Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6228/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: subroqasiya qaydasında pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(006)-1327/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 12 ay müddətinə PDS********** saylı sığorta müqaviləsi bağlanmışdır.
2. Müqavilənin şərtlərinə görə “Nisan Juke” markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır.
3. Cavabdeh xx.xx.2020-ci il tarixdə “Nisan Juke” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən D.Əliyeva küçəsi ərazisində hərəkətdə olan zaman “Ravon Nexia R3" markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurmuşdur.
4. "xxxx" ASC-nin təqdim etdiyi xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən “Ravon Nexia R3" markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın ümumi məbləği 410 manat müəyyən edilmişdir.
5. 28.01.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi barədə 8431 saylı sığorta aktı tərtib olunmuşdur.
6. Dəymiş zərərin aradan qaldırılması üçün Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 410 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir.
7. Cavabdeh Azərbaycan Respublikası İXM-in 327.6-cı maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 410 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,40 manat dövlət rüsumunun Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə saat 11:42 radələrində Bakı şəhəri Dilarə Əliyeva küçəsi ərazisində Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış, Cavabdeh ona məxsus “Nisan Juke” markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Ravon Nexia R3" markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sonuncu avtomobilə maddi zərər vurmuş və daha sonra hadisə yerindən yayınmışdır. Bakı şəhər DYPŞ-nin xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh qanunvericiliyin tələblərini pozaraq, AR İnzibati Xətalar Məcəlləsinin 327.6-cı (hadisə yerindən yayınma) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Qiymətləndirmə aktında göstərilmişdir ki, "Ravon Nexia R3” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə 410 manat məbləğində maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 8431 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən faydalanan şəxs "xxxx" MMC-nin hesabına 410 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 410 manat məbləğində sığorta ödənişi Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərərçəkənə ödənildiyindən, Dövlət Sığorta Kommersiya Şirkətinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin tələbinə görə, Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır.
10. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)- 1327/2022 saylı qətnaməsi ilə (hakim C.Tağıyev) iddia təmin edilmişdir.
11. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir və iddiaçının subroqasiya qaydasında tələb hüququ yaranmışdır, mülki hüquq pozuntusu məhz Cavabdeh tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu ilə vurduğu zərəri ödəməyə borcludur.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097, 936.2, 1114, 1108.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin əsassız olduğundan tamamilə ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə avtomobilə maddi zərərin vurulması ilə bağlı məhkəmə-texniki ekspertizası keçirilməsi barədə vəsatəti əsasında AR MPM-in 98-ci maddəsində nəzərdə tutulmuş qaydada ekspertiza təyin etmədən qətnamə qəbul etməkdə haqlı olmamışdır. Habelə, məhkəmə onun məhkəməyə rəsmi qaydada təqdim etdiyi, yəni AR DYP-nin Bakı şəhəri üzrə idarəsinə sorğu verilməsi ilə bağlı vəsatətinə də əhəmiyyət vermədən prosessual hüquq normalarını pozmuşdur. Məhkəmənin iş üçün mühüm əhəmiyyəti olan, yəni zərərçəkmişə faktiki cəhətdən dəymiş maddi zərərin olub-olmaması ilə əlaqədar halları aydınlaşdırmadan, yəni avtomobilə dəymiş zərərin məhkəmə texniki ekspertizası keçirilmədən qətnamə qəbul etməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması deməkdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya baxışının hədləri
16.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 17.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 18.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 19.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
20. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
21. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur;
22. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir;
23. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvaiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər;
24. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır;
25. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir;
26. 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
«İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanunun:
27. 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda, sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
AR Mülki Prosessual Məcəlləsinin:
28. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
31. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
32. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh məxsus “Nisan Juke” markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmışdır. Cavabdeh həmin aytomobili idarə edərkən “Ravon Nexia R3" markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sonuncu avtomobilə maddi zərər vurmuş və daha sonra hadisə yerindən yayınmışdır. Bakı şəhəri BPİ DYPİ-nin xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.6-cı (hadisə yerindən yayınma) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Qiymətləndirmə aktında göstərilmişdir ki, "Ravon Nexia R3” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə 410 manat məbləğində maddi zərər vurulmuşdur. Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərərçəkənə 410 manat məbləğində sığorta ödənişi edilmişdir.
33. Eyni zamanda iş üzrə məhkəmə-əmttəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022ci il tarixli 9/1522 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2017-ci il buraxılışlı “Ravon Nexia R3" markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 410 manat müəyyən edilmişdir.
34. Beləliklə, Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və iddiaçının subroqasiya qaydasında tələb hüququ yaranmışdır.
35. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia təmin edilməlidir.
36. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, hadisə nəticəsində zədələnmiş “Ravon Nexia R3" markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği avtomobilə ixtisaslı mütəxəssis tərəfindən baxış keçirilməklə müəyyən edilmiş, cavabdeh həmin məbləğlə razı olmadığını bildirdiyi üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və hər iki halda avtomobilə dəymiş zərərin ümumi məbləği 410 manat müəyyən edilmişdir.
37. İş materiallarında qeyd edilən ekspert rəyini şübhə altına alan hər hansı hal aşkar edilmir.
38. Beləliklə, kollegiya apellyasiya şikayətinin dəlillərini araşdıraraq onları əsaslı hesab etmir və qeyd edir ki, onlar formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.
39. Kollegiya həmçinin qeyd edir ki, hazırkı iddianın mübahisələndirilən hissədə qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-1327/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.