Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6229/2023 01.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna və LPO "xxxx" ASC-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “bank əmanətinin qaytarılması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Fərhad oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna və LPO "xxxx" ASC-yə qarşı “bank əmanətinin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2080/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh2 ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 134089/1804 saylı “Bank əmanəti müqaviləsi”nə əsasən Bank əmanətçidən daxil olmuş 10.000 ABŞ dolları məbləğində əmanəti qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, Bank həmin pulu əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada əmanətçiyə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir. Müqavilənin 4.1-ci maddəsinə əsasən müqavilənin müddəti 13 aydır. Bank əmanətçiyə illik 11,55 % ödəməyi öhdəsinə götürmüşdür.
2. Cavabdeh2 ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 80615/1905 saylı “Bank əmanəti müqaviləsi”nə əsasən Bank əmanətçidən daxil olmuş 15.000 ABŞ dolları məbləğində əmanəti qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, Bank həmin pulu əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada əmanətçiyə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir. Müqavilənin 4.1-ci maddəsinə əsasən müqavilənin müddəti 60 aydır. Bank əmanətçiyə illik 13,3 % ödəməyi öhdəsinə götürmüşdür.
3. LPO Cavabdeh2 ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli, 2-3 (103)-129/2020 saylı qərarı ilə Cavabdeh2 ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu Cavabdeh2 ASC-nin ləğvedicisi təyin edilmişdir. Bildirilmişdir ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanununun 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanununun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyrimümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər.
4. Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli, 2-3(103)-129/2020 saylı qərarı ilə Cavabdeh2 ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu Cavabdeh2 ASC-nin ləğvedicisi təyin edilmişdir. Bildirilmişdir ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanununun 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanununun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər.
5. X3 Bakanlığının D serialı, 826365 nömrəli X9 əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi Türkiyə Respublikasında müvəqqəti yaşayış icazəsi verilmişdir. X3 Bakanlığının YAA serialı, 326480 nömrəli X9 əsasən, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi Türkiyə Respublikasında müvəqqəti yaşayış icazəsi verilmişdir.
6. İddiaçı LPO Cavabdeh2 ASC -də olan hesabından çıxarışından görünür ki, dövrün sonuna qalıq 1.974,42 ABŞ dollar təşkil edir.
7. İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı LPO Cavabdeh2 ASC-dəki hesabında qalmış 1.973,42 ABŞ dolları məbləğində vəsaitin bütöv şəkildə ona qaytarılması üçün göstəriş verilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
8. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasındakı məlumatlara əsasən xx.xx.2020-ci il tarixində çıxışı, xx.xx.2020-ci il tarixdə giriş, xx.xx.2020-ci il tarixdə çıxış və xx.xx.2021-ci il trixdə girişi qeydiyyata alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna və ləğv prosesində olan Cavabdeh2 ASC-yə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, kompensasiyanıın alınması üçün ötürülmüş müddətin üzürlü hesab edilərək, 1973.42 ABŞ dollar pulun (icra olunduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və dövlət rüsumuna görə ödənilən 54 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli, 2-3 (103)-129/2020 saylı qərarı ilə Cavabdeh2 ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu Cavabdeh2 ASC-nin ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikası “Banklar haqqında” Qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. O, uzun müddətdir ki, ailə üzvləri ilə birlikdə Türkiyə Respublikasında daimi yaşayır. Müvəqqəti yaşayış icazəsi sənədindən də görünür ki, o, 2020-ci ilin fevral ayının 27-sindən etibarən Türkiyədə müvəqqəti yaşayış icazəsi almışdır. Məlumdur ki, məhkəmə qərarı yerli kütləvi informasiya vasitələrində yayınlandığı üçün onun məlumatı olmamışdır. Həmçinin həmin dövrdə dünyada baş verən yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair tədbirlər həyata keçirildiyi üçün onun Azərbaycana gəlməyi mümkün olmamışdır. Onun ləğv prosesində olan “AtaBank ASC”-dəki hesabında 1973.42 ABŞ dolları pul vəsaiti qalmışdır. Türkiyə Respublikasında yaşadığı üçün həmin vəsaiti bugünədək ala bilməmişdir. Azərbaycana gəldikdən sonra iddiaçı tərəfidən ləğv prosesində olan “AtaBank ASC”-yə və Əmanətlərin Sığortalanması Fonduna müraciətlər edilmiş, dəfələrlə müraciət etdikdən sonra bildirilmişdir ki, 1 illik müddət ötürüldüyü üçün kompensasiyanın ödənilməsi mümkün deyildir. Türkiyə Respublikasında yaşadığına dair sənədlər təqdim edilməsinə baxmayaraq müraciəti əsassız olaraq rədd edilmişdir.
11. Cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu iddiaya yazıl etiraz verərək göstərmişdir ki, “Əmanətlərin Sığortalanması Haqqında” Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsinə əsasən kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. Ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni Fonda təqdim etməlidir. Həmin Qanunun 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. İş materiallarına əlavə edilmiş iddiaçının ərizəsindən görünür ki, X1 ödənişinin həyata keçirilməsi üçün xx.xx.2022-ci il tarixli ilk müraciəti xx.xx.2022-ci il tarixində ƏSF-yə təqdim edilmişdir. Qanunun qeyd edilən müddəasının açıq şəkildə pozuntusu müraciəti sübut edən və iddia tələbinə əlavə edilmir ərizədən görünür. Sözügedən Qanunun 28.1-ci maddəsinə əsasən fonda sığorta hadisəsinin baş verməsi barədə maliyyə bazarlarına nəzarət orqandan bildiriş aldıqdan sonra 7 təqvim günü ərzində kütləvi informasiya vasitələrində kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş dərc etdirir. Fond həmin elanı və bildirişi bir həftə ara verməklə daha iki dəfə təkrar edir. Həmin Qanunun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Qanunla nəzərdə tutulmuş 1 il ərzində iddiaçının Fonda müraciətini qeyri-mümkün etmiş hal araşdırılmalıdır. Belə ki, materiala əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı ƏSF-yə müraciət üçün müəyyən edilmiş müddəti ötürmüş lakin bu ötürülməni üzrlü səbəblə ötürdüyünü təsdiq edən sənəd əlavə etməmişdir. İş üzrə iddiaçı iddia ərizəsində və ƏSF-yə ünvanlandığı müraciətində bildirmişdir ki, guya sığorta hadisəsi baş verdikdən sonra Azərbaycan Respublikasının ərazisinə daxil olmamışdır, lakin şəxsin ümumvətəndaşlıq pasportunun araşdırılması zamanı məlum olmuşdur ki, şəxs Bankda sığorta hadisəsi baş verdikdən sonra dəfələrlə Respublika ərazisinə daxil olmuşdur. Qeyd edilənlərə əsasən İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “kompensasiya ödənilməsi" tələbinə dair mülki iş üzrə iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2080/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddia tələbinin cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna münasibətdə təmin edilməsi, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna müraciət üçün kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq qanunla müəyyən edilmiş bir illik müddət üzrlü səbəblərdən ötürülmüş hesab edilərək bərpa edilməsi, sığorta hadisəsinin baş verməsi ilə əlaqədar 1.973,42 (bir min doqquz yüz yetmiş üç ABŞ dolları, qırx iki ABŞ senti) ABŞ dolları məbləğində kompensasiyanın və 54 manat dövlət rüsumunun İddiaçı ödənilməsinin Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi İddia ləğv prosesində olan Cavabdeh2 ASC-yə münasibətdə rədd edilməsi qət edilmişdir. (hakim X6)
13. Məhkəmə öz hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi Türkiyə Respublikasında müvəqqəti yaşayış icazəsi almışdır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli məktubundan da görünür ki, o, (xx.xx.2020-ci il tarixdən (bildirişin iddiaçıya göndərildiyi tarix) xx.xx.2021-ci il tarixədək) qısa bir müddət (10 gün) ərzində Azərbaycan Respublikasında olmuş və həmin dövrdə pandemiya şəraiti ilə əlaqədar qapanmalar tətbiq olunurdu və bu səbəbdən də, iddiaçının kompensasiya almaq üçün müraciət etmə müddətinin ötürülməsi üzrlü hesab edilməlidir. “Əmanətlərin sıortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, sığorta hadisəsi baş vermiş bankın qorunan əmanətçilərə kompensasiya ödənilməsi birbaşa Əmanətlərin Sığortalanması Fondunun əsas funksiya və vəzifələrinə aid edilmişdir. Əmanətçinin banka qarşı irəli sürdüyü tələbə bank əmanəti müqaviləsinin şərtlərinə uyğun baxılır. Göründüyü kimi, hazırki iddia tələbi əsl olmayan cavabdehə (ləğv prosesində olan Cavabdeh2 ASC -yə) qarşı irəli sürüldüyündən (həmçinin cavabdehin hüquq qabiliyyətindən irəli gəlməyən tələb olduğundan) həmin cavabdehə münasibətdə təmin edilə bilməz.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci, 947.2-ci maddələrinə, «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1.2-ci, 2.1.2.6-cı, 2.1.3-cü, 2.1.11-ci, 8.1.20-ci, 28-ci maddələri, «Əmanətlərin tam sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 4.1-ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci, 425.1-ci, 442ci Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.3cü, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, materiala əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı fonda müraciət üçün müəyyən edilmiş müddəti ötürmüş lakin bu ötürülməni hər-hansı səbəblə ötürdüyünü təsdiq edən sənəd əlavə etməmişdir. Məhkəmədə çəkişməsi dövründə bu məsələ araşdırılarkən müəyyən olunmuşdur ki, iş üzrə iddiaçı qanunla müəyyən edilmiş həmin müddətdə ölkə hüdudlarına daxil olmuşdur. Mülki iş üzrə məhkəmə qətnaməsində hakim hüquq normalarını düzgün tətbiq etməmişdir. Məlumdur ki, Əmanətlərin Sığortalanması Fondu ilə kompensasiya alan arasındakı hüquq normalarını xüsusi normalar tənzimləyir (Əmanətlərin Sığortalanması Haqqında Azərbaycan Respublikasının Qanunu,Banklar Haqqında Azərbaycan Respublikasının Qanunu). İddiaçı tələbi kreditor tələbi kimi qeydə alınmış və iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən qanunvericilikdə müəyyən olunmuş formada qəbul edilmişdir. Beləliklə, iddiaçının pul tələbi kreditor tələbi olduğundan, həmin iddia tələbinə Bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə (BakıApellyasiya Məhkəməsinin İnzibati Kollegiyası) tərəfindən baxılaraq hüquqi qiymət verilməlidir. Belə ki, müflis elan olunmuş banka qarşı tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür. Bu səbəbdən məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmadığından məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı
18. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Kollegiya işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
d) Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür; 947.2-ci maddəsinə əsasən istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir; 949-cu maddəsinə əsasən bank əmanətinin məbləğinə faizlər bu məbləğin banka daxil olduğu günün ertəsi günündən məbləğin əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla əmanətçinin hesabından silinməsindən əvvəlki günədək hesablanır. Bu qayda bir günlük depozitlərə tətbiq edilmir. Əgər bank əmanəti müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bank əmanəti məbləğinə hesablanan faizlər əmanətçiyə hər rüb başa çatdıqdan sonra onun tələbi ilə əmanətin məbləğindən ayrılıqda ödənilir, həmin müddətdə tələb olunmamış faizlər isə üstünə faizlər hesablanan əmanətin məbləğini artırır. Əmanət qaytarıldıqda həmin anadək hesablanmış bütün faizlər ödənilir; 950-ci maddəsinə əsasən banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. Bank əmanəti müqaviləsi bağlanarkən bank əmanətin qaytarılmasının necə təmin ediləcəyi barədə əmanətçiyə məlumat verməlidir. Bank əmanətin qaytarılmasının təmin edilməsi üçün bank əmanəti müqaviləsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə, habelə əmanətin qaytarılması üçün təminat itirildikdə və ya onun şərtləri pisləşdikdə, əmanətçi bankdan əmanət məbləğini dərhal qaytarmağı, bu Məcəllənin 948.1- ci maddəsinə uyğun müəyyənləşdirilmiş miqdarda faizlər ödəməyi və vurulmuş zərərin əvəzini verməyi tələb edə bilər.
21. “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir; 2.1.2.6-cı maddəsinə əsasən cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir; 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir; 8.1.20-ci maddəsinə əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir; 27.1-ci maddəsinə əsasən milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir; 27.10-cu maddəsinə əsasən kompensasiya ödənilməsi haqqında elanın ilk dəfə dərc olunduğu günə müddəti qurtarmamış əmanətlərin müddəti başa çatmış hesab olunur; 28.3-cü maddəsinə əsasən fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir; 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
e) Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Cavabdeh X2 tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi və vəkilinin izahatının dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
27. Məhkəmə kollegiyası ilk öncə onu vurğulayır ki, bank və əmanətçilər arasında münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 51-ci fəslinin normaları və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Mülki Məcəllənin 944.1-ci maddəsinə görə, bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmçinin “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.1-ci maddəsinin məzmununa görə, bankla əmanətçi arasında münasibətlər tərəflər arasında bağlanmış bank əmanəti müqaviləsinin şərtləri ilə tənzimlənir. Göründüyü kimi, hər iki norma əmanətçi ilə bank arasında münasibətlərin tənzimlənməsini bank əmanəti müqaviləsinin şərtləri ilə əlaqələndirmişdir.
28. “Əmanətlərin sığortalanması haqqında” Qanun yalnız iştirakçı bankda sığorta hadisəsinin baş verməsi ilə əlaqədar əmanətçilərə kompensasiyanın ödənilməsi məsələlərini tənzimləyir. Banka qoyulmuş əmanətə görə kompensasiya yalnız sığorta hadisəsi, yəni bankın müflis elan olunması, məcburi ləğv edilməsi və s. baş verdikdə və öz öhdəliklərini yerinə yetirə bilməməsi faktı təsdiq edildikdə ödənilir. Belə halda qoyulmuş əmanətin əvəzinə kompensasiya bank tərəfindən deyil, Fond tərəfindən verilir. Əgər belə sığorta hadisəsi baş verməmişdirsə, qoyulan əmanət bankla bağlanan bank əmanəti müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdə bank tərəfindən hansı valyutada qoyulmuşdursa, həmin valyutada da mülkiyyət kimi geri qaytarılmalıdır. Lakin hazırki iş üzrə sığorta hadisəsi baş verdiyindən iddiaçılar məhz sığortalanmış əmanətə görə kompensasiya almaq üçün məhkəməyə müraciət etmişlər. Ona görə də, iddiaçılar kompensasiya tələb etmək və almaq hüququndan məhrum edilə bilməz. Çünki, iddiaçıların tələbinin təminatsız kreditorların tələblərinin siyahısına salınması, qeyd edilən məbləğin sığortalanmış məbləğ olsa da, sığortalanmamış məbləğlərin sırasına düşməsinin hüquqi əsası mövcud deyildir.
29. Əmanətçilərin mülkiyyət hüquqlarının təmin edilməsi məqsədilə sığorta hadisəsi baş verdikdə əmanətlər üzrə kompensasiyanın ödənilməsini nəzərdə tutan “Əmanətlərin sığortalanması haqqında” 29 dekabr 2006-cı il tarixli və “Əmanətlərin tam sığortalanması haqqında” 19 yanvar 2016-cı il tarixli Qanunlar qəbul edilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2007-ci il tarixli Fərmanına əsasən Əmanətlərin Sığortalanması Fondu yaradılmışdır.
30. Fondun funksiyası sığorta hadisəsi baş verdikdə, əmanətçilərin tələblərinin uçotunun aparılması və kompensasiya ödənilməsidir.
31. Hazırkı işin faktiki hallarından göründüyü kimi iddiaçı ləğv prosesində olan bankın əmanətçisi olmuş və bankın əmanətçi olaraq onun qarşısında yerinə yetirilməmiş öhdəlikləri var. Belə ki, iddiaçı bankda olan hesabına xx.xx.2013-cü il tarixli, 134089/1804 saylı “Bank əmanəti müqaviləsi”nə əsasən 10.000 ABŞ dolları, xx.xx.2014-cü il tarixli, 80615/1905 saylı “Bank əmanəti müqaviləsi”nə əsasən 15.000 ABŞ dolları məbləğində əmanət qoymuşdur. İddiaçı LPO Cavabdeh2 ASC-də olan hesabından çıxarışdan görünür ki, onun bankda ümumilikdə 1.973,42 ABŞ dolları məbləğində əmanəti qalmışdır. Beləliklə, iddiaçının Cavabdeh2 ASC-də qalan əmanəti ümumilikdə 1.973,42 ABŞ dolları təşkil edir
32. Apellyasiya şikayətinin iddiaçıların hazırki tələblə qanunvericiliklə müəyyən edilmiş müddətlərdə müraciət etməməsi barədə dəlilləri ilə bağlı qeyd edilməlidir ki, Cavabdeh2 ASC ləğv edildikdən sonra Əmanətlərin Sığortalanması Fondu tərəfindən tələblərin qeydə alınması haqqında bildiriş ilk dəfə xx.xx.2020-ci il tarixdə dərc edilmişdir. Lakin nəzərə alınmalıdır ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi Türkiyə Respublikasında müvəqqəti yaşayış icazəsi almışdır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli məktubundan da görünür ki, o, (xx.xx.2020-ci il tarixdən (bildirişin iddiaçıya göndərildiyi tarix) xx.xx.2021-ci il tarixədək) qısa bir müddət (10 gün) ərzində Azərbaycan Respublikasında olmuş və həmin dövrdə pandemiya şəraiti ilə əlaqədar qapanmalar tətbiq olunduğundan ərizə ilə müraciət edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya münasibətdə kompensasiya almaq üçün müraciət etmə müddətinin ötürülməsi üzrlü hesab etməklə 1.973,42 ABŞ dolları məbləğində pulun ödənilməsi nəticəsində gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.
33. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. Apellyasiya şikayətinin verilməsi üçün dənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
34. Hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.
35. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2080/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi Əmanətlərin Sığortalanması Fonduna münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün dənilmiş dövlət rüsumu cavabdeh Əmanətlərin Sığortalanması Fonduna aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.