Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6274/2022 14.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 aprel 2022-ci il tarixli qətnamədən İddiaçı MMC-nin verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) İddia barədə məlumat
1. İddiaçı MMC-nin buna səlahiyyətli olan nümayəndəsi cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, dəymiş maddi ziyanın əvəzi olaraq 5.194 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) qurumları arasında bağlanmış Könüllü Tibbi Sığorta Müqavilələrinə uyğun olaraq, həmin müqavilələrin tibbi koordinasiya hissəsini İddiaçı "xxxx" ASC ilə aralarında bağlanmış “tibbi sığorta müqavilələri üzrə assistans xidmətlərinin göstərilməsi haqqında müqavilələrə” əsasən iddiaçı MMC “Assistans şirkəti” olaraq icra edir. Yəni sığorta hadisəsi baş verdiyi zaman sığorta olunanları sığorta hadisəsinin dərəcəsi və növünə uyğun mütəxəssis və köməkçilərinin göndərişi ilə, təxirəsalınmadan müxtəlif tibb müəssisələrinə təxliyə edilməsi təşkil edir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh iddiaçı MMC-də sanitar vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2017-ci il tarixdə işçinin ərizəsinə əsasən, iki tərəfli qaydada əmək müqaviləsinə vəzifə dəyişikliyi edilərək Cavabdeh xadimə vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi bağlanılarkən işçinin əmək haqqı 167 manat müəyyən edilmişdir. Əmək haqqı işəmüzd saat hesabı hesablanacağı, əmək haqqının növbəti ayın 15-də ödəniləcəyi müəyyən edilmişdir. Əmək müqaviləsi ilə artıq vaxt, bayram və istirahət günlərinə işlədikdə əmək haqqı iki qat hesablanacağı, əmək haqqına 75 faiz əlavə ediləcəyi müəyyən edilmişdir. Əmək müqaviləsi 8 ay müddətinə bağlanılmışdır. Müqavilə müddətinin bitməsində 7 gün ərzində tərəflərdən müqavilənin xitam edilməsi tələb edilmədiyindən müqavilə bir neçə dəfə eyni müddətə uzadılmışdır. xx.xx.2018-ci il tarixdə işçinin əmək haqqı artırılaraq 248,97 manat, xx.xx.2019-cu il tarixdə 253,96 manat müəyyən olunmuşdur. İşçi əmək funksiyasını "xxxx" adasında, Dövlət Neft Şirkətinin TSH-də xadimə olaraq icra edirdi. xx.xx.2021-ci il tarixdə Cavabdeh əmək müqaviləsinə, müqavilə müddəti bitməsi əsas tutularaq xitam verilmişdir. Cavabdeh pozulmuş əmək hüquqlarının bərpası ilə bağlı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(004)- 1902/2021 saylı qətnaməsi ilə Cavabdeh MMC-yə qarşı iddia tələbi rədd edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı MMC-də işlədiyi müddət ərzində onun heç bir əmək hüququ pozulmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)6813/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamışdır. Apellyasiya icraatı zamanı təqdim edilmiş bütün illər üzrə davamiyyət jurnalları "xxxx" adasında arxivdən təmin edilərək təqdim edilmişdir. Həmin davamiyyət jurnallarına iddiaçı MMC baxış keçirtdiyi zaman, Cavabdeh "xxxx" adasında işə çıxmadığı halda ezamiyyə pulu və dəniz əmsalı, həmçinin yolda keçən vaxta görə 2017-ci il üzrə 2.418 manat, 2018-ci il üzrə 2.185 manat, 2019-cu il üzrə 264 manat, 2020ci il üzrə 312 manat, 2021-ci il üzrə 15 manat olmaqla artıq pul almış və toplam olaraq MMC-yə 5.194 manat məbləğində maddi ziyan vurmuşdur. Belə ki, “Ezamiyyə xərclərinin normaları haqqında” xx.xx.2008-ci il tarixli, 14 saylı qərarının 6-cı bəndinə əsasən cavabdeh ezamiyyə xərcləri əvəzi olan 10 manat, xx.xx.2018-ci il tarixdən etibarən 15 manat əlavəni "xxxx" adasında işə çıxarkən gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmadıqda almağa haqqı yaranırdı. Həmçinin işçi dəniz əmsalı olan maaşının 75 faiz əlavəsini "xxxx" adasında işə çıxarkən almağa haqqı yaranırdı. Lakin yuxarıda da qeyd edildiyi kimi davamiyyət jurnallarına baxıldığı zaman işçi Cavabdeh işlədiyi müddət ərzində müxtəlif vaxtlarda "xxxx" adasında işə çıxmadığı halda ezamiyyə xərcləri əvəzi və dəniz əmsalı üzrə maaşının 75 faiz əlavəsini almışdır. Bundan başqa cavabdeh ayrı-ayrı vaxtlarda yolda olmadığı halda, yolda keçən vaxta görə pul almış və ya yolda olsa da yolda keçən vaxta görə artıq pul almışdır. Bunların nəticəsində də, iddiaçı MMC-yə 5.194 manat məbləğində ziyan dəymişdir ki, həmin ziyanın əvəzi cavabdeh tərəfindən MMC-yə ödənilməlidir.
b) Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı MMC cavabdehin qanunazidd əməli nəticəsində ona maddi ziyanın vurulduğunu sübuta yetirə bilmədiyinə görə iddia tələbi rədd edilməlidir. İddiaçı MMC tərəfindən təqdim edilmiş “Davamiyyət jurnallarının” surətləri Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (MPM) müəyyən edilmiş yazılı sübutlarla bağlı tələblərə uyğun olmadığından mötəbər sübut olaraq qəbul edilmir.
c) Apellyasiya şikayəti barədə məlumat
5. İddiaçı MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.
6. İddia ərizəsinin məzmununa uyğun hesablanmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, haqq-hesab cədvəlində müəyyən edilmiş ödənişlər, bundan əvvəl tərəflər arasında məhkəmə çəkişmələrinin predmeti olmuş və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsdiqini tapmışdır. Yəni tərəflər arasında qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halların bir daha təsdiq edilməsinə ehtiyac yox idi və buna dair təqdim edilmiş sənədin həqiqiliyi şübhə doğurmamalı idi. Həmçinin həmin jurnalların əsilləri belə məhkəmə zalına gətirilmiş və Rayon Məhkəməsinin sərəncamında olmuşdur.
d) Apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat
7. İş üzrə tərəflər apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da apellyasiya baxışının iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
e) İşdə olan sübutlar
8. İddiaçı MMC-nin xx.xx.2017-ci il tarixli, 079/k nömrəli “işə qəbul olunması haqqında” əmrin surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdən MMC-yə sanitar vəzifəsinə işə qəbul olunmuşdur.
9. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə imzalanmış “Əmək müqaviləsindən” görünür ki, həmin müqavilə A.Ələkbərovanın sanitar vəzifəsinə işə qəbul olunması məqsədi ilə 8 ay müddətinə bağlanmışdır. İşçiyə hər ay 167 manat əmək haqqı və 15 faiz miqdarında əmək haqqına əlavə ödənilməli idi. İş 15 günlük növbəli iş qrafiki müəyyən edilir. İşçinin işə gəlib-getməsi üçün nəqliyyatla təmin edilir.
10. MMC-nin xx.xx.2017-ci il tarixli, 281/k nömrəli əmrin surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdən MMC-yə xadimə vəzifəsinə keçirilmişdir.
11. MMC tərəfindən təqdim edilmiş mühasibat sənədlərindən görünür ki, 2017-ci ilin may ayından 2021-ci ilin fevral ayına kimi olan dövr ərzində Cavabdeh aylıq əmək haqları güzəşt, vəzifə maaşı, faktiki iş günləri, faktiki iş saatları, əlavə iş saatları, gecə növbəsi üzrə saatları, yola sərf olunan vaxt, vaxtamuzd ödəniş, 75 faiz dəniz əmsalı, əlavə saatlar, məzuniyyət, məzuniyyətin kompensasiyası, gündəlik gediş haqqı, karantin, gecə növbəsi 40 faiz, xəstəlik kağızı, cəmi hesablanıb, gəlir vergisi, DSMF 10 faiz, DSMF işsizlik sığortası, 3 illik həyatın yığım sığortası, avans, cəmi tutulub, yekin məbləğ qrafalarından ibarət olan izahlı cədvəl-hesabatlarda öz əksini tapmaqla, tam şəkildə hesablanaraq ödənilmişdir.
12. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 448/011k nömrəli "xxxx" əmrdən görünür ki, xx.xx.2021-ci il tarixindən MMC-nin xadiməsi A.Ələkbərova Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
13. İşdə olan məhkəmə aktlarından görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-1902/2021 nömrəli qətnaməsi ilə A.Ələkbərovanın İddiaçı MMC-yə qarşı “pozulmuş əmək hüquqları ilə bağlı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” ilk iddiasının, MMC-nin A.Ələkbərovaya qarşı “işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi” barədə qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6813/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməyərək, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)- 601/2022 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
f) Mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
14. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
15. Məhkəmə iş üzrə tərəflər arasında yaranmış mübahisənin həlli məqsədi ilə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə görə, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyır.
16. Həmin maddənin 2-ci hissəsinə görə, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
17. Göründüyü əmək münasibətlərinin iştirakçıları biri digərinə vurduğu zərərin əvəzini ödəməyə borcludurlar və bu o halda həyata keçirilə bilər ki, ziyanın vurulması sübuta yetmiş olsun. Çünki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. MPM-nin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Huk Niderlanda qarşı” iş üzrə xx.xx.1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
20. Göründüyü kimi iddia tələblərinin və onlara qarşı etirazların sübut edilməsi yükü iş üzrə tərəflərin üzərinə düşür. Hazırki işdə cavabdehin işə çıxmadığı halda ezamiyyə pulu və dəniz əmsalı, həmçinin yolda keçən vaxta görə 2017-ci il üzrə 2.418 manat, 2018ci il üzrə 2.185 manat, 2019-cu il üzrə 264 manat, 2020-ci il üzrə 312 manat, 2021-ci il üzrə 15 manat olmaqla artıq pul almasını, ümumilikdə MMC-yə 5.194 manat maddi ziyan vurmasını bildirən iddiaçı MMC, cavabdehin işə çıxmadığını sübut etmək üçün davamiyyət jurnallarını təqdim etmişdir.
21. Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi “Davamiyyət jurnallarını” mötəbər sübut kimi qəbul etməməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı MMC tərəfindən tərtib edilmiş davamiyyət jurnalında ümumiyyətlə cavabdehin adı qeyd edilməmiş, həmçinin jurnalın bütün işçilər tərəfindən müntəzəm olaraq imzalanması da görünmür.
22. Odur ki, MMC, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edə biləcək mötəbər sübutlara malik deyil.
23. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən məhkəmə aktları hazırki iş üzrə preyudisial xarakter daşımır. Çünki MPM-nin tələbinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (maddə 82.3.). Lakin yuxarıda qeyd edilən məhkəmə aktlarından görünür ki, Cavabdeh və MMC-nin bir birinə qarşı irəli sürdükləri iddiaları rədd edilmiş, həmin məhkəmə aktları ilə hazırki mülki işin icraatının başlanmasına əsas olmuş iddia tələbinin təmin edilməsinə əsasa ola biləcək hallar müəyyən edilməmişdir.
g) Apellyasiya baxışının nəticəsi
24. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
25. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
26. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı MMC tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
28. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 aprel 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı MMC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.