiyini bildirib, onlardan mənzili boşaltmalarını xahiş etsə də, heç bir nəticəsi olmayıb. Cavabdehlərin mənzil almaq fikirləri yoxdur.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 08 iyun 2022-ci il tarixli 2(006)-1773/2022 saylı qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Mixail Kaveroçkin küçəsi 8 saylı evin 3 saylı 1 otaqlı mənzilinə köçürülməsi, Cavabdeh2 övladları - xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X5 ilə birlikdə (əşyaları da daxil olmaqla) İddiaçı məxsus Bakı şəhəri Nəsimi rayonu Mixail Kaveroçkin küçəsi 8 saylı evin 3 saylı 1 otaqlı mənzilindən çıxarılsınmaları, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının öz mülkiyyətindən sərbəst, maneəsiz istifadə etmək kimi hüquqları olduğu üçün onun mülkiyyətinə köçürülməsinə dair iddiası əsaslıdır.
9. Məhkəmə hesab etmişdir ki, cavabdehlər mübahisəli evə ailə olaraq 2015-ci ildə köçsələr də, həmin ev iddiaçının adına xüsusi mülkiyyət kimi 25 dekabr 2004-cü il tarixdə qeydə alındığından evin mülkiyyətçisi ilə Cavabdeh2 arasında evdən istifadə hüququnun əmələ gəlməsi və həyata keçirilməsi şərtləri və xitamı barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmadığına görə, hazırkı mübahisə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll olunmalıdır.
10. Cavabdeh2 iddiaçının ailə üzvü deyildir. Beləliklə də, iddiaçı cavabdehlər Cavabdeh2, X4 və X2 mənzilindən istifadə hüququ verməmiş, Cavabdeh2 istifadə hüquqlarının olmasına dair daşınmaz əmlakın dövlət reyestrində hər hansı qeyd aparılmamışdır. Cavabdehlərdən Cavabdeh2 və uşaqları mənzilə müvəqqəti buraxılmışlar. İddiaçının öz mülkiyyətində olan mənzildən zərurətlə bağlı çıxmaları tələbinə həmin cavabdehlər məhəl qoymamış, mənzildən çıxaraq, boşaldıb iddiaçıya təhvil verməmişlər. Cavabdeh2 iddiaçının razılığı ilə müvəqqəti yaşamaq üçün mənzilə köçsə də, mənzil üzərində heç bir hüququ olmadığı halda iddiaçının tələbi ilə mənzildən çıxmamaqla sonuncunun mülkiyyət hüquqlarını pozduğundan iddiaçının qanunla təminat altında olan mülkiyyət hüququ qorunmalı, Cavabdeh2 və övladları həmin mənzildən çıxarılmalıdırlar.
11. Digər Cavabdeh1 iddiaçının ailə üzvü olmaqla, 1982-ci ildən həmin mənzildə yaşayır, bir müddət kirayədə yaşamasına baxmayaraq, həmin mənzildən istifadə hüququ vardır. Onun həmin hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxarılması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələblərinə uyğun həll oluna bilər.
12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 139.1, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 33.2 maddələrinə, Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinə, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
13. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti verərək, qətnamənin qismən, sonuncunun övladları ilə birlikdə mənzildən çıxarılması hissəsində ləğv edilməsi və yeni qətnamə çıxarılması, qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
14. Apelyasiya şikayətində göstərilmişdir ki, onların başqa yaşamağa yerləri, kirayə haqqı ödəməyə imkanları yoxdur. Məhkəmə onların faktiki ayrılmasına qərar vermişdir. Uşaqların azyaşlı olması, Cavabdeh2 isə notarial qaydada razılıq verməklə qeydiyyata alınmasını nəzərə almamışdır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı 16.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. 17.İddiaçı tərəf isə apelyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
18. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
19. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
20. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
21. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsi
22. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
23. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apelyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti verərək, qətnaməni Cavabdeh2 uşaqları X7 və X5 ilə birlikdə mənzildən çıxarılması hissəsində mübahisələndirmişlər, iddiaçının mənzilə köçürülməsi hissəsində mübahisələndirməmişlər. İddiaçı isə apelyasiya şikayəti verməmiş və iddia tələbinin təmin edilməyən hissəsini mübahisələndirməmişdir.
30. Qətnamə yalnız cavabdehlər Cavabdeh2 uşaqları X7 və X5 ilə birlikdə mənzildən çıxarılması hissəsində yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, X7 və X1 mənzildən çıxarılmaları hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməlidir.
32. Kollegiya hesab edir ki, məhkəmə Cavabdeh2 mənzildən çıxarılması hissəsində düzgün nəticəyə gəlmişdir.
33. Məhkəmə göstərmişdir ki, Cavabdeh2 gəlin statusunda olmaqla, mübahisəli evin mülkiyyətçisinin ailə üzvü dairəsinə daxil deyildir. O, 2015-ci il tarixdə mübahisəli evə köçürülsə də, bu hal “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğun olaraq, onun hazırda həmin mənzildən istifadə etmək səlahiyyətini təmin edən hüquq, yəni mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirən məhdud əşya hüququna malik olması anlamını vermir.
34. Göründüyü kimi, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Lakin iş materiallarından görünür ki, Cavabdeh2 iddiaçının ailə üzvü deyildir.
35. Konstitusiya Məhkəməsinin Plenumu özünün N.S.Cəbrayılovanın şikayəti üzrə çıxardığı 02 dekabr 2010-cu il tarixli qərarında da göstərmişdir ki, “mülkiyyətçinin razılığı” müddəasına verilmiş şərh MM-in 228.5-ci maddəsinə bütövlükdə deyil, həmin maddənin yalnız “digər ailə üzvlərinin (ərinin, arvadının) köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir” müddəasına aiddir və mülkiyyətçinin özünün ailə üzvlərinə şamil olunmur.
36. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyətçi ilə birgə yaşayan yalnız ər (arvad), valideynlər və övladlar mülkiyyətçi ilə bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək, orada daimi yaşamaqdan asılıdır. Mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən mülkiyyətçi ilə bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilə ilə deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Bu baxımdan mülkiyyətçi ilə aralarında etibarlı ailə münasibətləri olmayan şəxslərin yaşayış sahəsinə köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir ki, həmin razılaşma yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmadır.
37. Göründüyü kimi mübahisəli ev Cavabdeh2 qayınanasına məxsus olmuşdur və sonuncu ilə Cavabdeh2 arasında notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, onun qeyd edilən mənzildən istifadə hüququ yaranmamışdır.
38. Eləcə də Cavabdeh2 mübahisəli mənzilin mülkiyyətçisi olan qayınanasının deyil, sonuncunun övladının ailə üzvü hesab olunur və bu əsasla da o, mübahisəli mənzildə yerləşən yaşayış sahəsinə dair istifadə hüququ əldə etməmişdir. Çünki, artıq qeyd edildiyi kimi, Cavabdeh2 ilə mülkiyyətçi arasında etibarlı ailə münasibətləri olmadığından o, mülkiyyətçinin ailə üzvü olmamış və yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması üçün aralarında yuxarıda qeyd olunan müqavilənin bağlanması vacib olmuşdur. Lakin, belə bir müqavilə yoxdur. Odur ki, Cavabdeh2 mübahisəli mənzildən istifadə hüququ qazanmamışdır.
39. Məhkəmə haqlı olaraq bu hissədə iddia tələbini təmin etmişdir.
40. Buna baxmayaraq cavabdehlər X6 və X1 mənzildən çıxarılması hissəsində isə Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.
41. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsində «digər qohumlar» dedikdə qanun yaşayış sahəsi mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan bacı, qardaş, baba, nənə, nəvə, tərbiyəçi, ögey oğul və qızlarını nəzərdə tutmuşdur («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarı).
42. Göründüyü kimi xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X5 mənzilin mülkiyyətçisinin nəvələri olduğundan «digər qohum» kateqoriyasına aiddirlər və bununla da, Mənzil Məcəlləsinin 30.2-ci maddəsinin tələbləri baxımından (yaşayış sahəsinin mülkiyyətçisi ilə onlar arasında başqa razılaşma yoxdur), onlar həmin yaşayış sahəsindən iddiaçı ilə bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verilməsindən isə söhbət gedə bilməz, çünki hər iki cavabdeh (Zəhra və Zeynəb) iddiaçının nəvələridir və onların ailə münasibətlərinə xitam verilməsi mümkün deyildir.
43. Digər tərəfdən, Cavabdeh1 ilə Cavabdeh2 ər-arvad olmaqla, digər cavabdehlər X6 və X5 da onların uşaqlarıdır.
44. Qanunvericliyin tələbinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır.
45. Valideynlər isə hazırda faktiki olaraq ər-arvad münasibətlərindədir və işin mübahisəsiz halıdır ki, uşaqların valideynləri arasında hər hansı mübahisə yoxdur, yəni valideynlər ayrılmadığından və uşaqların valideynlərindən hansının yanında qalması kimi bir mübahisəli hal olmadığından, hazırda yaşayış yerinə malik olan valideyn isə Cavabdeh1 olduğundan və uşaqlar da ataları ilə bərabər həmin mənzildə yaşadıqlarından, onların mənzildən çıxarılması hissəsində iddia tələbi əsassız olmaqla rədd edilməlidir.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1773/2022 saylı iş üzrə 08 iyun 2022-ci il tarixli qətnaməsi qismən, cavabdehlər xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X1 (əşyaları da daxil olmaqla) İddiaçı məxsus Bakı şəhəri Nəsimi rayonu Mixail Kaveroçkin küçəsi 8 saylı evin 3 saylı 1 otaqlı mənzilindən çıxarılmaları hissədə ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.