Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6238/2025 21.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: müstəsna aidiyyət) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı X1 Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-6206/2025 nömrəli qərardadından iddiaçı X1 nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, Cavabdeh adına mülkiyyət hüququ ilə rəsmiləşdirilmiş ünvan 1 ünvandakı mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə vəsatətlə müraciət edərək bildirmişdir ki, əvvəla qeyd edir ki, iddiaçını heç kəs mənzildən çıxarmamışdır. O, Binəqədi Rayon Məhkəməsində nikahın pozulmasına dair iddia qaldırdıqdan sonra iddiaçı özü ailəsinin yanına getmişdir. Eyni zamanda hesab edir ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinin pozulması ilə verilmişdir. Belə ki, onun rəsmi qeydiyyat yeri Qusar şəhəri, Heydər Əliyev prospekti, ev 170, mənzil 29 ünvanıdır. Qeyd olunanları nəzərə alaraq mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 vəsatətə etiraz edərək bildirdi ki, cavabdeh Qusar rayonunda qeydiyyatda olmasına baxmayaraq, hazırda Bakı şəhərində yaşayır. Ona görə də vəsatətin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil vəsatətə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə vəsatətin təmin edilərək, mülki işin ərazi aidiyyəti üzrə Qusar Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 6206/2025 saylı qərardadı ilə vəsatət təmin edilərək, iddiaçı X1 Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair 2(001)-6206/2025 nömrəli mülki işin baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, müstəsna aidiyyət qaydalarını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Başqa sözlə Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, müstəsna halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia tələbinə müstəsna aidiyyət qaydalarına istinad edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxıla bilməz. Digər tərəfdən qeyd edilməlidir ki, iş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin çıxarışından görünür ki, Cavabdeh qeydiyyatda olduğu ünvan ünvan 2 edir ki, hazırki iş üzrə cavabdeh kimi fiziki şəxs Cavabdeh qeyd olunduğundan və onun qeydiyyat ünvanı ünvan 3yyəti üzrə Qusar Rayon Məhkəməsində baxılmalıdır. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə İddiaçı X1 nümayəndəsi (vəkili) Vəkil şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 6206/2025 saylı qərardadının ləğv edilməsini, mülki işə Binəqədi Rayon Məhkəməsində baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət isə onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli qərardadla İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair 2(001)-6206/2025 nömrəli mülki işə baxılmasının ərazi aidiyyəti üzrə Qusar Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hesab edir ki, qərardad əsassızdır və qanuna zidd olaraq qəbul edilmişdir. MPM-in 39-cu maddəsinə əsasən, daşınmaz əmlaka dair iddialara həmin əmlakın yerləşdiyi yer üzrə məhkəmələr baxmalıdır. İddia tələbi ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququnun tanınması və ora köçürülmə barədədir. Deməli, mübahisə edilən əmlak Binəqədi rayonu ərazisində yerləşir, bu isə işin Binəqədi Rayon Məhkəməsinin ərazi aidiyyətində olduğunu birbaşa təsdiq edir. Cavabdehin qeydiyyat ünvanının Qusar rayonunda olması, işin aidiyyətini dəyişmir. Çünki mübahisə daşınmaz əmlakdan irəli gəlir və bu halda qeydiyyat yeri deyil, əmlakın yerləşdiyi yer həlledici əhəmiyyət daşıyır. İddiaçı və cavabdeh arasında nikahın pozulması ilə bağlı digər mülki iş Binəqədi Rayon Məhkəməsinin icraatındadır. Bu iş həmin ailə münasibətlərindən irəli gəldiyi üçün, işlərin eyni məhkəmədə baxılması prosessual iqtisadiyyata, ədalətli və çevik məhkəmə araşdırmasına xidmət edir. İddiaçı hazırda Bakı şəhərində, Binəqədi rayonu ərazisində yaşayır. Əgər iş Qusar rayonuna göndərilərsə, onun məhkəmədə iştirak imkanları, sübutların təqdim edilməsi və araşdırılması xeyli çətinləşəcək. Birinci instansiya məhkəməsi işin ərazi aidiyyətinin müəyyən edilməsində mühüm sübutları araşdırmamış və qiymətləndirməmişdir. Belə ki, mübahisə edilən mənzilin ünvan 1 ünvanında yerləşməsi faktı iş materiallarında mövcud olmasına baxmayaraq, məhkəmə bu sübutu nəzərə almadan işi Qusar Rayon Məhkəməsinə göndərmişdir. Cavabdeh Bakı şəhərində faktiki yaşaması iddiaçı tərəfindən göstərilmiş, lakin məhkəmə bu halı araşdırmamış və təsdiq edən sübutları (məsələn, işdəki ifadələr və ünvan məlumatları) qiymətləndirməmişdir. İddiaçı və cavabdeh arasında nikahın pozulması ilə bağlı digər işin Binəqədi Rayon Məhkəməsində olduğu sübut edilmiş fakt olsa da, məhkəmə bu əlaqəli halı da nəzərə almamışdır. Məhkəmə sübut etmə yükünün düzgün bölgüsünü aparmamış, işin faktiki hallarını (əmlakın yerləşdiyi yer, tərəflərin faktiki yaşayış yeri və sübutların toplanma imkanları) araşdırmadan nəticəyə gəlmişdir. Bu səbəbdən iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar sübut edilməmiş və qərardad əsassız qəbul edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş nəticələr işin faktiki hallarına uyğun gəlmir. Belə ki, məhkəmə qərardadında cavabdehin qeydiyyat ünvanının Qusar şəhəri olması əsas götürülərək işin Qusar Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Lakin mübahisə edilən əmlak Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşir və bu hal işin faktiki əsasını təşkil edən mühüm hüquqi fakt olmasına baxmayaraq, məhkəmə bunu nəzərə almamışdır. Məhkəmə işin Qusara göndərilməsini əsaslandırarkən cavabdehin faktiki olaraq Bakıda yaşadığı, həmçinin iddiaçı ilə cavabdeh arasında nikahın pozulması ilə bağlı digər işin Binəqədi Rayon Məhkəməsində baxıldığı hallarını qiymətləndirməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-6206/2025 nömrəli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(001)- 6206/2025 saylı qərardadından iddiaçı X1 nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş şikayət rədd edilmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Maddə 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Maddə 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; 398.0.4. qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq tənzimlənməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-6206/2025 nömrəli qərardadı ləğv edilməli, vəsatət təmin edilməyərək mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçının iddia tələblərindən müəyyən olunur ki, o, əvvəllər yaşadığı Bakı şəhəri Binəqədi rayonunda yerləşən mənzilə istifadə hüququnun tanınmasını və həmin mənzilə kömürülməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Göründüyü kimi müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir və həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı əvvəllər yaşadığı Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr,7/19 saylı evin 37 saylı mənzilinə dair pozulmuş hesab etdiyi hüquqlarının aradan qaldırılmasını tələb etdiyindən hazırkı tələblər üzrə mülki işə müstəsna aidiyyət qaydalarına əsasən, daşınmaz əmlakın yerləşdiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. Belə ki, yuxarıda sadalanan imperativ normaların tələblərindən göründüyü kimi, qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialara müstəsna aidiyyət şamil olunur, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. İstinad olunanlara əsasən Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, vəsatəti təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmadığından, şkayət təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-6206/2025 nömrəli qərardadı ləğv edilməli, cavabdehin vəsatəti təmin edilməyərək, mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-6206/2025 nömrəli qərardadı ləğv edilsin, cavabdehin vəsatəti təmin edilməsin, mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6238/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6238/2025
21.11.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver