Məhkəmə qərarları › İş №2(103)-6235/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6235/2024

18.12.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6235/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (açar sözlər: “müqavilənin etibarsız hesab edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə perdmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) qarşı “bağışlanma müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-2444/2024 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya PX ******* saylı xx.xx.2018-ci il tarixli çıxarışa əsasən, Bakı şəhəri Nəsimi rayonu Cavadxan (Gəncə xanı) küçəsi 11 saylı evin 107 saylı mənzilinə dair Cavabdeh1 xüsusi mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 656 nömrəli reyestr kitabının 60151 nömrəli vərəqində qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Bakı şəhəri Nəsimi rayonu Cavadxan (Gəncə xanı) küçəsi 11 saylı evin 107 saylı mənzili xx.xx.2008-ci il tarixdə İddiaçı1 adına ilkin qeydiyyatdan keçmiş, Bakı şəhəri 12 saylı DNK-nun xx.xx.2008-ci il tarixdə 4Ə-03-437 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən, Əsgərova X5 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 22 saylı DNK-nun xx.xx.2018-ci il tarixdə 4Ə-85 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən, Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. İddiaçı1 ilə Cavabdeh2 arasında xx.xx.2008-ci il tarixdə bağlanmaqla Bakı şəhəri 12 saylı dıvlət notariat kontorunda təsdiq olunmuş müqavilədən müəyyən olunur ki, hədiyyə verən mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Cavadxan (Gəncə xanı) küçəsi 11 saylı evin 107 saylı mənzilini hədiyyə alana bağışlamışdır. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən İddiaçı1 ilə Cavabdeh2 arasında bağlanmış nikaha Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xitam verilmiş və bu barədə nikahın pozulmasına dair akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 103 saylı akt qeydi tərtib edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə perdmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) qarşı “İddiaçı1lə Cavabdeh2 arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi ev 11, 107 saylı mənzilə dair bağışlama müqaviləsinin əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi ev 11, 107 saylı mənzilinə dair bağışlama müqaviləsinin əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat pulun cavabdehlərdən alınaraq iddiaçılara ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi ev 11, 107 nömrəli mənzil hazırda Cavabdeh1 mülkiyyətindədir. Belə ki, həmin mənzil ilkin olaraq İddiaçı3 tərəfindən qohumu X2 adına 20 iyun 2002-ci ildə alınmışdır. 2006-cı ilin aprel ayında İddiaçı1 Cavabdeh2 ilə ailə quraraq rəsmi nikah bağlamışdır. Cavabdeh1 Cavabdeh2 anasıdır. 2006-cı ildə həmin mənzili X1 Ruslan İsmayıloviçin adına bağışlama yolu ilə sənədləşdirmişdir. Təxminən 2008-ci ildə Cavabdeh1 övladı Cavabdeh2 ilə İddiaçı1 nikahlarını pozacağı adı ilə onları təhdid edərək kürəkənini məcbur etmişdir ki, həmin mənzili qızına bağışlasın. Nikahın pozulacağından ehtiyat edərək İddiaçı1 mənzili arvadına bağışlamışdır. 2018-ci ildə isə yenə də qaynana nikahlarını pozacağı adı ilə yenidən təhdid edərək mənzili qızının adınadan öz adına bağışlama yolu ilə keçirmişdir. Nikahın pozulacağından ehtiyat edən İddiaçı1 buna razılıq vermişdir. Qızının nikahını pozacağı ilə çoxlu sayda əmlaklar cavabdeh tərəfindən ələ keçirilmişdir. Daha ələ keçirməli əmlak qalmayanda isə həqiqətən 2022-ci ilin yanvar ayında qızı ilə İddiaçı1 nikahının pozulmasını məhkəmə vasitəsi ilə həyata keçirmişdir. Beləliklə, Cavabdeh1, qızı Cavabdeh2 İddiaçı1lə nikahda olmasından istifadə edərək mənzili və digər əmlaklarını təhdid yolu ilə ələ keçirməklə, hüquqdan sui-istifadə etmiş və əsassız varlanmışdır. Bildiririk ki, həmin mənzil 2002-ci ildə iddiaçılar tərəfindən alınmışdır və həmin mənzili təmir etdikdən sonra 2003-cü il tarixdən həmin mənzildə yaşayırlar. Mənzil iddiaçılar tərəfindən əsaslı olaraq təmir edilib. Mənzilin dəyəri və təmir xərcləri iddiaçılar tərəfindən ödənilmişdir. Cavabdeh tərəfindən həmin mənzilə görə heç bir vəsait ödənilməmişdir. Cavabdeh həmin mənzildə bir gün belə yaşamamışdır. Hal-hazırda da həmin mənzildə iddiaçılar yaşayırlar. Həmin mənzil X2 adına "xxxx" MTK-dan 20 iyun 2022-ci il tarixli 20/107 nömrəli müqavilə əsasında alınmışdır. Hal-hazırda binanı idarə edən “Nəsimi-6 ” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin 09 yanvar 2024-cü il tarixli 181 saylı arayışında göstərilir ki, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr. Cavadxan küçəsi ev 11, 107 saylı mənzilin saxlanılması və istismarı üçün nəzərdə tutulan kommunal xidmət haqqı İddiaçı3 tərəfindən ödənilir. Həmin Cəmiyyətin 11 yanvar 2024-cü il tarixli 184 saylı arayışında göstərilir ki, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr, Cavadxan küçəsi ev 11, 107 saylı mənzil İddiaçı3 və İddiaçı2 tərəfindən 2003-cü ildə təmir edilib və həmin tarixdən mənzildə yaşayırlar. Nəticə etibarı ilə mənzil təhdid yolu ilə əldə edildiyindən mənzilin bağışlama müqavilələri etibarsız hesab edilməli və daşınmaz əmlakın dövlət reyestrindən mənzilə dair verilmiş çıxarışlar ləğv edilməlidir. Bu səbəbdən, iddianın təmin edilməsi xahiş edilir. İddiaçılar İddiaçı1 məhkəmə iclasında iştirak edərək iddia ərizəsində göstərilən xüsusatları müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 2444/2024 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlanma müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş məhkəmə xərclərinin iddiaçılara aid edilməsi qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe əsas götürülməklə hazırki mübahisə predmeti üzrə müqavilələr etibarsız əqdlər deyil, mübahisələndirilən əqdlər kateqoriyasına aid olduğundan əqdlər bağlandığı andan deyil, yalnız mübahisələndirildiyi andan etibarsız hala gəlir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Məhkəmə izah edir ki, mənzilin əvvəllər iddiaçıya məxsus olması özözlüyündə mübahisə predmeti olan bağışlanma müqavilələrinin etibarsızlığına dəlalət etmir. Müqavilə azadlığı prinsipinin şərtləri çərçivəsində mülki hüquq münasibətlərinin obyektlərinin etibarlı əqd əsasında özgəninkiləşdirilməsi mümkündür. Mülki iş üzrə sübutların təqdim edilməsi məqsədilə ümumilikdə 3 (üç) hazırlıq iclası keçirilsə də, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən xüsusatları təsdiq edən sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, sübutetmə funksiyası həyata keçirilməmişdir. İddia tələbi üzrə ümumiyyətlə məhkəməyə sübut təqdim edilməmiş, əsaslı mülahizələr bildirilməmişdir. Bu səbəbdən, məhkəmə iddia ərizəsində qeyd edilənləri mülahizə xarakterli olduğunu nəzərə alır. İddiaçı tərəf cavabdehlər tərəfindən ona edilmiş təhdidləri (əgər baş vermişsə) sübut edəcək biləcək əsaslı material təqdim etməmişdir. Məhkəmə nəzərə alır ki, tərəflər 16 il müddətində nikahda olmuşlar. Hətta ilk bağışlanma baş tutandan (2008-ci il) 14 il müddətə nikah münasibətləri mövcud olmuşdur. Mənzilin sonuncu əldə edən cavabdehin mülkiyyətinə keçəndən (2018-ci il) 4 il müddətinə nikah münasibətləri davam etmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəmə araşdırmasını zamanı müəyyən edilmişdir ki, bir müddət əvvəl digər mülki iş üzrə hazırki mülki iş üzrə cavabdeh (mülkiyyətçi) iddiaçılara qarşı “mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia qaldırmış və iddia tələbi təmin edilmişdir (həmin iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır). Məhkəmə həmçinin nəzərə alır ki, iddiaçılar hazırki iddia tələbi üzrə MM-in 354.2-ci maddəsində müəyyən edilmiş 1 (bir) illik kəsici müddəti ötürməklə məhkəməyə müraciət etmişlər. Belə ki, ən azından tərəflər arasında nikahın pozulmasının üzərindən iddia qaldırılan vaxta kimi 3 ilə yaxın müddət ötmüşdür. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4, 339, 339.1, 340.1, 354.2, 347.1, 666.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırılmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçılar qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama müqavilələrinin əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə xx.xx.2024-cü il tarixdə baxaraq, iddianın təmin edilməməsi, ödənilmiş məhkəmə xərclərinin iddiaçılara aid edilməsi barədə qətnamə qəbul etmişdir. Bildirir ki, məhkəmənin iddia tələbini mübahisələndirən əqdlər kateqoriyasın aid edərək iddia tələbini təmin etməməsi tam əsassız və qanunvericiliyə ziddir. Məhkəmə qətnamədə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Hazırki mübahisə predmeti olan müqavilələr üzrə etibarsızlığın qeyd edilən əsasları müəyyən edilmir. Bildirir ki, hazırki mübahisə predmeti olan müqavilələr üzrə etibarsızlığın əsasları var. Belə ki, mənzil kənar adama deyil, öz arvadına bağışlanıb. Həmin mənzil üçün əldə edənlər hər hansı bir məbləğ ödəməyiblər. Ailə münasibətlərini qorumaq üçün edilən hərəkətdir və bu barədə iddiaçı məhkəmədə verdiyi izahatında bütün faktları açıqlayıb. Qətnamədə məhkəmə iddiaçının vəkilinə izah edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe əsas götürülməklə hazırki mübahisə predmeti üzrə müqavilələr eibarsız əqdlər deyil, mübahisələndirilən əqdlər kateqoriyasına aid olduğundan əqdlər bağlandığı andan deyil, yalnız mübahisələndirildiyi andan etibarsız hala düşür. Bildirir ki, onların qaldırdıqları iddia üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı mövqe başqadır. Belə ki, həmin mövqeyə görə hal hazırki iddia əhəmiyyətsiz əqdlərə aiddir və bağlandığı andan etibarsız hesab edilir. Çox qəribədir, görəsən məhkəmə yuxarıda göstərilən mövqeyini hansı səbədən ancaq vəkilə izah edir. Bundan başqa qətnamədə göstərilir ki, məhkımə izah edir ki, mənzilin əvvəllər iddiaçıya məxsus olması öz-özlüyündə mübahisə predmeti olan bağışlama müqailələrinin etibarsızlığına dəlalət etmir. Müqavilə azadlığı prinsipinin şərtləri çərçivəsində mülki hüquq münassibətlərinin obyektlərinin etibarlı əqd əsasında öz gəninkiləşdirilməsi mümkündür. Bildirir ki, mənzilin əvvəllər iddiaçıya məxsus olması çox mətləblərdən xəbər verir. Belə ki, bağışlama müqaviləsi ailə münasibətlərinə xitam veriləndə deyil, həmin nikah münasibətləri davam edən zaman baş vermişdir. İddiaçı bildirdiyinə görə qaynanasının ailəni dağıtmaq təhdidinin qarşısını almaq məqsədi ilə o, mənzili arvadına bağışlamış, özü də həmin mənzildə yaşayıb, hal-hazırda da yaşayır. Mənzilin arvadı tərəfindən anasına bağışlanması da eyni təhdidin nəticəsidir. Deməli burada həmin mənzilin başqasının adına özgəninkiləşdirilməsi sadə formada mümkün deyildir. Bundan əlavə qətnamədə göstərilir ki, mülki iş üzrə sübutların təqdim edilməsi məqsədilə ümumilikdə üç hazırlıq iclası keçirilsə də, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən xüsusatları təsdiq edən sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, sübutetmə funksiyası həyata keçirilməmişdir. İddia tələbi üzrə ümumilikdə məhkəməyə sübut təqdim edilməmiş, əsaslı mülahizələr bildirilməmişdir. Bu səbədən məhkəmə iddia ərizəsində qeyd edilənləri mülahizə xarakterli olduğunu nəzərə alır. İddiaçı tərəf cavabddehlər tərəfindən ona edilmiş təhdidləri (əgər baş vermişsə) sübut edə biləcək əsaslı material təqdim etməmişdir. Məhkəmə nəzərə alır ki, tərəflər 16 il müddətində nikahda olmuşlar. Hətta ilk bağışlama baş tutandan (2008-ci il) 14 il müddətə nikah münasibətləri mövcud olmuşdur. Mənzilin sonuncu əldə edən cavabdehin mülkiyyətinə keçəndən (2018-ci il ) 4 il müddətinə nikah münasibətləri davam etmişdir. Bildirir ki, məhkəmə tərəfindən üç hazırlıq iclası keçirilməsi göstərilsə də, əslində bir iclas keçirilmiş həmin iclasda cavabdehlər iştirak etməmişlər. Ondan sonrakı təyin edilmiş iki hazırlıq iclası isə onun ərizəsi əsasında təxirə salınıb (xəstəliyi ilə əlaəqdar). Bundan sonra heç bir araşdırma aparmadan məhkəmə baxış iclası təyin edilib. Birinci baxış iclasında yenə də cavabdehlər iştirak etməyib. Məhkəməyə onun tərəfindən bildirilib ki, işin baxış iclasına təyin edilməsində məhkəmə tələsikliyə yol verib. Bildirib ki, onların məhkəməyə təqdim ediləcək sübutları vardır. Həmin sübutlar məhkəməyə təqdim edilib. Lakin, məhkəmə həmin sübutları nəzərə almayıb. Məhkəmə tərəfindən işin çəkişmə prinsipi ilə aparılması üçün şərait yaradılmayıb. Bundan başqa qətnamədə göstərilir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, bir müddət əvvəl digər mülki iş üzrə hazırki mülki iş üzrə cavabdeh (mülkiyyətçi) iddiaçılara qarşı “mənzilin boşaldılması və təhviln verilməsi” tələbinə dair iddia qaldırmış və iddia tələbi təmin edilmişdir (həmin iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadaır). Bildirir ki, məhkəmənin qanuni qüvvəyə minməmiş qətnaməyə istinad etməsi bu işdə onun qeyriobyektivliyini göstərir. Bundan başqa cavabdeh həmin istinad edilən məhkəmə işində iddia ərizəsində yazır ki, o, İddiaçı1 qızının əri olması səbəbindən cavabdehlərə (hal-hazırda iddiaçılara) ona məxsus olan mənzildə, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi ev 11 mənzil 107-də qohumluq münasibətlərini əsas götürərək onların yaşamalarına icazə vermişdir. Çox qəribədir ki, bütün bunları necə demək olar ki, həmin mənzilin iddiaçılar tərəfindən 2002-ci ildə alınması və onlar tərəfindən təmir edərək hal-hazıra kimi yaşamaları iş materiallarında olan sənədlərlə təsdiq olunur. Məhkəmə həmçinin nəzərə alır ki, iddiaçılar hazırki iddia tələbi üzrə Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş 1 (bir) illik kəsici müdəti ötürməklə məhkəməyə müraciət etmişlər. Belə ki, ən azından tərəflər arasında nikahın pozulmasının üzərindən iddia qaldırılan vaxta kimi 3 ilə yaxın müddət ötmüşdür. Bildirir ki, iddiaçılar tərəfindən iddia ərizəsi verilməsi üçün hər hansı müddət ötürülməmişdir. Belə ki, hazırki iş üzrə bağışlama müqavilələri əhəmiyyətsiz əqd olduğundan onlara iddia müddəti şamil edilmir. Bildirir ki, iddiaçılar tərəfindən iddia ərizəsi verilməsi üçün hər hansı müddət ötürülməmişdir. Belə ki, hazırki iş üzrə bağışlama müqavilələri əhəmiyyətsiz əqd olduğundan onlara iddia müddəti şamil edilmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında formalaşan mövqeyə görə, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci mddəsində göstəriln müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məccəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübhisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübaahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Həmin əqd əhəmiyyətsiz əqdddir. 337.3. əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibaarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan, istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunmaqla) onun dəyərini pulla ödəməlidir. İddiaçı1 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr. Cavabdxan küçəsi ev 11, 107 nömrəli mənzilin bağışlanması (təhdid olunduğuna görə) nikahın qorunub saxlanması üçün edildiyindən əhəmiyyətsiz əqddir, yəni başqa əqdi qorumaq üçün bağlanmış əqddir. Nəticə etibarı ilə mənzil təhdid yolu ilə əldə edildiyindən mənzilin bağışlama müqavilələri etibarsız hesab edilməli və daşınmaz əmlakın dövlət reyestrindən mənzilə dair verilmiş çıxarışlar ləğv edilməlidir. Yuxarıda göstərilən qanunvericilik normalarının tələbləri məhkəmə tərəfindən pozulmuşdur. Bundan əlavə qətnamədə göstərilir ki, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək, iddia tələbi sübuta yetirilmədiyindən və əsassız olduğundan təmin edilməməlidir. Bildirir ki, məhkəməyə kifayət qədər sübutlar tədim edilib, iddia tələbi sübut edilib və iddia tələbinin təmin edilməməsi üçün hər hanssı bir əsas yoxdur. Bir daha bildirir ki, əhəmiyyətsiz əqdlər barədə Ali Məhkəmənin formalaşan mövqeyi barədə məhkəmə aktlarını elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etmişəm: 1) Şivan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1736/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi. 2) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-515/2024 nömrəli xx.xx.2024cü il tarixli qərarı. Digər təqdim edilmiş sübutlar mülki işin materiallarında var. Bildirir ki, məhkəmə tərəfindən bu iş üzrə ədalət mühakiməsi çəkişmə prinsipinin pozulması ilə həyata keçirilmişdir. Bu hal məhkəmənin heç bir araşdırma aparmadan ( 3 hazırlıq iclası təyin edilməsinə baxmayaraq) baxış iclası təyin etməsi ilə təsdiq olunur. Məhkəmə qəbul etdiyi qərarı özünün irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bildirir ki, qətnaməni qəbul edərkən məhkəmə sübutların təqdim edilməsi üçün şərait yaratmadığından, təqdim olunmuş sənədləri tam araşdırmadığından və sübutları tam yoxlamadığından öz qətnaməsini iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmamışdır. Bununla da məhkəmə tərəfindən yuxarıda göstərilən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli e-2(004)-2444/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər Cavabdeh2 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi qaydada məlumat verilmiş, lakin cavabdeh və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Maddə 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Maddə 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçılar tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi 11 sayı evin 107 saylı mənzilinə dair İddiaçı1 ilə Cavabdeh2 arasında xx.xx.2008-ci il tarixdə və Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış bağışlama müqavilələrinin İddiaçı1 ilə Cavabdeh2 nikahının qorunub saxlanması üçün təhdid altında bağlanmaqla əhəmiyyətsiz əqdlər olduğundan etibarsız hesab edilmələrini və həmin əqdlərin nəticələrinin ləğv edilməsini tələb etsələr də, iddia tələblərində istinad etdikləri halları, yəni bağlanan müqavilələrdə əsil niyyətin nikahın qorunub saxlanması, gizli sövdələşmənin, təhdidin olmasını sübuta yetirə bilməmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: -görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; -gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; -yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Yalan əqd iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluğa yol verilməsi nəticəsində əmələ gəlməklə hüquq normalarının düzgün tətbiqinə də maneələr yaradır. Tərəflərin belə hüquqa zidd davranışı isə publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Qanunverici məhz bu səbəbdən yalan əqdin əhəmiyyətsizliyini təsbit etmişdir. İddiaçılar xx.xx.2008-ci il və xx.xx.2018-ci il tarixlərdə bağlanmış bağışlama müqavilələrini “İddiaçı1 ilə Cavabdeh2 nikahının qorunub saxlanması üçün hədə altında bağlanmasına görə əhəmiyyətsiz - yalan əqd olmasını” iddia etsələr də, həmin müqavilələr bağlanarkən yalan əqdin əsas tərkib əlamətlərinin mövcud olmasına dair hər hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, araşdırma zamanı, iddiaçıların əhəmiyyətsiz hesab etdikləri, xx.xx.2008-ci il və xx.xx.2018-ci il müqavilələrin bağlanarkən mülki qanunvericiliyin tələblərinə əməl edilməklə bağlanmış etibarlı əqlər olması öz təsdiqini tapdığından iddia tələblərini tam həcmdə rədd edən birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Ona görə də iddiaçılar tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 2444/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçılar tərəfindən Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar