Məhkəmə qərarları › İş №2(103)-6235/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6235/2022

28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6235/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 və qətnamə ilə hüquq və vəzifələrinə toxunulan Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4222/2018 saylı, 17 may 2018-ci il tarixli qətnaməsindən qətnamə ilə maraqlarına toxunulan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh4 MTK-ya, Cavabdeh1, Cavabdeh2 və DƏDRX-in Bakı Ərazi İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzilin əvvəlki vəziyyətə qaytarılması və sair tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, M.Əlizadə küçəsində yerləşən 52 saylı evin 34-cü mənzilinin alqı-satqısına dair Cavabdeh2 ilə Cavabdeh4 Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, həmin mənzilin sənədləşməsinin əvvəlki vəziyyətə qaytararaq, Cavabdeh1 adına xx.xx.2008-ci il tarixdə bağlanmış müqavilənin bərpa edilməsini Cavabdeh4 Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması, eyni zamanda müqavilə əsasında mübahisəli mənzilə dair Cavabdeh2 adına verilmiş RX seriyalı ******* nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2012-ci il tarixli Çıxarışın DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4222/2018 saylı, 17 may 2018-ci il tarixli qətnaməsi (hakim Ayaz Məmmədov) ilə iddia tələbi təmin edilmişdir. Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni çıxarışın ləğv edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4222/2018 saylı, 16 may 2022-ci il tarixli qərardadı ilə Maraqlı şəxs mülki iş üzrə maraqlarına toxunan şəxs kimi tanınaraq, onun verdiyi apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4222/2018 saylı, 16 may 2022-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili şikayət verdiyindən mülki iş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4498/2022-ci il tarixli xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya baxışından çıxarılıb Yasamal Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4222/2018 saylı, 25 iyul 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4222/2018 saylı, 16 may 2022-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsin 2(103)-5854/2022-ci il tarixli xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4222/2018 saylı, 16 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsin 2(103)-6235/2022-ci il tarixli xx.xx.2022-ci il tarixli qərardadı ilə qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti mümkün hesab edilərək baxılması 26 sentyabr 2022-ci il tarixə saat 10:00-a təyin edilmişdir. Bu dəfə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4222/2018 saylı, 16 may 2022-ci il tarixli qərardadından şikayət verdiyindən mülki işin baxışdan çıxarılaraq yenidən Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Əvvəla, məhkəmə tərkibi hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4222/2018 saylı, 16 may 2022-ci il tarixli qərardadından şikayət verilə bilməsinin mümkünlüyü artıq bu barədə apellyasiya instansiyası məhkəməsinin qərardadı mövcud olduğundan hazırki icraatda ona başqa cür hüquqi qiymət verilməsi zərurətini aradan qaldırıb. İkincisi, məhz Bakı Apellyasiya Məhkəməsin 2(103)-5854/2022-ci il tarixli xx.xx.2022ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4222/2018 saylı, 16 may 2022-ci il tarixli qərardadının qanuniliyi və əsaslılığı artıq yoxlanılaraq buna hüquqi qiymət verilmişdir. Həmin qərardadın yenidən cavabdehin də şikayəti əsasında yoxlanılması mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. Üçüncüsü, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4222/2018 saylı, 16 may 2022-ci il tarixli qərardadından iddiaçının şikayət verməsi anlaşılan olsa da Cavabdeh2 təkrarən həmin qərardaddan şikayət verməsi başadüşülən deyildir. Dördüncüsü, aşağıda göstəriləcək əsas da Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4222/2018 saylı, 16 may 2022-ci il tarixli qərardadından Cavabdeh2 təkrarən vermək istədiyi şikayətin mümkünlüyünü istisna edir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4222/2018 saylı, 17 may 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə qarşı iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir.Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisəsinin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.13-cü maddəsinə əsasən, bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət (müstəsna aidiyyət) istisna olunmaqla, bu Məcəllənin 36.1- 36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 387.2 və 387.2.9-cu maddəsinə əsasən işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Həmin Məcəllənin 402.2 və 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadlardan kassasiya şikayəti verilə bilər. İşdən aydın olur ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 34 saylı mənzil Nərimanov rayonu ərazisində yerləşir. Eyni zamanda cavabdeh fiziki şəxslərin heç birinin rəsmi qeydə alındığı yer, eləcə də hüquqi şəxsin ünvanı Bakı şəhəri Yasamal rayon ərazisinə aid deyil, Nərimanov rayon ərazisinə aiddir. Ona görə də hazırki mülki işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalı idi. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin ərazi aidiyyəti qaydalarına riayət etmədiyi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4222/2018 saylı, 17 may 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1, 35.2, 36.13, 39.1, 40.1, 384.0.4, 385.1.1, 387.2.9 və 402.2 və 402.2.5ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4222/2018 saylı, 17 may 2018-ci il tarixli qətnaməsi işə ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığından ləğv edilsin və mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar