Məhkəmə qərarları › İş №2(103)-6273/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6273/2021

28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6273/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızının (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs2 nümayəndəsi, eyni zamanda vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2-ya qarşı “alğı-satqı müqaviləsinin, hüquqların dövlət qeydiyyatının, hüquqların qabaqcadan qeydiyyatına dair arayışın etibarsız hesab edilməsi, əsl mülkiyyətçinin hüquqlarının tanınması və qeydə alınması” tələbinə dair iddia ərizəsi, müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs2 cavabdehlər Cavabdeh1, Cavabdeh2-ya və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və arayışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Cavabdeh1 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-530/2021 saylı iş üzrə qəbul etdiyi 29 mart 2021-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürən üçüncü şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvandakı 575 kv.metr torpaq sahəsində yerləşən, ümumi sahəsi 226.8 kv.metrdən ibarət fərdi yaşayış evi olan “A” tikilisinin altındakı 139.626 kv.metr torpaq sahəsinə görə Maraqlı şəxs2 adına banka keçirilmiş pulu Cavabdeh1 götürdükdən sonra bu puldan 83.445 manat pulu Cavabdeh2-nın hesabına keçirib Cavabdeh1 ilə Cavabdeh2 arasında Xətai rayonu, Gəncə prospektindəki 2942A saylı binanın “C blokunun 16-cı mərtəbəsindəki 3 saylı, 3 otaqlı, ümumi sahəsi 111.26 kv.metr olan mənzilin alğı-satqısına dair bağlanmış 24 dekabr 2018-ci il tarixli 1130 saylı müqavilənin, həmin mənzilin Azərbaycan Respublikası DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsində 11 yanvar 2019-cu il tarixdə ********** nömrə ilə Sabitin adına qeydə alınmasının və ona verilmiş hüquqların qabaqcadan qeydiyyatına dair arayışın etibarsız hesab edilməsi, həmin mənzilə əsl mülkiyyətçi kimi iddiaçının hüquqlarının tanınması və Azərbaycan Respublikası DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsində qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs2 cavabdehlər Cavabdeh1, Cavabdeh2-ya və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, məhəllə 2942A ünvanda Cavabdeh2 tərəfindən inşa edilən “C” blok, 16-cı mərtəbə, tam sahəsi 111.26 kv.metr olan mənzilə dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 11 yanvar 2019-cu il tarixli “hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən” arayışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs X2 Cavabdeh1 qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikah dövründə əldə olunmuş Xətai rayonu, Gəncə prospektindəki 2942A saylı binanın “C” blokunun 16-cı mərtəbəsindəki 3 saylı, 3 otaqlı, ümumi sahəsi 111.26 kv.metr olan mənzilin 2/3 hissəsinə iddiaçının, 1/2 hissəsinə isə cavabdehin pay hüquqlarının tanınmaqla bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-530/2021 saylı iş üzrə qəbul etdiyi 29 mart 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2-ya qarşı alğı-satqı müqaviləsinin, hüquqların dövlət qeydiyyatının, hüquqların qabaqcadan qeydiyyatına dair arayışın etibarsız hesab edilməsi, əsl mülkiyyətçinin hüquqlarının tanınması və qeydə alınması barədə iddia tələbinin rədd edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Cavabdeh1 qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi barədə iddia tələbinin rədd edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs2 iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, məhəllə 2942 A ünvanda yerləşən 50A, C blok, 16-cı mərtəbə, 61.87 kv.metr yaşayış sahəsi, 111.26 kv.metr ümumi sahəsi olan, 3 otaqlı, C03 saylı Cavabdeh2 tərəfindən inşa edilən mənzilə dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 24 dekabr 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, müqavilə üzrə Cavabdeh2-ya ödənilmiş 83.445 (səksən üç min dörd yüz qırx beş) manat pul vəsaitinin MTK-dan alınaraq Maraqlı şəxs2 geri qaytarılması, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 11 yanvar 2019-cu il tarixli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın ləğv edilməsi, İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun onun özünə aid edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 tərəfindən ödənilmiş 40 (qırx) manat dövlət rüsumu onun özünə aid edilməsi, cavabdehlər Cavabdeh1 və "xxxx" MTK-dan 10 (on) manat dövlət rüsumunun alınaraq müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs2 ödənilməsi qət edilmişdir. Qətnamədən müstəqil tələb irəli sürən üçüncü şəxs X2 apellyasiya şikayəti verərək qətnamənin – iddia tələbinin rədd edilməsi və Maraqlı şəxs2 iddasının təmin edilməsi hissəsində ləğv edilərək, tərəfindən verilmiş iddia tələbinin təmin edilməsi və Maraqlı şəxs2 iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X2 apellyasiya şikayətini iddia tələbinin dəlilləri ilə əsaslandırmış, həmçinin göstərmişdir ki, məhkəmə işin faktiki hallarını tam araşdırmamış və düzgün qiymətləndirməmişdir. Məhkəmənin nəticəsi iş materiallarındakı sübutlarla təsdiq olunmur. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs2 nümayəndəsi, eyni zamanda vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə İddiaçı iddiası eləcə də K.Həbibzadənin iddiası rədd edilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs2 iddiası təmin edilmiş, həmin qətnamədən K.Həbibzadə apellyasiya şikayəti verərək, qətnamənin – iddia tələbinin rədd edilməsi və Maraqlı şəxs2 iddasının təmin edilməsi hissəsində ləğv edilərək, tərəfindən verilmiş iddia tələbinin təmin edilməsi və Maraqlı şəxs2 iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, qətnamə İddiaçı və Maraqlı şəxs2 tərəfindən mübahisələndirilməmişdir. Bu baxımdan hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının Maraqlı şəxs2 iddianın təmin edilən, eləcə də K.Həbibzadənin iddiasının rədd edilən hissəsində yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası ilk olaraq müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Cavabdeh1 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi həmin tələbi rədd etməklə haqlı olmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi, Cavabdeh1 ilə X2 17 iyun 2006-cı ildə ailə qurmuşlar. Mübahisəli mənzil 24 dekabr 2018-ci il tarixdə əldə edilmiş və mənzil Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş 24 dekabr 2018-ci il tarixli müqaviləyə əsasən mübahisələndirilən mənzilə dair Cavabdeh2 ilə Cavabdeh1 arasında razılaşma əldə edilmiş və mənzilin dəyəri olaraq sonuncu 83.445 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinin icra edilməsi nəticəsində Cavabdeh1 adına hüquqların qabaqcadan qeydiyyatı barədə arayış əldə edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir (maddə 32.1, 32.2). Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması. İkinci şərt əmlakın nikah müddətində ər-arvad tərəfindən əvəzli əqdlər əsasında əldə edilməsini tələb edir. Göründüyü kimi əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərt eyni zamanda mövcud olmalıdır. Hazırki işin yuxarıda sadalanan hallarından K.Həbibzadənin mübahisələndirdiyi əmlak tərəflərin nikah müddətində əldə edilməsi müəyyən edilsə də, həmin əmlak ərarvadın ümumi gəlirləri əsasında əldə edilməsi öz təsdiqini tapmamışdır. Belə ki, K.Həbibzadə bu barədə mötəbər sübutlarını nə birinci instansiya məhkəməsi baxışı zamanı nə də ki apellyasiya baxışı zamanı təqdim etməmişdir. K.Həbibzadə apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi 24 dekabr 2018-ci il tarixli müqaviləyə istinad etməklə mübahisəli mənzilin sökülən evlərin dəyəri hesabına təmir edilməsi ilə bağlı razılaşmanı mənzilin dəyərinin bu evlər hesabına ödənilməsi kimi qəbul etmişdir. Halbuki həmin müqavilənin 2.1-ci bəndindəna ydın olur ki, X4 torpaq sahəsinin əvəzi olaraq onların mənzillərini təmir etməyi öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyasının K.Həbibzadənin dəlilləri ilə razılaşmır, belə ki, iş materiallarında olan 21 dekabr 2018-ci il tarixli ilkin müqavilənin şərtlərinə əsasən Maraqlı şəxs2 mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsindəki 17 ünvanında yerləşən 139,626 kv.m. torpaq sahəsinin və fərdi yaşayış evinin “A” tikilisinin ½ hissəsini sökülmək üçün Kooperativə təhvil verməyi, Kooperativ isə torpaq sahəsinin əvəzi olaraq 83.570 manat müqabilində notarial qaydada alğı-satqı müqaviləsinin bağlanması və həmin vəsaitə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2942 A məhəllə ünvanında yerləşən yaşayış binasında C bloku, 16-cı mərtəbə, 111.26 kv.m ibarət olan tam təmirli mənzili Maraqlı şəxs2 adına almağı öhdəsinə götürmüşdür. Cavabdeh1 qeyd edilən ilkin müqavilənin icrasını Maraqlı şəxs2 adından həyata keçirmişdir. Göründüyü kimi iş materialları ilə mübahisəli mənzilin K.Həbibzadənin qeyd etdiyi kimi tərəflərin birgə vəsait hesabına əldə edilməsi öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəsi edilən mənzilin tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak olmadığını müəyyən edərək iddia tələbinin rədd olunması barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri həmin hissədə formal mülahizələrə əsaslanmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs2 “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və arayışın ləğv edilməsi” barədə iddia tələbinin təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan 21 dekabr 2018-ci il tarixli ilkin müqavilənin şərtlərindən göründüyü kimi Maraqlı şəxs2 mülkiyyətində olan torpaq sahəsi ilə bağlı "xxxx" MTK ilə razılığa gəlmişdir. Maraqlı şəxs2 öz adından onu təmsil etmək üçün Cavabdeh1 etibarnamə vermişdir. Həmçinin müəyyən edilir ki, Maraqlı şəxs2 ünvan 6 ünvanda yerləşən tikiliyə aid özünün payını Hökümə Həşimovaya bağışlamışdır. Bundan başqa birinci instansiya məhkəməsi baxışı zamanı 03 mart 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Maraqlı şəxs2 izahat verərək qeyd etmişdir ki, Cavabdeh1 etibarnamə verərkən sonuncuya onu alğı-satqı müqaviləsində təmsil etməyi, və torpağın dəyəri kimi ödənilmiş vəsait hesabına Hökümə Həşimovanın adına ilkin müqavilədə göstərilən ünvanda yerləşən evi rəsmiləşdirməyi həvalə etmişdir. Lakin hazırkı məhkəmədən bildiriş gəldiyi zaman ona məlum olmuşdur ki, etibarnamə verdiyi Cavabdeh1 onun göstərişləri ziddinə hərəkət etmiş və evi Hökümə Həşimovanın adına deyil, öz adına rəsmiləşdirmişdir. Odur ki o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş 12 iyul 2018-ci il tarixli etibarnamənin mətnindən görünür ki, Maraqlı şəxs2 Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsində yerləşən 17 saylı fərdi yaşayış evindən paylı mülkiyyət hüququ əsasında Maraqlı şəxs2 məxsus “A” tikilisindən ½ hissə və torpaq sahəsi 139.626 kv.m dair arayışlar almağı, aldıqdan sonra satmağı, pulunu almağı, buna dair müqaviləni notariat kontorunda bağlamağı və imzalamağı, həmçinin istənilən şəxslərin həmin ünvana qeydiyyata alınması ilə əlaqədar notariat kontorunda Maraqlı şəxs2 adından ərizə verməyi, imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi etibar etmişdir. İş materiallarında olan 24 dekabr 2018-ci il tarixli müqavilədən görünür ki, Kooperativ inşa edəcəyi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ilə İ.Zülfüqarov küçəsinin kəsişməsindəki 2942 A saylı yaşayış binasında yerləşən 50A, C blok, 16-cı mərtəbə, 61.87 kv.metr yaşayış sahəsi, 111.26 kv.metr ümumi sahəsi olan, 3 otaqlı, C03 saylı mənzili Cavabdeh1 verməyi, Sabit Həsənzadə isə müqavilənin şərtlərinə əsasən mənzilin dəyəri olan 83.445 manat pul vəsaitini Kooperativə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Hüquqların qabaqcadan qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 50A, C blok, 16-cı mərtəbə, 61.87 kv.metr yaşayış sahəsi, 111.26 kv.metr ümumi sahəsi olan, 3 otaqlı, C03 saylı mənzil Azərbaycan Respublikası DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsində 11 yanvar 2019-cu il tarixdə ********** nömrə ilə Cavabdeh1 adına qabaqcadan qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 mülkiyyətçi Maraqlı şəxs2 aralarında olan şifahi razılaşmaya əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, məhəllə 2942 A ünvanda yerləşən 50A, C blok, 16-cı mərtəbə, 61.87 kv.metr yaşayış sahəsi, 111.26 kv.metr ümumi sahəsi olan, 3 otaqlı, C03 saylı mənzil Cavabdeh2 tərəfindən inşa edilən mənzilə dair alğı-satqı məhz mülkiyyətçi Maraqlı şəxs2 müəyyən etdiyi üçüncü şəxs olan Hökumə Həbibovanın adına bağlanmalı idi. Lakin nəticə etibarilə Cavabdeh1 mənzili sözügedən üçüncü şəxsin xeyrinə yox, məhz öz adına rəsmiləşdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359-cu maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Mülki Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Göründüyü kimi nə qədər ki, Cavabdeh1 vermiş olduğu izahatda həqiqətən də ona verilmiş etibarnamə əsasında əmlakdan mülkiyyətçinin müəyyən etdiyi üçüncü şəxsin yox, məhz öz xeyrinə istifadə etməsini bildirir və bu halı iddianı etiraf edərək təsdiq edir, belə olan halda sözügedən etibarnamənin yaratmış olduğu hüquqi nəticə özündə etibarsızlığı ehtiva edir. Belə ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, məhəllə 2942 A ünvanda yerləşən 50A, C blok, 16-cı mərtəbə, 61.87 kv.metr yaşayış sahəsi, 111.26 kv.metr ümumi sahəsi olan, 3 otaqlı, C03 saylı Cavabdeh2 tərəfindən inşa edilən mənzilə dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi və tərəflərin əvvəlki vəziyyətə qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.5-ci maddəsi). Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. Digər tərəfdən birinci instansiya məhkəməsi baxışı zamanı tərəflərin vermiş olduğu izahatlardan da görünür ki, Maraqlı şəxs2 Cavabdeh1 etibar etdiyi üçün mübahisəli əmlakın taleyi ilə maraqlanmamış və hazırkı mübahisəli hal ona məhz İddiaçı məhkəməyə iddia ilə müraciət etdikdən sonra bəlli olmuşdur. Həmçinin, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 tərəfindən də qeyd olunan halın əksini yəni, Maraqlı şəxs2 tərəfindən iddia müddətinin ötürülməsini təsdiq edəcək hər-hansı sübut təqdim edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelllyasiya şikayətinin dəlilləri göstərilən hissədə də əsassız olmuşdur. MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün K.Həbibzadə tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: Müstəqil tələb irəli sürən üçüncü şəxs X1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-530/2021 saylı iş üzrə qəbul etdiyi 29 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu müstəqil tələb irəli sürən üçüncü şəxs X1 özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar