Məhkəmə qərarları › İş №2(103)-6253/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6253/2022

07.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6253/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 506a saylı bağ sahəsi 0.06 ha hissəsi, Xətai rayonu, Sarayevo küçəsi, ev 19, mənzil 46, ünvan 1 ünvanında yerləşən doqquz mərtəbəli binanın birinci mərtəbəsindəki ümumi sahəsi 51.2 kv.metr olan qeyriyaşayış sahəsi üzərində onun 2/4 hissədə vərəsəlik hüququnun tanınması və qeyd olunan miras əmlakda payının müəyyən olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli qərardadı ilə (hakim P.Zamanlı, iş № 2(011)-2084/2022) iş üzrə icraata xitam verilmişdir. İddiaçı şikayət verərək qərardadın ləğv olunmasını və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, vərəsələr arasında mirasın bölüşdürülməsi ilə bağlı mübahisə vardır. Belə ki, bu səbəbdən 18 saylı notariat kontoru iddiaçıya fikir ayrılığı olduğuna görə mirasın notarial qaydada bölünməsinin mümkün olmadığına dair məktub verərək, məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Cavabdeh2 Abdulla qızı mirasın bərabər paylara bölünməsini tələb etdiyi üçün notarial qaydada bölünmə mümkün hesab olunmamışdır. O, mirasın 4 yerə bölünməsini tələb edir, iddiaçı isə mərhumla birgə nikahda olduqları üçün əmlakın yarısına və yerdə qalan hissəsinə vərəsə olduğunu iddia edir. Bu hal özü mübahisə yaratdığından notarius əmlakı bölməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmalı və Xətai Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir (MPM-in 261.0.1-ci maddəsi). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarına əsasən miras əmlak vərəsələrin vərəsəlik hüququnu təsdiq edən sənədin (vərəsəlik şəhadətnaməsinin) alınması məcburi olan hallarda, notarial bölgü yolu ilə bölüşdürülür. Bu bölgüdən yalnız iki şərt olduqda istifadə olunur: vərəsələr arasında miras əmlakın bölüşdürülməsi barədə mübahisə olmamalı; mirasa elə bir əmlak daxil olmalıdır ki, bu əmlakın əldə edilməsi notariat kontorunun vərəsəlik şəhadətnaməsi olmadan qeyri-mümkün olsun. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Qeyd edilən müddəaya və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə miras əmlakın məhkəmə qaydasında bölüşdürülməsinin yeganə şərti miras şərikləri (vərəsələr) arasında bölgü ilə bağlı mübahisənin olmasıdır. Belə mübahisə olmadıqda isə miras paylarının müəyyən edilməsi notariat tərəfindən həyata keçirilir. ünvan 2 ünvanlanmış məktubda qeyd edilir ki, vərəsələr arasında mirasın bölüşdürülməsi ilə bağlı fikir ayrılıqları olduğuna görə notararial qaydada həmin mirasın bölünməsi mümkün deyildir. Bu səbəbdən də məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Göründüyü kimi, mirasın bölüşdürülməsi ilə bağlı tərəflər arasında razılıq olmamış, notarius bu səbəbdən mirasa payların müəyyən edilməsindən imtina etmiş, iddiaçıya bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Birinci instansiya məhkəməsi vərəsələr arasında iddiada göstərilən miras əmlakın bölüşdürülməsilə bağlı mübahisənin olması iş materialları ilə müəyyən edilmədiyinə əsaslanaraq hazırkı iddia tələbinə məhkəmədə baxıla bilmədiyi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verməklə qanuni və əsaslı nəticəyə gəlməmişdir. Ona görə də qərardad ləğv edilməli, iş məhkəmə baxışının davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli qərardadı ləğv edilsin. İş məhkəmə baxışının davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar