Məhkəmə qərarları › İş №2(103)-6244/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6244/2022

21.09.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6244/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa və əmək haqqı) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3309/2022 saylı 05 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 21 sentyabr 2022ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin təsdiq edilmiş surətinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən Sosial Xidmətlər Agentliyinin 20 saylı filialına sosial xidmətçi vəzifəsinə təyin edilmişdir. Müqavilə birinci ay sınaq müddəti olmaqla 3 ay müddətinə bağlanmışdır.

2. xx.xx.2021-ci il tarixli, **********7 nömrəli əmrə əsasən Sosial Xidmətlər Agentliyinin 20 saylı filialında sosial xidmətçi vəzifəsində çalışan iddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə ƏM-nin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin bitməsi) əsasən xx.xx.2021-ci il tarixdən xitam verilmişdir və işçiyə son haqq-hesabın ödənilməsi əmr edilmişdir.

3. İddiaçının İT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, o, xx.xx.1995-ci ildə Talıstan kəndi üzrə sosial xidmət işçisi təyin edilmiş, xx.xx.1996-cı ildə tutduğu vəzifədən azad edilmişdir. Daha sonra xx.xx.2000-ci ildə Mərkəzin Talıstan kəndi üzrə sosial xidmət işçisi təyin edilmiş, xx.xx.2005-ci il tarixdə səhhəti ilə əlaqədar ərizəsinə əsasən işdən azad edilmiş, xx.xx.2006-cı ildə baş mütəxəssis - sosial xidmət işçisi təyin edilmiş, xx.xx.2016-cı il tarixdə baş mütəxəssis – sosial xidmət işçisi vəzifəsindən Nazirlik yanında DSMF-nun İsmayıllı rayon şöbəsinin Sosial Xidmət sektoruna baş mütəxəssis sosial xidmətçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci il tarixdə “Dövlət Qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixli əmrə əsasən Cavabdeh 20 saylı filialında sosial xidmətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixli əmrə əsasən Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin **********7 nömrəli, xx.xx.2021-ci il tarixli əmrinin ləğv olunması, onunla cavabdeh arasında müddətsiz əmək müqaviləsi bağlanmaqla əvvəlki iş yerinə bərpa olunması, əmək münasibətlərinin davam etdirilməsi, habelə işdən azad edildiyi tarixdən iş yerinə bərpa olunduğu günə kimi məcburi işburaxmaya görə ona dəymiş zərərin cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, xx.xx.1995-xx.xx.1996-cı il tarixlərdə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin İsmayıllı rayon Talıstan kəndi üzrə sosial xidmət işçisi işləmiş, xx.xx.2000-ci il tarixdə 31 saylı əmr ilə yenidən vəzifəyə təyin olunmuş və fasiləsiz olaraq xx.xx.2020ci il tarixə qədər işləmişdir. Strukturda dəyişiklik olduğuna görə xx.xx.2020-ci il tarixdə işdən azad olunmuş, 25 gün sonra - xx.xx.2020-ci il tarixdə yenidən işə qəbul edilmiş və 11 avqust 2020-ci ildə bir illik müddətə əmək müqaviləsi bağlanmış, əmək müqaviləsinin müddəti bitdikdən və 3 ay keçdikdən sonra heç bir hüquqi əsas olmadan işdən azad edilmişdir. 23 il sosial xidmət işçisi vəzifəsində işləmişdir. Cavabdehlə arasında müddətsiz əmək müqaviləsi bağlanmalı idi.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 05 iyul 2022-ci il tarixli 2(004)-3309/2022 saylı qətnaməsi ilə (hakim Günay Axundova) iddia rədd edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia əsassızdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi müddətli olmuş, bir neçə dəfə müqavilənin müddəti uzadılmış və xx.xx.2021-ci il tarixdə müddəti bitmişdir. İşəgötürən isə qanunvericiliyin tələbinə uyğun olaraq əmək müqaviləsinin müddəti bitdikdən sonrakı bir həftə ərzində əmək münasibətlərini davam etdirməyərək əmək müqaviləsinə xitam vermişdir.

8. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 45.1-ci maddəsi, 47-ci maddəsin f) bəndi, 68.2-ci maddəsinin b) bəndi, 73.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

9. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apelyasiya şikayətində iddia ərizəsində göstərilənlər qeyd edilməklə, göstərilmişdir ki, ona əmək müqaviləsinin pozulmasına dair bildiriş onun işdən azad edilməsinə dair əmrdən sonra hazırlanıb təqdim edilmişdir. Belə çıxır ki, tərəfin təklifinin işdən azad edilmə ilə heç bir əlaqəsi yoxdur. Bu halda qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, tərəflərin qarşılıqlı münasibətini, iddiaçının həmin "Agentlikdə" uzun müddət qüsursuz işləməsini, himayəsində olmuş şəxslərin, yəni qocaların problemlərinin həll edilməsində və onlara qayğı və yüksək xidmət göstərməsini nəzərə almamışdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi

14. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

15. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

16. Maddə 47, «f» bəndi. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.

17. Maddə 51. Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir. Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur.

18. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 384.0.2. Apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apelyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Qətnamə bütövlükdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir.

26. Qanunvericiliyin tələbindən göründüyü kimi, əmək qanunvericiliyi əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olması qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsinin müddəti müəyyən edilmədən bağlanmalı olduğunu müəyyən etmişdir. Yalnız tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.

27. Kollegiya qeyd edir ki, iddiaçının təyin olunduğu vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisəsizdir və belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi. «Qarşılıqlı razılığa» gəldikdə isə, qanunun tələbinə görə, bu, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıq-aydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli, özü də cəmi 3 ay müddətinə əmək müqaviləsi bağlamışdır ki, bunun da 1 ayı sınaq müddəti olmuşdur. Halbuki, iddiaçının kifayət qədər ixtisaslı işçi olmaqla, sınaq müddətinə heç bir ehtiyac olmadığı qabaqcadan aydın idi.

28. Göründüyü kimi iddiaçı 20 ildən artıq eyni vəzifədə işləmiş, sonradan işəgötürənin təşkilatı hüquqi forması dəyişmiş və iddiaçı ilə yeni əmək müqaviləsi bağlanmışdır.

29. Kollegiyanın qənaətinə görə, 20 ildən artıq iş stajına malik kifayət qədər ixtisaslı işçi ilə 1 aylıq sınaq müddəti ilə cəmi 3 ay müddətinə əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz. İddiaçının heç bir irad bildirilmədən əmək funksiyalarını yerinə yetirməsi də onunla bağlanmış əmək müqaviləsinin əslində müddətsiz xarakter daşıdığını göstərir. Əmək müqaviləsində müddət təyin edilməsi isə iddiaçının istənilən vaxt rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir.

30. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.

31. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır (Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsi).

32. Qeyd olunanları rəhbər tutaraq Kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi işəgötürənin mənafeyinə xidmət etmiş, yuxarıda istinad olunan əmək qanunvericiliyinin prinsiplərinə əsaslanmamışdır.

33. Beləliklə, apelyasiya şikayətində göstərilənlər əsaslı olduğundan təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilməklə, iddia tələbi təmin edilməlidir.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3309/2022 saylı iş üzrə 05 iyul 2022-ci il tarixli qətnaməsi qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin olunsun. İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında **********7 nömrəli, xx.xx.2021-ci il tarixli əmr ləğv edilsin. Tərəflər arasında bağlanılmış əmək müqaviləsi müddətsiz bağlanılmış hesab edilməklə İddiaçı sosial xidmətçi vəzifəsinə bərpa edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar