Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6220/2025 19.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, əmək haqqının gecikdirilməsinə görə ödəncin və mənəvi zərərin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)-1904/2025 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı cavabdeh təşkilatın Təhlükəsizlik Xidməti və Nəzarət İdarəsində inspektor vəzifəsində işləyib. 2.Tərəflərin arasında əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə 6 ay müddətinə bağlanıb. Əmək müqaviləsinə onun müddətinin bitməsinə görə cavabdehin Baş direktorunun xx.xx.2025-ci il tarixli 931/K nömrəli əmri ilə xitam verilib. Əmrdə hüquqi əsas kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə istinad olunub. Həmin normaya görə, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinə əsasdır. Birinci instansiya məhkəməsində icraat 3.İddia ərizəsində tələb olunub ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin, əmək haqqının verilməsinin gecikdirildiyi hər gün üçün 1 faiz məbləğində ödənc verilsin, iddiaçının keçirdiyi iztirablara görə mənəvi təzminat kimi 500 manat ödənilsin. 4.Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 5.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 6.Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu, Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 7.Əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələbi pozulmayıb. Belə ki, əmək müqaviləsi xx.xx.2024-cü tarixdə 6 ay müddətinə bağlanılıb, əmək müqaviləsi müddətli bağlanarkən iddiaçı ayrı-seçkiliyə məruz qalmayıb, əmək müqaviləsinin müddət xx.xx.2025-ci il tarixdə bitib. Cavabdeh müqavilə müddətini uzatmaqdan imtina edib, xx.xx.2025-ci il tarixli bildirişlə iddiaçını müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada xəbərdar edib, iddiaçı bildirişi xx.xx.2025-ci il tarixdə alıb, xx.xx.2025-ci il tarixli əmrlə müqaviləyə xitam verilib və sonuncu iş günü son haqq-hesab hesablanaraq iddiaçıya ödənilib. Əmək müqaviləsinin qüvvədə olduğu müddətdə əmək haqqının ödənilməsi gecikdirilməyib, habelə iddiaçı tərəfindən cavabdehə hər hansı formada mənəvi zərər vurulmayıb. 8.Beləliklə, məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinin, 73-cü maddəsinin 1-ci hissəsinin, 172-ci maddəsinin 5-ci hissəsinin və 290-cı maddəsinin 3-cü hissəsinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. 9.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)-1904/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6220/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6220/2025
19.12.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver