Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6220/2024 05.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «əmək müqaviləsinə xitam verilməsinin etibarsız sayılması və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin mübahisələndirilməsi, iddia müddəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «əmək müqaviləsinə xitam verilməsinin etibarsız sayılması və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1293/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. "xxxx" MMC-nin 16 noyabr 2022-ci il tarixli KŞ-232 saylı əmrindən görünür ki, informasiya texnologiyaları departamenti, informasiya texnologiyaları infrastrukturu şöbəsinin sistem infrastrukturu bölməsinin aparıcı mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 a bəndi ilə (işçinin təşəbbüsü ilə) xx.xx.2022-ci il tarixdən xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir. Əmrdə İddiaçı istifadə etmədiyi xx.xx.2022/2023-cü iş ili üçün 24 t.g. məzuniyyət pulu ödənilməklə son haqq-hesabın aparılması barədə göstəriş verilmişdir.
2. İddiaçı xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə X7 Xidmətinin Bakı şəhər İdarəsinə; xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edərək, əmək mübahisəsi barədə məlumat vermiş və ona köməklik göstərilməsini xahiş etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «əmək müqaviləsinə xitam verilməsinin etibarsız sayılması və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin əməkdaşları tərəfindən hədəqorxu gəlinərək işdən çıxma ərizəsi, əmək müqaviləsinə xitam verilməsinin etibarsiz sayılması və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi; həmçinin cavabdehin təqsiri ucbatından ona vurulmuş mənəvi zərərin əvəzi olaraq bir illik əmək haqqının AZN məbləğində dəyərləndirilməsi və pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, özünün və ailəsinin Konstitusiyada təsbit edilmiş hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, o, "xxxx" MMC-yə (Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan) xx.xx.2022-ci il tarixdə Sistem infrastrukturu bölməsinin aparıcı mühəndisi vəzifəsinə təyin olunmuş, xx.xx.2022-ci il tarixdə hədə-qorxu gəlinərək öz ərizəsi ilə tutduğu vəzifədən azad olunmuşdur. Halbuki əmək müqaviləsinin 9.4-cü bəndinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə bu əmək müqaviləsini ləğv etməyə onun məcbur edilməsinə yol verilmir. Məlumat üçün bildirir ki, xx.xx.2022-ci il tarixdə Konstantin Kozlov adlı şəxslə Bakı-Qazax yolu 113-cü km. Hacıqabul şəhər ərazisi Qədir Xum restoranın həyətində şəxsi münaqişə zəminində dartışma yaşamışlar. Sonradan məlum olmuşdur ki, Konstantin Kozlov adlı şəxs çalışdığı müəssisə olan "xxxx" MMCnin şöbə müdiri Əmir Velibəyovun ən yaxın dostu imiş. İş yerindən kənarda şəxsi münaqişə zəmində yaranmış mübahisəyə görə tutduğu vəzifədən hədə-qorxu gəlinərək azad olunmuşdur. Hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Prezidentinə; İ Vitse prezidentinə; Azərbaycan Respublikası Prezidentinin icra Aparatının Rəhbərinə; Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinə və X7 Xidmətinin rəisinə yazılı ərizə ilə müraciət etsə də, "xxxx" MMC onun öz xahişi ilə işdən çıxdığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə MMC-nin işçisi olmayan köhnə tanışı Konstantin Kozlov adlı şəxslə münaqişəsi olmuş və eyni gün də MMC-yə çağırılıb hədəqorxu gəlinərək ərizə yazdırılıb işdən azad olunmuşdur. İki körpə uşağa baxmaqda çətinlik çəkir. Ölkə vətəndaşı olaraq mövcud qanunlarda əks olunmuş hüquqlardan istifadə etməyə əsası olduğu üçün Azərbaycan Respublikasının vətəndaşı olaraq dövlətin vətəndaşlara verdiyi hüquqlardan səmərəli istifadə edərək, hüquqlarının cavabdeh "xxxx" MMC-nin əməkdaşları tərəfindən kobudcasına pozulması ilə bağlı məkəməyə iddia tələbi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin hüquqazidd hərəkətləri ilə bağlı o, həm maddi, həm də mənəvi zərərə məruz qalmışdır. Belə ki, cavabdehin təqsiri ucbatından səhhətində problem yaranmış, ciddi narahatlıqlar keçirməsi ilə nəticələnmişdir. Mövcud qanunvericilik cavabdeh "xxxx" MMC-nin hüquqazidd hərəkətləri sayəsində ona və ailəsinə vurmuş olduğu ziyanla bağlı müvafiq addımlar atmasına tam əsas verir. Hesab edir ki, cavabdehin təqsiri və hüquqazidd hərəkətlərinin nəticəsi olaraq ona dəymiş mənəvi zərər bir illik əmək haqqı məbləğində dəyərləndirilməli və bu məbləğ cavabdehdən alınaraq ona verilməlidir.
5. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1293/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «əmək müqaviləsinə xitam verilməsinin etibarsız sayılması və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi və ödənilmiş 50 manat mediasiya xərcinin iddiaçıya aid edilməlidir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işəgötürən Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. İddiaçının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 a bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. İddia əsassızdır və təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən,fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan, iddia müddəti ötürülsə də, məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «əmək müqaviləsinə xitam verilməsinin etibarsız sayılması və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2, 296.3, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsi, L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarı və Mülki Prosessual Məcəllənin 14.2, 77.2, 121.1, 217.3, 217.4, 216-220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1293/2024-cü il nömrəli, xx.xx.2024-ci il tarixli qətnaməsini ləğv edərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, iddia ərizəsində də şöbə rəisi Ceyhun Qarayevin vatsap yazışmasında ona gəl işdən çıxma ərizəni yaz deməsi yazılmışdır. Həmin şəxsi məhəkəməyə dəvət edib işi ətraflı araşdırmaq əvəzinə subut dəlilləri təqdim etmək istəsə də ona artıq baxışa təyin etdi cavabını verdi. Bu isə məhkəmənin qətnamə qəbul edərkən (əslində isə əvvəlcədən yazılmış olan qətnaməni elan edərkən) tərəflərin təqdim etdiyi və məhkəmə baxışı zamanı araşdırılmış faktlara deyil, öz şəxsi mövqeyinə və marağına görə irəli sürdüyü dəlillərə istinad etməsini sübut edir ki, bu da mövcud Mülki Prosessual Qanunvericiliyin 8-ci maddəsinin tələbi ilə yolverilməzdir. Göstərilən maddi və prosessual hüquq normalarının açıq-aşkar və kobud pozulması Nəsimi rayon məhkəməsinin hakimi barəsində xüsusi qərardad çıxarılması üçün kifayət qədər yetərlidir. İşin hallarından da görünür ki, cavabdeh tərəf ona hədə-qorxu gələrək işdən çıxma ərizəsini yazmağa məcbur etmişdir. Nəsimi rayon məhkəməsi həmin halları araşdırmamış və bu xüsusata hüquqi qiymət verməmişdir. Vatsap yazışması və şöbə rəisi Ceyhun Qarayevin ona gəl işdən çıxma ərizəni yaz və Yevlax rayonuna ezam olunduğu gün bir neçə işyoldaşları ilə bərabər onu çağırıb hədə-qorxu ilə ərizə yazdırılması düzgün araşdırılmadı. Buna bir neçə iş yoldaşları da şahiddir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
11. İddiaçı nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, yoldaşı İddiaçı 16 noyabr tarixində bir qrup şəxslə “Qədir-Xum” adlanan restoranda yemək yeyərkən münaqişə baş verib. Münaqişə etdiyi tərəf Konstantin Kozlov adlı şəxs olmuş və o, yoldaşının müdirinin ən yaxın dostu olub. Daha sonra yoldaşına zəng ediblər ki, təcili işə getməlidir. İşə getdikdən sonra ona bildiriblər ki, ərizəsini yazıb işdən çıxsın. Ərizəni yazmağından onun xəbəri olmayıb. Bilsəydi ona icazə verməzdi. Konstantin Kozlov və Əmir Vəlibəyov ilə yoldaşı arasında “Vatsap” proqramı vasitəsilə yazışmalar, səs yazılar var. Vatsap” proqramı vasitəsilə olan yazışmaları, səs yazılarını elektron formada iş materiallarına yükləməmişdir. Şifahi bildirmişdi. Onlar yoldaşına hədə-qorxu gəliblər ki, ərizəni yazmasa polis bölməsinə şikayət ediləcək. Nəsimi Rayon Məhkəməsində sənədləri hakimə təqdim etmək istəsə də hakim qəbul etmədi. Həmin şəxslər şahid kimi məhkəməyə dəvət olunmalı idi. Müəyyən qurumlara müraciət etdilər. Yoldaşı öz xahişi ilə ərizəsini yazıb çıxıb,eyni saatda dərhal işdən çıxarılması qeyd olunub və eyni saatda son haqq-hesab ödənilib. Bu açıq-aşkar planlaşdırıldılıb. Hal-hazırda yoldaşı başqa orqanda işləyir. Onlar istəyirlər ki, "xxxx" MMC-nin başqa işçilərə qarşı bu cür hadisələrin qarşısı alınsın. Yoldaşının işə bərpa olunmasını istəmirlər. “Vatsap” ilə olan yazışmalar yoldaşının telefonundadır, hazırda təqdim edə bilməmişdir. Yoldaşı işdən azad olunduğu günün axşamı müxtəlif orqanlara müraciət etdilər. Əmək Müfəttişliyinə də müraciət etdilər.Cavab məktubları 3-4 ay sonra gəldi.Əvvəl Bakı İnzibati Məhkəməsinə müraciət etdilər, sonradan aidiyyəti üzrə yenidən iddia qaldırdılar. Bu qədər müddət keçməsinin səbəbi budur.
12. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, birinci instansiya məhkəməsinin araşdırmasında qanunazidd məqam sübut olunmayıb. Ərizə qarşı tərəfin öz imzası və xətti ilə yazılıb. Əmək Məcəlləsinə görə iddiaçı ərizədə qeyd etdiyi tarixdən işdən azad olunub. Ərizə yazıldıqdan sonra iddiaçı işdən azad olunub və qanunvericiliyə əsasən sənədləşdirilib. Əgər iddiaçının əlində səsyazısı və yaxud yazışmalar var idisə niyə həmin gün Əmək Müffəttişliyinə və.s qurumlara təqdim etməyib. Tərəf səsyazısı və yaxud yazışmaları ilə bağlı hər hansı sübut rayon məhkəməsinə təqdim etməmişdir. Həmçinin, iddiaçı iddia müddətini ötürüb. Birinci instansiya məhkəməsinin hazırlıq iclasında iddiaçı sübutlarını, istinad etdiyi yazışmaları təqdim etməli idi. İddiaçının bütün müraciətləri iş materiallarından aydın olur ki, fevral ayında olub. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq normaları:
13. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
Maddə 68. 2. a) tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Maddə 296.2 Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.4 Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Maddə 296.6 Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
14."Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. Maddə 21.6. Tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Maddə 32.4.2. Bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə aşağıdakı gündən xitam verilir. Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
20. "xxxx" MMC-nin 16 noyabr 2022-ci il tarixli KŞ-232 saylı əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 a bəndi ilə (işçinin təşəbbüsü ilə) xx.xx.2022-ci il tarixdən xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir.
21. İddiaçının iddia tələbinin əsası odur ki, iddiaçıya hədə qorxu gəlindiyindən o, işdən öz təşəbbüsü ilə çıxarılması barədə ərizə yazmışdır. İki körpə uşağa baxmaqda çətinlik çəkir. Cavabdehin hüquqazidd hərəkətləri ilə bağlı o, həm maddi, həm də mənəvi zərərə məruz qalmışdır. Belə ki, cavabdehin təqsiri ucbatından səhhətində problem yaranmış, ciddi narahatlıqlar keçirməsi ilə nəticələnmişdir.
22. Cavabdeh tərəf iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermişdir. İşə baxan birinci instansiya məhkəməsi isə hesab etmişdir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan, iddia müddəti ötürülsə də, məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir. İşə baxan birinci instansiya məhkəməsi Azərbaycan respublikası Konstitusiya məhkəməsi Plenumunun L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlarına istinad etmişdir.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir.
24. İlk növbədə, kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarları mülki mübahisələr üzrə qəbul edilmişdir.
25. Kollegiya hesab edir ki, əmək mübahisəsində iddia müddətinin tətbiqi barədə ərizə verilibsə və iddia müddəti üzürsüz səbəbdən ötürülübsə işə baxan məhkəmə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsi əsası ilə iddia tələbini təmin etməməlidir. Çünki əmək münasibətlərini tənzimləyən normalar bir çox hallarda imperativ xarakterli olduğu halda, mülki münasibətləri tənzimləyən normalar daha çox dispozitiv xarakteri ilə fərqlənir.
26. Əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi).
27. Əmək münasibətləri yazılı qaydada bağlanılmalı olan əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
28. Əmək Məcəlləsi ilə əmək münasibətlərinə verilmiş anlayışa əsasən, bu münasibətlərin xarakterik cəhətləri olaraq, ilk növbədə, bir tərəfin fiziki şəxs olması, onun, yəni işçinin müəssisədaxili intizam qaydalarına tabe olması, əmək müqaviləsi üzrə şərtləşdirilmiş əmək funksiyalarını müvafiq iş yerində şəxsən yerinə yetirməsi çıxış edir. Münasibətlərin digər subyekti olan işəgötürən isə işçini müvafiq işlə, habelə sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin etməli və onun əməyinin qarşılığını (əmək haqqını) ödəməlidir.
29. Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir.\
30. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır.
31. Əmək münasibətlərindən fərqli olaraq, mülki hüquq münasibətləri isə əsasən istər hüquqi, istərsə də faktiki cəhətdən tərəflərin bərabərliyinə əsaslanan münasibətlərdir və mülki qanunvericiliyin təməl prinsiplərindən biri olaraq mülki hüquq subyektlərinin bərabərliyi qəbul edilmişdir. Məhz bu səbəbdəndir ki, mülki münasibətləri tənzimləyən mülki hüquq normaları mahiyyətcə daha çox dispozitiv xarakterli olmaqla, tərəflərin azad iradə ifadəsi ilə müəyyən etdikləri müqavilə şərtləri üzrə tənzimetməyə üstünlük verir (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiua Məhkəməsinin Plenumunun 20 oktyabr 2023-cü il tarixli qərarı).
32. Kollegiya qeyd edir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə X7 Xidmətinin Bakı şəhər İdarəsinə; xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edərək, əmək mübahisəsi barədə məlumat vermiş və ona köməklik göstərilməsini xahiş etməsinə istinad etmişdir.
33. Kollegiya qeyd dir ki, iddiaçı iddia müddətini ötürmüşdür. İddiaçı AZİN Telecom» MMC-nin 16 noyabr 2022-ci il tarixli KŞ-232 saylı əmrini mübahisələndirərək mediasiya təklifini xx.xx.2023-cü il tarixdə göndərmişdir. Mediasiya təklifinin göndərilməsi müddətin axımını dayandırsa da iddiaçı mediasiya təklifini göndərdiyi zaman əmək qanunveriliyində nəzərdə tutulmuş 1 aylıq müddəti artıq ötürmüşdür. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir.
34. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2021-ci tarixli qərarında qeyd olunur ki, X7 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri-müəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Lakin Əmək Məcəlləsinin fərdi əmək mübahisələrinin həlli qaydalarını tənzimləyən və həmin Məcəllənin qırx beşinci fəslində yerləşən normalarının təhlilindən müəyyən olunur ki, qanunverici bütün hallarda fərdi əmək mübahisələrinə məhkəməyədək baxan orqanla məhkəmələri bir-birindən fərqləndirmişdir. Yuxarıda qeyd olunduğu kimi, qanunverici fərdi əmək mübahisələrinə baxılmasının məhkəməyə qədər və məhkəmə qaydasını müəyyən etmiş, həmçinin fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxılmasının yalnız kollektiv müqavilələrdə nəzərdə tutulduğu təqdirdə mümkün hesab etmişdir. Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsində əmək mübahisələrinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə tutulmuşdur. Göstərilənlərə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur.
35. Kollegiya o cümlədən qeyd edir ki, iddiaçı tərəfindən müddətin üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülməsinə dair məhkəməyə sübut təqdim edilməmişdir.
36. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1293/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı cavabdeh "xxxx" MMC-nin əməkdaşları tərəfindən hədə-qorxu gəlinərək işdən çıxma ərizəsi, əmək müqaviləsinə xitam verilməsinin etibarsiz sayılması və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi; həmçinin cavabdehin təqsiri ucbatından ona vurulmuş mənəvi zərərin əvəzi olaraq bir illik əmək haqqının AZN məbləğində dəyərləndirilməsi və pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən alınaraq onun xeyrinə ödənilməsi barədə iddia tələbi təmin edilməməlidir.
37. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1293/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı cavabdeh "xxxx" MMC-nin əməkdaşları tərəfindən hədə-qorxu gəlinərək işdən çıxma ərizəsi, əmək müqaviləsinə xitam verilməsinin etibarsiz sayılması və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi; həmçinin cavabdehin təqsiri ucbatından ona vurulmuş mənəvi zərərin əvəzi olaraq bir illik əmək haqqının AZN məbləğində dəyərləndirilməsi və pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən alınaraq onun xeyrinə ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərci tərəfin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov