Məhkəmə qərarları › İş №2(103)-6270/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6270/2025

18.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6270/2025 18.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-5381/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçı cavabdeh “X7” Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab olunması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Nəsimi Rayon Məhkəməsinin 2(006)-5381/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı (hakim Əfsanə Heydərova) ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

3. İddiaçının həmin qərardaddan verdiyi şikayət məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

6. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları həmin məhkəməyə göndərilməlidir.

7. Ərizəni geri qaytaran rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən və ya dövlət rüsumunu ödəməkdən azad olunmasına əsas verən sənəd iddia ərizəsinə əlavə edilməmişdir.

8. Rayon məhkəməsi şikayətin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi iddia tələbi müqavilə münasibətlərindən irəli gəldiyi halda, iddiaçı təqdim etdiyi iddia ərizəsini istehlakçı hüquqlarının pozulması ilə əlaqədar verilən iddia kimi qiymətləndirmiş və dövlət rüsumunu ödəməmişdir.

9. Məhkəmə kollegiyası rayon məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçı şikayətində qeyd etmişdir ki, o, bir fiziki şəxs kimi bankın təklif etdiyi müxtəlif xidmətlərdən yararlanmaq üçün banka məxsus kartı əldə edib istifadə edərək bu halda istehlakçı qismində çıxış edir və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin verilməsinə görə dövlət rüsumundan azad edilməsi halları nəzərdə tutulmuşdur. Yəni iddiaçı həmin bank kartını əldə etməklə istehlakçı kimi çıxış etdiyindən, hazırkı iddia ərizəsi üzrə rüsum ödəməli olmaması qənaətindədir.

10. İddia ərizəsinin məzmunundan məlum olur ki, iddiaçı bank kartını əldə etmiş, 2024-cü ilin may ayında Çexiyada olarkən və buna görə ödənilmiş məbləğin “Tax Free” adlanan müəyyən faizini alaraq “X10” şirkəti qarşısında öhdəlik götürmüş, bununla bağlı imzaladığı sənədi sərhəddən keçərkən gömrükdə möhür vurdurub Azərbaycana qayıtdıqdan sonra həmin şirkətin verdiyi zərfə qoyub poçt vasitəsi ilə şirkətin Polşadakı ünvanına göndərilməli idi, əks təqdirdə şirkət onun qeyd etdiyi “U” kart hesabından müyyən məbləği geri tuta bilərdi. Çexiya hava limanında gömrük orqanı onun sənədinə möhür vurmaqdan imtina etmiş, o da həmin sənədi şirkətə göndərə bilməmiş, sonra şirkət müqavilə üzrə onun həmin Unibank kartından məbləği tutmağa cəhd etmiş, kartda 9,25 manat vəsait olduğu üçün bu mümkün olmamışdır. O, özü də pulun silinməməsi üçün kartda az vəsait saxlayırdı. Sonradan ona məlum olmuşdur ki, həmin vəsait onun kartından silinmiş, kartında 118,71 manat dəyərində mənfi hesab yaranmışdır. O da bununla bağlı bankla əlaqə saxlamış, bankdan ona bildirilmişdir ki, Unibank ümumi oferta qaydalrının konkret olaraq 2.2.7-ci bəndinə əsasən, bankın sistemində baş verən nasazlıq nəticəsində onun bank hesabında ona məxsus olmayan pul vəsaitlərinin istifadə imkanı mümkün olduğundan, bank müvafiq vəsaiti akseptsiz qaydada silmək hüququna malikdir və texniki overdraft vəziyyəti mövcuddur. O, buna etiraz etdikdə bankdan ona xx.xx.2023cü il tarixli “ərizə-anket və imza nümunəsi” adlanan blankda (çox çətinliklə oxunan və baş hissəsində qeyd olunan birinci bənd kimi bankın saytında yerləşdirilmiş) xx.xx.2021-ci il tarixli 1U/21 saylı ümumi oferta qaydaları ilə tanış olaraq onlarla razılaşdığını əks etdirən müqavilə müddəasını əsas gətirmişlər.

11. İddiaçı hesab edir ki, bu sənəd imzalanarkən eyni anda qeyd edilən ümumi oferta qaydaları ilə tanış olmaq qeyri-mümkün idi, ona görə də həmin şərti qəbul edən tərəfi təklif edilmiş şərtlərlə tanış olmaq fürsəti olmadan onları qəbul etmək məcburiyyəti qarşısında qoymuşdur, bu baxımdan həmin şərtin etibarsız olduğunu bildirir.

12. Göründüyü kimi, hazırkı iddia tələbi kredit müqaviləsi ilə bağlı olmayıb, məhz bank kartı əldə edilməsi ilə bağlı bankla bağlanmış “ərizə-anket və imza nümunəsi” adlanan blank- sənəddə olan 1-ci şərtin standart olması və onun həmin şərtlə tanış olmadığı üçün standart şərt kimi iddiaçının onunla tanış olmaması baxımından etibarsız hesab edilməsi ilə bağlıdır.

13. Rayon məhkəməsi hazırkı iddia tələbi üzrə iddia ərizəsini geri qaytararkən dövlət rüsumu ödənilməli olması qənaətini hazırkı tələbin müqavilə münasibətlərindən irəli gəlməsi ilə əsaslandırmışdır.

14. Halbuki hazırkı tələbin müqavilə münasibətlərindən irəli gəlməsi ərizəçinin istehlakçı kimi dövlət rüsumundan azad olmasına heç bir təsir etmir.

15. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə, istehlakçı-şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir.

16. Hazırkı iş üzrə bank kartının əldə edilməsi zamanı tərəflər arasında bağlanmış “ərizə-anket və imza nümunəsi” adlanan blankın 2-ci bəndinə görə, iddiaçının nəzərinə çatdırılmışdır ki, həmin hesablardan sahibkarlıq fəaliyyəti məqsədilə istifadə edə bilməz.

17. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasında qeyd edilir ki, bu Qanun BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş “İstehlakçıların maraqlarını müdafiə etmək üçün rəhbər prinsiplər” əsasında işlənmiş və Azərbaycan Respublikasında belə münasibətlərin dünya təcrübəsinə uyğunlaşdırılmasına yönəldilmişdir.

18. BMT-nin Baş Assambleyası tərəfindən 1999-cu ildə qəbul edilmiş “İstehlakçıların maraqlarını müdafiə etmək üçün rəhbər prinsipləri”nin “Təlimatlar” adlanan 3-cü hissəsinin “İstehlakçıların iqtisadi maraqlarının təşviqi və müdafiəsi” adlanan “B” bəndinin 21-ci hissəsində qeyd edilir ki, istehlakçılar birtərəfli standart müqavilələr, əsas hüquqların xaric edilməsi, vicdansız kredit şərtləri kimi sui-istifadə hallarından qorunmalıdır.

19. İddiaçı hazırkı bank kartını əldə edərkən müvafiq anketdə kartı sahibkarlıq fəaliyyəti üçün istifadə etməməsi ilə bağlı məlumatlandırılmışdır, yəni o həmin kartı məhz şəxsi tələbatını ödəmək üçün əldə etmiş istehlakçıdır.

20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunmuşlar.

21. Hazırkı halda, iddiaçı istehlakçı kimi dövlət rüsumu ödəməkdən azad olduğu halda, rayon məhkəməsinin dövlət rüsumunun ödənilməməsi əsası ilə iddia ərizəsinin geri qaytarılması barədə qənaəti əsaslı olmamışdır.

22. “X2rşı”, “ Beles və digərləri Çexiya Respublikasına qarşı”, “RTBF Belçikaya qarşı” işlərdə Avropa Məhkəməsi bildirmişdir ki, “prosessual qaydanın daxili məhkəmələr tərəfindən xüsusilə ciddi şəkildə şərh edilməsi məhkəməyə çatım hüququndan məhrum edə bilər”.

23. “X1rşı”, “Philis Yunanıstana qarşı” və digər işlərdə Avropa Məhkəməsi qeyd etmişdir ki: “müəyyən hüquq subyektlərinin məhkəmə icraatını başlamasına maneə təşkil edən prosessual qaydalar “məhkəmə hüququ və məhkəməyə çatım hüququ” nun pozulmasına gətirib çıxara bilər.

24. Bundan əlavə, Avropa Məhkəməsinin qəti bərqərar olmuş mövqeyinə görə məhkəməyə hüquq yalnız məhkəmə icraatı başlatmaq hüququnu deyil, həmçinin mübahisənin məhkəmə tərəfindən həll edilməsinə nail olmaq hüququnu da ehtiva edir (Beneficio X4rşı iş).

25. Beləliklə, Kollegiya yuxarıda qeyd edilənlərə əsasən, hesab edir ki, rayon məhkəməsinin gəldiyi qənaət əsaslı olmadığından, şikayət təmin edilməli, qərardad ləğv edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları həmin məhkəməyə göndərilməlidir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

27. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

28. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

29. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-5381/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin və sonrakı prosessual hərəkətlərin edilməsi üçün mülki iş materialları Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar