Məhkəmə qərarları › İş №2(103)-6261/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6261/2022

26.09.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6261/2022 26.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3030/2022 saylı, 28 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X3 Xidməti “X9 Daşımaların Təşkili” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı xx.xx.2008-ci il tarixli əmrlə “Azərnəqliyyatservis” Departamentinin, ümumi şöbəsinin mütəxəssisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2011-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən (müəssisə ləğv edildiyi üçün) tutduğu vəzifədən azad edilmiş, xx.xx.2012-ci il tarixində Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi X3 Xidməti “X1” MMC-nin kadrlar şöbəsinin rəis muavini vəzifəsinə təyin edilmişdir.

2. xx.xx.2014-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən (müəssisə- Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi X3 Xidməti “X1” MMC ləğv edildiyi üçün) tutduğu vəzifədən azad edilmişdir.

3. xx.xx.2014-cü il tarixində Nəqliyyat Nazirliyi “Bakı Sərnişin və X6” MMC-də Kadrların idarə edilməsi və Hüquq şöbəsinin Kargüzarlıq bölməsinə baş mütəxəssis vəzifəsinə qəbul edilmişdir. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin xx.xx.2016-cı il tarixli 52/ü nömrəli əmri ilə “Bakı Sərnişin və X6” MMC-nin adı dəyişdirilərək, “X9 Daşımaların Təşkili” MMC adlandırılıb. xx.xx.2016cı il tarixli əmrlə İddiaçı Ümumi şöbənin Kargüzarlıq bölməsinin rəisi vəzifəsinə keçirilmişdir.

4. xx.xx.2018-ci il tarixli 16 ş/h saylı əmrlə Əmək Məcəlləsinin 63-cü maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2018-ci il tarixli, 17 ş/h saylı əmrlə müddətli əmək müqaviləsi bağlanılmaqla Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi X3 Xidməti X9 Daşımaların Təşkili MMC-nin X7 edilməsi şöbəsinin aparıcı mütəxəsisi vəzifəsinə qəbul edilmişdir.

5. Bağırov X2 Nəqliyyatı ilə Daşımaların Təşkili MMC-nin xx.xx.2022-ci il tarixli, 16 ş/h əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin, “b” bəndinə əsasən tutduğu vəzifəsindən azad edilmişdir.

6. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X9 Daşımaların Təşkili MMCnin xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsini, İnsan resursları şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə bərpa olunmasını və buraxılmış müddət üzrə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiasını onunla əslandırır ki, ƏM-yə əsasən, o həmin MMC-də ən azından 2016-cı ildən işləmişdır. Buna görə də onun Əmək Müqaviləsi 2021-ci ildən artıq müddətsiz hesab edilirdi və cavabdeh onu müddətin bitməsinə görə işdən azad etməkdə haqlı olmamışdır.

7. Cavabdeh tərəf isə iddiaya etirazında bildirir ki, iddiaçı həmin müəssisədə Karquzarlıq bölməsinin rəisi vəzifəsindən xx.xx.2018-ci ildə ildə azad edilmişdir. İddiaçı, 30 mart 2018-ci il tarixdə "X9 Daşımaların Təşkili" MMC-yə ərizə ilə müraciət edərək onu X7 edilməsi Şöbəsinə müddətli müqavilə əsasında aparıcı mütəxəssis vəzifəsinə təyin edilməsini xahiş etmiş və bununla əlaqədar onunla işəgötürən müəssisə tərəfindən xx.xx.2018-ci il tarixdə qeyd edilən məzmunda müddətli müqavilə bağlanaraq iddiaçı əvvəllər işləmədiyi X7 edilməsi Şöbəsinə işə qəbul edilmişdir. Müqaviləsinin müddəti sonuncu dəfə xx.xx.2022-ci il tarixədək uzadılmışdır. 04 fevral 2022-ci il tarixli 16-ş/h nömrəli əmrlə əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar İddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir.

8. X9 Daşımaların Təşkili MMC iddiaçı 2008-ci ildən əmək müqaviləsi ilə işə qəbul edilən zaman Nəqliyyat Nazirliyinin Avtonəqliyyatservis Departamenti adlanırdı. Daha sonra X8 Təşkili MMC, Sərnişin və X10 MMC və son olaraq X9 Daşımaların Təşkili MMC adlanmışdır.

Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X3 Xidməti “X9 Daşımaların Təşkili” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, İnsan resusrları şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə bərpa olunması və buraxılmış müddət üzrə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.2008-ci il tarixdən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Avtonəqliyyat Servis” departamentində əmək fəaliyyətinə başlayaraq, həmin sistemdə müxtəlif vəzifələrdə işləmişdir. 2008-ci ildən 2012-ci ilədək Nəqliyyat Nazirliyi “Avtonəqliyyatservis” Departamentində mütəxəssis və aparıcı mütəxəssis-iqtisadçı, 2012-ci ildən 2014-cü ilədək Nəqliyyat Nazirliyi X3 Xidməti “X8 Təşkili” MMC-də şöbə rəisi müavini, 2014-cü ildən 2016-cı ilədək Nəqliyyat Nazirliyi X3 Xidməti “Sərnişin və X10” MMC-də baş mütəxəssis, bölmə rəisi, şöbə rəis müavini, xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci tarixədək X3 Xidməti “X9 Daşımaların Təşkili” MMCdə bölmə rəisi, şöbə rəis müavini və aparıcı mütəxəssis vəzifələrində işləmişdir. Uzun illər həmin Nəqliyyat Nazirliyi sistemində işləməyinə baxmayaraq, müxtəlif vaxtlarda qısamüddətli əmək müqavilələri cavabdeh təşkilat ilə bağlanmışdır. İşlədiyi müddət ərzində həmişə ona həvalə edilən bütün tapşırıqları yerinə yetirmiş və ona həvəsləndirici tədbirlər kimi təşəkkür elan edilmişdir. İşlədiyi müddət ərzində heç vaxt əmək intizamı qaydalarını pozmamış və ona qarşı heç bir irad bildirilməmişdir. Lakin xx.xx.2022-ci il tarixində cavabdeh təşkilat tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə əmr göndərilmişdir. Həmin əmrdə göstərilir ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qutarması) əsasən X7 edilməsi şöbəsinin aparıcı mütəxəssisi İddiaçı xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən kənar edilsin, onunla bağlanmış əmək müqaviləsinə xitam verilsin. Həmin təşkilatda uzun müddət işlədiyini, əmək müqaviləsində göstərilən əmək funksiyalarını pozmamağını, əmək qanunvericiliyinə daim riayət etməsini nəzərə alaraq, hesab edir ki, əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsi qanunsuzdur.

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3030/2022 saylı, 28 iyun 2022ci il tarixli qətnaməsi (hakim İlkin Əliyev) ilə iddia tələbi təmin edilmişdir.

12. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, tələbin əsaslandırmasını, tədqiq edilmiş sübutlar əsasında işin müəyyən edilmiş hallarını yuxarıda sadalanan normalar baxımından qiymətləndirdikdə müəyyən edilir ki, iddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 45, 73 və 300-cü maddələri təşkil edir.

13. İşin müəyyən edilmiş halları baxımından məhkəmə hesab edir ki, işəgötürən işçi ilə əmək münasibətlərinə əmək müqaviləsinin müddətinin bitməsinə görə xitam verməkdə haqlı olmamışdır.

14. Belə ki, İddiaçı ilk dəfə əmək münasibətlərinə 2008-ci ildə Nəqliyyat Nazirliyinin “Avtonəqliyyatservis” Departamentinin “Azərnəqliyyatekspedisiya” İB-nin ümumi şöbəsində mütəxəssis vəzifəsində daxil olmuşdur. Bundan sonra birliyin struktur dəyişikliyi ilə əlaqədar xx.xx.2011-ci ildə tutduğu vəzifədən azad edilmiş və xx.xx.2012-ci il tarixdən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi X3 Xidmətinin “X1” MMC də işə başlamışdır. Müəssisənin ləğv edilməsi əsasına görə xx.xx.2014-cü ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2014-cü il tarixdən Nəqliyyat Nazirliyinin “Bakı sərnişin və X6” MMC-də kadrların idarə edilməsi və hüquq şöbəsinin kargüzarlıq bölməsinə baş mütəxəssis vəzifəsinə qəbul edilmişdir. xx.xx.2015-ci ildən Kargüzarlıq bölməsinin rəisi vəzifəsinə keçirilmişdir. Sonradan hüquq və sənədlərlə iş şöbəsinin rəis vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin xx.xx.2016-cı il tarixli əmri ilə “Bakı sərnişin və X6” MMC-nin adı dəyişdirilərək, “X9 Daşımaların Təşkili” MMC adlandırılmış və o, xx.xx.2016-cı il tarixdə ümumi şöbənin kargüzarlıq bölməsinin rəisi vəzifəsinə keçirilmişdir. xx.xx.2018-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş və xx.xx.2018-ci ildə Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi X3 Xidməti “X9 Daşımaların təşkili” MMC-də X7 edilməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə qəbul edilmişdir. Yekun olaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X3 Xidməti “X9 Daşımaların Təşkili” MMC-nin baş direktorunun xx.xx.2022-ci il tarixli əmri ilə, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən İddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir.

15. Göründüyü kimi iddiaçı əvvəllər adı və nizamnaməsi bir neçə dəfə dəyişən Nəqliyyat Nazirliyinin “Bakı sərnişin və X6” MMC-də xx.xx.2014-cü il tarixdən əmək müqaviləsi ilə işləmişdir. Lakin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2017-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılmış və Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamənin layihəsini, habelə Nazirliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılmışdır. Bundan sonra Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi X3 Xidməti “X9 Daşımaların Təşkili” MMC-nin xx.xx.2018-ci il tarixli Əmri ilə bir sıra şəxslərin, o cümlədən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2ci maddəsinin “a” bəndinə əsasən xitam verilmiş və eyni tarixli əmək müqaviləsi ilə İddiaçı “X9 Daşımaların Təşkili” MMC-nin X7 edilməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə təyin edilmişdir.

16. Odur ki, iddiaçı adı bir neçə dəyişdirilən, tabe olduğu qurum bir neçə dəfə yenidən təşkil edilən Cəmiyyətdə 2014-cü ildən fasiləsiz olaraq 5 ildən artıq işləmişdir. Bu səbəbdən cavabdeh işçi ilə 2018-ci ilə bağlanmış müddətli əmək müqaviləsinə müddətin bitmə əsasına görə xitam verərkən, işçinin 2014-cü ildən 2022-ci ilədək fasiləsiz olaraq onunla əmək münasibətlərində olmasını nəzərə almalı idi. İşəgötürən işçi ilə 2018-ci ildə müddətli əmək müqaviləsi bağlayarkən onun həmin qurumda artıq 4 ildir ki işlədiyini bilirdi və onun işçi ilə əmək müqaviləsinə xitam verərək, eyni gündə yeni əmək müqaviləsi bağlaması formal xarakter daşımışdır. Halbuki Əmək Məcəlləsinin 45-ci maddəsinin tələbinə əsasən işçi ilə 2018-ci ildə yenidən bağlanması formal xarakter daşıyan əmək müqaviləsi artıq 2019-cü ildən müddətsiz hesab edilməli idi.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X3 Xidməti “X9 Daşımaların Təşkili” MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

18. Cavabdeh apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, iddiaçı onunla müddətli müqavilə bağlanması barədə ərizə ilə müraciət etmiş və həmin müqavilənin qüvvədə olduğu müddət ərzində həmin müddətli müqaviləni mübahisələndirməmişdir. 47-ci maddəsinin "f" yarımbəndinə əsasən əmək müqaviləsi müddətli olaraq tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə bağlanıla bilər. İddiaçının özü də onunla müddətli müqavilə bağlanması barədə ərizə ilə müraciət etmiş və həmin müqavilənin q ü v v ə d ə olduğu müddət ərzində həmin müddətli müqaviləni mübahisələndirməmişdir. İddiaçı ilə Cəmiyyət arasında bağlanmış müddətli əmək müqaviləsi xx.xx.2018-xx.xx.2022-ci il tarixədək cəmi 03 il 09 ay 02 gün davam etdiyindən, müddətli əmək müqaviləsinin müddətsiz müqaviləyə keçməsinə əsas verən 5 il müddətindən azdır. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı ilə aralarında bağlanmış müddətli müqavilə müddəti 5 ili keçdiyindən o, artıq müddətsiz müqavilə hesab edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

19. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

20. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

21. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

Maddə 2.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 45.2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Maddə 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə.47. “f” bəndi. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Maddə 68.1.Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2. “b” Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

23. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

24. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

25. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

27. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

28. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

29. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

30. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar Əmək Məcəlləsinin yuxarıda göstərilən normalarının dispozisiya şərtləri ilə uzlaşır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılırdı.

31. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələblərinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Göründüyü kimi, hazırki işdə müqavilənin müddətli bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilməmişdir. Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi iddiaçı cavabdeh qurumda 14 ildən artıq müddətdə müxtəlif vəzifələrdə işləmişdir. Bu cür vəziyyətdə cavabdeh fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartları tətbiq edib işə qəbul və başqa işə keçirilməni həmin idarəetmə standartlarına uyğun olaraq aparması xarakterinə görə müddətsiz bağlanması tələb edilən işlərə görə müddətli əmək müqaviləsi bağlamamalı idi.

32. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bilməsi ilə bağlı bir sıra hallar göstərilib, lakin həmin hallar hüquqi nəticə etibarı ilə işəgötürəni və işçini müddətli əmək müqaviləsi bağlamağa məcbur etmir, əksinə onlara belə bir imkan verir ki, sözügedən maddədə göstərilən hallar olduqda əmək müqaviləsi müəyyən müddətə də bağlanıla bilər.

33. Müddətli əmək müqaviləsinin bağlanması üçün əsas şərt- işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmasıdır. Əmək Məcəlləsinin 47- ci maddəsində göstərilən halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə bağlıdır. İddiaçı fasiləsiz və etirazsız olaraq cavabdeh qurumda 14 il ərzində müxtəlif vəzifələrdə işləməsinə və onun əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti, mövsümü deyil, daimi xarakterə malik olmaqla qabaqcadan işəgötürənə bəlli olmasına və bir sözlə iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hər hansı halların müəyyən edilməməsinə baxmayaraq işəgötürən iddiaçı ilə qanunsuz olaraq müddətli əmək müqaviləsi bağlamışdır.

34. Əmək müqaviləsinin müddətli bağlanması və ləğv edilməsi əsassız və əmək qanunvericiliyinin tələblərinə zidd olduğundan iddiaçının işdən çıxarıldığı tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinin təmin edilməsi Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinin imperativ tələbinə uyğun olmuşdur. Əslində iddiaçının məqsədi həm də buna nail olmaq olmuşdur.

35. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3030/2022 saylı, 28 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X3 Xidməti “X9 Daşımaların Təşkili” MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3030/2022 saylı, 28 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar