Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6260/2025 19.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə və Əhməd Bakıxanov adına 6 saylı Uşaq Musiqi Məktəbinə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, maddi və mənəvi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “işə bərpa və sair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məmmədova Lalə Elxan qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-1355/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə və Əhməd Bakıxanov adına 6 saylı Uşaq Musiqi Məktəbinə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, maddi və mənəvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində cavabdehlərin keçirdiyi xx.xx.2025-ci il tarixli attestasiya qanunvericiliyə zidd hesab edilərək nəticələrinin ləğv edilməsi, onun işdən azad olunmasına dair Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Əhməd Bakıxanov adına 6 saylı Uşaq musiqi məktəbinin direktor vəzifəsini müvəqqəti olaraq icra edən Gülnarə Səfərovanın imzaladığı 08 aprel 2025-ci il tarixli əmrin ləğv edilməsi, onun müəllim vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehlərdən tutularaq ona ödənilməsi, 1000 manat mənəvi ziyan üçün, 1000 manat maddi ziyan üçün kompensasiya cavabdehlərdən tutularaq ona ödənilməsi, 300 (üç yüz) manat hüquqi xidmət xərci, 50 manat dövlət rüsumu, 60 manat mediasiya xərci, cəmi 410 manat məhkəmə xərcinin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi belə əsaslandırılmışdır ki, onunla Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Bakı Şəhər Mədəniyyət Baş İdarəsi arasında 29 sentyabr 2010-cu ildə əmək müqaviləsi bağlanmış və həmin müqavilə əsasında o, 29 sentyabr 2010-cu il tarixindən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə musiqi müəllimi vəzifəsinə təyin olundu. Həmin tarixdən xx.xx.2025-ci il tarixinə qədər həmin vəzifədə çalışırdı lakin, 08 aprel 2025-ci il tarixində əmək müqaviləsinə Əhməd Bakıxanov adına 6 saylı Uşaq musiqi məktəbinin direktor vəzifəsini müvəqqəti olaraq icra edən Gülnarə Səfərovanın əmri ilə Əmək Məcəlləsinin 70- ci maddəsinin “c” bəndinə əsasən qanuna zidd olaraq xitam verildi. Belə ki, 2024-cü ilin dekabr ayında müəllim kollektivinə, müəllimlər arasında planlanmış “attestasiya imtahanı” keçiriləcəyi barədə məlumat verildi. Mədəniyyət Nazirliyinin tabeliyində uşaq musiqi və incəsənət məktəblərinin fortepiano ixtisası üzrə təhsil verilənlərin attestasiya proqramı adlı sənəd müəllim kollektivinə verildi. Həmin sənəddə attestasiya proqramı, dərslik, əyani musiqili fortepiano üzərində ifa və sair tələblər qeyd olunmuşdur. Lakin, xx.xx.2025-ci il tarixində keçirilmiş attestasiya imtahanında, bu yuxarıda sadalananların heç biri imtahan suallarına aid edilmədi. Verilən kənar suallara da, kafi cavab versə də münsif heyyəti qərəzli olaraq hamısına “YOX elə deyil” cavabı səsləndirirdilər. Musiqili əsərin ifasına keçid edərkən, ilk notların səsləndirilməsində kənar bərkdən “gülüş” səsləri ilə, “UJAS” sözü ilə ifası dayandırıldı. O, müvafiq qaydalara uyğun olaraq əsəri not dəftərindən ifa etməyə başlamış və yenə də digər komissiya üzvlərinə ona aşağılayıcı sözlər deyərək onun təntiyərək dayanmağına səbəb oldular. Nəzərə çatdırmaq istərdi ki, o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini “Fərqlənmə” ilə bitirmiş, işdən azad olunana qədər qüsursuz və peşəkar 15 illik musiqi müəllimi peşə fəaliyyəti olmuşdur. Ardıyca münsiflərdən biri olan Nigar Məlikova ondan Bethovenin Sonatalarını soruşmuş, cavabında sonataları adlarıyla sadalamışdır. Sonra başqa bir komissiya üzvü “Bethoven 21-ci sonatasını kimə həsr edib?” soruşmuşdur. O da əzbər biliyi bu cavabı vermişdir ki, “Bethoven 21-ci sonatasını Avrora Yunan ilahəsinə həsr edib” demişdir. Yenə də Nigar xanım “bu suala da doğru cavab vermədi” dedi… Beləcə bütün imtahan boyu davam edirdi. O, elə bir süni gərgin atmosfer yaratmışdı ki, o, doğru bildiyi cavablara belə tərəddüdlə cavab verirdi. Sonra Nigar xanım ondan Azərbaycan bəstəkarlarından “kimləri tanıyırsan?” deyə soruşdu. O da dahi Üzeyir Hacıbəyov, Fikrət Əmirov və s. tanınmış bəstəkarları sadalayırdı ki, yenə Nigar xanım sözünü kəsərək demişdir ki, “yox o mənada soruşmuram”. O onun hansı mənada soruşduğunu dəqiqləşdirmək istədiyini soruşmuş və cavabında Nigar xanım demişdir ki, “Fikrət Əmirovun uşaq suitasi haqqında danış”, o, cavab vermişdir ki, Fikrət Əmirov uşaq suitasi yazmayıb, uşaqlar uçun 12 miniatur yazıb, uşaq pyesləri yazıb, uşaq suitasini isə Asəf Zeynallıya aiddir. Bu cavabı Nigar xanımı daha da hiddətləndirmişdir. Artıq ona hər şey aydın idi, əmin olmuşdur ki, attestasiyadan öncə hazırda məktəbin direktoru vəzifəsini icra edən Səfərova Gülnara xanımın dedikləri doğru imiş. Bütün doğru cavablarına səhv deyildiyi üçün artıq attestasiya komissiyasına inamı da itmiş, tam həvəsdən düşmüş və sonuncu suala artıq cavab belə vermək istəməmiş, hansı ki, cavabını əzbər bilirdi. Sağollaşıb zalı tərk etmişdir. Komissiya işinin sonunda onu təkrar zala dəvət edib bildirmişlər ki, kəsilmiş və orada olan bir sənədə imza atmağını istəmişlər. O, hansı əsasla onu uyğunsuz hesab etdiklərini sual etmiş, heç bir cavab verməmişlər. O da onların tələb etdiyi sənədə imza atmaqdan imtina etmişdir. Tam qanuna müvafiq olaraq attestasiya imtahanının fərqli tərkib ilə keçirilməsi üçün Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Naziri cənab Adil Kərimliyə xx.xx.2025-ci il tarixli müraciət ünvanlasa da, hələ də nəticə əldə edə bilməmişdir”. Hesab edirlər ki, cavabdehin, iddiaçının işdən azad edilməsi barədə xx.xx.2023-cü il tarixli əmr də əmək qanunvericiliyin tələblərinə ziddir, ona görə də həmin əmr ləğv edilməli o, işinə bərpa olunmaldıır. Hesab edirlər ki, həmin əmrin verilməsinə səbəb Əhməd Bakıxanov adına 6 saylı Uşaq musiqi məktəbinin direktor vəzifəsini müvəqqəti olaraq icra edən G.Səfərovanın ona qarşı olan şəxsi qərəzliyi olmuşdur. Məhz buna dair sübutları məhkəməyə təqdim olunacaq. Bundan başqa hesab edirlər ki, həmin əmr verilərkən Əmək Məcəlləsinin 65-ci maddəsinə müvafiq olaraq işçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri kobud şəkildə pozulmuşdur. Yuxarıda qeyd olunan maddələrə əsasən, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə işə müddətsiz olaraq müəllim vəzifəsinə qəbul olunmuş, 15 il iş stajı ilə fəaliyyət göstərən, qüsursuz pedaqoq İddiaçı attestasiyadan keçmədiyi əsası ilə işdən azad olunması absurd görsənməkdədir. Bundan başqa ona qarşı Atestasiya vaxtı səgilənmiş hərəkətlər də təsdiq edir ki, əslində məqsəd onu bir mənalı olaraq imtahandan keçirməmək olub. Məhz attestasiyadan əvvəlki günlərdə Əhməd Bakıxanov adına 6 saylı Uşaq musiqi məktəbinin direktor vəzifəsini müvəqqəti olaraq icra edən G.Səfərovanın ona qarşı olan şəxsi qərəzliyi də bunu təsdiq etdiyi kimi, eyni zamanda, attestasiya vaxtı çəkilmiş video görüntü də bunu sübut edir. Bundan başqa yuxarıda sadalanan normalardan da məlum olduğu kimi, müəllim və Pedaqoqlar “Sertifikasiya” imtahanı keçirilir – “Attestasiya” deyil. Və o cümlədən, “Sertifikasiya” imtahanı ilk dəfə keçirilməsi, biləxsus da, 15 il iş təcrübəsi olmuş, Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin “Fərqlənmə” ilə bitirmiş müəllimi üçün şərtdir, təbii ki, attestasiya deyil. O cümlədən növbəti hüquq pozuntusu ondan ibarətdir ki, 29 sentyabr 2010-cu ildə İddiaçı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Bakı Şəhər Mədəniyyət Baş İdarəsi əmək müqaviləsi bağlansa da, 08 aprel 2025-ci il tarixində əmək müqaviləsinə Əhməd Bakıxanov adına 6 saylı Uşaq musiqi məktəbinin direktor vəzifəsini müvəqqəti olaraq icra edən Gülnarə Səfərovanın əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən qanuna zidd olaraq xitam verildi. Bir halda ki, 6 sayılı Uşaq musiqi məktəbi ilə onun arasında heç bir əmək müqaviləsi imzalanmamışdır. 2024-10-14 tarixində iddiaçının razılığı olmadan, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ilə bağlanmış olan əmək müqaviləsinə dəyişiklik edilib. Bu barədə müvəkkili peşəkar hüquq xidmətinə müraciət etdiyi zaman, ƏMAS – e.sistemə giriş edərkən müəyyən olunmuşdur. Bu fakt özü kobud surətdə Qanunu və Əmək Məcəlləsinin müvafiq maddələrini pozmaqdadır. Məlum olduğu kimi, cavabdeh təkcə işçinin əmək şəraitinin şərtlərindən olan əmək haqqını tək tərəfli olaraq, yəni onun razılığı olmadan dəyişib. Qalan şərtlər olan iş və istirahət vaxtı, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması kimi şərtləri isə dəyişməyib. Qanun tələbinə görə, ancaq Qanunda göstərilən əmək şəraitinin şərtləri bir tərəfli qaydada dəyişdirilə bilər, digər şərtlərin dəyişməsi üçün isə işçinin də buna razı olması lazımdır. Məhz ƏM-nin 54-cü maddəsinin 2-ci bəndi deyir ki, bu Məcəllə ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Məlum olduğu kimi, cavabdeh ƏMnin 54-cü maddəsinin 2-ci bədini pozub. Məlum olduğu kimi, işçiyə heç bir yazılı məlumat verilmədiyi kimi, onun başqa işə keçirilmə imkanları da araşdırılmadan cavabdeh işçinin əmək müqaviləsini ləğv edib. Hesab edirlər ki, bu kobud qanunvericilik pozuntusudur. Bundan əlavə olaraq bir halda ki, işçi yeni iş yeri ilə əvəz olunaraq yeni şəraitdə (bundan xəbərsiz olduğu halda da belə) Əmək Məcəlləsinə müvafiq olaraq “Attestasiya” imtahanının keçirilməsi qanunsuzdur. Belə ki, Əmək Məcəlləsinin 66-cı maddəsinə əsasən attestasiya olunmayan işçilər: - bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər. Bu o deməkdir ki, Əmas -e. sistemi üzərinədə QANUNSUZ yollar ilə dəyişiklik olmuş olsa da, həmin 2024-10-14 tarixli “Əmək müqaviləsi” əsas verir ki, həmi “yeni” iş yeri üzrə işçi minimum 1 il iş fəaliyyətində olmuş olmalıdır. Lakin, onun “yeni iş yeri” üzrə fəaliyyəti cəmi 5 ay təşkil etmişdir. Bu isə “attestasiya” imtahanının keçirilməsini mümkünsüz edir. O, məhkəməyə iddia ərizəsi verməzdən əvvəl mediasiyaya müraciət etmiş, lakin cavabdeh mediasiya iclasında iştirak etməmişdir. Bu səbəblə ona xx.xx.2025ci tarixli mediasiya arayışı verilmişdir. Qeyd edir ki, onun 2 az yaşlı övladı var və qanunsuz işdən çıxarılması ilə ailə şəraitinin pisləşməsi zəmnində səhhətində, psixologiyasında ciddi problemlər əmələ gəlmiş, mənəvi olaraq sarsıntı və iztirab keçirmişdir. Bununla əlaqədar o, peşəkar həkim müayinəsi və müalicəsi almaqdadır. Qeyd etməlidirki, o, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Əhməd Bakıxanov adına 6 saylı Uşaq musiqi məktəbinin direktor vəzifəsini müvəqqəti olaraq icra edən G.Səfərovanın qanunsuz hərəkətləri səbəbi ilə mənəvi olaraq sarsıntı keçirmiş, mənəvi ziyana məruz qalmışdır. Bundan başqa qeyd etməlidir ki, cavabdeh Bakı Şəhər Mədəniyyət Baş İdarəsi həm də qanunvericiliyə əsasən digər cavabdehlər üzərində nəzarət funksiyasını layiqincə yerinə yetirmədiyi üçün onun əmək hüquqları kobud şəkildə pozulub. Bu səbəbə hesab edir ki, hər üç cavabdeh ona qarşı son əmək hüquqlarının pozuntusundan məsuliyyət daşıyır. Onu da qeyd edir ki, iddiaçının öz şəxsi vəsaiti hesabına satın alınmış fortepiano da ona geri verilməyərək, ona maddi ziyan da vurulmuşdur. Bu səbəblə iddiaçı cavabdehlərdən maddi və mənəvi ziyana görə kompensasiya da tələb edir.
3. Səbail Rayon Məhkəməsinin 2(009)-1355/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Rəna Qafarova) ilə iddia tələbi təmin edilməmişdir.
4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. İddiaçı apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, rayon məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarında pozuntuya yol verillmiş, nəticədə əsassız qətnamə qəbul edilmişdir. İddia ərizəsinə əlavə edilmiş attestasiyanın video görüntülərindən də görünür ki, attestasiya zamanı iddiaçıya qərəzli yanaşılmış, məqsəd onu işdən kənarlaşdırmaq olmuşdur. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş edərək bildirdi ki, komissiya üzvləri onun verdiyi cavabları yarımçıq kəsərək, müdaxilə edərək ona psixoloji təzyiq göstərmiş, attestasiya zamanı o, həyəcanlı olmuşdur. Komissiya üzvlərinin ona qarşı qərəzli münasibətləri onun həyəcanını daha da artırmışdır.
7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi və göstərdi ki, attestasiya zamanı pozuntulara yol verilmiş, nəticədə iddiaçı əsassız olaraq işdən azad edilmişdir. Attestasiya prosesinin video görüntülərindən də bunu görmək olar. Komissiya üzvünün attestasiya zamanı iddiaçı fortepianoda çalarkən “ujas” deyərək, ona “basqı” etməsi iddiaçının özünü itirməsinə, bildiklərini də unutmasına səbəb olmuşdur. Odur ki, təkrar attestasiya keçirilməsini və ya iddiaçının başqa bir məktəbdə ixtisasına uyğun işlə təmin edilməsini xahiş edirlər.
8. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, bildirdi ki, 6 nömrəli Uşaq Musiqi Məktəbi hazırda ləğvetmə prosesindədir, 6 və 12 saylı Musiqi Məktəbləri birləşdirilir. Buna görə də iddiaçının həmin məktəbdə işə bərpa olunması mümkün deyil. Video görüntülərdə iddiaçının həddən artıq emosional qeyri-stabillik nümayiş etdirdiyi, fortepianoda peşəkarcasına və səlist ifa edə bilmədiyi, özünün bacarığını, biliyini göstərə bilmədiyi açıq aşkar görünür. Attestasiyanın yalnız bir dəfə keçirilməsi nəzərdə tutulmuşdur, iddiaçı üçün təkrar attestasiya keçirilməsinə hər hansı əsas yoxdur. Odur ki, şikayətin təmin edilməməsini, rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Sübutların tədqiqi:
9. Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2024-cü il tarixli, 102 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsini rəhbər tutaraq Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimlərinin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olub-olmamasının müəyyənləşdirilməsi, işçilərin həvəsləndirilməsi, ixtisasının və əməyin ödənilmə dərəcələrinin verilməsi, artırılması və aşağı salınması, attestasiyadan keçmiş işçinin fəaliyyətinin yaxşılaşdırılması məqsədi ilə Attestasiya Komissiyasının Əsasnaməsinin təsdiq edilməsi və s. barədə əmr edilmişdir.
10. Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin xəbərdarlıq bildirişindən görünür ki, İddiaçı attestasiya olunacaq işçilər kateqoriyasına aid olması barədə ona xəbərdarlıq edilmişdir.
11. 10.01.2025-ci il tarixli İddiaçı attestasiya vərəqəsinin surətindən görünür ki, attestasiyadan keçən şəxsə verilən suallar və cavablar - Əsərin ifası və təhlili: L.V.Bethoven Sonata № 14 (1 hissə). İfa edə bilmədi; Qammanın ifası: gis moll. İfa edə bilmədi; Üzdən oxuma: F.Əmirov “12 miniatür” məcmuəsindən Yumereska. İfa edə bilmədi; LV.Bethovenin hansı sonataları ikihissəlidir: Cavab verə bilmədi; 1-ci sinif şagirdləri ilə necə işləyirsiz: Zəif cavab verdi; Əlin düzgün quruluşunu necə qoyursuz: Zəif cavab verdi; Yuxarı sinif şagirdinə əsərləri necə tədris edirsiz: Cavab verə bilmədi; Tədris prosesində hansı Azərbaycan bəstəkarlarının məcmuələrindən istifadə edirsiz: “12 miniatür”. Cavab verə bilmədi; Lya major qammasında neçə işarə var: Cavab verə bilmədi; Lya majorun parallel minoru hansıdır: Cavab verə bilmədi; Səsin əsas ölçüləri hansılardır: bütöv, yarım, çərək, səkkizlik, onaltılıq. Orta cavab verdi. Keçirilmiş attestasiya nəticəsində lehinə 1, əleyhinə 4 səs verilmiş və ixtisas fənnini tədris etməməyi tövsiyə edilmişdir. 08 aprel 2025ci il tarixli 67 nömrəli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır.
12. Bakı şəhər Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli, 6 nömrəli qərarından görünür ki, Bakı şəhər Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin attestasiya komissiyasının iclasına dair 1№li protokolundan görünür ki, həmçinin fortepiano müəllimi İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilmir.
13. Bakı şəhər Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli, 6 nömrəli qərarından görünür ki, Bakı şəhər Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməməsi qərara alınmışdır.
14. Əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli, 67 nömrəli əmrdən görünür ki, Bakı şəhər Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı 08 aprel 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
15. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli 6\1 №li qərarı ilə təsdiq edilmiş Uşaq, musiqi, incəsənəd və rəssamlıq məktəblərinin nümunəvi Əsasnaməsinin «Məktəbin idarə olanması» adlanan 7-ci bölməsinin direktorun icra etdiyi vəzifələri özündə əks etdirən 7.2-ci bəndində onun müəllimləri Nazirliyin pedaqoji kadrların mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə müsabiqə komissiyasının qərarı əsasında işə qəbul və qanuna müvafiq qaydada işdən azad edilməsi kimi vəzifələrinin də olması qeyd edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 11. İşəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək, işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək, işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək, işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək, bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək, əmək kollektivi ilə və ya həmkarlar ittifaqları təşkilatı ilə kollektiv müqavilə bağlamaq və bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək, əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək, işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsilini təşkil etmək hüquqları vardır. Maddə 46.1. Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Maddə 65.1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Maddə 65.2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. Maddə 65.3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Maddə 65.4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. Maddə 65.5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Maddə 65.6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Maddə 65.7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. Maddə 67.1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 67.2. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Maddə 67.6. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83.2. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Maddə 83.3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Maddə 85.1. İşəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları, qərarları), habelə digər əmrləri (sərəncamları, qərarları) xüsusi kitab (jurnal) və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunun qeydiyyatını aparmalıdır. Uçot kompüter vasitəsi ilə aparılmırsa, qeydiyyat kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır.
2. İşəgötürən qeydiyyat kitabını xüsusi uçot sənədi kimi saxlamalı və aparılan qeydlər səliqə ilə həmin kitaba yazılmalıdır. Kitabdakı qeydlərin qaralanmasına, pozulmasına, səhifələrin cırılmasına, dəyişdirilməsinə yol verilmir.
3. Bu maddədə göstərilən sənədlərin uçotu və qeydiyyatı istər kompüter proqramları vasitəsilə, istərsə də əl üsulu ilə həyata keçirilərkən işəgötürən tərəfindən uçot sənədlərinin mühafizəsi təmin olunmalıdır. Maddə 87.5. İşəgötürən tərəfindən bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqq-hesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının: 2.1-ci maddəsinə attestasiyadan keçirilməzdən əvvəl zəruri hallarda attestasiyanın keçirilməsinin məqsəd, vəzifə və metodlarının izahının işçilərə çatdırılması üzrə tədbirləri özündə cəmləşdirən lazımi hazırlıq işləri görülməlidir. Bu işi müəssisənin struktur bölmələrinin rəhbərləri müvafiq həmkarlar təşkilatları ilə birlikdə, həmkarlar təşkilatı olmadıqda isə işəgötürən özü təşkil edir. 2.4-cü maddəsinə görə attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 2.6-cı maddəsinə görə attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
16. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
17. Maddə 9. Məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır.
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
21. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
22. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
23. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
24. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
28. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
31. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
32. Hazırkı işin faktiki hallarından göründüyü kimi, iddiaçı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Bakı Şəhər Mədəniyyət Baş İdarəsi arasında 29 sentyabr 2010-cu ildə bağlanmış əmək müqaviləsinə əsasən həmin tarixindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə musiqi müəllimi vəzifəsinə təyin olunmuş, 08 aprel 2025-ci il tarixində əmək müqaviləsinə Əhməd Bakıxanov adına 6 saylı Uşaq musiqi məktəbinin direktor vəzifəsini müvəqqəti olaraq icra edən Gülnarə Səfərovanın əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Əmrin verilməsinə əsas kimi Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli qərarı, qərarı əks etdirən attestasiya vərəqəsi və xx.xx.2025-ci il tarixli 1 №li protokol göstərilmişdir.
33. Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli qərarından görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixində attestasiyaya dəvət edilmiş, ona tutduğu vəzifəyə, əmək funksiyasına, ixtisasına dair yerinə yetirdiyi işlər və onların nəticələri barədə, həbelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar 9 ədəd sual verilmiş, o həmin suallardan 5-nə cavab verə bilməmiş, 4-nə qismən cavab vermişdir. Bununla yanaşı, iddiaçının praktiki biliklərinin yoxlanılması məqsədi ilə piano alətində hazırladığı əsəri L.V. Bethovenin 14 №li sonatasının İ hissəsini ifa edə bilməmiş, verilmiş gis minor qammasını ifa edə bilməmiş, üzdən oxuma üçün F.Əminovun «12 miniatür» məcmuəsindən «Yumoreska əsərinin ifa olunması təklif edilmiş, lakin iddiaçı həmin əsəri ifadə edə bilməmişdir. Qeyd edilən qərarla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 65-ci madəsinin 7-ci hissəsinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 №li qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 2.6-cı hissəsi rəhbər tutularaq iddiaçının tutduğu vəzifəyə uyğun hesab edilməməsi qərara alınmışdır.
34. Cavabdehin apellyasiya şikayəti üzrə əsas dəlili attestasiya komissiyasi üzvlərinin ona qərəzlə yanaşması, attestasiya zamanı psixoloji təzyiq göstərilməsidir.
35. Məhkəmə kollegiyası bu dəlillərlə bağlı qeyd edir ki, kollegiya tərəfindən attestasiyanın video görüntülərinə baxış keçirilmiş və cavabdehin apellyasiya şikayətində istinad etdiyi kimi attestasiya zamanı pozuntulara yol verilməsi, komissiya üzvlərinin iddiaçıya qarşı qərəzli yanaşması müşahidə edilməmişdir. Əksinə olaraq, attestasiya prosesi ərzində komissiya üzvlərinin dəfələrlə iddiaçı çox həyəcanlı olduğu üçün ona rahatlaşmağı, sakitləşməyi təklif etdikləri, iddiaçının öz bilik və bacarıqlarını nümayış etdirməsi üçün lazımi şərait yaradıldığı aydın görünür.
36. Hətta video görüntülərdən görünür ki, iddiaçı özünün sərbəst seçdiyi və əvvəlcədən hazırlaşdığı Bethovenin “Moonlight” (“Ayişığı”) Sonatasını nəzərdə tutulmuş ritmlə deyil, çox asta ritmlə və düzgün çalmır. Bu zaman komissiya üzvləri ona bu əsərin qısa müddətdə öyrənmək üçün çox çətin, mürəkkəb əsər olduğunu bildirirlər və bu əsəri özünün seçib seçmədiyini soruşaraq, “gərək bu əsəri seçməyərdin” deyirlər. Bu məqam da komissiya üzvlərinin qərəzli olmasının deyil, əksinə, iddiaçıya kömək etmək istədiklərini göstərir.
37. Mülki iş materiallarından müəyyən olduğu kimi iddiaçının attestasiya barədə əvvəlcədən məlumatı olmuş, ona attestasiya proqramı verilmiş, hazırlaşmaq üçün 2-3 ay vaxtı olmuşdur. xx.xx.2025 tarixli attestasiya həmin proqrama uyğun keçirilsə də, iddiaçı kifayət qədər hazırlıqlı olmadığı üçün attestasiyada uğurlu nəticə əldə edə bilməmişdir.
38. Beləliklə, müəyyən olur ki, video görüntülər Attestasiya protokolunda düzgün əks olunub, komissiya üzvləri tərəfindən iddiaçıya qarşı hər hansı “basqı”, qərəz, qeyriobyektivlik mövcud deyil. Cavabdehin apellyasiya şikayətinin dəlilləri video görüntülərlə aşkar təkzib olunur. Bu baxımdan apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz. Məhkəmə kollegiyasında aparılmış araşdırmalar zamanı da iddiaçı öz dəlillərinin yetərli olmadığını “gördüyündən”, heç olmazsa, başqa bir məktəbdə işlə təmin olunmasını istəmiş, Məhkəmə tərəfindən bu məsələnin həllinin mümkünlüyü cavabdehlə müzakirə olunmuş, bu zəmində tərəflər mübahisənin məhkəmədənkənar həlli üçün vaxt verilməsini istəmiş, bu əsasla da məhkəmə iclası təxirə salınmış, lakin nəticə əldə olunmamışdır.
39. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:
41. “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”
42. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
43. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:.
44. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
46. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
47. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Səbail Rayon Məhkəməsinin 2(009)-1355/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.