Məhkəmə qərarları › İş №2(103)-6272/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6272/2021

07.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6272/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X2 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(011)-552/2021 nömrəli qətnaməsindən iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Cavabdeh İstehsalat Birliyi “Radioquraşdırma” Zavoduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İstehsalat Birliyi “Radioquraşdırma” Zavodu tərəfindən ünvan 1 ünvanında yerləşən yataqxana binasının 92 saylı mənzilinə dair X4 adına yazılan 12 dekabr 2006-cı il tarixli, 0225 saylı orderin verilməsinə əsas olmuş 68 saylı protokolla rəsmiləşdirilmiş 06 dekabr 2006-cı il tarixli birgə qərarın, Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin 09 noyabr 2004-cü il tarixli, 41 saylı birgə qərarının (protokolun) etibarsız hesab edilməsi, ünvan 1 ünvanındakı yataqxana binasının 5-ci mərtəbəsində yerləşən yaşayış sahəsi 18 kv.metr olan 92 saylı mənzilinə dair X4 adına yazılmış Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin 12 dekabr 2006-cı il tarixli, 0225 saylı orderinin ləğv edilməsi və X4 yaşayış sahəsinə istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, vətəndaş X11 Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə 28 mart 2019-cu il tarixli yazılı ərizə ilə müraciət edərək təqdim etdiyi Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin 12 dekabr 2006-cı il tarixli, 0225 saylı orderin və adıçəkilən müəssisənin həmkarlar ittifaqı komitəsinin müdiriyyətinin əmək kollektivi şurasının və MMK-nın birgə növbəti iclasının 09 noyabr 2004-cü il tarixli, 41 saylı protokolundan çıxarışın kserosurətlərinə əsasən ünvan 1 ünvanında yerləşən yataqxana binasının 92 saylı mənzilinə dair onunla kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Qeyd edilən yataqxanada məskunlaşdırılmış 63 məcburi köçkün ailəsi mənzilləri zəbt etməmişlər. Onlar 1992-1993-cü illərdə aidiyyəti dövlət orqanları tərəfindən məlum məsələlərə görə həmin ünvanda yerləşən dövlət mənzil fonduna aid yaşayış sahələrində məskunlaşdırılmışlar və yataqxanada otaqlar yaşamaq üçün onların istifadəsinə verilmişdir. Müəyyən edilmişdir ki, ünvan 1 saylı yataqxana binasının 92 və 97 saylı mənzillərində 1993-cü ildən Ağdam rayonundan məcburi köçkün kimi X6, arvadı X14, oğlu Rüfət Qasımov, gəlini X12 və nəvəsi X16 məskunlaşdırılmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. X11 gələcəkdə ələ keçirmək məqsədilə qeyd edilən binanın 92 saylı mənzilindən məcburi köçkün ailəsi köçürüldükdən sonra həmin otağın qapısını bağlamış, lakin bir gün belə həmin mənzildə yaşamamışdır. X11 bir gün belə Bakı “Radioquraşdırma” İB ilə əmək münasibətlərində olmamışdır. Məcburi köçkün ailələri istifadələrində olan mənzillərdən köçürüldükdən sonra 09 fevral 1988-ci ildə Bakı şəhərində anadan olmuş X11 92 saylı mənzili əldə etmək məqsədilə qapısını bağlamışdır və nəticədə dövlət mənzil fonduna aid yaşayış sahələri üzərində balanssaxlayan təşkilat tərəfindən idarəçilik hüquqlarının həyata keçirilməsinə maneə törədir. O, qanunsuz hərəkətini onunla əsaslandırmışdır ki, məcburi köçkün ailəsi yaşadığı halda Bakı “Radioquraşdırma” İB-nin müvəqqəti yaşamaq üçün adına yazılmış 12 dekabr 2006-cı il tarixli 0225 saylı yataqxana orderi ilə faktiki olaraq boş olmayan 92 saylı mənzil onun istifadəsinə verilmişdir. Vüsalə Quliyeva həmin mənzildə heç vaxt yaşamamış, habelə Bakı “Radioquraşdırma” İB ilə də əmək münasibətlərində olmamışdır. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciə edərək, Cavabdeh İstehsalat Birliyi “Radioquraşdırma” Zavodu tərəfindən ünvan 1 ünvanında yerləşən yataqxana binasının 92 saylı mənzilinə dair X4 adına yazılan 12 dekabr 2006-cı il tarixli, 0225 saylı orderin verilməsinə əsas olmuş 68 saylı protokolla rəsmiləşdirilmiş 06 dekabr 2006-cı il tarixli birgə qərarın, Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin 09 noyabr 2004-cü il tarixli, 41 saylı birgə qərarının (protokolun), ünvan 1 ünvanındakı yataqxana binasının 5-ci mərtəbəsində yerləşən yaşayış sahəsi 18 kv.metr olan 92 saylı mənzilinə dair X4 adına yazılmış Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin 12 dekabr 2006-cı il tarixli, 0225 saylı orderinin etibarsız hesab edilməsi və X4 yaşayış sahəsinə istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(011)-552/2021 nömrəli qətnaməsi ilə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Cavabdeh İstehsalat Birliyi “Radioquraşdırma” Zavoduna qarşı “yataqxanada yaşayış sahəsi ilə bağlı orderin verilməsi barədə birgə qərarın (protokolun), qərara (protokola) əsasən verilmiş orderin etibarsız hesab edilməsi və yaşayış sahəsinə istifadə hüququnun itirilməsi”nə dair iddia tələbinin rədd edilməsi, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin ödədiyi 10 (on) manat dövlət rüsumunun onun özünə aid edilməsi qət olunmuşdur. Qətnamədən iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 552/2021 saylı iş üzrə 11.03.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(011)-552/2021 saylı qətnaməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmadan qəbul edilmiş, qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çaxarılmalıdır. "Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 №-li Qərarına (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 may 1994-cü il tarixli, 4 saylı və 25 dekabr 1998-ci il tarixli, 4 saylı qərarları ilə edilmiş düzəlişlərlə) əsasən Mülki Məcəllənin 85-ci maddəsinə müvafiq olaraq vətəndaşların qanunsuz yiyələnib mülkiyyətlərinə daxil etdikləri mənzillərin qaytarılmasına dair tələblərə iddia müddəti şamil edilmir. Mövcud mənzil qanunvericiliyinə uyğun olaraq sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələri, yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsi müəyyən edilmişdir. 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə, dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsinə köçmək üçün yeganə əsas verən sənəd order sayılır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Azərbaycan SSR Nazirlər Sovetinin 29.08.1980-ci il tarixli, 363 nömrəli qərarı ilə (halhazırda qüvvədə olan) təsdiq edilmiş "Yataqxanalar haqqında nümunəvi Əsasnamə"yə əsasən yataqxanalarda yaşayış sahəsinə müddətsiz verilən orderin hüquqi qüvvəsi yoxdur. Xüsusi təyinatlı mənzil fondu üzrə isə həmin Məcəllənin 106-cı maddəsinin tələbinə əsasən fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadı edə bilər. Məcəllənin 107-ci maddəsinə görə yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Qanunvericiliyin qeyd edilən normalarının tələblərinə əsasən yataqxanalarda yaşayış sahələri yalnız iş (və ya təhsil) dövründə yaşamaq (və ya təhsil almaq) üçün verilməsi təsbit edilmiş, yəni idarə, müəssisə və təşkilatlarla yalnız əmək münasibətlərində olan, müəssisədə faktiki olaraq işləyən, yaşayış sahəsinə ehtiyacı olan qismində həmin müəssisədə mənzil uçotunda olan vətəndaşlar iş dövründə yaşamaq üçün yataqxanadan istifadə edə bilər. Xüsusi təyinatlı mənzil fonduna aid olan yataqxanalarda müvəqqəti yaşamaq üçün verilmiş orderlər üzrə mübahisələrə dair iddia müddətinin tətbiqi əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013-cü il tarixli, 131s nömrəli Sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 26.07.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət- kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 2 ünvanda yerləşən subay işçilərin işlədikləri müddətdə yaşamaları üçün inşa edilmiş yataqxana binası da dövlət mənzil fonduna aid edilməklə Departamentin balansa qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdırıldığı yaşayış sahələrinə ayrı-ayrı şəxslərin adına orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir. Yataqxana binası balansa qəbul edilən vaxt tam məskunlaşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin "Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 21 fevral 2011-ci il tarixli, 1346 nömrəli Sərəncamı ilə təsdiq edilmiş müvafiq X5 nəzərdə tutulmuş tədbirlər çərçivəsində qeyd edilən yataqxanada məskunlaşdırılmış 63 məcburi köçkün ailəsindən 57 ailə 2018-ci ilin iyul ayında Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən yeni mənzillərə köçürülmüş və bu barədə yuxarı dövlət orqanlarına müvafiq qaydada hesabat məlumatları verilmişdir. 6 ailə isə müxtəlif səbəblərdən köçmədiklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar. Göründüyü kimi qeyd edilən yataqxanada məskunlaşdırılmış 63 məcburi köçkün ailəsi mənzilləri zəbt etməmişlər. Onlar 1992-1993-cü illərdə aidiyyəti dövlət orqanları tərəfindən məlum məsələlərə görə həmin ünvanda yerləşən dövlət mənzil fonduna aid yaşayış sahələrində məskunlaşdırılmışlar və yataqxanada otaqlar yaşamaq üçün onların istifadəsinə verilmişdir. Müəyyən edilmişdir ki, ünvan 1 saylı yataqxana binasının 92 və 97 saylı mənzillərində 1993-cü ildən Ağdam rayonundan məcburi köçkün kimi X6, arvadı X14, oğlu Rüfət Qasımov, gəlini X12 və nəvəsi X17 məskunlaşdırılmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında Qobu qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. X11 gələcəkdə ələ keçirmək məqsədilə qeyd edilən binanın 92 saylı mənzilindən məcburi köçkün ailəsi köçürüldükdən sonra həmin otağın qapısını bağlamış, lakin bir gün də olsun həmin mənzildə yaşamamış və hal-hazırda da yaşamır. Belə ki, X11 bir gün də olsun Bakı "Radioquraşdırma" İB-yi ilə əmək münasibətlərində olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013cü il tarixli, 131s nömrəli sərəncamın əlavəsində göstərilən siyahı üzrə yataqxana binaları 07.01.2014-cü il tarixli təhvil- qəbul aktına əsasən balansa götürülmüş, həmin yataqxanalarda 1992-1993-cü illərdə məskunlaşdırılmış çoxsaylı məcburi köçkün ailələrinin istifadəsinə verilmiş mənzillərə dair ayrı- ayrı şəxslərin adlarına orderlərin verilməsi barədə sənədlər təqdim edilməmiş, ona görə də, təhvil-təslim aktında da sənədlərin təhvil verilməsi barədə məlumat öz əksini tapmamışdır. Məcburi köçkün ailələri istifadələrində olan mənzillərdən köçürüldükdən sonra 09.02.1988-ci ildə Bakı şəhərində anadan olmuş X11 92 saylı mənzili əldə etmək məqsədilə qapısını bağlamış və nəticədə dövlət mənzil fonduna aid yaşayış sahələri üzərində balanssaxlayan təşkilat tərəfindən idarəçilik hüquqlarının həyata keçirilməsinə maneə törədir. O, qanunsuz hərəkətini onunla əsaslandırmışdır ki, məcburi köçkün ailəsi yaşadığı halda güya Bakı "Radioquraşdırma" İstehsalat Birliyinin müvəqqəti yaşamaq üçün adına yazılmış 12.12.2006-cı il (guya 18 yaşında əldə etdiyi orderlə) tarixli 0225 saylı yataqxana orderi ilə faktiki olaraq boş olmayan 92 saylı mənzil onun istfadəsinə verilmişdir. V.R.Quliyeva həmin mənzildə heç vaxt yaşamamış, habelə Bakı "Radioquraşdırma" İB-yi ilə də əmək münasibətlərində olmamışdır. V.R.Quliyeva əldə etdiyi 12.12.2006-cı il tarixli, 0225 saylı orderlə bağlı Azərbaycan Respublikasının Mülafiə Sənayesi Nazirliyinə sorğu verilmiş, "Cavabdeh" İstehsalat Birliyi "Radioquruşdırma" zavodunun 24.01.2020-ci il tarixli, 17/11 saylı cavab məktubu ilə V.R.Quliyevanın barəsində Departamentə təqdim edilmiş məlumatda bildirilmişdir ki, onun adına "Radioquruşdırma" zavodunun arxivində heç bir sənəd aşkarlanmamış və X11 müəssisədə işləməmişdir. Lakin məcburi köçkün ailəsinin yaşamasına baxmayaraq, guya Bakı "Radioquraşdırma" İstehsalat Birliyi tərəfindən 09.11.2004-cü il tarixli, 41 saylı protokolla rəsmiləşdirilmiş 12.12.2006-cı il tarixli, 0225 saylı yataqxana orderi ilə 92 saylı mənzil ona verilmişdir. Göründüyü kimi qeyd edilən protokol və order mənzil qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmaqla əldə edilmişdir. X1 heç vaxt "Cavabdeh" İstehsalat Birliyi "Radioquraşdırma" zavodu ilə əmək münasibətlərində olmamışdır, yəni zavodda işləməmişdir. 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə, dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsinə köçmək üçün yeganə əsas verən sənəd order sayılır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. X11 tərəfindən təqdim edilmiş 12 dekabr 2006-cı il tarixli yazılmış 0225 saylı orderin verilməsinə Bakı "Radioquraşdırma" İstehsalat Birliyinin müdiriyyəti və həmkarlar ittifaqı komitəstnin 68 saylı protokolu ilə rəsmiləşdirilmiş 06 dekabr 2006-cı il tarixli birgə qərarı əsas olmuşdur. Guya 12 dekabr 2006-cı il tarixli 0225 saylı orderə əsasən Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 92 saylı mənzilin V.R.Quliyevaya verilməsi qərara alınmışdır. Qeyd edilənlərə diqqət yetirməklə müəssisə tərəfindən yataqxanada orderin verilməsi ilə bağlı mövcud mənzil qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulduğu öz təsdiqini tapır. "Cavabdeh" İstehsalat Birliyi "Radioquraşdırma" Zavodu tərəfindən verilmiş bü cür sənədlərin qarşısı qətiyyətlə alınmalıdır. Qanunvericiliyin qeyd edilən normalarının tələblərinə əsasən yataqxanalarda yaşayış sahələri yalnız ış (və ya təhsil) dövründə yaşamaq (və ya təhsil almaq) üçün verilməsi təsbit edilmiş, yəni idarə, müəssisə və təşkilatlarla yalnız əmək münasibətlərində olan, müəssisədə faktiki olaraq işləyən, yaşayış sahəsinə ehtiyacı olan qismində həmin müəssisədə mənzil uçotunda olan vətəndaşlar iş dövründə yaşamaq üçün yataqxanadan istifadə edə bilər. Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən 11.02.2019-cu il tarixli, 48 saylı məktubla cavabdeh "Cavabdeh" İstehsalat Birliyi "Radioquraşdırma" zavoduna müraciət edilərək məcburi köçkünlərin məskunlaşdırıldığı yaşayış sahələrinə hansı əsaslarla orderlərin verildiyi və ona əsas verən sənədlərin təqdim olunması xahiş edilmişdir. "Cavabdeh" İstehsalat Birliyi "Radioquraşdırma" zavodu tərəfindən 04.03.2019cu il tarixli, 02/47 cavab məktubu ilə bildirilmişdir ki, ünvan 1 saylı yataqxana binası 01,01.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərinin heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlərlə bağlı məlumatın verilməsi mümkün olmamışdır. Göründüyü kimi, məcburi köçkün ailəsinin faktiki olaraq sahiblik edərək istifadəsində olan boş olmayan 92 saylı mənzilə X7 orderin verilməsinə əsas kimi göstərilmiş 68 saylı protokolla rəsmiləşdirilmiş 06.12.2006-cı il tarixli birgə qərarın, həmçinin 12.12.2006-cı il tarixli, 0225 saylı orderin hüquqi əsası olmamış və bununla bağlı zavodun arxivində heç bir sənəd aşkarlanmamışdır. Bakı "Radioquraşdırma" İstehsalat Birliyinin adı göstərilməklə V.R.Quliyevanın adına yazılmış order mənzil qanunvericiliyinin tələblərinə zidd olduğundan ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi X13 iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsasını cavabdeh tərəfindən verilmiş orderin ləğvi və orderin verilməsinə əsas olan sənədlərin etibarsızlığı təşkil edir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı iş üzrə mübahisə edilən order 12 dekabr 2006-cı tarixdə verilmişdir. Odur ki, hazırkı mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49-cu maddəsinin 1-ci abzasının tələbinə əsasən, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Həmin Məcəllənin 49-cu maddəsinin 2-ci abzasına əsasən, orderi etibarsız hesab etmək haqqında tələb orerin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Maddənin məzmunundan göründüyü kimi ifadə olunmuş müddət iddia müddəti deyil, kəsici müddətdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs mübahisələndirmək hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmə və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Eyni zamanda həmin müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqi barədə ərizə verməsi tələb olunmur. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aiddir. Göründüyü kimi, mübahisəli mənzilə order 12 dekabr 2006-cı il tarixdə verilmişdir. Mübahisəli otağın yerləşdiyi ünvandakı yataqxana 26 iyul 2013-cü il tarixdə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Lakin iş üzrə iddia tələbi məhkəməyə orderin özündə göstərilən onun verilməsi tarixindən təxminən 15 il, iddiaçının mübahisəli otaqların yerləşdiyi yataqxananı öz balansına qəbul etdiyi tarixdən 6 ildən artıq müddət keçdikdən sonra verilmişdir. Bununla da orderin etibarsızlığı ilə bağlı müəyyən edilmiş müddət ötürülmüşdür. Məhkəmə kollegiyası iddia tələbinin X4 yaşayış sahəsinə istifadə hüququnun itirilməsi hissəsini araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə də əsassız olmaqla rədd edilməlidir. Belə ki, istifadə hüququnun itirilməsi X8 yönəlməli olan tələbdir. Hazırkı iş üzrə isə cavabdeh qismində Cavabdeh İstehsalat Birliyi “Radioquraşdırma” Zavodu qeyd edilmişdir. Belə olan halda istifadə hüququna xitam verilməsi tələbi Cavabdeh İstehsalat Birliyi “Radioquraşdırma” Zavoduna qarşı irəli sürülə bilməz. Odur ki, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Cavabdeh İstehsalat Birliyi “Radioquraşdırma” Zavoduna qarşı “yataqxanada yaşayış sahəsi ilə bağlı orderin verilməsi barədə birgə qərarın (protokolun), qərara (protokola) əsasən verilmiş orderin etibarsız hesab edilməsi və yaşayış sahəsinə istifadə hüququnun itirilməsi”nə dair iddia tələbinin rədd edilməsi, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin ödədiyi 10 (on) manat dövlət rüsumunun onun özünə aid edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(011)-552/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar