Məhkəmə qərarları › İş №2(103)-6250/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6250/2025

21.01.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6250/2025 21.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (X11) cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X10 cəlb edilməklə) mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, İddiaçı (X11) və üçüncü şəxs X6 iştirakları ilə, İddiaçı (X11) cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X10 cəlb edilməklə) “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, 2(007)-2122/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARİ 1.İddiaçı (X11) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 21 saylı evin 35 saylı mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Oruc oğlunun vəfat etməsi nəzərə alınmaqla onun cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, həyat yoldaşı X10 ilə xx.xx.2024-cü il tarixdə 4 saylı Bakı Asan Xidməl X4 rəsmi nikaha daxil olmuşlar, bu barədə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətini ərizəsinə əlavə etmişdir. Həyat yoldaşı X10 ünvan 1 ünvanda rəsmi qeydiyyatdadır. Lakin cavbadehlər Cavabdeh1, Cavabdeh2 Oruc oğlu, Cavabdeh2 və Cavabdeh3 onu həmin mənzilə köçüb, həyat yoldaşı ilə birlikdə yaşamasına imkan vermirlər. O, hal-hazırda orda-burda yaşayır. Bu da onun vəziyyətinin və sağlamlıq durumunun pisləşməsinə gətirib çıxarır. Buna görədə mənzilə köçürülmə tələbi ilə əlaqədar məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-2122/2025 saylı qətnaməsi ilə iddia təmin edilərək, X11 (İddiaçı) ünvan 2 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir.

3. Məhkəmə qeyd etmişdir ki, sözügedən mənzilin X6 xüsusi mülkiyyətində olması faktı işin mübahisəsiz halıdır. Belə ki, həmin mənzil xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh2 Oruc oğlu tərəfindən X9 bağışlanmışdır. X11 isə X10 ilə xx.xx.2024cü il tarixdə rəsmi qeyd etdirməklə nikaha daxil olmuşlar. Cavabdehlər isə həmin mənzildə qeydiyyatda olmaqla, yaşayırlar. Hazırda iddiaçı həmin yaşayış sahəsinə köçürülməsini xahiş edir və mənzilin mülkiyyətçisi X10 iddiaçının ona məxsus mənzilə köçürülməsinə etiraz etmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisəli yaşayış sahəsinə köçürülməlidir. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 152.1, 152.2, 152.5, 228.5-ci maddələri; Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZİN DƏLİLLƏRİ

4. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, 2(007)-2122/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı X10 uzun müddətdir ki, mübahisəli mənzili atıb getmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 isə uzun müddətdir ki, mübahisəli mənzildə yaşayırlar. Cavabdeh1 01 avqust 2025-ci il tarixdə axşam saatlarında işdən evə qayıdarkən mənzilin giriş qapısının sındırılmasının və içəridən bağlanmasının şahidi olmuşdur. O, nə qədər cəhd etsə də, 1992-ci ildə qeydiyyatda olmaqla yaşadığı mənzilə daxil ola bilməmişdir və sonda küçədə qalmışdır. Bununla əlaqədar olaraq, DİN 102 Qaynar Xəttinə müraciət etmişdir. Bundan sonra, X3 ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək onun Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 21 saylı evin 35 saylı mənzilinə sərbəst giribçıxmağına və yaşamağına maneələrin yaradılmasıda müəyyən hərəkətləri etməyi iddiaçı X9 qadağan edilməsi, həmçinin mübahisə predmetinə aid müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş edtmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16(007)- 227/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iddiaçı Cavabdeh2 oğlu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma» tələbinə dair 2(007)-191/2025 nömrəli mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, Bakı şəhəri,Nizami rayonu, C.Naxçıvanski küçəsi, 21 saylı evin 35 saylı mənzilinə X3, Cavabdeh2 və Cavabdeh3 giriş-çıxışına və yaşamalarına maneələr yaradılması X9 və üçüncü şəxslərə qadağan edilməsi qərara alınmışdır. Qeyd edirik ki, X10 mütəmadi olaraq X2 qarşı zorakılıq etmiş, onu ölümlə hədələmişdir. Dəfələrlə mənzilin su xəttini çöldən kəsməklə mənzilə suyun verilməsinə maneələr göstərmiş, mənzidə təbii qazın kranlarını açıq qoymaqla problemlərin yaranmasına cəhdlər etmişdir. Beləliklə, ailə ümumiyyətlə münaqişəli ailə kimi polis orqanlarında qeydiyyata alınmışdır. Belə olan halda, iddiaçı Cavabdeh2 oğlu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma» tələbinə dair 2(007)-191/2025 nömrəli mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək onların bir yerdə yaşaması mükün deyildir. Belə ki, əgər Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli,16(007)- 255/2025 saylı qərardadı icra olunarsa, mənzildə arzuolunmaz bədbəxt hadisələrin baş verməsi qaçılmazdır. Göründüyü kimi, iddiaçı Korotiç Allanın əri X6 özü mübahisəli mənzildə yaşamır. İddiaçı Korotiç Allanın əri X10 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma» tələbinə dair 2(007)-191/2025 nömrəli mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatındadır. Qeyd edilir ki, mənzil 3 otaqdan ibarətdir və belə olan halda, iddiaçı Korotiç Allanın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə mübahisəli mənzidə birlikdə yaşaması qeyri-mümkündür. Belə ki, sözügedən məhkəmə qətnaməsi icra olunarsa, mənzildə arzuolunmaz bədbəxt hadisələrin baş verməsi qaçılmazdır. Beləliklə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-191/2025 saylı iş üzrə çıxaracağı qətnamə qanuni qüvvəyə minənədək iddiaçı Korotiç Allanın mübahisəli mənzilə köçürülməsi icra olunmamalıdır.

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnamsənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Y.Veyisov apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnamsənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2722/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 Oruc oğlunun cavabdeh X9 qarşı bağışlama müqaviləsindən imtina edilməsi tələbinə dair iddiası rədd edilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-2336/2025 saylı qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2722/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. İş materiallarından müəyyən edilir ki, X1 Təranə Qayibxan qızı, Cavabdeh3 və Korotiç Alla ünvan 2 ünvanında qeydiyyatdadırlar.

11. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh2 Oruc oğlu xx.xx.2025-ci il tarixdə vəfat etmişdir.

12. AZ-İİ seriyalı, 630522 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə X11 xx.xx.2024-cü il tarixdə 4 sayıl Bakı Asan xidmət mərkəzində qeydiyyat şöbəsində 980 nömrə ilə qeyd edilməklə nikaha daxil olmuşlar.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

14. Məhkəmə kollegiyası qeyd edir ki, iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

15. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

16. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 165. Sahibliyin pozulması 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

18. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

19. Məhkəmə Kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Sözügedən mənzilin X6 xüsusi mülkiyyətində olması faktı işin mübahisəsiz halıdır. Belə ki, həmin mənzil xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh2 Oruc oğlu tərəfindən X9 bağışlanmışdır. İddiaçı (Petrovna) isə X10 ilə xx.xx.2024-cü il tarixdə rəsmi qeyd etdirməklə nikaha daxil olmuşlar. Cavabdehlər isə həmin mənzildə qeydiyyatda olmaqla, yaşayırlar. Hazırda iddiaçı həmin yaşayış sahəsinə köçürülməsini xahiş edir və mənzilin mülkiyyətçisi X10 İddiaçı (Petrovnanın) ona məxsus mənzilə köçürülməsinə etiraz etmir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mübahisəli yaşayış sahəsinə köçürülməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə Kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, cavabdeh hər-hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Əlavə olaraq, qeyd olunmalıdır ki, cavabdehlərin sözügedən mənzildə qeydiyyatda olmaqla yaşamaları iddiaçının qeyd olunan yaşayış sahəsinə köçürülməsinə maneə ola bilməz. O cümlədən, nəzərə alınmalıdır ki, iddiaçı qeyd olunan ünvanda pasport qeydiyyatındadır. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, cavabdehlər mübahisə predmeti olan yaşayış evinə iddiaçının köçməsinə maneə yaratdığına görə, o, məhkəməyə müraciət etməli olmuşdur.

20. Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatlarını və təqdim edilmiş sübutları araşdıraraq aşağıdakı qənaətə gəlir. Mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyət hüququ 3-cü şəxs Y.Veyisova məxsusdur. İddiaçı 3-cü şəxslə rəsmi nikahdadır, nikahın xx.xx.2024-cü il tarixdə bağlanması müvafiq sənədlərlə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri, o cümlədən arvad, həmin yaşayış sahəsindən istifadə etmək hüququna malikdirlər. Eyni zamanda Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə, mülkiyyətçinin ailə üzvləri yaşayış sahəsindən bərabər əsaslarla istifadə edirlər. Məhkəmə kollegiyası müəyyən edir ki, iddiaçı ailə üzvü statusuna malik olmaqla, mübahisəli mənzildən istifadə etmək hüququ qanundan irəli gəlir və bu hüquq ayrıca müqavilə ilə təsbit edilməsə belə, qorunur.

21. İş üzrə müəyyən edilmişdir ki, cavabdehlər iddiaçının göstərilən mənzilə köçürülməsinə faktiki maneələr yaratmış, onun yaşayış hüququnun həyata keçirilməsinə əngəl törətmişlər. Həmin şəxslərin mənzildə yaşaması üçün iddiaçının istifadə hüququnu istisna edən və ya məhdudlaşdıran hər hansı məhkəmə qərarı və ya qanuni əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən, hüququ pozulan şəxs bu pozuntuların aradan qaldırılmasını tələb edə bilər (həmçinin mülkiyyətdən məhrumetmə ilə bağlı olmayan pozuntular zamanı əmlakdan istifadəyə maneələrin aradan qaldırılması).

22. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin iddiaçının yaşayış sahəsindən istifadə hüququna maneə yaratması qanunvericiliyin tələblərinə ziddir və iddiaçının ailə üzvü kimi qanuni hüquqlarını pozur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mənzilə köçürülməsi mülkiyyət hüququnun məhdudlaşdırılması hesab edilmir və mülkiyyət hüququnun mahiyyətinə xələl gətirmir.

23. Beləliklə, Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.

24. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2122/2025 saylı, 22 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar