Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6273/2023 01.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh4 Əlisafa oğluna, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: cavabdehlərin mənzildən çıxarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X3 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh3, onun nümayəndəsi (vəkili) Vəkil, eləcə də digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 01 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi ev 28, mənzil 19 (sonradan – mübahisəli mənzil) ünvanında yerləşən, ümumi sahəsi 62,3 kv metr olan mənzil Cavabdeh3 mülkiyyətində olmuşdur. İddiaçı həmin mənzili xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış və 4Ə-379 reyestr nömrə ilə təsdiq edilmiş AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi əsasında 97000 manata (1000 manat beh və 96000 manat alqı-satqı zamanı ödənilmiş məbləğ) Cavabdeh3 almışdır. Həmin müqavilədə qeyd edilmişdir ki, mənzil, satılan vaxt "xxxx" MMC-də girovda olmuş, əməliyyat notarius tərəfindən "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 1545 №-li məktubu və mülkiyyətçinin razılığı əsasında ipoteka hüququ qüvvədə olmaq şərtilə aparılmış, mənzilin satış qiymətindən 36260 manat "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına, qalan 59740 manat isə satıcı Cavabdeh3 ödəniləndən, "xxxx" MMC məbləği aldıqdan və rəsmi məktub verdikdən sonra əmlak dərhal ipoteka yükündən azad ediləcək. Müqavilənin 11-ci bəndinə əsasən satıcı Cavabdeh3 xx.xx.2023-cü il tarixədək həmin mənzili boşaldıb iddiaçıya təhvil vermək öhdəlyi götürmüşdür. Mübahisəli mənzildə qeydiyyatda olan Cavabdeh4 Əlisafa oğlu, Cavabdeh2, Cavabdeh1 mənzilin satılmasına razılıq ərizələri vermişlər. İddiaçı mübahisəli mənzilə olan mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
a. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh4 Əlisafa oğlu, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı Sabunçu Rayon Məhkəməsində iddia qaldıraraq cavabdehlərin ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, 28 №-li evin 19 №-li mənzilindən istifadə hüququna xitam verilməklə, onların həmin mənzildən çıxarılması, dəymiş maddi zərərə görə 1000 manat və mənəvi zərər qismində 7000 manat, ümumilikdə isə 8000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər xx.xx.2023-cü il tarixdə həmin mənzili boşaldıb iddiaçıya təhvil verməyi öhdəsinə götürsə də, mənzili boşaldıb təhvil verməmişdir. Aralarındakı razılaşmaya baxmayaraq, Cavabdeh3 zəng edərək kobud şəkildə mənzili satmaq fikrindən daşındıqlarını, mənzildən çıxmayacaqlarını bildirmiş və iddiaçını hədələyərək, mənzilə gələcəyi təqdirdə onun üçün pis olacağını demişdir. İddiaçı Abşeron rayonunda ayı 200 manat olmaqla bir otaqlı kirayə mənzil tapmış, lakin kirayə verən mənzilin kirayəsi üçün ilkin olaraq 5 aylıq kirayə haqqını tələb etdiyinə görə iddiaçı məcbur olub 1000 manat məbləğində kirayə haqqı ödəyib xx.xx.2023-cü il tarixdə Masazır kəndi İstiqlaliyyət küçəsi, ev 10B, mənzil 38 ünvanına köçmüş, bunun nəticəsində ona 1000 manat məbləğində maddi zərər dəymişdir. Bundan əlavə, hadisələr iddiaçının mənəvi sarsıntı keçirməyinə səbəb olmuşdur ki, bununla da ona 7000 manat məbləğində mənəvi zərər dəymişdir.
4. İddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq sözügedən alqı - satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilə əsasında X2 verilmiş dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi və daşınmaz əmlakın əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bir neçə gün bundan əvvəl ona məlum olmuşdur ki, müqavilə bağlanan zaman mübahisəli mənzilin qiyməti barədə əhəmiyyətli şəkildə yanılmışdır. X1 2015-ci ildə rəhmətə gedib, özü 2-ci qrup əlildir, ailə başçısını itirmişdir, həssas əhali qrupuna aiddir. Sözügedən mənzilə 1991-ci ildə köçmüş və bu günədək orada yaşayırlar. Mənzil 2015-ci ilədək X1nun adına olmuş, 2015-ci ildə vərəsəlik yolu ilə iddiaçının adına keçmişdir. Evdar xanımdır, ailə qurduğu vaxtdan işləmir. Heç vaxt daşınmaz əmlak bazarından xəbəri olmayıb. Sonradan başa düşmüşdür ki, mənzili satarkən tələm-tələsik iş görüb, yanılmışdır. Belə ki, o, mənzili həmin 96.000 manat məbləğə satmaqda yanılmışdır. Evin stalinka layihə, hündürlük 3,2 m, xarici və iç divarların qalınlığı 1,5 m təşkil edir, orta mənzil, 4 mərtəbənin 3-cü mərtəbəsi, mənzil binanın tam ortasında yerləşir, yelçəkəndir, bina daş binadır, mərkəzi istilik sistemi vardır, bundan əlavə binada divar peçi vardır, qaz, su, işıq daimidir, binanın hər iki tərəfə görüntüsü var, eyvan var, bina yol üstüdür, yaxınlıqda bütün infrastrukturlar var - məktəblər, hospital, bağçalar.
6. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə e2(010)- 2513/2023 №-li mülki iş birləşdirilməsi üçün Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilmişdir.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-3962/2023 saylı, 31 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Əsədova) İddiaçı iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh4 Əlisafa oğlu, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 azyaşlılar - X8, X6, X7 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, 28 №-li evin 19 №-li mənzilindən çıxarılmaları qət edilmiş, İddiaçı iddiası qalan hissədə və Cavabdeh3 iddiası isə bütünlüklə rədd edilmişdir.
8. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 140, 148.2, 152.5, 337, 390.1, 394, 560-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a. Apellyasiya şikayətinin dəlilləri
9. 1-ci iş üzrə cavabdeh, 2-ci iş üzrə iddiaçı olan Cavabdeh3 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, İddiaçı iddiasının rədd, öz iddiasının isə təmin olunmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, həmin evi 96000 manatdan qat-qat artıq qiymətə sata bilərdi. Bildirirəm ki, bu mənzil yeganə mənzilidir, başqa evi yoxdur. Belə ki, hamıya bəlli olan faktdır ki, mübahisəli evin bazar qiyməti ən azı 180.000 manat təşkil edir. Bu qiymət mübahisələndirilən alqı-satqı qiymətinin təxminən az qala iki misli qədərdir ki, bu fərq də əhəmiyyətli fərq hesab edilir. Cavabdehə mənzili qaytarması barədə təklif etsə də, müsbət nəticəsi olmamışdır. Mənzili satarkən vacib əhəmiyyətli yanılmaya yol verdiyinə görə həmin əqd etibarsız hesab olunmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Cavabdeh3, onun nümayəndəsi Vəkil və eləcə də digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
13. İddiaçı və nümayəndəsi Nümayəndə isə şikayətə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədiklərinə və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
16. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır.
17. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
18. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
19. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır, müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir, digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
20. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur, bu cür əqd bağlandığı andan etibarsızdır.
21. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir,
22. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Hazırkı apellyasiya şikayətində qətnamə 1-ci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı olan Cavabdeh3 tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı birinci iş üzrə iddianın təmin edilən, ikinci iş üzrə iddianın təmin edilməyən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir.
26. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
27. Birinci iş üzrə İddiaçı tələbi alqı-satqı yolu ilə əldə etdiyi və hazırda mülkiyyətində olan mənzildən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi, mənzildən çıxarılmaları və s. barədədir.
28. O, tələbini əsaslandırarkən iddiaçı ilə notariat kontorunda alqı-satqı müqaviləsi bağlandığını, müqavilə ilə müəyyən edilmiş məbləği ödədiyini, lakin Cavabdeh3 mənzili ona təhvil vermədiyini bildirmişdir.
29. İkinci iş üzrə iddiaçı Cavabdeh3 tələbi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın əvvəlki vəziyyətinə qaytarılması barədədir.
30. İddiaçı tələbin əsası kimi mənzilin real dəyərindən aşağı qiymətə satıldığına, bunu sonradan aşkar etdiyinə istinad etmişdir.
31. Birinci instansiya məhkəməsi əqdin etibarsızlığı ilə əlaqədar məhkəməyə sübutlar təqdim edilmədiyinə əsaslanaraq Cavabdeh3 iddiasını rədd etmiş, İddiaçı iddiasını isə qismən təmin etmişdir. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasındakı alqı-satqı müqaviləsi qanunvericliyin tələblərinə riayət edilməklə bağlanmışdır, hər hansı yanılma olmamışdır və onun etibarsızlığı üçün əsaslar mövcud deyil. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdehlər mənzili satmaqla, onun satışına razılıq verməklə, yaxud da üzərinə mənzili boşaldılb təhvil vermək öhdəliyi götürməklə mənzildən istifadə hüquqlarını itirmişlər və ona görə də mənzildən çıxarılmalıdırlar.
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilən hallarından düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
33. Qanunvericilikdə əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır.
34. Qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.
35. Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli, X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarları üzrə ifadə edilmiş hüquqi mövqelərə görə mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və həqiqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər.
36. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə mübahisələndirilən alqısatqı müqaviləsi bağlanarkən əqdin etibarlılıq şərtləri pozulmamışdur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, apellyator alqı-satqı müqaviləsi bağlanarkən əmlakın qiymətini öz iradəsi əsasında müəyyən etdiyini, həmin əmlaka görə müqavilə əsasında müəyyənləşdirilmiş məbləği aldığını mübahisələndirməmişdir. Əmlakın satıcısının (indiki halda apellyatorun) müqavilə bağlandıqdan sonradan əmlakın dəyəri ilə bağlı mülahizələri alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas deyildir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 31 iyul 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.