Məhkəmə qərarları › İş №2(103)-6235/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6235/2020

03.11.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6235/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X2 ibarət tərkibdə, Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) X5, İddiaçı (həmçinin, digər iş üzrə maraqlı şəxs) X9 nümayəndəsi (vəkili) X15, Maraqlı şəxs (üçüncü şəxs) Maraqlı şəxs MTK-nın vəkili X6 iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» MTK-ya qarşı «mənzilə görə ödənişin qəbul edilməsi, mənzildən istifadə edilməsinə maneələrin aradan qaldırılması, sahiblik və istifadə hüquqlarının tanınması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(004)-4941/2014 saylı qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxslər (üçüncü şəxslər) X17 və Maraqlı şəxs MTK tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə, Həmçinin, X4nun cavabdehlər «xxxx» MTK-ya və İddiaçı qarşı «müqavilənin etibarsız hesab edilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(007)- 1386/2019 saylı qətnaməsindən X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasında birləşdirilmiş mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» MTK-ya qarşı «mənzilə görə ödənişin qəbul edilməsi, mənzildən istifadə edilməsinə maneələrin aradan qaldırılması, sahiblik və istifadə hüquqlarının tanınması» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh «xxxx» MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən çoxmərtəbəli evin 10-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 131 m2 olan, 54 saylı mənzilə dair onun tərəfindən 18550 manat məbləğində ödənişin «xxxx» MTK tərəfindən qəbul edilməsi, həmin mənzilin istifadə edilməsinə maneələrin aradan qaldırılması, bu mənzilə sahiblik və istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xəstəliyi ilə əlaqədar olaraq evini satıb qızının yaşadığı Yeni Yasamalda onun yaxınlığına köçmək qərarına gəlmiş, buna görə də Yeni Yasamalda ev almaq üçün internet saytı vasitəsi ilə Nair adlı maklerlə tanış olmuş, sonuncu ilə görüşə tanışları Elçin Mehdizadə və Oman Orucovla birlikdə getmiş, Nair 1m2-i 400 manata olan çoxlu sayda evləri onlara göstərmişdir. Özünün evini hissəhissə ödəniş şərti ilə satdığı üçün nağd pulu olmamış və bu səbəbdən Nairdən kreditlə satılan ev tapmağını xahiş etmişdir. 2012-ci ilin noyabr ayında Nair kreditlə satılan evin olduğunu bildirmiş, tanışları ilə birlikdə Nairlə görüşmüş və sonuncu onları Yasamal rayonunda X11 oturduğu ofisə aparmışdır. Elşən Rüstəmov özünü «xxxx» MTK-nın sədri kimi təqdim etmiş, habelə evlərin hər m2-nin nağd pula 400 manata olduğunu, kreditlə isə 450 manata satdığını bildirməklə kreditlə satışda 3 otaqlı 131 m2-lik evin olduğunu, qiymətinin 58950 manat olduğunu, 20000 manat ilkin ödəniş tələb etdiyini, qalan 38950 manatın isə iki ilə (24 aya) ödənməli olduğunu qeyd etmişdir. O, bu təklifi qəbul etmiş, ona göstərilən Yasamal rayonu, Bünyadzadə küçəsində «xxxx» MTK tərəfindən inşa edilən yüksək mərtəbəli evin 10-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 131 m2 olan, 54 saylı mənzili bəyəndikdən sonra isə xx xxxxxx 2012-ci il tarixdə yuxarıda adları çəkilən tanışları və Nair adlı maklerlə birlikdə «xxxx» MTK-nın sədri Elşən Rüstəmovla sonuncunun ofisində görüşmüşlər. Həmin vaxt aralarında olan razılaşmaya əsasən 20000 manat pulu «xxxx» MTK-nın sədri Elşən Rüstəmova vermiş, sonuncu isə pulu saydıqdan sonra makler Nairə müqaviləni və maliyyə öhdəlik arayışını doldumağı tapşırmış, Nair müqaviləni və maliyyə arayışı olan öhdəliyi doldurub gətirmiş və onlar sənədləri imzalamışlar. Həmin vaxt 600 manat məbləğində pulu da aralarında olan razılaşmaya uyğun olaraq makler Nairə vermiş, bundan sonra hər ayın əvvəlində 1700 manat olmaqla 2013-ci ilin yanvar ayından 2013-cü ilin dekabr ayı da daxil olmaqla 12 ayda ümumilikdə 20400 manat ödəniş etmişdir. Həmin ödənişləri hər ay qardaşı İdrak Quliyevin vasitəsi ilə «xxxx» MTK-nın sədri Elşən Rüstəmova göndərmiş, Elşən Rüstəmov da ödənişi qəbul edərək maliyyə öhdəlik arayışına imza edib möhür vurmuşdur. Həmçinin ilkin ödəniş etdiyi zaman «xxxx» MTK-nın sədri Elşən Rüstəmov mənzilin daxili divarlarını dəyişməyi təklif etmiş, bu barədə Məzahir adlı komendanta müraciət etmiş və ona razılaşdıqları kimi 1000 manat pul ödəmişdir. Bundan sonra xx xxxx 2013-cü il tarixdə kürəkəni Ramili mətbəxi ölçmək üçün həmin mənzilə göndərmiş, Ramil zəng edərək heç bir mənzildə qapı olmadığı halda, onun mənzilinə dəmir qapı qoyulduğunu bildirmiş, bu barədə «xxxx» MTKnın sədri Elşən Rüstəmova zəng edərək soruşmuş, cavabında Elşən Rüstəmov qapı qoyduğunu və bir azdan təmirə buraxacağını bildirmişdir. Təmirə nə vaxt başlayacağı barədə Elşən Rüstəmova mütəmadi zəng etmiş, Elşən Rüstəmov isə hər dəfə 3-4 günə buraxacağını bildirmişdir. Nəhayət, xx xxxxxxx 2013-cü il tarixdə tanışı Oman və ev təmiri işlərini bilən usta ilə birlikdə mənzilə baxmağa getmiş, komendant onları evə baxmağa buraxmaq istəməmiş, lakin onlar yuxarı qalxaraq həqiqətən də mənzildə dəmir qapı qoyulduğunu görmüş və mənzilə daxil ola bilməmişlər. Bundan sonra dəfələrlə Elşən Rüstəmova mənzilin təmiri ilə əlaqədar mənzilə buraxmağı barədə müraciətlər etsə də, nəticəsiz qalmış, bu səbəbdən 2014-cü ildən etibarən evə dair aylıq ödənişləri dayandırmış, lakin bunun da nəticəsi olmamışdır. Qeyd edilənlərə əsasən, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(004)- 4941/2014 saylı qətnaməsi (hakim Zəfər Quliyev) ilə iddia təmin olunmuş, «xxxx» MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən çoxmərtəbəli evin 10-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 131 m2 olan, 54 saylı mənzilə dair İddiaçı tərəfindən 18550 manat məbləğində ödənişin cavabdeh «xxxx» MTK tərəfindən qəbul edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən çox mərtəbəli evin 10-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 131 m2 olan, 54 saylı mənzilin istifadə edilməsinə maneələrin cavabdeh «xxxx» MTK tərəfindən aradan qaldırılması, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən çoxmərtəbəli evin 10-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 131 m2 olan, 54 saylı mənzilə sahiblik və istifadə hüquqlarının tanınması qət olunmuşdur. Qətnamə hüquq və vəzifələrinə toxunan şəxslər X17 və Maraqlı şəxs MTK həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Bununla yanaşı, X4 cavabdehlər «xxxx» MTK-ya və İddiaçı qarşı «müqavilənin etibarsız hesab edilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, «xxxxxxxxİddiaçı arasında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsindəki 39 saylı evin 54 saylı mənzilin alqı-satqısına dair müqavilənin etibarsız sayılması və həmin mənzilə onun istifadə və sahiblik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2009-cu il tarixdə Gəncə şəhəri, Qızıl Hacılı küçəsi ev 2-də yerləşən «xxxx» Mənzil Tikinti Kooperativin təsisçisi X3 ilə X18 arasında «xxxx» MTK-nın payçısı kimi müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə Bakı şəhəri Yasamal rayonu Bünyatzadə küçəsindəki yaşayış massivində 39 saylı kooperativ yaşayış evinin tikintisi başa çatdıqdan sonra, həmin evin 10-cu mərtəbəsində yerləşən və ümumi sahəsi 130.8 kv.m olan 3 otaqlı 54 saylı mənzili bir pay kimi X12 verilir. Müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahə üçün 604 manat olmaqla, cəmi 130.8 kv.m sahə üçün 79000 manat təşkil edir. X18 tərəfindən qeyd edilən məbləğ satıcıya tam ödənilmişdir. Bu da «xxxx» MTK tərəfindən verilən maliyyə arayışı ilə bir daha təsdiq olunur. 2019-cu ilin fevral ayının əvvəllərində Mədəd Rüstəmova məlum olmuşdur ki, «xxxx»xxxxİddiaçı arasında bağlanmış xx xxxxxx 2012-ci tarixli müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu Bünyatzadə küçəsi yaşayış massivində 39 saylı kooperativ evin 54 saylı mənzili cavabdeh İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı isə öz növbəsində məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə Yasamal rayonu Bünyatzadə küçəsində inşa edilən çoxmərtəbəli evin 10-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 131 kv.m olan 54 saylı mənzilə onun sahiblik və istifadə hüquqları tanınmışdır. X10 nümayəndəsi X21 tərəfindən yuxarıda qeyd edilən qətnamə xx xxxxxx 2019-cu il tarixdə Yasamal rayon məhkəməsindən ərizə əsasında götürülmüş və dərhal Bakı Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilmişdir. Hesab edir ki, «xxxx»xxxxİddiaçı arasında 54 saylı mənzilə dair müqavilə aşağıdakı əsaslara görə etibarsız sayılmalı və X10 mübahisəli 54 saylı mənzilə sahiblik və istifadə hüquqları tanınmalıdır. «xxxx» MTK-nın sədri Rüstəmov Elşad və «xxxx» MTK-nın sədri Məmmədov Cəmaləddin arasında bağlanmış xx.xx.2008-ci il tarixli Razılaşma Protokoluna əlavə edilmiş Yasamal rayonu, Bünyatzadə küçəsində tikilən 12 mərtəbəli yaşayış binasının dislokasiya planından görünür ki, mübahisəli, sahəsi 130.8 kv.m olan 54 saylı mənzil «xxxx» MTK-nın dislokasiyasına aiddir. «xxxx»xxxxX17 arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Bünyatzadə küçəsindəki yaşayış massivində inşa edilən 54 saylı mübahisəli mənzil MTKnın payçısı kimi haqqı 79000 manat tam ödənilməklə X7 mülkiyyətinə verilmişdir. Mübahisəli mənzilə dair pulun tam ödənilməsi «xxxx» MTK tərəfindən verilmiş maliyyə arayışı ilə bir daha təsdiq olunur. İddiaçı ilə «xxxx» MTK arasında xx.xx.2012-ci il tarixdə bağlanmış müqaviləyə əsasən müəssisə Bakı şəhəri Yasamal rayonu Bünyatzadə küçəsində inşa edilən çoxmərtəbəli evin 10-cu mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 130.8 kv.m olan 54 saylı mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul edib və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, 2009-cu ildə mübahisəli mənzilə dair kooperativ pay haqqını tam ödədiyindən M.Rüstəmovun mənzilə qanuni sahiblik və istifadə hüququ yaranmışdır. Ancaq 2012-ci ildə «xxxx MTK» Mədəd Rüstəmovun sahibliyində və istifadəsində olan mübahisəli mənzil hansı subyektiv hüquqla İddiaçı satılır? Məhz bu səbəbdən cavabdehlər arasında bağlanmış müqavilə bağlandığı andan etibarsızdır. Qeyd edilənlərə əsasən, məhkəmədən iddianın təmin edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(007)- 1386/2019 saylı qətnaməsi ilə (hakim Rəşad Həsənov) iddia təmin olunmamışdır. X4 qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxx 2019-ci il tarixli qərardadı hər iki mülki iş baxılması üçün bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-ci il tarixli, 2(103)-1374/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4941/2014 saylı xx xxxx 2014-cü il tarixli qətnaməsindən iş üzrə maraqlı şəxs X17 və hüquqlarına toxunmuş şəxs «xxxx» MTK tərəfindən verilmiş apellyasiya şikayətləri və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(007)-1386/2019 nömrəli qətnaməsindən X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4941/2014 saylı mülki iş üzrə xx xxxx 2014-cü il tarixli qətnaməsinin ləğv edilməklə həmin iş üzrə yeni qətnamənin çıxarılması, İddiaçı «xxxx» Mənzil Tikinti Kooperativinə qarşı «mənzilə görə ödənişin qəbul edilməsi, mənzildən istifadə edilməsinə maneələrin aradan qaldırılması, sahiblik və istifadə hüquqlarının tanınması» tələbinə dair iddiasının təmin edilməməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1386/2019 saylı mülki iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməklə həmin iş üzrə yeni qətnamənin çıxarılması, X9 «xxxx» Mənzil Tikinti Kooperativinə və İddiaçı qarşı «müqavilənin etibarsız hesab edilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması» tələbinə dair iddiasının təmin olunması, «xxxx» Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsindəki 39 saylı evin 54 saylı mənzilinə dair xx xxxxxx 2012-ci tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilə X9 istifadə və sahiblik hüququnun tanınması və «xxxx» Mənzil Tikinti Kooperativindən 58950 manatın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)-2290/2020 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-ci il tarixli, 2(103)- 1374/2019 saylı qətnaməsi ləğv edilmiş, mülki yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: X17 tərəfindən verilmiş apellyasiya şikayətləri – iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnamələrinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, sübutlara düzgün hüquqi qiymət verilməməsi və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətlərinin təmin olunması xahiş edilmişdir. Maraqlı şəxs MTK tərəfindən verilmiş apellyasiya şikayəti - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, sübutlara düzgün hüquqi qiymət verilməməsi, «xxxx»xxxxaralarında məhkəmə mübahisələrinin olması, mübahisə predmeti olan 54 saylı mənzilin Maraqlı şəxs MTK-ya aid olması, həmin mənzilin «xxxx» MTK tərəfindən İddiaçı satılmasının qanunsuz olması və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən apellyasiya şikayətləri vermiş şəxslərin nümayəndələri verdikləri apellyasiya şikayətlərini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətlərinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə baxışında iştirak edən İddiaçı və onun nümayəndəsi apellyasiya şikayətlərini əsassız sayaraq, əvvəl verdikləri izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etmişlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəni və izahatları dinləyib, apellyasiya şikayətlərini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından aydın olur ki, «xxxx»xxxx«xxxx» MTK arasında bağlanmış xx.xx.2008-cı il tarixli razılaşma protokoluna əsasən, «xxxx» MTK 181.984 manat pulu 12 ay müddətində «xxxx» MTK-ya tam ödəməyi öhdəsinə götürmüş, həmçinin protokol və ona əlavə edilmiş Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində tikilən 12 mərtəbəli yaşayış binasının dislokasiya planına əsasən sözügedən binadakı 47 mənzilin (2163 m2 + 2350,3 m2) «xxxx» MTK-ya, 25 mənzilin (2347,6 m2) «xxxx» MTK-ya verilməsi, qeyri-yaşayış sahələrinin isə 50:50 nisbətində (681,2 m2) bölünməsi razılaşdırılmış, mübahisəli 54 saylı mənzil də «xxxx» MTK-ya verilməsi nəzərdə tutulan mənzillərin sırasında olmuşdur. «xxxx»MTK ilə X18 arasında xx xxxxxx 2009-cu il tarixli müqavilə bağlanmış, buna əsasən MTK, Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsindəki 39 saylı kooperativ yaşayış binasının tikintisi başa çatdıqdan sonra, həmin binanın 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 130,8 m2 olan 3 otaqlı 54 saylı mənzili Mədəd Rüstəmova bir pay kimi verməyi, sonuncu isə mənzilin dəyəri qismində hər m2 sahə üçün 604 manat olmaqla cəmi 79.000 manat pulu adıçəkilən MTK-ya ödəməyi öhdələrinə götürmüş; MTK tərəfindən verilmiş eyni tarixli maliyyə arayışına görə, Mədəd Rüstəmovun həmin mənzilə görə kooperativə heç bir borcu yoxdur. İşin müəyyən edilmiş halı ondan ibarətdir ki, «xxxx»xxxxİddiaçı arasında xx.xx.2012-ci il tarixdə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən adıçəkilən MTK, Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsindəki yaşayış binasının xx.xx.2008-cı il tarixli razılaşma protokoluna və ona əlavə edilmiş dislokasiya planına əsasən «xxxx» MTK-ya verilməsi nəzərdə tutulan mübahisə mövzusu 54 saylı mənzilini İddiaçı verməyi, sonuncu isə həmin mənzili qəbul edib qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdələrinə götürmüşlər. Maliyyə arayışına əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsi 39, 54 saylı mənzilə görə heç bir borcu yoxdur və mənzilin pulunu tam ödəmişdir. Həmçinin, işdə olan məhkəmə qərarlarına əsasən – yəni, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2iqt(81)-109/2012 saylı qətnaməsi ilə «xxxx» MTK-nın «xxxx» MTK-ya qarşı «pul tələbi, mənzillərin sahibliyə verilməsi va zərərin ödənilməsi» barədə iddiası qismən təmin edilərək «xxxx» MTK-dan 181984 manat pulun tutulması və Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən 12 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən mübahisəli 54 saylı mənzili də daxil olmaqla ümumilikdə 2347,6 m2 sahəni əhatə edən 25 mənzilin, habelə ümumi sahəsi 681 m2 olan qeyri-yaşayış sahəsinin qaraj hissəsində 224,35 m2, yarımzirzəmi hissəsində 224,35 m2 və ofis hissəsində 1-ci mərtəbədə 232,5 m2 sahəsinin cavabdeh «xxxx» MTK tərəfindən «xxxx» MTK-nın sahibliyinə verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2014-cü il tarixli qətnaməsi ilə «xxxx» MTK-nın apelyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qətnaməsinin qismən – «xxxx» MTKdan 181984 manat pulun tutulması və Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən 12 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən mübahisəli 54 saylı mənzili də daxil olmaqla ümumilikdə 2347,6 m2 sahəni əhatə edən 12 mənzilin «xxxx» MTK tərəfindən «xxxx» MTK-nın sahibliyinə verilməsi hissələrində ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli 2-2(102)349/14 saylı qərarı ilə «xxxx» MTK-nın kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyasının xx xxx 2014-cü tarixli qətnaməsi ləğv edilmiş, Bakı şəhəri,Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən 12 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən sahəsi 59,3 m2 olan 1 otaqlı 40 saylı, 8-ci mərtəbədə yerləşən sahəsi 101,0 m2 olan 2 otaqlı 41 saylı və 10-cu mərtəbədə yerləşən sahəsi 130,8 m2 olan 3 otaqlı 54 saylı mənzillərinin «xxxx» MTK-nın sahibliyinə verilməsi, eləcə də 181984 manat və iddiaçının sahibliyinə verilən mənzillərin ümumi sahəsi ilə əhatə olunmayan hissəsinin əvəzi 3848 manat, cəmi 185832 manat pulun «xxxx» MTKdan alınaraq «xxxx» MTK-ya verilməsi qərara alınmışdır. İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli qərarı ilə onun hüquq və vəzifələrinə dair məsələnin həll edildiyini bildirməklə qeyd edilən məhkəmə qərarının ləğv edilməsi və işə yenidən baxılmasına dair Ali Məhkəmənin Plenumuna təqdimat verilməsini xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri təqdimat verərək həmin qərarın qismən - Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən 12 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, sahəsi 130,8 m2 olan 3 otaqlı 54 saylı mənzilin Maraqlı şəxs MTK-nın sahibliyinə verilməsi hissəsində ləğv olunmasını, həmin hissəyə yenidən baxılması üçün işin kassasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını istəmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2016-cı il tarixli, 13-1(102)-06/2016 saylı qərarı ilə İddiaçı əlavə kassasiya qaydasında şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli qərarı qismən - Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən 12 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, sahəsi 130,8 m2 olan 3 otaqlı 54 saylı mənzilin Maraqlı şəxs MTKnın sahibliyinə verilməsi hissəsində ləğv edilmiş, iş həmin hissəyə yenidən baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2017-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2014-cü il tarixli qətnaməsi Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən 12 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, sahəsi 130,8 m2 olan 3 otaqlı 54 saylı mənzilinin cavabdeh «xxxx» MTK tərəfindən Maraqlı şəxs MTK-nın sahibliyinə verilməsinə dair iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2015-ci il tarixli qərardadı ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli qərarının icrasına dönüş edilmiş, Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən 12 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən 54 saylı mənzilə İddiaçı sahiblik hüququ bərpa edilmişdir. Hazırki iş üzrə X10 iddiasının rədd olunması barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəf mənzili 2009-cu ildə əldə etdikdən sonra keçən 10 il ərzində həmin mənzillə hansı səbəbdən maraqlanmamasını, həmçinin 2009-cu ildən 2018-ci il tarixədək əhatə edən müddət ərzində, yəni təxminən 9 il müddətində qeyd edilən 54 saylı mübahisəli mənzilə dair tikintini aparan «xxxx MTK» ilə podratçı təşkilat olan «xxxx» MTK və cavabdeh İddiaçı arasında məhkəmə mübahisələrindən xəbərsiz olduğunu ağlabatan dəlillərlə əsaslandıra bilməmişdir. Bundan başqa, məhkəmə iclasında iştirak edən «xxxx» MTK-nın səlahiyyətli nümayəndəsi mübahisəli 54 saylı mənzilin iddiaçı Mədəd Rüstəmova hələ 2009-cu ildə satıldığını təsdiq etsə də, «xxxx MTK» ilə aralarında olan məhkəmə çəkişmələri zamanı həmin mənzilin artıq satıldığı barədə susmalarını izah edə bilməmişdir. Həmçinin, həmin mənzilin «xxxx MTK»-dan alınaraq onların sahibliyinə verilməsini məhkəmə qaydasında hansı səbəbdən tələb etməsini, bu mənzili geri aldıqdan sonra iddiaçı Mədəd Rüstəmova təhvil vermək və bununla da öz müsbət imiclərini qorumaq niyyətləri ilə izah etmiş, lakin həmin mənzilin onlara qaytarılması barədə Ali Məhkəmənin xx xxxxxx 2014-cü il tarixli qətnaməsi qəbul edildikdən sonra bu qərarın Ali Məhkəmənin Plenumunun xx xxxxxx 2016-cı il tarixli qərarı ilə ləğv edildiyi günədək keçən iki il müddətində mənzilin iddiaçıya təhvil verilməməsini izah edə bilməmişdir. Bundan başqa, iddiaçı öz iddia tələbini əsaslandırmaq üçün «xxxx»xxxx«xxxx MTK» arasında Bakı şəhəri Yasamal rayonu Bünyadzadə küçəsində inşa edilən 12 mərtəbəli yaşayış binasındakı mənzillərin tərəflər arasında bölüşdürülməsinə dair bağlanmış xx.xx.2008-ci il tarixli «Razılaşma Protokoluna» istinad etmiş, həmin razılaşmaya əsasən binanın 10-cu mərtəbəsində yerləşən 54 saylı mübahisəli mənzilin «xxxx»xxxx«xxxx MTK» tərəfindən satılmasının qanunsuz olduğuna əsaslanmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli «xxxx» MTK-nın «xxxx» MTK-ya qarşı «əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsinə dair» iddiası üzrə mülki iş üzrə qərarının əsaslandırıcı hissəsində məhkəmə kollegiyası hesab etmişdir ki, «apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi «xxxx» MTK-nın iddiasını «xxxx» MTK-dan binanın tam tikilib başa çatdırılması üçün çəkilmiş xərclərin 50%-i olaraq 450.000 manat pulun tutulması hissəsində də əsassız etməklə düzgün qənaətə gəlmişdir. Belə ki, «xxxx» MTK-nın iddia tələbinin əsası kimi istinad etdiyi tərəflər arasında imzalanmış xx.xx.2008-ci il tarixli «Razılaşma Protokolu»nun 8-cı bəndində göstərilmişdir ki, 7.1 və 7.2-ci bənddə nəzərdə tutulmuş işlər istisna olmaqla binanın tikintisi üçün qalan işlərin dəyəri 50:50 nisbətində ödənilməli olmuşdur. İddiaçı hesab edir ki, tərəflər bu razılaşma protokolu üzrə üzərlərinə götürdükləri öhdəlikləri etsəydi, razılaşmanın 6-cı bəndinə əsasən, binanın 47 mənzili «xxxx» MTK-ya 25 mənzili «xxxx» MTK-ya verilməli, qeyri-yaşayış sahəsi 50:50 nisbətində bölünməli idi. İş materiallarına əlavə edilmiş məhkəmə aktlarından görünür ki, tərəflər arasında işgüzar münasibətlərin pozulması nəticəsində «xxxx» MTK binanın tikintisinin başa çatdırılmasında iştirak etməmiş, tikinti başa çatmadığı halda 2012-ci ildə «Razılaşma Protokou»nun 6-cı bəndində nəzərdə tutulmuş qaydada tikilməkdə olan binanın mənzillərinin və qeyri-yaşayış sahəsinin bölünməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. «xxxx» MTK tikintiyə «Razılaşma Protokolu»nda nəzərdə tutulduğundan az məbləğ xərclədiyindən və tikintinin tamamlanmasında sonadək iştirak etmədiyindən qanuni qüvvədə olan məhkəmə aktları ilə tikintidə iştirak dərəcəsinə uyğun olaraq ona naturada cəmi 16 mənzil və 681 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin verilməli olduğu müəyyən edilmişdir. Beləliklə, «xxxx» MTK «Razılaşma Protokolu»da nəzərdə tutulduğundan az sahə əldə etdiyindən «xxxx» MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən 12 mərtəbəli yaşayış binasının tikintisinin başa çatdırılması ilə əlaqədar çəkdiyi xərclərin 50%-nin «xxxx» MTK tərəfindən ödənilməli olduğuna dair iddia tələbi və kasasiya şikayətinin dəlilləri əsassızdır». Ali Məhkəmənin qeyd edilən qərarından məlum olur ki, «xxxx»xxxx«xxxx» MTK arasında münasibətlər pozulduğundan və «xxxx» MTK tikintinin başa çatdırılmasında iştirak etmədiyindən onlar arasında mənzillərin bölgüsü xx.xx.2008-ci il tarixli razılaşma protokoluna uyğun olaraq deyil, məhkəmə qətnamələri əsasında aparılmışdır. Yuxarıda qeyd edilən məhkəmə qətnamələrindən isə görünür ki, «xxxx»xxxx«xxxx» MTK arasında mənzillər bölünərkən mübahisəli 54 saylı mənzil «xxxx» MTK-ya aid ediliməmiş, hətta bu mənzilin onlara təhvil verilməsinə dair tələbi rədd edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi - «xxxx MTK» ilə İddiaçı arasında Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən 12 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən 54 saylı mənzilin alqı-satqısına dair xx xxxxxx 2012-ci il tarixli müqavilənin qanunvericiliyin bütün tələblərinə riayət edilməklə bağlanması, həmin əqdin etibarlı olması, bu səbəbdən də X10 iddiasının əsassız olması nəticəsinə gəlmişdir. Eyni zamanda, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(004)-4941/2014 saylı qətnaməsi ilə İddiaçı iddiası əsaslı hesab edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən çoxmərtəbəli evin 10-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 131 m2 olan, 54 saylı mənzilə istifadə edilməsinə maneələrin cavabdeh «xxxx» MTK tərəfindən aradan qaldırılması, İddiaçı həmin mənzilə sahiblik və istifadə hüquqlarının tanınması və s. qət olunmuşdur. Birinci instansiya məhkəmələrinin qətnamələrinin ləğv olunaraq, X10 iddiasının təmin olunması barədə əvvəlki apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, işi yeni apellyasiya baxışına göndərərkən, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası xx xxxx 2020-ci il tarixli qərarında göstərmişdir ki, İddiaçı müraciəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2016-cı il tarixli, 13-1(102)-06/2016 saylı qərarı ilə Azərbaycan Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli qərarı qismən - Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən 12 mərtəbəli, yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, sahəsi 130,8 kv.m. olan 3 otaqlı 54 saylı mənzilin Maraqlı şəxs MTK-nın sahibliyinə verilməsi hissəsində ləğv edilmiş və iş həmin hissəyə yenidən baxılması üçün kasasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşə əlavə kassasiya qaydasında baxılarkən «xxxx» MTK mübahisəli mənzilə dair onunla X18 arasında xx.xx.2009-cu ildə müqavilə bağlanmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna hər hansı məlumat verməmiş, bununla əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2016-cı il tarixli qərarı ilə iş mübahisəli mənzilə dair hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə deyil, kasasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bundan əlavə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının Maraqlı şəxs MTK-nın «xxxx» MTK-ya qarşı iş üzrə xx xxxx 2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2014-cü il tarixli qətnaməsi Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən 12 mərtəbəli, yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, sahəsi 130,8 kv.m olan 3 otaqlı 54 saylı mənzilinin cavabdeh «xxxx» MTK tərəfindən iddiaçı Maraqlı şəxs MTK-nın sahibliyinə verilməsinə dair iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bundan 2 ilə yaxın müddət keçdikdən sonra, yəni xx.xx.2019-cu il tarixdə Maraqlı şəxs MTK Yasamal Rayon Məhkəməsinin 2(004)-4941/2014 saylı, xx xxxx 2014cü il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs kimi apelyasiya şikayəti vermişdir. Bundan əlavə X9 yuxarıda qeyd olunan birinci instansiyada qaldırdığı iddia tələbləri və qətnamədən maraqlarına toxunan şəxs kimi verdiyi apelyasiya şikayəti ilə əlaqədar qeyd etmək lazımdır ki, artıq Yasamal Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsi icra olunaraq mübahisəli mənzil İddiaçı təhvil verilmiş və o həmin mənzili təmir edərək ailəsi ilə orada yaşayır, bu iş materiallarına əlavə edilmiş fotoşəkillərlə də təsdiq olunur (3cü cild i/v 64). Lakin apelyasiya instansiyası məhkəməsi İddiaçı ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququnun pozulub-pozulmamasına qiymət verməmişdir. Bundan əlavə iş materialları ilə X18 ilə mübahisəli mənzilə dair müqavilənin hər hansı qeydiyyatı aparılmadığından həmin müqavilənin məhz xx xxxxxx 2009-cu ildə bağlandığı iş materialları ilə təsdiq olunmur. Bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verməmişdir. Həmin maddəyə görə «Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.» Beləliklə, məhkəmə kollegiyası işin müəyyən olunmuş faktiki hallarını, işdə olan sübutları, qanuni qüvvədə olan məhkəmə qərarlarını və kassasiya instansiyasının mövqeyini (göstərişlərini) nəzərə alaraq tərəflər arasında yaranmış mübahisə üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda da qeyd edildiyi kimi, mübahisəli mənzilə dair (Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsi, 39 saylı evin, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 130,8 m2 olan 3 otaqlı 54 saylı mənzili) «xxxx»MTK ilə X18 arasında xx xxxxxx 2009-cu il tarixli müqavilə, «xxxx»xxxxİddiaçı arasında isə xx xxxxxx 2012-ci il tarixdə müqavilə bağlanmışdır. Mübahisəli mənzil faktiki olaraq İddiaçı təhvil verilmiş, sonuncu oranı təmir edərək, yaşamaqda davam edir. Eyni zamanda qeyd edilməlidir ki, «xxxx»xxxx«xxxx» MTK arasında mübahisəli mənzil və onun yerləşdiyi yaşayış binası ilə bağlı məhkəmə mübahisələri olmuş (yuxarıda məhkəmə qərarlarının nəticəsi barədə qeyd edilmişdir), son nəticədə mübahisəli mənzil «xxxx» MTK-ya aid ediliməmiş, bu mənzilin sonuncuya təhvil verilməsinə dair iddia tələbi rədd edilmiş, əksinə İddiaçı həmin mənzil üzərində sahiblik hüququ bərpa edilmişdir. MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. «Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Göründüyü kimi, qanuni qüvvədə olan məhkəmə qərarları ilə mübahisə predmeti olan mənzil üzərində məhz İddiaçı hüquqlarının mövcudluğu müəyyən edilmişdir. Yəni, mənzil «xxxx» MTK-ya deyil, «xxxx» MTK-ya aid edilmiş və sonuncu tərəfindən İddiaçı satılmışdır (belə olan halda isə, həmin mənzilin «xxxx» MTK tərəfindən X1 qanunvericiliyin tələblərinə uyğun sayıla bilməz). Məhkəmə kollegiyası X9 iddiasının rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, «xxxx»xxxxİddiaçı arasında mübahisəli mənzilə dair bağlanmış xx xxxxxx 2012-ci il tarixdə müqavilənin X9 iddiası üzrə etibarsız saayılmasına hər hansı qanuni əsas mövcud deyildir. Həmçinin, yuxarıda qeyd edildiyi kimi mübahisə predmeti olan mənzil İddiaçı təhvil verilmiş, sonuncu oranı təmir edərək yaşamaqda davam edir (mənzil hazırda da onun faktiki sahibliyində və istifadəsindədir). X18 isə mənzili ümumiyyətlə təhvil almamış, ondan istifadə etməmişdir. Apellyasiya icraatı zamanı şahid qismində ifadə vermiş X19 göstərmişdir ki, o, mübahisəli binanın 36 saylı mənzili 2014-cü ildə “xxxx” MTK-dan alıb, təqribən 2015-ci ildən etibarən orada yaşayır. İddiaçı qonşu kimi tanıyır, sonuncu 54 saylı mənzildə yaşayır. X14 isə tanımır, onun 54 saylı mənzildə yaşamasını görməmişdir. Həmçinin, mənzillərə qoyulmuş qapıların üzərində «xxxx» MTK sözünün yazılmasını görməyib, sadəcə bəzi qapıların üzərində “satılır” sözü yazılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası xx xxxx 2020-ci il tarixli qərarında, həmçinin mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməli olmasını qeyd etmişdir. Məhkəmə kollegiyası kassasiya instansiyasının mövqeyi ilə razılaşaraq qeyd edir ki, mülki hüquq münasibətlərində borclunun eyni əşyanı iki və ya daha artıq şəxsə (kreditora) verəcəyi barədə öhdəlik götürməsi (müqavilə bağlaması) halları mümkündür. Belə hallarda borclu, bağladığı müqavilələrlə bir əşyanı müxtəlif şəxslərə verəcəyi (mülkiyyətinə keçirəcəyi) barədə üzərinə öhdəlik götürmüş olur. Bu məzmunda müqavilənin bağlanması ilə kreditorlardan heç biri avtomatik olaraq həmin əşyanın mülkiyyətçisi olmur (mülkiyyəti qazanmırlar). Bu kimi hallarda əşyanın mülkiyyətini alıcılardan hansının qazanması qanunvericiliklə tənzimlənmişdir. Belə ki, MM-in 452.1-ci maddəsinə görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Göründüyü kimi, qanun, fərdi müəyyən əşyaya haqq iddia edən bir neçə kreditorun olduğu halda həmin əşyanın onlardan hansına məxsus olması qaydalarını dəqiqliklə müəyyən etmişdir. Belə ki, borclu, həmin əşyanı kreditorun mülkiyyətinə vermək öhdəliyini icra etməmişsə və əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməmişsə, kreditor, həmin əşyanın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Başqa sözlə, borclu, eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşsə, üstünlük əşyaya faktiki sahiblənən alıcıya məxsusdur. Əgər əşya artıq kreditorlardan birinə faktiki olaraq verilmişsə, yəni şəxs əşyaya yiyələnmişsə və ona mülkiyyətçi kimi sahiblik edirsə, digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmış olur. Bu xüsusatla bağlı məhkəmə kollegiyası vurğulayır ki, əşyaya sahiblənmə dedikdə hüquqi sənədləşmə ilə yanaşı, həmçinin faktiki hərəkətlərlə gerçəkləşən yiyələnmə əməli başa düşülür. Sahiblik (yiyələnmə), şəxsin əşyanı özünün nəzarətində və təsir dairəsində saxlaması, kənar şəxslərin müdaxiləsindən qoruması (qapı qoyması, açarını yalnız özündə saxlaması, təmir etməsi), mütəmadi baş çəkərək onu idarə etməsi, saxlanma və kommunal xərclərini ödəməsi və s. kimi faktiki hərəkətlərdə özünü göstərir. Ona görə də, qeyd edilən aktiv hərəkətlərlə dəstəklənməyən təhvil aktı və ya müqavilə özü-özlüyündə sahiblənməni təsdiqləyən sübut kimi qəbul oluna bilməz. Göründüyü kimi, hətta tərəflərə eyni mənzilin (sahənin) verilməsi durumunda belə (halbuki, yuxarıda qeyd edilənlərə əsasən mənzilin məhz «xxxx» MTK tərəfindən İddiaçı satılması qanuni olmuşdur) İddiaçı əşyaya faktiki sahiblənən alıcı olduğundan, yəni əşya artıq ona faktiki olaraq verildiyindən və keçən müddət ərzində sonuncu ona yiyələnərək, mülkiyyətçi kimi sahiblik etdiyindən digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmışdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin165-ci maddəsinə əsasən isə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Göründüyü kimi, apellyasiya şikayətlərinin dəlilləri qətnamələrin ləğvinə əsas ola bilməz. X17 və Maraqlı şəxs MTK tələb və etirazlarının əsası kimi istinad etdikləri halları əsaslandıra və sübut edə bilməmişlər. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnamələri apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı cavabdeh «xxxx» MTK-ya qarşı «mənzilə görə ödənişin qəbul edilməsi, mənzildən istifadə edilməsinə maneələrin aradan qaldırılması, sahiblik və istifadə hüquqlarının tanınması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(004)-4941/2014 saylı qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxslər (üçüncü şəxslər) X17 və Maraqlı şəxs MTK tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri, həmçinin X4nun cavabdehlər «xxxx» MTK-ya və İddiaçı qarşı «müqavilənin etibarsız hesab edilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(007)-1386/2019 saylı qətnaməsindən X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(004)- 4941/2014 saylı qətnaməsi və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(007)-1386/2019 saylı qətnaməsi apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar