Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6266/2021 02.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi, eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2, Cavabdehin nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(011)-1182/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1.605 ABŞ dolları əsas borcun, 321 ABŞ dolları Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 5 faiz məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh tərəfindən İddiaçı MMC-dən müxtəlif istiqamətlərdə səfərlərin həyata keçirilməsi məqsədi ilə aviabiletlər sifariş verilmişdir. Nəticədə cavabdehin 1.605 ABŞ dolları məbləğində borcu yaranmışdır. İddiaçı MMC sifariş olunmuş xidmətləri şəxsi vəsaiti hesabına həyata keçirmiş və sifariş edilən istiqamətdə və tarixlərdə aviabiletləri vaxtında təqdim etmişdir. Lakin İddiaçı MMC cavabdehin sifarişi əsasında üzərinə düşən öhdəlikləri tam yerinə yetirməsinə baxmayaraq, cavabdeh bu günə qədər təqdim olunmuş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. İcra olunmuş sifarişlərə görə İddiaçı MMC tərəfindən ödənilmiş pul vəsaitləri cavabdeh tərəfindən vaxtında ödənilməməsinə baxmayaraq İddiaçı MMC həmin aviabiletlər üzrə nə səfərlərin həyata keçirilməsində, nə də digər formada ona hər hansı çətinlik yaratmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(011)-1182/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 1.605 ABŞ dolları ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, maddi və prosessual hüquq normaları pozulmuşdur. Həqiqətən qeyd edilən vaxtlarda xaricə səfər etmiş, lakin iddiaçı olan MMC-ni tanımamış, hüquqi şəxs olaraq ona müraciət etməmiş və MMC ilə arasında turizm xidməti və ya nisyə bilet alınması barədə hər hansı razılaşma olmamışdır. Bilet və digər məqsədlər üçün zəruri olan sənədlər və ödəniş nağd olaraq bilet satışı ilə məşğul olan Fərhad adlı şəxsə verilmiş və onun vasitəsilə adına elektron bilet rəsmiləşdirilmişdir. Həmin vaxtdan ötən 3 ildən çox vaxt ərzində Fərhadla arasında ödənişlə bağlı hər hansı formada danışıq olmamışdır. İddiaçı özünün göstərdiyi kimi əvvəllər ödənilmiş biletlərə görə ödəniş qəbzlərinin surətini məhkəməyə təqdim etməmişdir. Kollegiya tərəfindən X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Tərəflər arasında hər hansı müqavilə bağlanılmamışdır, cavabdeh nə MMC-ni, nə də ki, Fərhad adlı şəxsi tanımamışdır, bileti sifariş vermiş və pulu Fərhad adlı şəxsə vermişdir. Tanımadığı halda ona necə pulu ödənilməmiş bilet satıla bilərdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi, eyni zamanda üçüncü şəxs apelyasiya şikayətinə etirazı müdafiə edərək, qeyd etdi ki, cavabdehin "xxxx" kimi nəzərdə tutduğu şəxs odur, eyni zamanda o, iddiaçı MMC-nin qanuni təmsilçisi – direktorudur. MMC yalnız aviabiletlərin satışı ilə məşğul olur, turizm xidmətləri göstərilməmiş və bu barədə müqavilələri yoxdur. Cavabdehlə nisyə bilet satışı şifahi şəkildə olmuşdur və bu barədə cavabdehin oğlu ilə “whatsapp” yazışmaları mövcuddur, pulun ödənilməsi üçün ümumilikdə 3-6 ay nəzərdə tutulmuşdur. Kollegiya izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən (17 noyabr 2016-cı il tarixdə əldə edilmiş 320 ABŞ dolları dəyərində və 18 noyabr 2016-cı il tarixdə əldə edilmiş 185 ABŞ dolları dəyərində biletlərə aid hissədə) ləğv edilməli, həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh 17 noyabr 2016-cı il tarixdə Bakı- Tbilisi istiqaməti üzrə 320 ABŞ dolları dəyərində, 18 noyabr 2016-cı il tarixdə Tbilisi-Bakı istiqaməti üzrə 185 ABŞ dolları dəyərində, 12 yanvar 2017-ci il tarixdə Bakı-İstanbul- Adana istiqaməti üzrə 560 ABŞ dolları dəyərində, 13 yanvar 2017-ci il tarixdə Adana- İstanbul-Bakı istiqaməti üzrə 540 ABŞ dolları dəyərində aviabiletlər təmin edilmiş, göstərilən xidmətlərin ümumi dəyəri 1.605 ABŞ dolları təşkil etmişdir. Cavabdeh həmin aviabiletlərdən istifadə etməklə müvafiq istiqamətlər üzrə səfərlərini həyata keçirmiş, lakin iddiaçı tərəfindən təqdim olunan həmin aviabiletlərin dəyərini hazıradək ödəməmişdir. Tərəflər arasında qeyd olunan sifariş üzrə xidmətin göstərildiyi mübahisə doğurmur. Cavabdeh tərəf göstərilmiş xidmətlərin dəyərinin ödənildiyini bildirir, lakin qeyd etdiyi bu halı təsdiq edən hər hansı sübut təqdim edə bilmir. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsində iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə təqdim edilmişdir. Göründüyü kimi, cavabdehə 17 noyabr 2016-cı il tarixdə Bakı-Tbilisi istiqaməti üzrə 320 ABŞ dolları dəyərində, 18 noyabr 2016-cı il tarixdə Tbilisi-Bakı istiqaməti üzrə 185 ABŞ dolları dəyərində, 12 yanvar 2017-ci il tarixdə Bakı-İstanbul-Adana istiqaməti üzrə 560 ABŞ dolları dəyərində, 13 yanvar 2017-ci il tarixdə Adana-İstanbul-Bakı istiqaməti üzrə 540 ABŞ dolları dəyərində aviabiletlər təmin edilmişdir. İddiaçı tərəf qeyd edir ki, cavabdehə nisyə bilet satışı şifahi şəkildə olmuşdur və pulun ödənilməsi üçün ümumilikdə 3-6 ay nəzərdə tutulmuşdur. Belə olan halda iddiaçı biletin alqı-satqısının şifahi şəkildə həyata keçirilməsini, alqısatqının nisyə xarakter daşımasını, ödənişin isə məhz 3-6 ay ərzində olacağını sübuta yetirməlidir, lakin iddiaçı bu halı təsdiq edə bilməmişdir. İşdən müəyyən olunur ki, iddiaçı cavabehə turizm xidməti göstərməmişdir, müxtəlif səfərlər üçün aviabiletlərin alınmasını təşkil etmişdir, yəni xidmət göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Lakin nəzərə almaq lazımdır ki, başqasından nəyisə tələb etmək üçün qanunla müddət (iddia müddəti) müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Odur ki, Kollegiya qeyd edir ki, iddia tələbinin 17.11.2016-cı il tarixdə satılmış 320 ABŞ dolları dəyərində və 18.11.2016-cı il tarixdə satılmış 185 ABŞ dolları dəyərində olan aviabiletlərə aid hissəsində 3 illik iddia müddəti ötürülmüşdür, belə ki, iddiaçı 24.11.2020-ci il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla belə, müəyyən olunur ki, iddiaçı hazırki iddia ilə ilk dəfə məhkəməyə 02.12.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir, yəni həmin vaxt artıq birinci iki biletə münasibətdə iddia müddəti keçmişdir. Digər 12 yanvar 2017-ci il tarixdə Bakı-İstanbul-Adana istiqaməti üzrə 560 ABŞ dolları dəyərində, 13 yanvar 2017-ci il tarixdə Adana-İstanbul-Bakı istiqaməti üzrə 540 ABŞ dolları dəyərində aviabiletlərə aid hissədə isə məhkəmə düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1182/2021 saylı iş üzrə 01 aprel 2021-ci il tarixli qətnaməsi qismən - 17 noyabr 2016-cı il tarixdə əldə edilmiş 320 ABŞ dolları dəyərində və 18 noyabr 2016-cı il tarixdə əldə edilmiş 185 ABŞ dolları dəyərində biletlərə aid hissədə ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6266/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6266/2021
02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver