Məhkəmə qərarları › İş №2(103)-6246/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6246/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6246/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 avqust 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onun adına olan **********A0002 nömrəli abonent koduna cavabdeh ASC tərəfindən əsassız olaraq hesablanmış 2.414,91 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Çapayev küçəsi 8-a nömrəli evin 3 nömrəli mənzili xx.xx.1994-cü il tarixdə X2 tərəfindən özəlləşdirilmiş, mənzilin 10,40 kv.m və 14,04 kv.m sahəsi olan 2 otağı iddiaçıya vəsiyyət olunmuşdur. İddiaçı, 1995-ci ildən həmin mənzilin iki otağında yaşayır. Viktor Sarapkinin arvadı həmin mənzilin özünə məxsus 1 otağını Zeynəb Rəşidovaya satmışdır. 2012-ci ilin sonlarında cavabdeh ASC tərəfindən iddiaçıya məxsus otaqların elektrik enerjisi sayğacdan ayrılmış, sayğac Zeynəb Rəşidovanın yaşadığı otağa qoşulmuş və sayğac sonuncunun adına keçirilmişdir. Ünvanında quraşdırılmış sayğac X6 adına qeyd edilmişdir. İddiaçının müraciəti əsasında ad dəyişdirilmiş və sayğac anası X4 adına rəsmiləşmişdir (abonent kodu: **********A0002). İddiaçının anası X5 xx.xx.1989-cu il tarixdə vəfat etmişdir. 2024-cü ilin fevral ayında təqdim edilən ödəniş qəbzində 2.414,91 manat məbləğində borcun olduğu qeyd edilmişdir. Lakin iddiaçı, ödənişləri vaxtlı-vaxtında etmişdir. Həmçinin borc ölmüş şəxsin adına yazılmışdır. Sayğaca hər hansı müdaxilə və kənar xətt qoşulması olmamışdır. Əsassız hesablanmış borcun silinməsi ilə bağlı iddiaçı cavabdeh ASC-ə müraciət etdikdə iddiaçıya bildirilmişdir ki, həmin ünvanda 1995-ci ildən xx.xx.2001-ci il tarixədək elektrik enerjisindən sayğacsız istifadə edilmiş, xx.xx.2002-ci il tarixdən xx.xx.2012-ci il tarixədək mənzildə elektrik sayğacı quraşdırılmadığı üçün hesabat işlədicilərin gücünə görə orta sərfiyyatla aparılmış (1.475,33 manat – 37.465 kvt/s), xx.xx.2012-ci il tarixdə mənzilə 1 fazalı elektrik sayğacı quraşdırılmış, xx.xx.2015-ci ildə elektrik sayğacı yenisi ilə əvəz edilmiş və hal-hazırda hesabat həmin sayğacla aparılır. Elektrik sayğacının xx.xx.2024-cü il tarixli "54663" göstəricisinə qədər istifadə edilmiş elektrik enerjisi sərfiyyatına görə borc 2.364,72 manat təşkil edir, bunun 889,39 manat hissəsi elektrik sayğacı ilə sərf olunan elektrik enerjisinin dəyəridir. İddiaçı, cavabdeh ASC-nin qeyd etdiyi xüsusatlarla razı deyil. b) cavabdehin iddia tələbinə qarşı etirazı barədə məlumat

3. Cavabdeh ASC-nin iddia tələbinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının ərizəsində qeyd etdiyi ünvanda yerləşən mənzilində 1995-ci ildən xx.xx.2001-ci il tarixədək elektrik enerjisindən sayğacsız istifadə edilmiş, xx.xx.2002-ci il tarixdən xx.xx.2012-ci il tarixədək mənzildə elektrik sayğacı quraşdırılmadığı üçün hesabat işlədicilərin gücünə görə orta sərfiyyatla aparılmışdır (1.475,33 manat 37.465 kvt/s). Mənzilə xx.xx.2012-ci il tarixdə bir fazalı elektrik sayğacı quraşdırılmış, xx.xx.2015-ci il tarixdə elektrik sayğacı yenisi ilə əvəz edilmiş və hal-hazırda hesabat həmin sayğacla aparılır. Elektrik sayğacının xx.xx.2024-cü il tarixə göstəricisi “54663” olmuş və bu göstəriciyə qədər istifadə edilmiş elektrik enerjisi sərfiyyatına görə borc 2.364,72 manat təşkil edir. Bundan 889,39 manatı elektrik sayğacı ilə sərf olunan elektrik enerjisinin dəyəridir. İş materiallarında olan “İnvoys” və “Maliyyə” arayışından aydın olur ki, qeyd edilən borc köhnə sərfiyyat borcu olmaqla 2015-ci ildə ASC təsis olunmazdan əvvəl "xxxx" ASC-nin fəaliyyəti dövründə yaranmışdır. c) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının birinci dəlili ödənişləri vaxtlı-vaxtında etməsindən ibarət olsa da, o, məhkəməyə "xxxx" ASC-yə yalnız 50 manat məbləğində pulun ödənilməsi barədə xx.xx.2014-cü il tarixli, 905552 nömrəli mədaxil qəbzini təqdim etmiş, qalan məbləğlərin ödənilməsi barədə isə sübut təqdim etməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının digər dəlili sayğaca hər hansı müdaxilə və kənar xətt qoşulması etməməsi barədədir. Lakin abonent koduna hesablanmış borcun hər hansı hissəsinin sayğaca müdaxiləyə və ya kənar xətt qoşulmasına görə hesablanması müəyyən edilmədi. İddiaçı məhkəməyə belə bir halı təsdiq edən sübut təqdim etməmiş, eyni zamanda, cavabdehin nümayəndəsi elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə akt tərtib olunmadığını bildirmişdir. Borcun ölmüş şəxsin adına yazılması barədə iddiaçının dəlili ilə əlaqədar isə qeyd edilməlidir ki, borcun hesablandığı **********A0002 nömrəli abonent kodunun aid olduğu X5 (iddiaçının anası) vəfat etsə də, həmin mənzil və mənzilin enerji təminatı hazırda da mövcuddur, eyni zamanda, iddiaçı həmin mənzildə qeydiyyatdadır. Mövcud qanunvericilikdə abonentin vəfat etməsi onun abonent koduna hesablanmış borcun slinməsi üçün əsas kimi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən iddia əsassız hesab edilərək, təmin edilməməlidir. d) apellyasiya şikayəti barədə məlumat

6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd olunmuşdur ki, işə baxmış Rayon Məhkəməsi işi birtərəfli qaydada aparmış, düzgün olmayan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və verdikləri izahatlar barədə məlumat

8. İddiaçı apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və iddia ərizəsinin, habelə şikayətin məzmununa uyğun izahat verdi.

9. Cavabdeh ASC işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Onun gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdeh ASC-nin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, Məhkəmə tərəfindən müəyyən edilir ki, Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Çapayev küçəsində 8-a nömrəli birmərtəbəli ev bir-birinə bitişik yanaşı tikilmiş 2 mənzildən ibarətdir. İddia ərizəsində silinməsi tələb olunan borc göstərilən evin 2 nömrəli mənzilində olan “**********A0002” abonent koduna aiddir, həmin abonent kodu iddiaçının anası X4 adınadır. Cavabdeh ASC-nin bəzi sənədlərində abonentin adı “X6” kimi göstərilmişdir. X5 xx.xx.1989-cu il tarixdə vəfat etmişdir. İddiaçı hazırda qeyd olunan ünvanda 2 nömrəli mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır.

12. İşdə olan İ-JQ seriyalı, 320377 nömrəli “Doğum haqqında şəhadətnamədən” görünür ki, iddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuş, anası Sitarə Əbdüləli qızıdır.

13. AZ-İİ seriyalı, 412289 nömrəli “Ölüm haqqında şəhadətnamədən” görünür ki, X5 xx.xx.1989-cu il tarixdə vəfat etmişdir.

14. ASC-nin xx.xx.2024-cü il tarixli, 13-13/2-2-17/-M3623-5/2024 nömrəli məktubundan görünür ki, Zabrat-1 qəsəbəsi, Çapayev küçəsində yerləşən 8-a nömrəli evin 3 nömrəli mənzilinin sayğacı üzrə 2.364,72 manat borc hesablanmışdır.

15. İşdə olan "Abonentin hərəkət cədvəlindən” görünür ki, həmin evin 2 nömrəli mənzili üzrə **********A0002 abonent kodu X4 adınadır və 2.338,35 manat məbləğində borc hesablanmışdır.

16. Rayon Məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydalarının” tələblərinə istinadən iddianı rədd etmişdir.

17. Bununla bağlı Məhkəmə qeyd edir ki, həmin Qaydaların tələblərinə görə, dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir (maddə 8.1.). Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (maddə 8.2.).

18. İşdən göründüyü kimi, cavabdeh ASC tərəfindən həmin evin 2 nömrəli mənzilində olan “**********A0002” abonent koduna xx.xx.2024-cü il tarixə 2.364,72 manat borc hesablanmışdır. İddiaçı 2.414,91 manat məbləğində borcun silinməsi barədə tələbini belə əsaslandırmışdır ki, o, ödənişləri vaxtlı-vaxtında etmiş, sayğaca hər hansı müdaxilə və kənar xətt qoşulması etməmiş, həmçinin borc ölmüş şəxsin adına yazılmışdır.

19. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Lakin iddiaçı, "xxxx" ASC-yə onun tərəfindən yalnız 50 manat məbləğində ödənişin ödənilməsi barədə xx.xx.2014-cü il tarixli, 905552 nömrəli “Mədaxil qəbzini” Rayon Məhkəməsinə təqdim etmiş, qalan məbləğlərin ödənilməsi barədə isə sübut təqdim etməmişdir.

21. Bundan başqa, abonent koduna hesablanmış borcun hər hansı hissəsinin sayğaca müdaxiləyə və ya kənar xətt qoşulmasına görə hesablanması müəyyən edilmir. İddiaçı məhkəməyə belə bir halı təsdiq edən sübut təqdim etməmiş, eyni zamanda, cavabdehin nümayəndəsi elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə akt tərtib olunmadığını bildirmişdir.

22. Məhkəmə həmçinin qeyd edir ki, borcun hesablandığı “**********A0002” nömrəli abonent kodunun aid olduğu (iddiaçının anası) X5 vəfat etsə də, həmin mənzil və mənzilin enerji təminatı hazırda da mövcuddur, eyni zamanda, iddiaçı həmin mənzildə qeydiyyatdadır. Mövcud qanunvericilikdə abonentin vəfat etməsi onun abonent koduna hesablanmış borcun silinməsi üçün əsas kimi nəzərdə tutulmamışdır.

23. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsi iddianı əsassız hesab etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. g) apellyasiya baxışının nəticəsi

24. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla yanaşı formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

25. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

26. Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.

28. Odur ki göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 avqust 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar