Məhkəmə qərarları › İş №2(103)-6225/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6225/2020

09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6225/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı1, onun nümayəndəsi və vəkili X4, Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı1 Cavabdeh1 qarşı “Chevrolet Captiva” markalı ** LV *** qeydiyyat nömrəli minik avtomaşının Cavabdeh1 qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması və əldən çıxmış fayda kimi cavabdehdən 5 il ərzində 10000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ə.Abbasova, iş № 2(011)-3347/19) iddia qismən təmin edilərək “Chevrolet Captiva” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı, qara rəngli, ban nomrəsi KL1CD2649BB046782 nömrəli avtomobilin Cavabdeh1 alınaraq İddiaçı1 qaytarılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Sözügedən qətnamədən Cavabdeh1 apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: X.Sarıyev-sədrlik edən və məruzəçi, V.Həsənov və Ş.Məmmədova, iş № 2(103)-11113/19) Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər Ə.Nurməmmədov-sədrlik edən və məruzəçi, A.Hüseynov və İ.Xəlilov, iş № 2(102)-2047/20) Cavabdeh1 kassasiya şikayəti təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. İşin halları: İddiaçı1 tələbini onunla əsaslandırmışdır ki, o, 2011-ci il tarixdə “xxxxxxxxxxxx” ASCdən maşın almaq məqsədi ilə kredit götürmüş və “Chevrolet Captiva” markalı ** LV *** dövlət qeydiyyat nişanlı minik avtomaşınını girov qoymuşdur. Bir müddət ödəniş etdikdən sonra həmin maşını aralarında şifahi əqdə əsasən cavabdehə etibarnamə əsasında satmış, o şərtlə ki, kreditin yerdə qalan məbləğini cavabdeh ödəməli idi. Cavabdehin ödəniş etmədiyini görüb o, etibarnəməni ləğv etdirmiş, lakin çoxsaylı müraciətlərinə baxmayaraq maşını cavabdehdən geri ala bilməmişdir. 2018-ci ilin dekabr ayında isə icra şöbəsindən icra məmuru vasitəsilə iddiaçıya məlum olmuşdur ki, 2013-cü ildə bank ona qarşı iddia qaldırmış və iddia təmin edilərək qətnamə icraya yönəlmişdir. İddiaçı hazırda həmin qətnamədən apelyasiya şikayəti vermişdir. O, cavabdehi axtarsa da, ondan xəbər çıxmamışdır. Bu gün həm mülkiyyətçisi olduğu maşından məhrum olmuş, həm də bank qarşısında öhdəlik onun üzərində qalmışdır. Həmçinin 2013-ci ildən bu yana maşın onun sahibliyində qalsaydı əlavə xərc çəkərək başqa nəqliyyat vasitəsindən istifadə etməzdi, ailəsini dolandırmaq üçün istifadə edərdi. Ona görə də hesab edir ki, əldən çıxmış fayda kimi cavabdehdən 5 il ərzində ona 10.000 manat pulun tutularaq ödənilməsi zəruridir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmamaqla tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir. “Chevrolet Captiva minik” markalı, ** LV *** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı1 tərəfindən Cavabdeh1 yalnız nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında deyil, eyni zamanda mübahisəli avtomobilə sərəncam vermək hüququna dair xx.xx.2013-cü il tarixdə mülki etibarnamə verilmişdir. Cavabdeh1 mübahisəli avtomobili iddiaçıdan 2350 manat məbləğində ödəniş etməklə sərəncam vermək hüququna dair etibarnamə əsasında almışdır. Lakin avtomobili aldıqdan sonra məlum olmuşdur ki, həmin avtomobilə bank krediti üzrə gecikmələr vardır. Cavabdeh bir neçə ay mübahisəli avtomobilə dair kredit ödəmiş, lakin sonralar bank krediti üzrə ödənişləri ödəyə bilməmiş və həmin nəqliyyat vasitəsini Bakı şəhəri 18 saylı notariat kontorunda xx xxxxxx 2013-cü il tarixdə iddiaçı tərəfindən ona verilmiş xx xxxx 2013-cü il tarixli etibarnaməyə əsasən sərəncam hüququ verməklə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dübəngə kəndində qeydiyyatda olan Cavabdeh2 satmışdır. Cavabdeh1 etibarnamə yalnız nəqliyyat vasitəsindən istifadə üçün deyil, həmçinin daşınar əmlaka dair sərəncam hüququnun verilməsinə dair verilmişdir. İddiaçı tərəfindən cavabdehə verilmiş xx xxxx 2013-cü il tarixli etibarnamə ilə iddiaçı cavabdehə mübahisəli nəqliyyat vasitəsinə dair sərəncam vermək hüququ vermişdir. Bununla da, iddiaçı daşınmaz əmlak istisna olmaqla, həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq səlahiyyətləri Cavabdeh1 vermişdir. Odur ki, Cavabdeh1 mübahisəli avtomobilə sərəncam verilməsinə dair subyektiv hüququ yaranmışdır. Mübahisəli avtomobilə dair iddiaçı tərəfindən verilmiş etibarnamə ancaq nəqliyyat vasitəsinin idarə edilməsinə dair verilmiş olduğu halda, cavabdeh tərəfindən həmin avtomobilin özgəninkiləşdirilməsi qeyri-mümkün olardı. Cavabdehin nümayəndəsi və vəkili S.İsmayılov məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İddiaçı1, onun nümayəndəsi və vəkili C.Bayramov apelyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Digər Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, hazırkı iş üzrə iddia tələbi qismən təmin edilmiş, iddianın təmin edilməyən hissəsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə yalnız cavabdeh tərəfindən və yalnız iddianın təmin edilməsinə dair hissədə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı da cavabdehin apelyasiya şikayətinə münasibətdə məhz həmin hissədə yoxlanılmalıdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 apelyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, xx.xx.2011-ci il tarixli “Avtomobil krediti və girov/ipoteka müqaviləsi”nə əsasən İddiaçı1 21160 manat məbləğində kredit verilmiş və kreditin ödənilməsini təmin etmək məqsədilə cavabdehlə bank arasında İddiaçı1 mülkiyyətində olan “Chevrolet Captiva” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair ipoteka müqaviləsi bağlanılmışdır. İddiaçı xx.xx.2013-cü il tarixində Cavabdeh1 “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnamə verərək həmin avtomobili cavabdehin istifadəsinə vermişdir. Tərəflər arasında əldə edilmiş razılığa görə yuxarıda qeyd edilmiş tarixdən sonra kredit üzrə qalan ödənişləri Cavabdeh1 ödəməli olsa da, işin faktiki hallarından məlum olduğu kimi, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödənişlər aparılmamış və nəticədə krediti müqaviləsi üzrə 15753,43 manat məbləğində əsas borc, 486,69 manat məbləğində faiz borcu və 359,83 manat məbləğində cərimə borcu yaranmışdır. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə İddiaçı1 həmin borc məbləğinin tutulması və tutmanın ipoteka predmeti olan “Chevrolet Captiva” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi qət edilmişdir. İddiaçının ərizəsinə əsasən xx.xx.2013-cü il tarixdə Cavabdeh1 verilmiş etibarnaməyə xitam verilmişdir. İddiaçı1 kredit borcunun ödənilmədiyini, “Chevrolet Captiva” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə Cavabdeh1 qanunsuz sahibliyində olduğunu əsas gətirərək hazırkı iddianı qaldırmışdır. Cavabdeh iddianı qəbul etməmiş və göstərmişdir ki, tələb olunan minik avtomobili onun sahibliyində deyil. Belə ki, o, xx.xx.2013-cü il tarixdə minik avtomobilini iddiaçıdan aldıqdan sonra kredit müqaviləsi üzrə ödəniş edə bilmədiyinə görə iddiaçının verdiyi etibarnamə üzrə səlahiyyətlərdən istifadə edərək xx.xx.2013-cü ildə maşını Cavabdeh2 1800 manata satmışdır. Kredit borcunun qalıq hissəsini Cavabdeh2 ödəməli idi. Borcun ödənilməməsinin səbəbi və eləcə də avtomobilin harada olması ona məlum deyil. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək mübahisəli minik avtomobilinin Cavabdeh1 alınıb iddiaçıya qaytarılmasını qət etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, rəsmi reyestrdə qeydə alınması tələb edilən nəqliyyat vasitəsinin alqısatqısına dair müqavilənin bağlanması üçün şifahi alqı-satqı müqaviləsi deyil, mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarının tələblərinə əməl edilməklə müvafiq qaydada rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi bağlanmalıdır. Lakin, məhkəmə iclasında belə bir müqavilənin bağlanması müəyyən edilməmişdir. Digər tərəfdən, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli avtomobilə dair iddiaçı tərəfindən cavabdehə verilmiş etibarnamə onun ərizəsinə əsasən ləğv edilmişdir.İddiaçı mübahisəli avtomobilin mülkiyyətçisi olduğundan və Cavabdeh1 verilmiş etibarnamə ləğv edildiyindən, iddiaçı avtomobilin cavabdehin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir. Buna görə də, iddia tələbi avtomobilin geri qaytarılması hissəsində təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 365.1.3, 366.4-cü maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin apelyasiya qaydasında mübahisələndirilən hissədə gəldiyi nəticəni əsaslı sayır və qeyd edir ki, cavabdehin apelyasiya şikayətində göstərdiyi hallar mübahisələndirilən qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2020-ci il tarixli qərarında şərh olunan göstərişlərə görə işə apelyasiya qaydasında yenidən baxılarkən mübahisəli avtomobilin faktiki olaraq kimin sahibliyində olması müəyyən edilməli, Cavabdeh2 iş üzrə cavabdeh kimi, X2 isə cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi işdə iştirak etməyə cəlb olunması məsələsi müzakirə olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Cavabdeh2 hazırkı iş üzrə cavabdehdir və onun yenidən cavabdeh kimi cəlb edilməsi məsələsinin müzakirə olunması mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. Belə ki, o, birinci instansiya məhkəməsində işə baxılarkən xx.xx.2019-cu il tarixli məhkəmə iclasında protokol qərarı ilə cavabdeh qismində işdə iştirak etməyə cəlb olunmuşdur (i.v.78). Birinci instansiya məhkəməsində işə baxılarkən və apelyasiya baxışı zamanı Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasına dəvət olunsa da, onun məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. X3 gəldikdə isə tərəflərin izahatlarına əsasən onun mübahisəli avtomobilə və hazırkı işə hər hansı aidiyyəti müəyyən olunmadığından məhkəmə kollegiyası onun işdə iştirak etməyə cəlb olunmasına zərurət görmədi. Məhkəmə kollegiyası apelyasiya şikayətinin mübahisəli avtomobilin Cavabdeh1 olmaması, Cavabdeh1 avtomobili iddiaçının ona verdiyi etibarnamə üzrə səlahiyyətdən istifadə edərək satması və bu səbəbdən də iddianın rədd edilməli olması ilə bağlı dəlillərini əsassız sayır və işin müəyyən edilmiş hallarına əsaslanaraq qeyd edir ki, əvvəla mübahisəli minik avtomobilinin alqı-satqısına dair iş materiallarında hər hansı sübut yoxdur. Baş Dövlət X7 verdiyi arayışa əsasən avtomobil sonuncu dəfə xx.xx.2013-cü il tarixdə Cavabdeh1 istifadəsinə verilmişdir və mərkəzi informasiya sistemində bu tarixdən sonra hər hansı şəxsin adına etibarnamə verilməsinə dair məlumat yoxdur (i.v.74). Həmin arayışda dövlət reyestrində olan məlumatlara əsasən maşının mülkiyyətçisinin iddiaçı olduğu qeyd edilmişdir. Digər tərəfdən, Cavabdeh1 adına verilmiş nəqliyyat vasitəsini idarə etmək haqqında xx.xx.2013-cü il tarixli etibarnamədə (reyestr nömrəsi 7E-18807) həmin etibarnamə üzrə səlahiyyətlərin başqa şəxsə verilməsi qadağan edilmişdir və Cavabdeh1 həmin avtomobilin idarə edilməsi də daxil olmaqla onun üzərində sərəncam verilməsinə dair etibar edilmişi başqasına etibar etmə qaydasında üçüncü şəxslərə etibarnamə verə bilməzdi. Cavabdeh mübahisəli avtomobillə bağlı Cavabdeh2 adına etibarnamə verməsini daşınmaz əmlak istisna olmaqla iddiaçıya məxsus digər əmlaklar üzərində sərəncam verilməsinə dair xx.xx.2013-cü il tarixli 7/20-18806 reystr nömrəli digər etibarnamə ilə əsaslandırmışdır. Məhz həmin etibarnamə üzrə verilən səlahiyyətdən istifadə edərək o, iddiaçının adından Cavabdeh2 adına eyni məzmunlu etibarnamə vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, eyni gündə verilmiş birinci etibarnamə ilə nəqliyyat vasitəsini idarə etmək hüququnun başqa şəxslərə ötürülməsi qadağan edildiyindən mübahisəli avtomobil həmin gün verilmiş digər etibarnamənin təsiri altına düşə bilməzdi. Həm də həmin etibarnamədə mübahisəli avtomobillə bağlı konkret heç bir qeyd aparılmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli minik avtomobilinin idarə edilməsi ilə bağlı sonuncu dəfə yalnız Cavabdeh1 adına etibarnamə verildiyindən və həmin etibarnamə xx.xx.2013-cü il tarixdə iddiaçının ərizəsinə əsasən ləğv olunduğundan etibarnamə əsasında verilmiş avtomobil cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar