Məhkəmə qərarları › İş №2(103)-6254/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6254/2022

07.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6254/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək hərbi-həkim komissiyası tərəfindən döyüşdə yaralanması barədə xx.xx.1994-cü il tarixində verilmiş arayışın, 16 mart 1992-ci ildən N saylı hərbi hissədə qulluq etməsi və iş yerində vəzifəsinin və əmək haqqının saxlanılması barədə N saylı hərbi hissə komandiri tərəfindən N iyul 1992-ci il tarixli arayışın, 16 mart 1992-ci ildən 10 iyul 1995-ci ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarında qulluq etməsi, Nazirlər Kabinetinin 131 saylı qərarında göstərilmiş bütün imtiyazların ona şamil edilməsi barədə N saylı hərbi hissə komandiri tərəfindən verilmiş arayışın, aldığı baş beyin sirkələnməsi ilə əlaqədar hərbi hospitala göndərilməsi barədə N saylı hərbi hissə tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli ezamiyyət vərəqəsinin xx.xx.1961-ci ildə anadan olan Ərizəçi məxsus olması hüquqi əhəmiyyətli faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5144/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə (hakim İ.Əliyev, iş № e-2(001)-5144/2022) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.5-ci maddəsinə istinad etməklə ərizənin icraata qəbulundan imtina edilmişdir. Ərizəçi qərardaddan şikayət vermiş və şikayətini onunla əsaslandırmışdır ki, onun əvvəlki ərizəsinə mahiyyəti üzrə baxılmamışdır, o, sadəcə nöqsanları aradan qaldırıb yenidən müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin N avqust 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5144/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi ərizəni geri qaytararkən qeyd etmişdir ki, iddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-43N/2022 saylı, 17 iyun 2022-ci il tarixli qərardadından görünür ki, ərizəçi hərbi-həkim komissiyası tərəfindən döyüşdə yaralanması barədə xx.xx.1994-cü il tarixində verilmiş arayışın, 16 mart 1992-ci ildən N saylı hərbi hissədə qulluq etməsi və iş yerində vəzifəsinin və əmək haqqının saxlanılması barədə N saylı hərbi hissə komandiri tərəfindən N iyul 1992-ci il tarixli arayışın, 16 mart 1992-ci ildən 10 iyul 1995-ci ilədək Azərbaycan silahlı qüvvələri sıralarında qulluq etməsi, Nazirlər Kabinetinin 131 saylı qərarında göstərilmiş bütün imtiyazlarına şamil edilməsi barədə N saylı hərbi hissə komandiri tərəfindən verilmiş arayışın, aldığı baş beyin sirkələnməsi ilə əlaqədar hərbi hospitala göndərilməsi barədə N saylı hərbi hissə tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli ezamiyyət vərəqəsinin xx.xx.1961-ci ildə anadan olan Ərizəçi oğlna məxsus olması hüquqi əhəmiyyətli faktının təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbulundən imtina edilmişdir. Göstərilən qərardadda ərizənin qəbulundan imtinanın əsasları barədə ərizəçiyə kifayət qədər ətraflı məlumat verilmişdir. Göründüyü kimi, ərizəçinin eyni məzmunlu ərizəsinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 43N/2022 saylı, 17 iyun 2022-ci il tarixli qərardadı ilə ərizənin icraata qəbulundan imtina edilmiş və ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olması barədə məlumat verilmişdir. Lakin ərizəçi məhkəmə qərardadını nəzərə almadan yenidən eyni əsaslarla məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd edilən əsasla ərizəni geri qaytarmaqda haqlı olmuşdur. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Binəqədi Rayon Məhkəməsi bundan əvvəl eyni məzmunlu ərizəni icraata qəbul etməkdən imtina edərkən 17 iyun 2022-ci il tarixli qərardadında ərizəçiyə aydın şəkildə izah etmişdir ki, veteran adının və statusunun verilməsi ilə bağlı sənədləri Müdafiə Nazirliyinə təqdim etməli və müraciəti təmin olunmadığı təqdirdə inzibati orqan sayılan Müdafiə Nazirlyinin qərarından və hərəkətindən (hərəkətsizliyindən) İnzibati Prosessual Məcəllə ilə müəyyən edilmiş qaydada inzibati məhkəməyə müraciət etməlidir. Buna baxmayaraq, ərizəçi Müdafiə Nazirliyinə müraciəsindən sonra inzibati məhkəməyə deyil, yenidən ümumi məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar