Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6248/2022 18.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair 2(004)- 1941/2022 saylı mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli borcun etirafına dair sazişə əsasən Cavabdeh1 xx.xx.2020-ci il tarixdə İddiaçı 45100 manat məbləğində borc aldığını etiraf etmiş və borcu bir ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 həmin sazişi şahid qismində imzalamışdır.
a) Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 45100 manat borcun, 10000 manat əldən çıxmış faydanın əvəzinin və ödənilmiş dövlət rüsumunun əvəzi olan 256 manat məbləğində pulun onun xeyrinə tutulması baradə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlərlə 2020-ci ildən tanışdır. Belə ki, Cavabdeh1 onunla əlaqə saxlayaraq "xxxx" MTK-dan tikinti materiallarının əvəzinə onlara verilmiş 250 m2 sahəsi olan mənzili 296000 manata satmaq istədiklərini bildirmişlər. Onlara hal-hazırda nəğd qaydada ödəniş edə bilməyəcəyini dedikdə, sonuncular həmin mənzili hissə-hissə ödəmək şərti ilə ona sata biləcəklərini təklif etmişlər. 19 may 2020-ci il ildə aralarında olan razılaşmaya əsasən həmin mənzilin dəyərindən 59500 manat ödəniş etməklə MTK tərəfindən adına müqavilə və ilkin ödəniş qəbzi təqdim edilmişdir. Bundan sonra cavabdehlər mənzilin dəyərinin bir hissənin də ödənilməsini ondan xahiş etmişlər. O da etiraz etməyərək ayrı-ayrı vaxtlarda ümumilikdə 45100 manat məbləğində pulu cavabdehlərə vermişdir. Lakin cavabdehlər ondan aldıqları 45100 manat pulu MTK-ya ödəməmişlər. Bir müddət sonra cavabdehlər mənzili aldıqları MTK ilə münasibətlərinin pisləşdiyini və ondan aldıqları ödənişləri MTK-ya ödəmədiklərini, qısa müddətdə onlara ödədiyi pulları qaytaracaqlarını bildirmişlər. Sübut olaraq 31 oktyabr 2020ci il tarixdə cavabdehlər ondan aldıqları 45100 manat məbləğində borcun etirafı barədə sazişi yazaraq imzalayıb ona vermişlər. Bundan sonra iddiaçı dəfələrlə cavabdehlərə borcun ödənilməsi üçün müraciət etsə də, nəticəsi olmamışdır. Məcburiyyət qarşısında qalaraq cavabdehlərin hərəkətləri barədə Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Polis tərəfindən müvafiq araşdırma aparılmaqla cavabdehlərin izahatları alınmış, cavabdehlər izahatlarında borcu tam etiraf etməklə qısa müddətdə borcu ödəyəcəklərini bildirmişlər. Aparılmış araşdırmanın nəticəsi olaraq cinayət işinin başlanması rədd edilmiş, mübahisə ilə bağlı ona mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdehlər tərəfindən onun 45100 manat məbləğində pulunun qaytarılmaması nəticəsində o, 10000 manat məbləğində faydadan məhrum olmuşdur.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1941/2022 saylı mülki iş üzrə 26 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh1 45100 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 226 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət olunmuşdur. (hakim X2)
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətlər yaranmış, Cavabdeh1 iddiaçı qarşısında həmin müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə hesab eymişdir ki, iddiaçıya borclu olan şəxs Cavabdeh1 olduğuna görə 45100 manat pul ondan alınıb iddiaçıya verilməli, iddiaçının hər hansı faydadan məhrum olması sübut olunmadığına görə həmin hissədə iddia təmin olunmamalıdır.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 739.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsini və həmin hissədə qalan borcuna münasibətdə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Park Çinar” MTK-da binaların üzlüyünün çəkilməsi işlərini görmüşdür. Dəfələrlə işbirliyi olan iddiaçı ilə əvvəlki qaydada razılıq əldə etmiş və tikinti materiallarının alınması üçün iddiaçıdan hissə-hissə cəmi 104000 manat pul almışdır. Belə ki, bundan əvvəl də iddiaçı ona nəğd pul vermiş və o həmin pulla tikinti malları alıb işlərini görmüş, görülən iş müqabilində ona verilən evlərdən iddiaçıya alınan pulun dəyərində mənzil vermişdir. Lakin bir müddət işləyəndən sonra işlədikləri "xxxx" MTK-da tikinti işlərini onlardan alıb başqa şirkətə vermişlər və həmin binada pullarının əvəzi olaraq MTK-da onlara verilmiş olacaq 250 m2 sahəsi olan mənzili 296000 manata iddiaçıya satmaq istədiyini bildirmiş və qalıq pulu da ödəməyi təklif etmişdir. Lakin sonradan işləri alınmadığı üçün mənzildə olan payı 68900 manat olmaqla iddiaçıya satılacaq mənzillə bağlı əvəzləşdirmişlər və həmin mənzil MTK tərəfindən iddiaçıya satılmışdır. Onun isə iddiaçıya cəmi 35100 manat borcu qalmışdır. İddiaçı ilə aralarında formal olaraq borcun etirafı müqaviləsi bağlanmış, lakin borcu olan 35100 manat pulu gecikdirdiyi təqdirdə 10000 manat əlavə, yəni 45100 manat ödəyəcəyinə imza etmişdir. Bu müqavilədən dərhal sonra iddiaçıya borclu olduğu 35100 manat pulu təklif etsə də, iddiaçı qəbul etməyərək etiraf müqaviləsindən istifadə edərək 45100 manat pulu tam verməli olduğunu bildirmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin olunmamasını xahiş etdi.
12. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etməkhüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
14. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunub iddianın təmin olunan hissəsinin ləğv olunması xahiş olunduğundan, qətnamə həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin olunması barədə düzgün nəticəyə gəlmişdir.
16. İş materiallarından göründüyü kimi, iddiaçı ilə Cavabdeh1 arasında borcun etirafına dair xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmış və cavabdeh 1 ay müddətində borcunu qaytarmağı öhdəsinə götürsə də, öhdəliyini pozmuşdur. Həmin müqavilədə borcun məbləği 45100 manat göstərilmiş, digər Cavabdeh2 da imzası ilə borcun etirafını təsdiq etmişdir. Cavabdeh1 iddiaçıya borclu olmasını Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılarkən də etiraf etmişdir. Araşdırma zamanı Cavabdeh1 etiraf etdiyi borcun məbləği 41100 manat olsa da, iddiaçının izahatından görünür ki, bundan əlavə, o, cavabdehə 4000 manat da pul vermişdir.
17. Cavabdeh1 iddiaçıya 35100 manat məbləğində borcunun olduğunu bildirsə də, iddiaya etirazın əsasları kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 İddiaçı olan borcunun məbləğinin 45100 manat olması barədə düzgün nəticəyə gəlmişdir.
18. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 ilə İddiaçı arasında borcun etirafı müqaviləsindən irəli gələn münasibətlər olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə Mülki Məcəllənin borc müqaviləsi ilə bağlı normaları tətbiq olunsa da, bu, düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnməmişdir.
19. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri əsassız olduğuna və birinci instansiya məhkəməsi tərəfindən mahiyyətcə düzgün qərar qəbul olunduğuna görə apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
20. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1941/2022 saylı iş üzrə 26 aprel 2022-ci il tarixli qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.