Məhkəmə qərarları › İş №2(103)-622/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-622/2025

18.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-622/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-622/2025 (Açar sözlər: əmrin ləğvi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X5 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Əmiraslanova Nigar Çıngiz qızının katibliyi, Cavabdehin nümayəndəsi-vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3651/2024 nömrəli 20 sentyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi əsasında Cavabdeh MMC-də icraçı direktor vəzifəsinə işə qəbul edilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə işəgötürənin xx.xx.2023-cü il tarixli, 0323 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmr belə əsaslandırılmışdır ki, icraçı direktor olan İddiaçı əmək vəzifələrini kobud şəkildə pozmaqla, yəni xəbərdarlıqsız uzun müddət işə gəlməmişdir, həmçinin tutduğu vəzifələrindən sui istifadə edərək işəgötürənə maddi ziyan vurmasına dair əsaslar vardır.

2. xx.xx.2023-cü il tarixdə X6, X9, X10 tərəfindən akt tərtib edilmişdir və həmin AKT-da qeyd edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdən-xx.xx.2023-cü il tarixədək üzrsüz səbəbdən işə gəlməmişdir. Dəfələrlə əlaqə saxlanılsa da, xəstə olduğunu və bu səbəbdən işə gələ bilmədiyini bildirmişdir. Müəssisə tərəfindən ondan xəstəliklə bağlı sənəd tələb edilmiş və cavabında həmin sənədləri tezliklə göndərəcəyini bildirmişdir. Bu kimi bəhanələr ilə vaxt qazanmış və üzrlü səbəbdən işə çıxmaması barədə sənəd təqdim edilməmişdir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 875/2024 saylı qətnaməsindən və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-3060/2024 saylı qətnamələrində əks olunmuş Cavabdeh MMC-nin iddiaya etirazında, nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında və apellyasiya şikayətində müvafiq olaraq bunlar göstərilmişdir. Cavabdeh MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında bildirmişdir ki, iddiaçı tərəf işə gəlib təhvil-təslim etsin, ondan sonra əmək müqaviləsinə xitam veriləcəkdir, iddiaçı isə müxtəlif bəhanələr gətirərək, özü işə getmir, iddiaçının işdən çıxma barədə ərizəsi yoxdur ki, əmri də verilə. Cavabdeh MMC-nin direktoru X2 məhkəməyə ünvanlanan yazılı etirazında bildirmişdir ki, İddiaçı işdən çıxmaq istədikdə ona Cavabdeh MMC-nin maddi məsul şəxsi olduğunu, öz işi ilə əlaqədar təhvil-təslim etməyi ona demiş, lakin Nərmin onun göstərdiklərini, yəni işi ilə əlaqədar hesabat verilməsini və təhvil-təslim etməyi yerinə yetirməmişdir. Bununla əlaqədar aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət etmişdir ki, ona məxsus olan Cavabdeh MMC-nin pullarını və mallarını mənimsəyən Ələsgərzadə barəsində qanuni tədbir görsünlər.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən onun əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə dair qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 0323 saylı əmrin ləğv edilməsi, Cavabdeh MMC ilə arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən işçinin təşəbbüsü ilə xitam verilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdən Cavabdeh MMC-də direktor müavini vəzifəsində çalışır. 2023-cü ilin mart ayından Cavabdeh MMC-nin direktoru X6 onun barəsində şər-böhtan xarakterli məlumatlar yaydığı üçün onların münasibətləri kəskinləşmiş, 21 mart 2023-cü il tarixdə müəssisəyə işə gedərkən A.Ələkbərov ona şər böhtan ataraq guya müəssisəyə aid olan pulu mənimsədiyini iddia edərək onu əmək funksiyasının icrasına buraxmaqdan imtina etmişdir. Bundan sonra direktor barəsində əsassız olaraq DTX-ya guya müəssisəyə aid pulu mənimsədiyini iddia edərək ərizəylə müraciət etmiş, lakin həmin müraciətin hər hansı nəticəsi olmamasına baxmayaraq, yenə də əmək funksiyasının icrasına buraxılmamışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək əmək müqaviləsinə xitam verilməsi üçün müəssisənin direktoru A.Ələkbərova yazılı ərizəylə müraciət etmiş, buna baxmayaraq heç bir əsas olmadan onun əmək müqaviləsinə xitam verilməmiş, yaranmış mübahisə ilə bağlı müəssisədə eyni zamanda faktiki olaraq kadr üzrə mütəxəssis vəzifəsini də icra edən mühasib Sevinc adlı xanımdan vatsap vasitəsilə əmək müqaviləsinə hansı səbəbə görə xitam verilmədiyi barədə məlumat istəmiş və cavab olaraq barəsində hansısa işin getdiyi və belə hallarda əmək müqaviləsinə xitam verilməsinin mümkünsüz olduğunu bildirmişlər. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı X7 yazılı ərizəylə xx.xx.2023-cü il tarixdə müraciət edilmiş, bu günə qədər şikayət ərizəsi cavablandırılmamışdır. Daha sonra işəgötürənin onunla bağlanmış əmək müqaviləsinə xitam vermək istəmədiyini görüb əmək müqaviləsinə xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclaslarında Cavabdeh MMC onun məsul şəxs olduğu üçün əmək müqaviləsinə xitam verilməsinin mümkün olmadığı, sərəncamında olan malları təhvil verəcəyi təqdirdə əmək müqaviləsinə xitam veriləcəyini bildirmişdir. Lakin xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC guya onunla bağlanmış əmək müqaviləsinə artıq xitam verildiyini bildirmiş və bu barədə xx.xx.2023cü il tarixli əmri təqdim etmişdir. Məhkəmənin qətnaməsi ilə əmək müqaviləsinə xitam verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsa da, həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Qeyd etməyi zəruri hesab edir ki, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə dair əmr qanunsuz və əsassızdır. Belə ki, həmin əmrin tarixi xx.xx.2023-cü il tarix kimi göstərilsə də ƏMAS elektron sistemindən əmək müqaviləsinin ləğvinə dair məlumat yalnız 2024-cü il tarixdə əlavə edilmişdir. Yazışmalardan da göründüyü kimi məhkəmə icraatı zamanı belə onun əmək müqaviləsi qüvvədə olmuş, sonradan köhnə tarixə əmr daxil edilmişdir.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli 2(001)- 3651/2024 nömrəli (hakim İlkin Əliyev) qərardadı ilə iddia tələbinin İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən işçinin təşəbbüsü ilə xitam verilmiş hesab edilməsi hissəsi baxılmamış saxlanılmışdır.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 sentyabr 2024-cü il tarixli 2(001)-3651/2024 nömrəli qətnaməsi ilə (hakim İlkin Əliyev) iddia təmin edilmiş, İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh xx.xx.2023-cü il tarixli, 0323 nömrəli əmrinin ləğv edilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işəgötürənin də işçi ilə əmək münasibətlərini davam etdirməkdə marağı olmamış, onun iş yerinə gəlməsini təhviltəslim aparmağa görə tələb etmişdir. Bundan başqa işçinin xx.xx.2023-cü il tarixdən işdə olmadığını bilən işəgötürənin 5 ay sonra, üstəlik əmək müqaviləsinə xitam verilməsi və digər məsələlər barədə tərəflər arasında mübahisələrin davam etdiyi vaxt işçi ilə bağlanmış əmək müqaviləsinə işçinin işə çıxmaması əsası ilə xitam verməsi inandırıcı deyildir. Çünki həmin müddət ərzində işçinin əmək funksiyalarını icra etməsi tələb edilməmişdir. Yəni işçi faktiki olaraq barəsində hüquq-mühafizə orqanlarına edilmiş şikayətə görə işdən kənarlaşdırılmışdır. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, işçinin xəbərdarlıqsız uzun müddət işə gəlməməsi halı olmamışdır.

9. Məhkəmə göstərmişdir ki, əmrin verilməsinə əsas olan digər hal isə işçinin vəzifəsindən sui istifadə edərək işəgötürənə maddi ziyan vurması olmuşdur ki, bu hal da tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmır. Belə ki, işəgötürən işçi barəsində hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirsə də, araşdırmanın nəticəsində işəgötürənə maddi zərər dəyməsi, zərərin işçinin qanunsuz hərəkətləri nəticəsində vurulması barədə hər hansı qərarın qəbul edilməsi müəyyən edilmir. Beləliklə işçi ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə işəgötürənin xx.xx.2023-cü il tarixli, 0323 nömrəli əmri qanunsuz olduğundan ləğv edilməlidir. Bundan əlavə işə bərpa barədə tələb irəli sürülmədiyindən həmin məsələ məhkəmə qaydasında həll edilməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 68.1, 70, 71.2, 71.3, 72, 83.1, 186.1, 186.3, 187.1, 191.2, 203, 300.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apelyasiya şikayətində göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-3060/2024 saylı qətnamələrinə istinad edilmişdir. Həmin qətnamədə göstərilir ki, apellyasiya şikayətində göstərilir ki, audit yoxlamasının nəticəsi barədə olan rəydən də görünür ki, İddiaçı tərəfindən 895163 manat pulun kənarlaşdırılmasına yol verilmişdir. Bununla əlaqədar hal-hazırda Binəqədi rayon prokurorluğunda araşdırma aparılır. Həmin qətnamədə göstərilir ki, iddiaçı iddia ərizəsində Cavabdeh MMC-nin direktoruna 16 may 2023-cü il tarixdən yazılı ərizə ilə müraciət edərək 16 iyun 2023-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsini xahiş etdiyini qeyd etmişdir. Lakin iş materiallarına yazılı müraciətlə bağlı hər hansı bir sübut əlavə olunmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən bu xüsusata qiymət verilərkən belə əsaslandırma aparılmışdır ki, “İddia ərizəsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsinə xitam verilməsi üçün iddiaçı müəssisə direktoruna yazılı ərizə ilə müraciət edildiyi qeyd olunsa da bunu təsdiq edən sübut təqdim edilməmişdir, lakin iş materialları ilə təsdiq olunur ki, iddiaçı sosial şəbəkələr vasitəsi ilə cavabdehə, eyni zamanda Dövlət Əmək MüfəttişliyiXidmətinə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət edərək, iradə ifadəsini açıq bəyan etsə də cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Qeyd olunmalıdır ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müraciətindən cavabdehin xəbərdar olması mübahisələndirilmir, bu halı o öz etirazında da təsdiq etmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. O, əlavə olaraq bildirmişdir ki, iddiaçının təhvil-təslim prosesindən yayındıqdan sonra, MMC-də "xxxx" MMC tərəfindən audit yoxlaması həyata keçirilmişdir. Bundan sonra cavabdeh MMC İddiaçı və mühasib X3 tərəfindən yol verilmiş mənimsəmə və sair qanun pozuntuları barədə Binəqədi rayon Prokurorluğuna müraciət etmişdir.

15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi

16. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

17. Maddə 68.2.“a” bəndi. Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsüdür.

18. Maddə 69.1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

19. Maddə 69.2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

20. Maddə 69.5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

21. Maddə 70 “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

22. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

23. Maddə 72. “a” bəndi. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

24. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Qətnamə bütövlükdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Göründüyü kimi, işəgötürən işçinin xəbərdarlıqsız uzun müddət işə gəlməməsinə, vəzifəsindən sui-istifadə edərək işəgötürənə maddi ziyan vurmasına dair əsaslar olmasına əsaslanaraq, işçi ilə əmək müqaviləsinə xitam vermişdir. Lakin işəgötürən işçini mənimsəmə cinayət əməlini törətməkdə ittiham etmiş və bununla bağlı hüquqmühafizə orqanlarına şikayət etmişdir. İşçi işdən çıxmaq istədiyini bildirmiş, işəgötürən isə təhvil-təslim aparılmadan onu işdən azad etməyəcəyini bildirmişdir.

34. İşəgötürənin də işçi ilə əmək münasibətlərini davam etdirməkdə marağı olmamış, onun iş yerinə gəlməsini təhvil-təslim aparmağa görə tələb etmişdir. Bundan başqa işçinin xx.xx.2023-cü il tarixdən işdə olmadığını bilən işəgötürənin 5 ay sonra, üstəlik əmək müqaviləsinə xitam verilməsi və digər məsələlər barədə tərəflər arasında mübahisələrin davam etdiyi vaxt işçi ilə bağlanmış əmək müqaviləsinə işçinin işə çıxmaması əsası ilə xitam verməsini Kollegiya inandırıcı hesab etmir.

35. Həmin müddət ərzində işçinin əmək funksiyalarını icra etməsi tələb edilməmiş, işçi faktiki olaraq barəsində hüquq-mühafizə orqanlarına edilmiş şikayətə görə işdən kənarlaşdırılmışdır, halbuki, Əmək Məcəlləsinin 62-ci maddəsinin tələblərinə görə, işçinin işdən kənarlaşdırılması sənədləşdirilməlidir. Odur ki, işçinin xəbərdarlıqsız uzun müddət işə gəlməməsi halı olmamışdır.

36. Bundan başqa, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli əmrlə xitam verildiyi halda, bununla bağlı əmək müqaviləsi bildirişi elekron sistemə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir ki, bu da əmrin arxa tarixə verilməsini istisna etmir.

37. Halbuki, Əmək Məcəlləsinin 49-cu maddəsinin 5-ci hissəsinin tələbinə görə, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz.

38. Bundan əlavə əmrin verilməsinə əsas olan digər hal isə işçinin vəzifəsindən sui istifadə edərək işəgötürənə maddi ziyan vurması olmuşdur ki, bu hal da tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmır.

39. Belə ki, cavabdeh tərəfindən Binəqədi rayon Prokurorluğuna ünvanlanan müraciətin nəticəsinin aydınlaşdırılması məqsədi ilə müvafiq sorğu verilmişdir.

40. İddiaçı barəsində araşdırılması aparılmış 253-c-24 saylı material üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Cavabdeh MMC-də icraçı direktor vəzifəsində işləmiş İddiaçı və Cəmiyyətin mühasibi vəzifəsində işləmiş X1 MMC-yə məxsus pul və maddi əmlakları mənimsədikləri sübuta yetmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması əməldə cinayət tərkibi olmaması ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2ci maddəsinə əsasən rədd edilmişdir.

41. Göründüyü kimi, iddiaçının hərəkətlərində hər hansı mənimsəmə əməli müəyyən edilməmişdir.

42. Beləliklə, iddiaçının hərəkətlərində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən hallar mövcud deyildir, buna görə də işçinin işdən azad edilməsi barədə işəgötürən tərəfindən verilmiş əmr qanunvericiliyin tələblərinə zidd olduğundan məhkəmə qanuni və əsaslı nəticəyə gəlmişdir.

43. Apelyasiya şikayətində qeyd olunanlar qanuni və əsaslı olan qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3651/2024 nömrəli iş üzrə 20 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar