Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6237/2022 09.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli e-2(001)- 5010/2022 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək 46419,40 manat ümumi əsas borc, 2321 manat məbləğində gecikdirilmiş faiz borcu, 25000 manat məbləğində əldən çıxmış faydanın əvəzi, 200 manat mediasiya prosesinin keçirilməsi üçün çəkilmiş xərcin əvəzi, 500 manat məbləğində vəkil xərci, 17,25 manat nümayəndəyə çəkilmiş xərcin əvəzi və 144 manat dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 74457,15 manat vəsaitin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli e-2(001)- 5010/2022 saylı qərardadı ilə iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır. Hakim iddia ərizəsini geri qaytararkən ona istinad etmişdir ki, iddia ərizəsində bir neçə cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir. İddia ərizəsinin geri qaytarılması haqqında qərardaddan iddiaçının nümayəndəsi Qanuni nümayəndə2 tərəfindən şikayət verilmiş, qərardadın ləğv olunaraq iddia ərizəsinin icraata götürülməsi xahiş olunmuşdur. Şikayət belə əsaslandırılmışdır ki, cavabdehlər bir-biri ilə bağlı olduqlarına görə həmin tələblərə dair işə daha tez və düzgün baxılması üçün iddiaçı tərəfindən həmin cavabdehlərə qarşı bir iddia qaldırılmış, hakim isə prosessual qanunvericiliyin tələblərini pozaraq iddia ərizəsini icraata götürməkdən imtina etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli e-2(001)- 5010/2022 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 149.3-cü maddəsinə əsasən, iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə birbiri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı MMC-nin iddia ərizəsindən görünür ki, iddia 6 nəfər cavabdehə qarşı qaldırılmışdır. İddiaçılardan 5-i həmin MMC-də satış təmsilçisi, 1-i isə bölgə müdiri vəzifəsində işləmişdir. Ərizənin məzmununa görə cavabdehlər həmin MMC-yə birgə yox, ayrı-ayrılıqda ziyan vurmuşlar. Buna baxmayaraq, iddia ərizəsində cavabdehlər tərəfindən ayrı-ayrılıqda vurulmuş ziyanın məbləği fərdiləşdirilmədən cəmi 74457,15 manat pulun onlardan tutulması xahiş olunmuşdur. Bundan əlavə, cavabdehlərdən 3-cü Bakı şəhəri Binəqədi rayonunda, 1-i Nərimanov rayonunda, 1-i Sabunçu rayonunda, 1-i isə Abşeron rayonunda qeydiyyatdadır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər eyni MMC-də işləsələr də, ayrı-ayrı vaxtlarda MMC-yə vurduqları ziyan bir-biri ilə bağlı olmadığına görə, yəni iddia ərizəsində bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildiyinə görə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. Buna görə də məhkəmə kollegiyası iddia ərizəsinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq və MPM-in 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 398-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli e-2(001)- 5010/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad qəbul edildiyi andan dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6237/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6237/2022
09.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver