Məhkəmə qərarları › İş №2(103)-6265/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6265/2022

23.08.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6265/2022 23.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı qıznın Cavabdeh MMC-yə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 2114/2022 saylı, 15 aprel 2022-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı İnsan Resursları bölmə rəhbəri İ.Aydınov tərəfindən verilmiş iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli 2863k nömrəli əmrin qanunsuz hesab edilməklə ləğv edilməsi, iddiaçı Cavabdeh MMC-nin pərakəndə satış departamentində kassir vəzifəsinə işə bərpa edilməyi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2114/2022 saylı, 15 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli, 2863K saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-də pərakəndə satış departamentinə kassir vəzifəsinə (tutduğu əvvəlki vəzifəsinə) bərpa edilməsi, Cavabdeh MMC tərəfindən İddiaçı xx.xx.2021-ci il tarixdən işə bərpa olunduğu günədək buraxdığı məcburi iş müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi, Cavabdeh MMC-dən 100 (yüz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(011)-2114/2022 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, MPM-nin 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). Lakin, hazırki apellyasiya şikayəti MPM-nin normalarının tələblərinə cavab vermir. MPM-ə 2 saylı Əlavəsinə əsasən apellyasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər və birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər də aydın şəkildə izah edilməli və hər bir dəlil əsaslandırılmalıdır. Lakin, apellyator tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər sıralanmaqla göstərilməmişdir. Həmçinin, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər sıralanmamaqla, onların aydın şəkildə izahları verilməmişdir. Belə olduğu təqdirdə isə, apellyasiya şikayəti mülki prosessual məcəllənin normalarının tələblərinə cavab vermədiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar müəyyən edilmir və o, qəbul olunmamış hesab edilir. Belə olan halda, MPM-nin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-nin 366.1-ci və 366.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2114/2022 saylı, 15 aprel 2022-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar