Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6231/2024 05.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: işə bərpa və məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Cavabdeh MMC-nin nümayəndələri Nümayəndə1, Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4206/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh MMC arasında sonuncu dəfə xx.xx.2024-cü il tarixində əmək müqaviləsi bağlanılaraq Təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmişdir. Həmin müqavilə 1 (bir) ay müddətinə bağlanmışdır.
2. İşəgötürən Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli əmrinə əsasən müəyyən olunur ki, İşçi İddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh MMC-nin işdən çıxarılmasına dair 14 iyun 2024-cü il tarixli 3-17-7/3-4-827/2024, əmri qanunsuz və əsassız olduğundan ləğv edilməklə əvvəlki vəzifəsinə bərpa edilməyinə, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2018-ci il tarixdə Biləsuvar rayon Kommunal müəssisələr Kombinatında fəhlə vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh MMC yaradıldıqdan sonra onunla bağlanmış müqavilə əsasında eyni idarədə eyni vəzifədə işləmişdir. Belə ki, iş yeri və vəzifəsi eyni olmuş, lakin əmək müqaviləsi bağladığı subyekt dəyişmişdir. Əmək müqaviləsinin 5 il tamam olmasına az qalmış işəgötürənlə yenidən əmək müqaviləsi bağlanmışdır (fasilə yaranmaqla). Lakin, Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli əmrinə əsasən qanunsuz olaraq müqavilənin müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə qanunsuz xitam verilmişdir. Mediasiyaya müraciət edərək, mediasiyadan keçdi. Cavabdeh təşkilat mediasiyaya gəlmədi. Hesab edir ki, 14 iyun 2024cü il tarixli 3-17-7/3-4-827/2024, əmri qanunsuz və əsassızdır.Cavabdeh təşkilat onun əmrində Əmək Məcəlləsinin 68.2.b) bəndinə istinad etməklə xitam vermişdir.
5. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-4206/2024 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh MMC tərəfindən icra olunan "İşsizin DOSTu” proqramına əsasən işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında sonuncu dəfə xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsi ölkə miqyasında icra olunan, əhalinin sosial rifahının yüksəldilməsi və dayanıqlı məşğulluğunun təmin edilməsini nəzərdə tutan müddətli layihənin həyata keçirilməsindən irəli gəlmiş, vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək və bir çox vətəndaşın həmin layihədən yaralanması layihənin əsas prioritetlərindən hesab edilmişdir. Əmək müqaviləsinə əsasən iddiaçı haqqı ödənilən ictimai işlərə cəlb edilmiş, Biləsuvar rayon Kommunal müəssisələr Kombinatında Təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmişdir. Sözügedən əmək müqaviləsi müddətli əmək müqaviləsi olmuşdur. Qanunvericiliyin tələbinə əsasən bu hal, yəni şəxsin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi əmək müqaviləsinin müddətli bağlanılmasına yol verilən hallar siyahısına daxil edilmişdir. Əmək müqaviləsi 1 ay müddətə nəzərdə tutulmuş, 1 aylıq müddət başa çatdıqdan sonra tərəflər əmək müqaviləsinə xitam verilməsini tələb etmədikləri halda müqavilənin eyni şərtlərlə il sonunadək uzadılması şərti qeyd edilmişdir. Beləliklə, həmin müqavilə əsasında tərəflər müqavilə münasibətlərini işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qəbul edildiyi 2024-cü ilin iyun ayınadək davam etdirmişlər. Lahiyənin mahiyyətindən irəli gələn xüsusatlar nəzərə alınmaqla və müqavilənin müddətinin bitməsinə əsaslanmaqla işçinin əmək müqaviləsinə işəgötürənin əmri ilə xitam verilmişdir. Əmək müqaviləsinin müddəti bitdiyi halda, həmçinin dövlət müəssisələrində işləyən işçi 65 yaşına çatdıqda əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əsas hüquqlarından biridir. Məhkəmə nəzərə alır ki, hazırki mübahisə üzrə işəgötürən MMC olsa da, həmin MMC-nin fəaliyyət sosial yönümlü olmaqla dövlət layihəsidir (MMC-nin idarəretməsi dövlətə məxsusdur) və işçilərin təminatı vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi məqsədilə məhz dövlət tərəfindən həyata keçirilir. Məhkəmə hazırki hüquq münasibətlərinə formal olaraq deyil, mahiyyəti üzrə baxmaqla qiymətləndirməyi zəruri hesab edir. Məhkəmə nəzərə alır ki, dövlətin müvafiq sosial layihəsi üzrə işçi uzun müddət işləmiş və məşğulluğunu, maddi təminatını qarşılamışdır. Lakin, müvafiq sosial layihədən təkcə eyni vətəndaşlar deyil, müxtəlif digər vətəndaşlar da faydalanmalı, dövlət məhdudiyyətsiz formada qeyri-müəyyən müddətə əmək münasibətlərini davam etdirməkdə yüklənməməlidir. Nəzərə alınır ki, sözügedən sosial layihələr müvafiq dövrə tətbiq edilməklə məhdud (müvəqqəti) xarakterlidir və vətəndaşları işləməyə, əməyə təşviq edir, maddi təminatlarına dəstək verir. Dövləti daimi əsaslarla əmək müqaviləsi bağlamaqla mükəlləf etmək həmin layihənin sosial mahiyyətinə və işçilərin pozulmuş əmək hüquqlarının müdafiəsinin fəlsəfəsinə uyğun gəlmir. Nəzərə alınır ki, müddətli, xüsusən 1, 2, 3 aylıq qısa müddətli əmək müqavilələrinə məhkəmələrin yanaşması təcrübi olaraq fərqlidir və bu münasibətlərdən işçilərin müdafiəsinin maksimal təminatı qorunur. Yəni, məlumdur ki, heç kim 1-2-3 aylıq müqavilə bağlamaqda maraqlı deyil, hər kəs istəyər ki, (istisnalar xaric) əmək müqavilələri təminatlı, daimi və uzun müddətli olsun. Bununla da, işəgötürənlərin işçilər üzərindəki hüquqlarından sui-istifadə etmək imkanları qanunla və məhkəmə vasitəsilə məhdudlaşdırılır. Lakin, hazırki mübahisədə yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, bir tərəfdə (işəgötürən) dövlət və dövlətin sosial layihəsi dayanır. Dövlətin sosial siyasətinə uyğun olaraq büdcəsinin sosial yönümlə xərcləri müvafiq məbləğlərlə məhdudlaşır, xərclərin həddləri büdcə imkanları həddində dəyərləndirilir. Nəzərə alınır ki, hazırda həmin layihənin getdikcə məhdudlaşdırılması, analoji digər layihələrin tətbiq edilməsi, özünü məşğulluğun təmin edilməsi müvafiq dövlət orqanları tərəfindən planlaşdırılır. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1335/2024 nömrəli mülki iş üzrə qəbul etdiyi 3 ulduz qərarda göstərilən hüquqi mövqeyi nəzərə alır. Məhkəmə nəzərə alır ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür, yəni, xx.xx.2024-cü il tarixdə 65 yaşı tamam olmuşdur. Onunla əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin bitməsi əsası əsası ilə xitam verilsə də (rəsmiləşdirilsə də), işçinin bir neçə ay öncə 65 yaşına çatması xüsusatı nəzərə alınır. Yəni, işçi 65 yaşına çatdıqda işəgötürənin işçi ilə əmək müqaviləsinə xitam vermək hüququ yaranır. Odur ki, hazırki mübahisə üzrə işçinin əmək müqaviləsinə xitam verilməsi qanuni hesab edilir. Lakin, hüquq mədəniyyətinin formalaşması və inkişaf etməsi məqsədilə işəgötürənlər (xüsusən dövlət müəssisələri) əmək qanunvericiliyinin tələblərini hərtərəfli öyrənməli və müvafiq qərarları əmək qanunvericiliyinin tələblərinə uyğunlaşdırmalıdırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır, və iddia təmin edilməməlidir.
7. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 8.3, 10-1.1, 10-1.2, 42, 45, 46, 68.1, 68.2-“b” bəndi, 70, 70 “e” bəndi, 73.1, 73.2, 80-ci maddələrinə və Mülki Prosessul Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a)Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli 2(004)-4206/2024 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiası məhkəmə tərəfindən ədalətli araşdırılmayaraq, məhkəmə yalnız cavabdehin əsassız, qanunazidd arqumentlərini əsas tutaraq ədalətsiz və qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, Biləsuvar şəhərində 05 yanvar 2018-ci ildə Biləsuvar rayon Kommunal Müəssisələr Kombinatında fəhlə işinə qəbul edilmiş. 2019-cu ilin fevral ayında bildirildi ki, “bundan sonra DOST İŞ MMC ilə müqavilə bağlanılmaqla Kommunal Müəssisələr Kombinatında işləyəcəksiniz”. Fəhlə kimi və iş yerini itirməsin deyə bununla razılaşdı və 2019-cu ilin fevral ayınının 12-də həmin təşkilat onunla müqavilə bağlamaqla o hazırkı iş yerində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi kimi işlədi. 5 il işlədikdən sonra cavabdeh təşkilat onlara bildirdi ki, yenidən müqavilə bağlamalıdırlar. İş yerini itirməsin deyə razılaşdı. 12 yanvar 2024-cü il tarixdə cavabdeh təşkilat yenidən onunla müqavilə bağladı. Lakin 14 iyun 2024-cü il tarixdə idarədən ona bildirildi ki, DOST iş MMC onunla müqaviləyə guya müqavilə müddəti bitdiyi üçün xitam vermişdir. 1-ci, o iddiada göstərmiş ki, cavabdeh təşkilat barəsində Əmək Məcəlləsinin 68.2.b-ci və 45-ci maddəsinin 5-ci bəndinin tələblərini pozmuşdur. Məhkəmə isə iddia tələbindən kənara çıxaraq, qətnamədə ciddi cəhdlə cavabdeh təşkilata tövsiyə etmişdir ki, nəyə görə onu 65 yaşı tamam olduğuna görə yox, müddətin bitməsi ilə əlaqədar işdən çıxarmışdır. Məgər məhkəmə tərəfsiz olmalı deyilmi ? 2-si, məhkəmə qətnamənin 2-ci vərəqəsində uzun uzadı Əmək Məcəlləsinin 8, 10, 42,45, 46, 68, 70-ci maddələrinə istinad edərək iddianın əsassız olmasını sübut etməyə cəhd etmişdir. O bir daha bildirir ki, barəsində cavabdeh təşkilat tərəfindən Əmək Məcəlləsinin 68.2b-ci və 45ci maddəsinin 5-ci bəndinin tələblərini pozmuşdur Məhkəmin qətnaməsini oxuyarkən isə bir kəlmə də olsun onun iddiasından söz getmir. Əksinə məhkəmə qətnamənin 3-cü vərəqəsinin 5 və 6-cı abzası ona məsləhət verir ki, "sən 5 ildən yuxarı işləmisən, daha bəsdir, qoy işləməyənlər də işləsin"? Məhkəmə həmin abzaslarla təsdiq edir ki, həqiqətən də Əmək Məcəlləsinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 3-cü, məhkəmə qətnamənin sonuncu səhifəsinin 7-ci abzasında bir daha təsdiq edir ki, onun iddiası əsaslıdır. Lakin cavabdeh təşkilata tövsiyyə edir ki, onun işdən çıxarılmasıyla bağlı düzgün maddəyə istinad etməsələr də bundan sonra vətəndaşları işdən çıxararkən əsaslı bir maddəyə istinad etsinlər? Məgər ədalət mühakiməsi, məhkəmə araşdırması budurmu? Məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan, onun müddətsiz müqavilə ilə işləməli olduğu halda, müddətli müqavilə ilə işlədilməyi ilə bağlı iş üçün əhəmiyyətli olan halları araşdırmamışdır. Məhkəmə yalnız cavabdeh təşkilatın saxta və əsassız arqumentlərini əsas tutaraq ədalətsiz qətnamə qəbul etmişdir.
a) Proses iştirakçılarının izahatı
10. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, Cavabdeh MMC yoxsul təbəqənin yanında olmalıdır. 73 nəfər var ki, 65 yaşını keçiblər. İşdən çıxarılma növbəli həyata keçirilməyib. Əlavə müqavilədə onun imzası yoxdur.5 ili tamam olanda onunla müqavilə bağlamadılar. Onun müdirinin 70 yaşı olub və hələ də işləyir. Əmr veriləndə 65 yaşına çatmışdı. Cəmi 4 ay işlədi. 2019-cu ildən onunla müddətli müqavilə bağlanılıb.Bildiyi qədər 5 illik olub.
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, izahatında bildirmişdir ki, əmək müqaviləsinin bildirişlərini məhkəməyə təqdim etmişlər. İddiaçı ilə bağlanan əlavə müqaviləni rayon məhkəməsinə təqdim etmişdilər. Birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə qalmasının xahiş etmişlər.
12. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, izahatında bildirmişdir ki, müqavilənin müddəti bitdiyi və 65 yaşına çatdığı üçün iddiaçı işdən azad edilmişdir.Mərhələli şəkildə 65 yaşınə keçənlər işdən çıxarılır.Şəhid ailələri və qazilər nəzərə alınıb, sona saxlanılıb.
Tətbiq edilən hüquq normaları:
13. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
Maddə 8.3. İllərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir. Maddə 10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65dir. Maddə 10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Maddə 10-1.3. Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər. Maddə 10-1.6. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir. Maddə 42. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Maddə 45. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 46. Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Maddə 68. 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər Maddə 68. 2-ci hissə. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Maddə 73. 1-ci hissə. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Maddə 73. 2-ci hissə. İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya baxışının hədləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.
İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
19. Belə ki, İddiaçı ilə Cavabdeh MMC arasında sonuncu dəfə xx.xx.2024-cü il tarixində əmək müqaviləsi bağlanılaraq, İddiaçı təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmişdir. Həmin müqavilə 1 (bir) ay müddətinə bağlanmışdır.
20. xx.xx.2024-ci il tarixli, xxxxxxx000600 saylı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdən görünür ki, İddiaçı ilə əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir.
21. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin işdən çıxarılmasına dair 14 iyun 2024-cü il tarixli 3-17-7/3-4-827/2024 saylı əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsini və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsini xahiş edir.
22. Kollegiya hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi vahid məhkəmə təcrübəsini nəzərə alaraq iddia tələbini təmin etməməklə düzgün qənaətə gəlmişdir.
23. Belə ki, işin hallarından görünür ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür və xx.xx.2024-cü il tarixdə 65 yaşı tamam olmuşdur.
24. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati təlabatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi əmək qanunvericiliyinin vəzifələri və prinsipləri sırasında təsbit edilib.
25. Əmək münasibətləri dedikdə - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə Əmək Məcəlləsinin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi).
26. Nəzərə alınmalıdır ki, əmək hüququ - işçi ilə işəgötürən arasında heç bir ayrıseçkilik olmadan sərbəst qaydada əmək münasibətlərini yaratmaq imkanını ehtiva edir.
27. Məlum olduğu kimi Əmək Məcəlləsinin 10-1-ci maddəsi “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 17 may 2011-ci il tarixli Qanuni ilə Əmək Məcəlləsinə əlavə edilmişdir və həmin norma dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddinə həsr olunub.
28. Sözügedən normada, habelə Əmək Məcəlləsinin 10-1.2-ci maddəsində göstərilir ki, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.
29. Həmçinin normanın qeyd hissəsində göstərilir ki, burada “müvafiq dövlət orqanının rəhbəri”-nin səlahiyyətlərini müvafiq sahə üzrə mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və nizamnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən müəssisənin fəaliyyətinə rəhbərlik edən müvafiq vəzifəli şəxs həyata keçirir. Burada “müvafiq dövlət orqanı” dedikdə- müvafiq sahə üzrə mərkəzi icra hakimiyyəti orqanı nəzərdə tutulur.
30. Göründüyü kimi Əmək Məcəlləsinin 10-1-ci maddəsində hər hansı müddətli əmək müqaviləsinin bağlanmasından və ya onun uzadılmasından deyil, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddinə çatmış işçisinin həmin müəssisədə çalışma müddətinin işəgötürən tərəfindən hər dəfə 1 ildən çox olmayaraq 5 ilədək uzadıla bilməsindən bəhs olunur, yəni həmin norma əslində işçi ilə yeni müddətli əmək müqaviləsinin bağlanmasını və ya onun uzadılmasını deyil, müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddətinin işəgötürən tərəfindən hər dəfə 1 ildən çox olmayaraq, 5 ilədək uzadıla bilməsinin mümkünlüyünü tənzimləyir. Başqa sözlə, Əmək Məcəlləsinin 10-1-ci maddəsi həmin Məcəlləyə sonradan əlavə edilmiş xüsusi bir normadır və bu norma dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddətini müəyyən edir. Yəni, Əmək Məcəlləsinin 10- 1.2-ci maddəsində nəzərdə tutulan “hər dəfə 1 ildən çox olmayaraq 5 ilədək uzadıla bilən müddət” üçün işçi ilə işəgötürən arasında yeni müddətli əmək müqaviləsinin bağlanması tələb olunmur və işəgötürən sadəcə olaraq əmək müqaviləsi üzrə müəssisədə çalışan işçisinin 65 yaşına çatmasını nəzərə alaraq, onun müəssisədə çalışma müddətini hər dəfə 1 ildən çox olmayaraq uzada və ya uzatmaya bilər.
31. Əmək Məcəlləsinin 10-1.1-ci maddəsi, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə son çalışma müddətini qəti olaraq 65 yaş müəyyən edib. Həmin Məcəllənin 10-1.2-ci maddəsi isə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə işçinin çalışma müddətinin hər dəfə 1 ildən çox olmayaraq 5 ilədək uzadıla bilməsini işəgötürənin vəzifəsi deyil, hüququ kimi müəyyən edib. Yəni, sözügedən norma müvafiq sahə üzrə mərkəzi icra hakimiyyəti orqanının rəhbərinə, habelə nizamnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən müəssisənin fəaliyyətinə rəhbərlik edən müvafiq vəzifəli şəxsə, 65 yaşına çatmış işçinin həmin müəssisədə çalışma müddətini hər dəfə 1 ildən çox olmayaraq, bütövlükdə 5 ilədək uzatmaq hüququ verir.
32. Göründüyü kimi sözügedən normada dövlət büdcəsindən maliyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddətinin uzadılması zamanı “hər dəfə 1 ildən çox olmayaraq” söz birləşməsindən istifadə olunur, yəni qanunverici işəgötürənə bu haqqı tanıyarkən onun üzərinə həm də 65 yaşına çatmış işçinin öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmək iqtidarında olub-olmadığını yoxlamaq öhdəliyi qoyur.
33. Belə qənaətə gəlmək olar ki, işəgötürən əmək müqaviləsinə müqavilənin müddətinin bitməsi və işçinin müəssisədə çalışmasının son yaş həddinə çatması ilə əlaqədar xitam verib.
34. Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinin mənasına görə dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda, işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər.
35. Göründüyü kimi, işəgötürən tərəfindən işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndində nəzərdə tutulan əsasla xitam verilməsi üçün iki şərtin eyni vaxtda mövcud olması tələb olunur: birincisi, işçi dövlət büdcəsindən maliyyələşən müəssisədə çalışmalıdır; ikincisi, işçi çalışmanın son yaş həddinə, yəni 65 yaşa çatmalıdır. Bu iki şərt mövcud olduğu halda işəgötürən, işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verə bilər. Yəni, “dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın son yaş həddinə, yəni 65 yaşına çatdıqda” əmək müqaviləsinə xitam vermək (çalışma müddətinin uzadılması istisna olmaqla) işəgötürənin hüququ deyil, vəzifəsidir.
36. Belə ki, işəgötürən istəsə də dövlət büdcəsindən maliyyələşən müəssisədə çalışan 65 yaşına çatmış işçi ilə əmək münasibətlərini (çalışma müddətinin uzadılması istisna olmaqla) davam etdirə bilməz, çünki buna Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinin tələbləri yol vermir. Həmin normada imperativ qaydada göstərilir ki, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddi 65-dir.
37. Əmək Məcəlləsinin 10-1.2-ci maddəsində nəzərdə tutulan hal isə, yəni 65 yaşına çatmış işçinin həmin müəssisədə çalışma müddətinin “hər dəfə 1 ildən çox olmayaraq 5 ilədək uzatması” işəgötürənin hüququdur. Belə olan halda işəgötürənin Əmək Məcəlləsinin 10-1.2-ci maddəsində nəzərdə tutulan bu hüququ, həmin Məcəllənin 73-cü maddəsinin 1ci hissəsində göstərilən “müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası” ilə məhdudlaşdırıla və ya əlaqələndirilə bilməz.
38. Belə ki, əmək qanunvericiliyinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də əmək müqaviləsinin müddətinin qurtarmasıdır. Bu əsas üzrə əmək müqaviləsinə xitam verilməsi üçün iki şərtin eyni vaxtda olması zəruridir: birincisi, əmək müqaviləsinin müddətinin qurtarması; ikincisi, müddətli əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərdən birinin təşəbbüsü.
39. Normanın mənasına görə müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməzsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə (yəni, əvvəlcə hansı müddətə bağlanmışsa həmin müddətə) uzadılmış hesab olunur. Yəni, əmək müqaviləsində göstərilən müddət qurtardıqda, müqavilə əvvəl müəyyən olunmuş müddətə o halda uzadılmış hesab oluna bilər ki, işçi ilə işəgötürən arasında əmək münasibətləri davam etdirilsin, yəni işçi faktiki olaraq əmək funksiyasını, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsin, iş yerində olsun və sair və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməsin.
40. Hazırkı halda tərəflər arasındakı əmək münasibətlərinə əslində işəgötürənin 14 iyun 2024-cü il tarixli 3-17-7/3-4-827/2024 saylı əmri ilə xitam verilmişdir.
41. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
42. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
43. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4206/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov