Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-622/2022 11.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: podrat müqaviləsi, məmulatın qüsuru nəticəsində podrat müqaviləsindən imtina, öhdəliyin lazımınca icra edilməməsi, zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borcun və dəymiş ziyanın tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qiyabi qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı (Sifarişçi) ilə Cavabdeh (Podratçı) arasında xx.xx.2019-cu il tarixdə podrat müqaviləsi bağlanmış, müqaviləyə görə podratçı, sifarişçiyə məxsus 3 otaq, xol və mətbəxtən ibarət mənzil sahəsini 3 ay müddətində təmir etməyi, sifarişçi isə ilkin ödəniş 2000 manat olmaqla ümumilikdə 6000 manat muzd ödəməyi öhdələrinə götürmüşlər.
a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilini təmir etdirmək üçün cavabdehlə xx.xx.2019-cu il tarixdə podrat müqaviləsi bağladığını, müqavilənin şərtlərinə görə podratçının (cavabdehin) 3 otaq, xol və mətbəxtən ibarət mənzil sahəsini təmir etməyi, özünün isə sifarişçi tərəf kimi ümumilikdə 6000 manat ödəməyi öhdələrinə götürdüklərini, müqavilədə işin icra müddətinin 3 ay müəyyənləşdirildiyini, cavabdehə işə başlamaq üçün birinci ay üçün 2000 manat, sonradan iki ay 670 (altı yüz yetmiş) manat, yəni müqavilədə hər ay üçün nəzərdə tutulan 335 manatı ödədiyini, daha sonra cavabdehin təkilifı ilə həyat yoldaşı Sevinc Masimovanın adına dəyəri 2430 manat olan kompüteri kreditlə götürüb cavabdehə verdiyini, lakin cavabdehin 3 ay ərzində mənzildə 1000 manat dəyərində təmir işləri həyata keçirərək təmiri yarımçıq qoyub getdiyini, cavabdehlə apardığı danışıqlar nəticə vermədiyindən komputeri ondan alıb 500 manat ziyanla mağazaya geri qaytardığını, beləliklə cavabdehə ümumilikdə 3170 manat verdiyini və onun 1000 manatlıq təmir işi gördüyünü irəli sürmüş, buna görə də cavabdehdən 2170 manat borcun və 4000 manat ziyanın əvəzinin, yəni 6170 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur.
4. Mülki Məcəllənin 752-ci, 755-ci, 759-cu və 385.1-ci maddələrinə istinad edən məhkəmə qeyd etmişdir ki, cavabdeh podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir, buna görə də iddia tələbi təmin olunmalıdır.
5. Qətnamədən apellyasiya şikayəti verən cavabdeh onun ləğv olunmasını və məhkəmə çəkişməsi həyata keçirilməklə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini işə iştirakı olmadan baxıldığı, iddiaçının mənzilini tam təmir edib ona təhvil verdiyi, lakin iddiaçının əlavə pul qazanmaq üçün belə bir iddia qaldırdığı arqumentləri ilə əsaslandırmışdır.
b) Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
6. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, o, iddiaçı ilə bağladığı müqavilə üzrə iddiaçıdan təxminən 3200-3500 manat məbləğində pul almış, görməli olduğu işi keyfiyyətlə görüb təhvil vermiş, lakin iddiaçı hansı səbəbə görə isə ondan pul tələb etmişdir.
7. Məhkəmə iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
8. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
9. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
10. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
11. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
12. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
13. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
14. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.
15. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.
16. Maddə 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
17. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
22. Maddə 238.3. İşdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır.
23. Maddə 240.1.1. Gəlməmiş tərəf bu Məcəllə ilə müəyyən olunmuş qaydada xəbərdar edilməmişsə işə qiyabi icraatda baxılmasına yol verilmir.
24. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
26. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
28. Kollegiya ilk növbədə qeyd edir ki, işə qiyabi icraat qaydasında baxılmasına əsaslar olmadığı halda, birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin tələblərinə əməl olunmadan “qiyabi qətnamə” qəbul edilmişdir.
29. Belə ki, iş materiallarında cavabdehin məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmış olduğu barədə hər hansı sübut yoxdur və bu xüsusat, işə qiyabi icraat qaydasında baxılmasının prosessual əsasları mövcud olmadığı halda məhkəmənin “qiyabi” adlanan qətnamə qəbul etdiyini ortaya çıxarır.
30. Digər tərəfdən qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmiş, qətnaməni ümumiyyətlə əsaslandırmamış, həmçinin məhkəmə xərclərinə münasibət bildirməməklə prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 220.5-ci maddəsinə görə, məhkəmə xərclərinin bölüşdürülməsi qaydası qətnamənin nəticə hissəsində göstərilməlidir.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil....MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”.
32. Kollegiya izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq qətnamə ləğv olunmaqla iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.
33. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
34. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
35. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.
36. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, cavabdehlə bağladığı podrat müqaviləsi üzrə ona işə başlamaq üçün birinci ay üçün 2000 manat, sonradan iki ay 670 (altı yüz yetmiş) manat, yəni müqavilədə hər ay üçün nəzərdə tutulan 335 manat muzd ödəmiş, daha sonra cavabdehin təkilifı ilə həyat yoldaşının adına dəyəri 2430 manat olan kompüteri kreditlə götürüb cavabdehə vermiş, lakin cavabdeh 3 ay ərzində mənzildə 1000 manat dəyərində təmir işləri həyata keçirərək təmiri yarımçıq qoyub getmiş, cavabdehlə apardığı danışıqlar nəticə vermədiyindən komputeri ondan alıb 500 manat ziyanla mağazaya geri qaytarmış, beləliklə cavabdehə ümumilikdə 3170 manat vermişdir. Cavabdehin 1000 manatlıq təmir işi gördüyünü irəli sürən iddiaçı, buna görə də ondan 2170 manat borcun (görmədiyi işin dəyərinin) və 4000 manat ziyanın əvəzinin xeyrinə tutulmasını istəmişdir.
37. Cavabdeh iddiaçının evində təmir işləri həyata keçirdiyini və ondan təxminən 3200-3500 manat məbləğində pul aldığını etiraf edir, bununla yanaşı görməli olduğu işi keyfiyyətlə görüb təhvil verdiyini irəli sürür.
38. Kollegiyanın qənaətinə görə, İddiaçı iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; bununla yanaşı nəzərə alınmalıdır ki, iddia tələbi üzrə sübutetmə yükü, yəni podratçının (cavabdehin) yerinə yetirməli olduğu işin müqabilində ona ümumilikdə 3170 manat verdiyini, lakin onun 1000 manatlıq təmir işləri həyata keçirdiyini sübut etmək vəzifəsi İddiaçı üzərinə düşür.
39. Apellyasiya baxışı zamanı təyin olunmuş ekspertizanın rəyi ilə, iddiaçının evində aparılmış təmir işlərinin dəyərinin təxminən 2590 manat təşkil etdiyi müəyyən olunmuşdur; iddiaçının özünün bildirdiyinə görə isə o, cavabdehə 3170 manat vermiş, cavabdeh 3 ay onun evində işləmiş, görülməli işlərin ümumi dəyəri 6000 manat olaraq razılaşdırılmışdır.
40. İddiaçının cavabdehə hər ay 335 manat muzd ödəməli olduğunun razılaşdırıldığını nəzərə almaqla kollegiya hesab edir ki, sadə riyazi hesablama əsasında iddianın əsaslı olmadığını müəyyən etmək mümkündür.
41. Belə ki, evində 3 ay təmir işləri görən cavabdehə iddiaçının ödəməli olduğu muzd ümumilikdə 1005 manat (335 x 3 = 1005) olmuş, aparılan təmirin dəyəri 2590 manat (ekspert rəyinə görə) təşkil etmiş, iddiaçı (özünün bildirməsinə görə) cavabdehə cəmi 3170 manat ödəmişdir – bu isə o deməkdir ki, cavabdeh aldığı pulun müqabilində (hətta ondan daha artıq məbləğdə) təmir işləri aparmışdır (3170 – 1005 = 2165 manat).
42. Hətta cavabdehin etiraf etdiyi məbləğ əsas götürülsə belə, cavabdehin aldığı pulun müqabilində təmir işləri həyata keçirdiyi və müqavilə öhdəliyini əhəmiyyətli şəkildə pozmadığı aydın olur (3500 – 1005 = 2495 manat).
43. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır və iddia tələbinin təmin olunması üçün əsas yoxdur.
44. Kollegiya Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq qeyd edir ki, iddia ərizəsi və apellyasiya şikayəti vermək üçün tərəflərin ödədikləri dövlət rüsumunun məbləğləri onların özlərinə aid olunmalı, apellyasiya icraatı zamanı alınmış ekspert rəyinə görə ödənilməli olan 50 manat iddiaçıdan alınıb müvafiq hesaba köçürülməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-575/2021 saylı iş üzrə 15 fevral 2021-ci il tarixli qiyabi qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “borcun və dəymiş ziyanın tutulması” tələbi təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş Dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov