Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6240/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borc, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi (vəkili) X1 iştirakları ilə Pirallahı Rayon Məhkəməsinin 2(094)-198/22 saylı iş üzrə 24 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 28 sentyabr 2022ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı cavabdeh X2 15300 manat, 750 ABŞ dolları pul və dəyəri 300 manat olan 750 əyarlı üzük verdiyini bildirir və onları cavabdehdən tələb edir.
2. Cavabdeh isə iddiaçının faizə pul verməklə məşğul olduğunu, 7 il bundan əvvəl bir qədər pul lazım olduğu üçün ayda 20% ödəmək şərtilə ona borca cəmi 400 manat pul verdiyini göstərir.
3. Cavabdeh həmçinin bildirir ki, o, iddiaçıdan aldığı cəmi 400 manat pulun müqabilində ona ayda 80 manat faiz ödəməklə 1920 manat pul qaytarmışdır.
4. Tərəflər arasında yazılı borc müqaviləsi bağlanmamışdır.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15300 manat, 750 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla məbləğində pulun, bir ədəd 583 əyyarlı üzüyün və 142 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdırr ki, 2012-ci il tarixdə təsadüfən tanış olduğu cavabdeh X3 onun 15300 manat, 750 ABŞ dolları pulunu və dəyəri 300 manat olan 750 əyarlı üzüyünü ələ keçirərək mənimsəmişdir. Qeyd edir ki, ilk dəfə 2014-cü ildə Aidə ondan xahiş etmişdir ki, oğluna toy edir, pulu yoxdur. Onun səmimiyyətinə inanaraq hissəhissə 200-300-500 manat olmaqla ona pul vermişdir. Sonradan cavabdehdən pulunu tələb etdikdə bildirmişdir ki, aldığı pulları birdəfəyə ödəyə bilmir, evini satıb pulunu qaytaracaqdır. Belə müxtəlif yalan vədlərlə onu aldadaraq pulunu qaytarmamışdır. Sonuncu dəfə Suraxanı rayon ərazisində yerləşən 22 saylı TTY stansiyasının yaxınlığında 350 manat pul vermişdir. Bu günə kimi cavabdeh müxtəlif bəhanələrlə onu aldadır, şatnaj edir, pulunu qaytarmaqdan imtina edir. Onun bu hərəkətlərindən məcburiyyət qarşısında qalaraq hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Suraxanı rayon Pİ-nin 33-cü Polis Bölməsi tərəfindən 26 dekabr 2021-ci il tarixdə cinayət işinin başlanılmasının rədd olunması barədə qərar qəbul edilmişdir.
7. Pirallahı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(094)- 198/22 saylı iş üzrə 24 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Tərlan Əkbərov) iddia rədd olunmuşdur.
8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı cavabdehin ona borcu olmasını təsdiq edən hər hansı sübut təqdim etmədiyindən iddia təmin edilməməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 385.1, 442-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh ondan 16.875 manat məbləğində pulu tezliklə hissə-hissə geri qaytarmaq şərti ilə borc almış, eləcə də toya taxıb sonra geri qaytarmaq şərti ilə 300 manat dəyərində qızıl üzüyünü almış, lakin aralarındakı şifahi əqdə cavabdeh əməl etməmiş, aldıqlarını geri qaytarmamışdır. Məhkəmə gəldiyi nəticə üçün bütün faktiki halları araşdırmamışdır. Belə ki, məhkəmə Cavabdeh İddiaçı həqiqətən pul qaytarıb-qaytarmamasını, hansı məbləğdə pul qaytarmasını, Cavabdeh İddiaçı etibarından istifadə edərək müxtəlif vaxtlarda xəstəliyi, üzərində təcili əməliyyat olunması, oğlunun tutulması ilə əlaqədar ondan pul alıbalmaması, hansı məbləğlərdə pul alması barədə araşdırma aparmamışdır, halbuki bütün bunlar nəticə üçün mühüm əhəmiyyətə malik faktiki hallardır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
14. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia bütünlüklə rədd olunduğundan qətnamə tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamədə göstərilmiş nəticələr işin hallarına tam uyğun deyildir.
22. Belə ki, iddiaçının izahatına əsasən o, 2014-cü ildə cavabdehə borc olaraq 15300 manat, 750 ABŞ dolları pul və dəyəri 300 manat olan 750 əyarlı üzük vermişdir.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
24. Həmin Məcəllənin 740-cı maddəsinin 2014-cü ildə qüvvədə olan redaksiyasına görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər.
25. Məhkəmə kollegiyası qeyd edir ki, sübutetmə vəzifəsinin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə görə borc müqaviləsinə görə borc alana hansı məbləğdə borc verilməsini sübut etmək vəzifəsi borc verənin üzərinə düşür. Lakin həmin borc müqaviləsi üzrə borcun borc verənə hansı məbləğdə qaytarılmasını sübut etmək vəzifəsi borc alanın üzərinə düşür.
26. İşin müəyyən edilmiş hallarına görə tərəflər arasında yazılı borc müqaviləsi bağlanmamış, pulun verildiyi və ya qaytarıldığı barədə qəbz tərtib edilməmişdir.
27. Cavabdeh isə etiraf edir ki, o, 7 il əvvəl iddiaçıdan cəmi 400 manat məbləğində borc almış, ona ayda 80 manat faiz ödəməklə 1920 manat pul qaytarmışdır.
28. Kollegiya qeyd edir ki, cavabdeh iddiaçıdan 400 manat pul borc aldığını etiraf etdiyindən iddiaçı 400 manat məbləğində borcun verilməsi faktını sübut etmək vəzifəsindən azaddır.
29. Belə ki, MPM-in 106.3-cü maddəsinin tələblərinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
30. Cavabdeh aldığı 400 manat borcu qaytardığını bildirsə də, bu halı təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir.
31. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
33. Məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən hesab edir ki, cavabdehin etiraf etdiyi 400 manat pul cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır.
34. İddia tələbinin 750 ABŞ dollarının və 583 əyarlı üzüyün qaytarılmasına aid hissədə Kollegiya qeyd edir ki, iddiaçı 750 ABŞ dollarının və 583 əyarlı üzüyün cavabdehə verildiyini təsdiq edən sübutlar təqdim etməmişdir.
35. İddiaçının sübut qismində təqdim etdiyi şahid ifadələrinə münasibətdə Kollegiya qeyd edir ki, həmin şahidlər pulun verilməsinin birbaşa şahidi olmamış, yalnız iddiaçının sözlərinə əsasən pulun cavabdehə verildiyini təsdiq etmişlər. Ona görə də şahid ifadələri pulun cavabdehə verildiyini birmənalı təsdiq edən mötəbər sübut kimi qəbul oluna bilməz.
36. Məhkəmə kollegiyası işin müəyyən edilən faktiki hallarını nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, qətnamədə göstərilmiş nəticə işin hallarına tam uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normaları pozulduğundan qətnamə ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır (MPM-nin 385.1.1, 385.1.4-cü maddələri).
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
38. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya qaydasında qət edilən məbləğ 400 manat təşkil etməklə 5000 manatdan az olduğundan cavabdeh qətnamədən kassasiya şikayəti verə bilməz.
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin olunsun. Cavabdeh 400 (dörd yüz) manat pul tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.