Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6243/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına qarşı əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil, cavabdeh Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına qarşı əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2964/22 saylı mülki iş üzrə 05 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı 12 aprel 2016-cı il tarixdə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının İnformasiya-resurs şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.
2. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov tərəfindən verilmiş 28 fevral 2022-ci il tarixli 07 saylı əmrlə kitabxananın informasiya-resurs şöbəsinin müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 28 fevral 2022-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdeh Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 28 fevral 2022-ci il tarixli 07 nömrəli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1994-cü ildən həmin kitabxanada müxtəlif vəzifələrdə---baş kitabxanaçı, elmi-metodiki şöbənin müdiri və informasiya-resurs şöbəsinin müdiri vəzifələrində işləmişdir. İşlədiyi dövrdə qüsursuz fəaliyyəti ilə fərqlənmiş, dəfələrlə fəxri fərmanlarla təltif olunmuşdur. 2016-cı ildən həmin kitabxanaya bölmə müdiri, 01 oktyabr 2021-ci il tarixində isə kitabxananın direktoru vəzifəsinə təyin olunan Aslan Cəfərovun ona qarşı qərəzli münasibəti nəticəsində 28 fevral 2022-ci il tarixində qanunsuz olaraq işdən azad olunmuşdur. Aslan Cəfərovun təzyiqi nəticəsində kitabxananın işçiləri onun barəsində akt tərtib etmiş, 22 fevral 2022-ci il tarixindən 05 mart 2022-ci il tarixinədək olan dövrdə xəstə olduğuna görə əmək qabiliyyəti olmadığı halda, işəgötürən onu 28 fevral 2022-ci il tarixində tələm-tələsik işə çağırmış və onu işdən azad etmişdir. Cavabdehlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə vermədiyinə görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2964 saylı mülki iş üzrə 05 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim X2)
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilərkən Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə tam əməl edilmiş, iddiaçının işdən qanunsuz azad olunması barədə dəlilləri məhkəmə baxışında təsdiqini tapmamış və əmrin ləğv edilməsi üçün əsaslar olmamışdır.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11, 68, 70, 71, 72, 73, 80, 83, 287, 292, 294, 296-cı maddələri, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14, 77, 217, 220-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun və Avropa Məhkəməsinin qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Apellyator qeyd etmişdir ki, İddiaçı tərəfindən qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyi hallar mövcud olmamış, bundan əlavə, işdən çıxarılma barədə əmrin verildiyi gün İddiaçı əmək qabiliyyətinin olmadığı dövrə təsadüf etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Cavabdeh təşkilat apellyasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Yazılı etiraz belə əsaslandırılmışdır ki, İddiaçı əmək intizamını pozduğuna görə 24 noyabr 2021-ci il tarixli 43 saylı əmrlə intizam məsuliyyətinə cəlb olunub ona “töhmət” verilməsinə baxmayaraq, bundan lazımi nəticə çıxarmamış, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməyərək tabeliyində olan işçilərin və kitabxana rəhbərliyinin ünvanına nalayiq ifadələr işlətməklə yenidən intizam xətasına yol vermişdir. Bundan əlavə, İddiaçı barəsində 28 fevral 2022-ci il tarixində işdən azad olunma barədə əmr verilərkən o, əmək qabiliyyətli olmuşdur.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər.
12. Cavabdehin nümayəndəsi Vüsal Məmmədov apellyasiya şikayətinin əsassız olduğunu bildirərək məhkəmədən şikayətin təmin olunmamasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 72-ci maddəsinin “e” bəndinə əsasən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinə əsasən, işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin maddənin 2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
14. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və dəyişdirilməsinə əsas yoxdur.
16. İş materiallarından görünür ki, İddiaçı rəhbərlik etdiyi informasiya-resurs şöbəsinin 3 nəfər əməkdaşı---X3, X4 və X5 şikayət ərizəsi ilə kitabxana rəhbərliyinə müraciət edərək şöbə müdiri İddiaçı tərəfindən mütəmadi olaraq təhqir olunduqlarını bildirmiş, kitabxananın direktoru Aslan Cəfərov 25 fevral 2022-ci il tarixində təqdimatla kitabxana həmkarlar ittifaqı komitəsinə müraciət edərək İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsini xahiş etmişdir. Məsələ kitabxananın həmkarlar ittifaqı təşkilatının 28 fevral 2022-ci il tarixli iclasında müzakirə edilmiş və İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. Kitabxananın həmkarlar ittifaqı təşkilatında müzakirəsi zamanı kitabxana əməkdaşları Gülşən Əsgərova, Leylan Xasıyeva, Nərminə Xəlilli, Tamella Məmmədova,Nübar Cəlilova və Q.Mustafayeva və E.Əliyev İddiaçı tabeliyində olan işçilərlə kobud davranmasını, onları təhqir etməsini təsdiq etmişlər.
17. Birinci instansiya məhkəməsində işə baxılarkən şahid qismində dindirilmiş X3 və X4 ifadələrində işlədikləri informasiya-resurs şöbəsinin müdiri İddiaçı onlarla kobud davranmasını, onları təhqir etməsini, bu barədə kitabxananın əvvəlki rəhbərliyinə dəfələrlə şikayət etsələr də, əvvəlki rəhbərlik İddiaçı çəkindiyinə görə bu barədə tədbir görmədiyini göstərmişlər.
18. Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndində işçinin yalnız əmək funksiyasını pozması deyil, həm də əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı əmək fəaliyyəti zamanı rəhbərlik etdiyi şöbənin əməkdaşlarını təhqir etməsi, onlarla kobud davranması kobud səhv kimi qiymətləndirilməklə işəgötürənin və müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirən pozuntu kimi qiymətləndirilə bilər. İddiaçı şöbə müdiri kimi belə hərəkətləri işin normal ahənginin pozulmasına səbəb olan və əmək kollektivinin ayrı-ayrı üzvlərinin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vuran hərəkətlər kimi də səciyyələnə bilər.
19. İddiaçı iddia ərizəsində qüsursuz xidmət göstərdiyini qeyd etsə də, iş materialları ilə müəyyən edilmişdir ki, ona sonuncu dəfə 24 noyabr 2021-ci il tarixli 43 saylı əmrlə daxili nizam-intizam qaydalarını kobud şəkildə pozmasına görə töhmət elan edilmişdir.
20. Bundan başqa işin halları ilə o da müəyyən edilmişdir ki, iddiaçı X6 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işdən azad edilmiş, xx.xx.2002-ci il tarixdə iş yerində olaraq, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli iclasında iştirak etmiş, lakin iclası yarımçıq tərk etmiş, bundan sonra isə əmək qabiliyyətinin olmaması vərəqəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işdən azad edilməsinə dair qeydlərin yazılmasına nail olsa da, sonradan müvafiq poliklinikanın möhürü ilə təsdiqlənməklə əmək qabiliyyətinin olmamasına dair vərəqədə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işdən azad edilməsi barədə qeydlər ləğv edilmişdir.
21. Əmək qabiliyyətinin olmaması vərəqəsində edilən düzəlişlə bağlı Bakı şəhəri 19 saylı şəhər poliklinikasına sorğu edilmiş və sorğuya cavab olaraq bildirilmişdir ki, 28 fevral 2022-ci il tarixində İddiaçı sahə həkimi ilə əlaqə saxlayaraq özünü yaxşı hiss etdiyindən işə çıxmaq istədiyini və bu səbəbdən ərizə ilə poliklinikaya müraciət edərək xəstəlik tarixinin uzadılmamasını xahiş etdiyindən, onun ərizəsi əsasında xx.xx.2022—xx.xx.2022-ci il tarixinədək artırılmış günləri ləğv edilmişdir. İddiaçı ərizəsinin surəti sorğuya cavab məktubuna əlavə edilmişdir. Buna görə də məhkəmə kollegiyası İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verildiyi tarixin İddiaçı əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrə təsadüf etməsi barədə apellyasiya şikayətinin dəlilini əsassız hesab edir.
22. Beləliklə, iş materialları ilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının İnformasiya-resurs şöbəsinin müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Kitabxananın direktoru Aslan Cəfərovun 28 fevral 2022-ci il tarixli 07 saylı əmrinin Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə tam riayət olunmaqla qəbul olunması təsdiq olunmuşdur.
23. Sadalanan faktiki halları, qeyd edilən hüquq normalarını və apelyatorun şikayətinin dəlillərini təhlil edərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə mahiyyət etibarilə düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
24. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2964 saylı mülki iş üzrə 05 iyul 2022-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.