Məhkəmə qərarları › İş №2(103)-6277/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6277/2024

17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6277/2024 17.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı mülki iş üzrə (Açar sözlər: daşınmaz əmlakın təhvil verilməsi vəzifəsinin icrası) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh MTK-nın vəkili və nümayəndəsi Vəkil, üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X6, üçüncü şəxs "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı ("xxxx" ASC, "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı və X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) "qaraj sahəsinin təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2306/2024 saylı, 5 iyul 2024-cü il tarixli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları

1. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2007- ci il tarixli müqavilədən müəyyən edilir ki, Cavabdeh MTK tərəfindən Bakı şəhəri Yasamal rayonu M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişdiyi 252 saylı məhəllədə inşa edilən binanın qaraj sahəsinin üst mərtəbəsində yerləşən qaraj sahəsinin İddiaçı mülkiyyətinə verməyi, İddiaçı isə Cavabdeh MTK-ya isə 20.000 manat ödəməyi öhdəsinə götürmüşdür.

2. Cavabdeh MTK-nın xx.xx.2008-ci il tarixli 102 a saylı maliyyə arayışından müəyyən edilir ki, İddiaçı avtomobil dayanacaq hissəsindən daimi istifadə üçün dəyərini tam ödəmişdir.

3. Azərbaycan Respublikası Prezidentinin "xxxx" ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 4 dekabr 2017-ci il tarixli, 1704 nömrəli fərmanın icrası ilə bağlı "xxxx" MTK-nın problemli aktivlərinin əvəzində məhkəmə qərarı ilə əldə edilmiş əmlakların "Aqrarkredit QSC Bank Olmayan Kredit Təşkilatının mülkiyyətindən "xxxx" ASC-nin mülkiyyətinə verilməsinə dair xx.xx.2019-cu il tarixli razılaşmanın c) bəndinə əsasən müəyyən edilir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(81)-100/2017 saylı qətnaməsi əsasında qətnamədə göstərilən daşınmaz əmlaka dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən "xxxx" QSC-nin adına hüquqların qabaqcadan dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış təqdim olunmuşdur. Həmin arayışa əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsi, 252-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binası (torpaq sahəsi 0,346904 ha, torpaq sahəsinin mülkiyyət növü dövlət torpağı, torpaq sahəsi üzərində hüququn növü - istifadə hüququ) üzərində "xxxx" QSC-nin müvafiq olaraq mülkiyyət və istifadə hüquqlarının qeydiyyatı aparılmışdır. Həmin yaşayış binasında yerləşən cəmi 143 ədəd mənzillərdən 85 ədədi "xxxx" MTK tərəfindən müxtəlif vaxtlarda müxtəlif şəxslərə satılmış, 58 ədədi hazırda satılmamış qalmışdır. Razılaşmanın e) bəndində qeyd olunur ki, fərmanın icrası ilə bağlı yuxarıda qeyd olunan əmlakın "xxxx" ASC-nin və "xxxx" QSC-nin nümayəndələrindən ibarət Təhvil-Təslim Komissiyasında razılaşdırılmış qaydada "xxxx" MMC audit şirkəti tərəfindən qiymətləndirilməsi aparılmış və 28 avqust 2019-cu il tarixli rəyə əsasən həmin çoxmərtəbəli yaşayış binasında yerləşən, satılmamış 6713 m² olan 58 ədəd mənzilin, 55 ədəd qarajın, 2740 m² ticarət zallarının ümumi bazar dəyəri 13025000,00 manat dəyərində müəyyən edilmişdir. Fərmanın "xxxx" MTK ilə bağlı hissəsində icrasını təmin etmək məqsədilə tərəflər aşağıdakılar barədə razılığa gəlirlər: 1. "xxxx" MTK-nın problemli aktivlərinin əvəzində məhkəmə qərarı ilə əldə edilmiş Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsi, 252-ci məhəllədə istifadədə olan 0,346904 ha torpaq sahəsində olan yaşayış binasında yerləşən satılmamış 6713 m² olan 58 ədəd ənzil, 55 ədəd qaraj, 2740 m² ticarət zalları (qeyri-yaşayış) qiymətləndirici şirkət tərəfindən müəyyən edilmiş ümumi 13025000,00 manat dəyərindən kreditor və vergi borcları (razılaşmanın 2-ci və 3-cü bəndlərinə əsasən) çıxıldıqdan sonra xalis dəyərində "xxxx" QSC tərəfindən "xxxx" ASC-nin balansına verilir.

4. 05.11.2019-cu il tarixli təhvil-təslim aktından müəyyən edilir ki, satılmayan ümumi sahəsi 6713 kv.m olan 58 ədəd mənzil və ümumi sahəsi 2740 kv.m olan qeyri-yaşayış sahəsi. Sahəsi 990 kv.m olan 55 ədəd qaraj qiymətləndirici şirkət Davud Mamedov tərəfindən 13.025.000 manat dəyərində kreditor və vergi borcları çıxıldıqdan sonra "xxxx" QSC tərəfindən "xxxx" ASC-nin balansına veriləcəkdir.

5. 25.06.2023-cü il tarixli təhvil-təslim aktından müəyyən edilir ki Davud Mamedov MMC-nin xx.xx.2019-cu il tarixli qiymətləndirmə hesabatına uyğun olaraq 1 ədəd qarajın dəyəri 21.032 manat qiymətləndirilərk ümumilikdə 630.960 manat dəyərində 30 ədəd qaraj "xxxx" QSC tərəfindən "xxxx" ASC-yə təhvil verilmişdir. (-1-də 12 ədəd, -2-də 17 ədəd, -3də 1 ədəd).

6. "xxxx" QSC, "xxxx" ASC və Cavabdeh MTK-nın nümayəndələri ilə birlikdə Bakı şəhəri Yasamal rayonu M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişdiyi 252 saylı məhəllədə yerləşən tikintisi başa çatmayan çoxmərtəbəli yaşayış binasında invertarlaşdırma işlərinin aparılması barədə xx.xx.2022-ci il tarixli aktdan müəyyən edilir ki, layihə dəyişikləri nəticəsində -1 mərtəbədə 12 ədəd, -2-ci mərtəbədə 17 ədəd, -3-cü mərtəbədə 1 ədəd qaraj olan yeni sahələr yaranmışdır

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı "qaraj sahəsinin təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək cavabdehlə arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişdiyi 252 saylı məhəllədə 0,5380 ha torpaq sahəsində inşa edilən 119 saylı yaşayış binasının -2 mərtəbəsində yerləşən 1 ədəd yeraltı dayanacaq (qaraj) sahəsinin müvafiq qaydada ona təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-yə həvalə edilməsi və iddianın verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Həmçinin məhkəmə tərəfindən "xxxx" ASC, "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı və X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işin baxılmasına cəlb edilmişlər.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabde arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MTK tərəfindən Bakı şəhəri Yasamal rayonu M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişdiyi 252 saylı məhəllədə inşa edilən binanın qaraj sahəsinin üst mərtəbəsində yerləşən qaraj sahəsinin onun mülkiyyətinə verir. Həmin qaraj sahəsi binanın 119 nömrəli evin qaraj sahəsi hesab olunur. O isə qarajı qəbul edib dəyəri olan 20.000 manatı müqavilə ilə müəyyən edilmiş qaydada cavabdehə ödəyir. Cavabdehlə bağlanmış 5 iyul 2007-ci il tarixli müqavilənin 2.2.-ci bəndində "Sifarişçi"nin vəzifələri öz əksini tapmışdır. Həmin vəzifələr müqavilənin 2.2.1.-ci bəndinə əsasən Binanın aşağıda göstərilən tikinti-quraşdırma işlərini layihə-smeta sənədlərinə uyğun olaraq qüsursuz və qüvvədə olan tikinti norma-qaydalarına, qəbul edilmiş standartlara müvafiq olaraq yüksək keyfiyyətlə yerinə yetirərək qarajı "Payçı”ya təhvil vermək, müqavilənin 2.2.3-cü bəndinə əsasən Qarajı bu müqavilə ilə müəyyən edilmiş müddətdə təhvil vermək, müqavilənin 2.2.4-cü bəndinə əsasən qarajın üzərində "Payçı"nın (onun) mülkiyyət hüququnun tanınması üçün zəruri sənədlərin hamısını "Payçı"ya təhvil verməkdən ibarətdir. Cavabdehlə bağladığı müqavilənin şərtlərinə uyğun olaraq yeraltı dayanacaq (qaraj) sahəsinin dəyəri onun tərəfindən "xxxx" MTK-ya tam ödənilmişdir. Bu barədə "Abidə” MTK tərəfindən 15 noyabr 2008-ci il tarixli 102 a saylı arayış verilmişdir. Yeraltı dayanacaq (qaraj) sahəsinə dair xx.xx.2007-ci ildə müqavilənin bağlanmasının səbəbi həmin tarixdə cavabdeh "xxxx" MTK ilə xx.xx.2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən yuxarıda qeyd olunan binadan mənzil almağı olmuşdur. Belə ki, "xxxx" MTK ilə bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə görə, o, "Payçı" olaraq 119 saylı binada yerləşən 158 saylı mənzil üçün "Sifarişçi qismində "xxxx" MTK-ya 55.300 (əlli beş min üç yüz) ABŞ dolları pul ödəməyi öhdəmə götürmüş və həmin vəsaiti xx.xx.2007-ci il tarixdə MTK-ya ödəmişdir. Bununla bağlı "xxxx" MTK tərəfindən iddiaçıya xx.xx.2007-ci il tarixli qəbz və xx.xx.2013-cü il tarixli arayış verilmişdir. "xxxx" MTK tərəfindən 119 saylı binada yerləşən 158 saylı mənzilin ona təhvil verilməsinə baxmayaraq, həmin binanın alt sahəsində yerləşən 1 ədəd yeraltı dayanacaq (qaraj) sahəsi indiyə kimi ona təhvil verilməmişdir. Bu barədə dəfələrlə "xxxx" MTK-nın rəhbərliyinə müraciət etsə də, bu lazımi nəticə verməmişdir. Tərəfindən MTK-ya sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 1 ədəd yeraltı dayanacaq (qaraj) sahəsinin müəyyən edilmiş qaydada ona təhvil verilməsinə dair məktub göndərilməsinə baxmayaraq, həmin məktub MTK-nın rəhbərliyi tərəfindən ona məlum olmayan səbəblərdən cavablandırılmamışdır. Hesab edir ki, "xxxx" MTK tərəfindən dəyərini ödədiyi avtomobil saxlanması üçün 1 ədəd yeraltı dayanacaq (qaraj) sahəsini ona təhvil verilməməklə qanunla qorunan hüquqlarını pozmuşdur. Göründüyü kimi, 1 ədəd yeraltı dayanacaq (qaraj) sahəsinin dəyərini tam ödəməklə onun həmin əmlaka sahiblik və istifadə etmək hüququ yaranmışdır. Müqavilə üzrə pay haqqını tam ödədiyi 1 ədəd yeraltı dayanacaq (qaraj) sahəsi cavabdeh tərəfindən ona müvafiq qaydada təhvil verilmədiyindən, həmin əmlak üzərində mülkiyyət hüququnu həyata keçirməkdən məhrum olmuşdur. Hesab edir ki, həmin hüquqları məhkəmə tərəfindən bərpa olunmalı və 1 ədəd yeraltı dayanacaq (qaraj) sahəsinin müvafiq qaydada ona təhvil verilməsi vəzifəsi cavabdeh "xxxx" MTK-ya həvalə edilməlidir.

10. Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil iddiaya etiraz edərək bildirmişdir, verilmiş iddia həm hüquqi cəhətdən, həm də faktiki cəhətdən əsassızdır. Üçtərəfli razılaşmaya "xxxx" QSC, "xxxx" MTK, "xxxx" ASC arasında bağlanılıb. "xxxx" MTK tərəfindən həmin əmlaklar "xxxx" QSC-yə, daha sonra cənab Prezidentin 2017-ci il tarixli fərmanı ilə dövlət əmlakının səmərəli idarə edilməsi üçün "xxxx" ASC-yə verilmişdi. "xxxx" MTK da problemli borcların əvəzində məhkəmə qərarı ilə "xxxx" QSC-yə vermişdir, daha sonra bu razılaşma ilə "xxxx" ASC-yə vermişdir. Bu razılaşmada "xxxx" MTK tərəfindən "xxxx" ASC-yə verilən satılmamış sahələr öz əksini tapır. Razılaşmanın birinci bəndinə baxdıqda görünür ki, yaşayış binasında satılmamış 58 ədəd mənzil, 55 ədəd qaraj, 2740 m² ticarət zalları “Aqrarkredit" QSC tərəfindən "xxxx" ASC-nin balansına verilir. "xxxx" MTK-nın eskiz layihəsində bütün sahələr öz əksini tapır. İddiaçı müqaviləsində qaraj sahəsi qeyd olunub. Sahənin İddiaçı satılması ilə bağlı müqavilə, arayış və digər sənədlər onda şübhə yaradır. Yeni sədr həmin müqavilələr haqqında məlumatının olmadığını bildirir. Maliyyə arayışında daimi istifadə qeyd edilib, eləcə də müqavilədə hansı qarajın verilməli olması göstərilməmişdir. İddiaçı ilə bağlanılmış müqavilə "xxxx" MTK tərəfindən qəbul edilmir. Bu müqavilə "xxxx" MTK tərəfindən ilk dəfə bu proses zamanı görünür. Ödənişlə bağlı qəbzlər və arayışdan da görünür ki, həmin ödənişlər Arif Mədətovun rəhbərliyi dövründə olub. Həmin sənədlərin saxta olub-olmaması şübhə altındadır. Qeyd olunan ərazidə kifayət qədər qaraj var və hansı qarajın iddiaçıya satıldığı müəyyən edilmir. Həmçinin ididaçı 17 illik müddət ərzində bir dəfə də olsun qaraj ilə maraqlanmamışdır.

11. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X5 bildirmişdir ki, onlara olan borclarına görə Cavabdeh MTK-nın əmlakları üçüncü şəxs "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına verilmişdir. Onlara Cavabdeh MTK tərəfindən göndərilmiş məktuba əsasən 6 qaraj öncədən satılmış kimi qeyd edilmişdir. Həmin qarajları da Cavabdeh MTK onlara verməmişdir. 1714 saylı Fərmana əsasən də onlar həmin əmlakları "xxxx" ASC-yə təhvil vermişlər. Onlar ASC-yə 55 qaraj və 85 mənzil təhvil vermişlər. Sonra "xxxx" ASC tərəfindən orada tikinti işləri aparılmış və yeni layihəyə əsasən dəyişikliklər edilmişdir. Məktubla onlar 30 qarajın verilməsini istəmişlər. Onlar da oraya baxış keçirmiş və aktla 30 yeni qaraj vermişlər. Orada olan qarajların ümumi sayı 85-dir. Onlarda hazırda həmin əmlaklardan heç biri yoxdur. 6 qaraj havada qalmış olur. İddiaçıya qaraj Cavabdeh MTK-nın dövründə cavabdeh tərəfindən satılmışdır.

12. Birinci instansiya məhkəməsi tərəfindən mülki iş üzrə tərəflərin və işdə iştirak edən şəxslərin iştirakı ilə yerində həmin sahəyə baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, qaraj sahələri layihədə qeyd edilən kimi nömrələnmişdir. “-1” mərtəbədə 12 nömrələnməmiş qaraj mövcuddur. Üçüncü şəxs "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Hüseynov X4 cavab olaraq bildirmişdir ki, “-2” mərtəbəsində yerləşən 8 qarajın təyinatı sonradan dəyişdirilmişdir, həmin sahə divarın arxasında qalmışdır. Onlar da qaraj sahəsi olmuşlar. Ümumi qaraj sayı 91 olmuşdur. “-3”-cü mərtəbədə layihə ilə 36 qaraj göstərilmiş, “-2”-ci mərtəbədə isə 43 qaraj olmalı olsa da, qaraj sayı faktiki olaraq 35-dir. Cavabdeh Mənzil Tikinti Kooperativi 6 qarajı özü satmışdır. Ona görə də, "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı həmin qarajların dəyərini ümumi borcdan silə bilməmişdir. Üçüncü şəxs X11 bildirdi ki, 20.000 manat məbləğində pulu İddiaçı almışdır. Buna dair qəbz və maliyyə arayışı da var. O da məbləğin ödənilməsini imzası ilə təsdiq etmişdir. İddiaçı yaşadığı 3-cü blokun altında qarajın verilməsini nəzərdə tutmuşdur, lakin qarajlar həmin vaxt nömrələnmədiyindən müqavilədə dəqiq nömrə göstərməmişdir. İddiaçıya verilmiş qaraj “- 2” mərtəbəsində olmuşdur. İddiaçı ilə də -2 mərtəbəsində qarajın verilməsi razılaşdırılmışdır.

13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2306/2024 nömrəli, 05 iyul 2024cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

14. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında podrat müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. xx.xx.2007-ci il tarixli müqavilənin bağlandığı andan cavabdeh üzərinə düşən öhdəliyi 17 ildən artıq müddət ərzində icra etməməsi müqavilənin ağlabatan müddətdə icra edilməməsi kimi hesab edilməlidir. İddiaçı ilə xx.xx.2007-ci il tarixli müqaviləni Cavabdeh MTK adından həmin dövrdə Cavabdeh MTK-nın sədri Arif Mədətov imzalamışdır. Hazırda isə müəyyən edilir ki, X11 Cavabdeh MTK-nın təsisçilərindən biridir. Qeyd edilməlidir ki, hazırki mülki iş üzrə X11 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş, məhkəmə iclaslarında iştirak edərək yuxarıda göstərilən müqavilənin özü tərəfindən imzalandığını və etibarlı olduğunu bildirmiş, həmçinin mübahisəli sahəyə yerli baxışda iştirak etmiş və iddiaçıya təhvil verilməli olan sahəni göstərmişdir.

15. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında istinad etdiyi razılaşma ilə bağlı qeyd edir ki, Cavabdeh MTK (payçı) ilə İddiaçı (sifarişçi) arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilə Azərbaycan Respublikası Prezidentinin "xxxx" ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 4 dekabr 2017-ci il tarixli, 1704 nömrəli fərmanın icrası ilə bağlı Cavabdeh MTK-nın problemli aktivlərinin əvəzində məhkəmə qərarı ilə əldə edilmiş əmlakların "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının mülkiyyətindən "xxxx" ASC-nin mülkiyyətinə verilməsinə dair xx.xx.2019-cu il tarixli razılaşmadan əvvəl bağlanmışdır.

16. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçının pay haqqını tam verdiyi qaraja sahiblik və istifadə etmək hüququ yarandığından, cavabdehin qarajı iddiaçıya təhvil verməkdən yayınması qanunsuz olmuşdur.

17. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 399.1, 427.2, 442, 443.1, 445.2.1, 752.1 və 752.2-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» 25 oktyabr 2010-cu il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

18. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 5 iyul 2024-cü il tarixli, 2(004)-2306/2024 saylı qətnaməsindən apelyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilmə yə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası əlaqədar olaraq "xxxx" ASC-nin cavabdehin problemli borcu üzrə tələb hüququ "xxxx" QSC-yə təhvil verilmişdir. Həmin borcun tutulması və borcun əmlaklara yönəldilməsi tələbi ilə bağlı "xxxx" QSC tərəfindən cavabdehə qarşı iddia ərizəsi ilə ixtisaslaşmış məhkəməyə müraciət edilmiş, 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 27 mart 2017-ci il tarixli 2-2(81)-100/2017 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehdən 31.892.827,51 manat və 6.510.672,99 ABŞ dolları kredit borcunun "xxxx" QSC-nin xeyrinə tutulması, borc tələbinin cavabdehin istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə Zərgərpalan küçələrinin kəsişdiyi 252 nömrəli məhəllədə yerləşən torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş cavabdehə məxsus olan binaya (ümumi sahəsi 6.943 kv.m. olan mənzillər, ümumi sahəsi 2.780 kv.m. olan qeyri-yaşayış sahəsi və 120 ədəd yeraltı dayanacaq) yönədilməsi, cavabdehin yuxarıda qeyd olunan əmlakların üzərində hüquqlarına xitam verilməsi, "xxxx" QSC-nin həmin əmlaklar üzərində hüquqlarının tanınması, cavabdehin üzərinə həmin əmlakın "xxxx" QSC-nin mülkiyyətinə təhvil verilməsi öhdəliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin üzərinə "xxxx" QSC-nin bu əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması hərəkətlərinin edilməsi öhdəliyinin qoyulması və s. qət edilmişdir. Göründüyü kimi, məhkəmə qətnaməsinə əsasən "xxxx" QSC-nin mülkiyyətinə 120 ədəd qaraj sahəsi verilmişdir. Bundan sonra, "xxxx" ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2017-ci il tarixli 1704 nömrəli Fərmanının icrası ilə bağlı cavabdehin problemli aktivlərinin əvəzində məhkəmə qərarı ilə əldə edilmiş əmlakların, o cümlədən sözügedən 120 ədəd qaraj sahəsinin "xxxx" QSC-nin mülkiyyətindən "xxxx" ASC-nin (hazırkı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən) mülkiyyətinə verilməsinə dair 16 sentyabr 2019-cu il tarixli razılaşmaya, eləcə də bu Fərmanın icrası çərçivəsində "xxxx" ASC-nin və "xxxx" QSC-nin nümayəndələrindən ibarət yaradılmış Təhvil-Təslim Komissiyasının 18 sentyabr 2019-cu il tarixli 23 nömrəli protokoluna əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsi, 252-ci məhəllədə istifadədə olan 0,346904 ha torpaq sahəsində olan yaşayış binasında yerləşən ümumi sahəsi 6.713 kv.m. olan, satılmamış 58 ədəd mənzil, 55 ədəd qaraj, 2.740 kv.m. ticarət zalları (qeyri-yaşayış) müvafiq qaydada "xxxx" ASC-nin balansına verilmişdir (müvafiq sənədlər əlavə edilir). Qarajların (ümumilikdə 55 ədəd) təhvil-təslim prosesi isə bu Fərmanın icrası çərçivəsində "xxxx" ASC-nin və "xxxx" QSC-nin nümayəndələrindən ibarət yaradılmış müvafiq Komissiyasının 5 noyabr 2019-cu il tarixli təhvil-təslim aktı ilə sonuncu tərəfindən "xxxx" ASC-yə verilmişdir (müvafiq akt əlavə edilir). Bundan başqa, müvafiq Komissiyanın 12 iyun 2023-cü il tarixli 31 nömrəli protokoluna əsasən 55 qarajdan əlavə həmin torpaq sahəsində yerləşən tikintisi başa çatmamış binada 30 (otuz) ədəd qaraj sahəsinin "xxxx" QSC-dən "xxxx" ASC-yə 25 iyun 2023-cü il tarixində təhvil-təslim həyata keçirilmişdir (akt əlavə edilir). Həmçinin qeyd edir ki, bu Fərmanın icrası ilə bağlı olaraq cavabdehin problemli aktivlərinin (borclarının) əvəzində məhkəmə qərarı ilə əldə edilmiş əmlakların "xxxx" QSC-nin mülkiyyətindən (balansından) "xxxx" ASC-nin mülkiyyətinə (balansına) verilməsinə dair 16 sentyabr 2019-cu il tarixli üçtərəfli Razılaşmanın 1-ci bəndində də açıq-aşkar görünür ki, "xxxx" ASC-yə təhvil verilən 55 ədəd qaraj üçüncü şəxslərin tələb hüququndan azaddır. Həmin sənəddə və təhvil-təslim aktına əsasən mənzillərə dair satılmış və satılmamış statusunda bölgü müəyyən olunmuş, qarajlara münasibətdə isə hər hansı satılmış qarajın mövcud olması barədə ifadə qeyd edilməmiş, sənəd təqdim edilməmişdir. Bundan başqa, Razılaşmanın 7-ci bəndinə əsasən, Təhvil-Təslim Komissiyası tərəfindən nəzərə alınmayan, inventarlaşdırma prosesindən və sənədləşdirilmədən kənarda qalan Cavabdeh MTK-nın hər hansı bir əmlakı müəyyən edilərsə, qiymətləndirilərək təhvil-təsliminin həyata keçirilməsi razılaşdırılmışdır. Beləliklə, 2015-ci ilin Fərmanının icrası ilə əlaqədar, yuxarıda qeyd olunan məhkəmə qətnaməsinə əsasən "xxxx" QSC-nin 120 qaraj üzərində mülkiyyət hüququ tanınmış, həmin 120 qarajdan binanın hazırkı layihəsinə, tikinti normativ qaydalarına uyğun olaraq 85 ədədi artıq "xxxx" ASC-yə təhvil verilmişdir. Təhvil-təslim prosesi və komissiyanın fəaliyyəti hazırda davam etməkdədir. Qeyd olunanlara əsasən, 120 ədəd qaraj sahəsindən satış həyata keçirmək hüququ "xxxx" QSC-yə aid olub və təhvil-təslim prosesində və məhkəmə icraatı dövründə "xxxx" QSC tərəfindən hər hansı sübut təqdim edilməməsi 120 ədəd qaraj çərçivəsində hər hansı satışın həyata keçirilmədiyini sübut edir. Əlavə olaraq bildirir ki, 4 dekabr 2017-ci il tarixli 1704 nömrəli Fərmana əsasən, vaxtilə Cavabdeh MTK-nın balansında olmuş, daha sonra məhkəmə qətnaməsinə əsasən girov predmeti olaraq yönəldilmə edilərək "xxxx" QSC-nin mülkiyyət hüquqları tanınmış dövlət əmlakı səhmlərinin 100 %-i dövlətə məxsus olan "xxxx" ASC-nin mülkiyyətinə (balansına) təhvil verilmişdir. Yəni, "xxxx" ASC-nin həmin binada sahib ola biləcəyi maksimum qaraj sahəsi qətnaməyə əsasən 120 qaraj həddində müəyyən edilir, 85 ədədi artıq təhvil verilmişdir. Həmin binada 120-dən artıq qaraj mövcud olsa idi, o zaman kiminsə həmin hissədə iddia hüququ ola bilərdi (təsdiqedici hüquqi sənədlər olduğu təqdirdə). Hazırkı qətnamə ilə Məhkəmə yerində baxış keçirməyinə və tərəfindən sübutlar təqdim edilməsinə baxmayaraq, mövcud olmayan qaraj sahəsinin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul etmişdir. Eyni zamanda, Məhkəmə tərəfindən bununla bağlı sübutların tədqiqi zamanı düzgün qiymətləndirilmə aparılmamış, Azərbaycan Respublikası Prezidentinin 1704 nömrəli Fərmanın tələbi və həmin Fərmanla "xxxx" ASC-nin qaraj sahəsi üzərində mülkiyyət hüququ etibarsız hesab edilmişdir və nəticədə əsassız qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Belə olduğu təqdirdə Fərmanın tələbinin etibarsız hesab edilməsi barədə Məhkəmə tərəfindən sözügedən Fərmanın icrasına nəzarəti həyata keçirən Azərbaycan Respublikasının Prezidentinin Admistrasiyasının Dövlət nəzarəti şöbəsinə məlumat verilməli idi. Cavabdeh tərəfindən qeyd edilən halları sübuta yetirən sənəd və sübutlar Məhkəmə tərəfindən gözardı edilmiş, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar sübuta yetirilmədiyi halda, onun lehinə qətnamə çıxarılmışdır.

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21.Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X9 apellyasiya şikayətinin təmin olunmasını xahiş edərək bildirmişdir ki, iddiaçı qaraj sahəsinin natura şəklində ona verilməsi və digər məsələlərlə bağlı tələblərlə çıxış etmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi sübutları kifayət qədər araşdırmamışdır. Araşdırmağa ilk növbədə Fərmanlardan başlamalı idi. Birinci növbədə 570 nömrəli Fərmanda göstərilir ki, tələbetmə hüququ məlum BOKT-a keçir və Fərmanın icrası çərçivəsində 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmiş və bir sıra daşınmaz əmlaklar, o cümlədən 120 ədəd yeraltı qaraja münasibətdə tələbetmə hüququ BOKT-a keçmişdir. Bundan sonra "xxxx" ASC yaradılır və 1704 saylı Fərmanla nizamnaməsi təsdiqlənir. İkinci Fərmanın icrası çərçivəsində konkret tapşırıqlar qoyulur. Belə ki, birinci Fərmanla BOKT-a keçmiş müxtəlif daşınmaz əmlaklar və 120 ədəd yeraltı qaraj "xxxx" ASC-yə keçir. Bundan sonra həmin əmlakların "xxxx" ASC-yə keçməsi üçün "xxxx" ASC və "xxxx" BOKT-un təhvil-təslim komissiyasi yaratmağı tapşırığı qoyulur. Bütün əmlaklar təhvil-təslim protokolu və təhvil-təslim haqqında aktla "xxxx" ASC-yə keçir. "xxxx" ASC yaradılmazdan qabaq 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi ilə onlara 120 ədəd yeraltı qarajın keçməli olduğu göstərilir. İkinci Fərmanın icrası çərçivəsində isə onlara 55 qaraj keçir. "xxxx" BOKT-dan isə bizə 55 ədəd satılmamış qaraj keçmişdir. Həmin vaxt binanın tikintisi başa çatmamışdı. Onlara 55 ədəd qaraj verildi. Bundan sonra əlavə olaraq 35 ədəd satılmamış qaraj müvafiq protokolla və təhvil-təslim aktı ilə onlara verilir. İkinci Fərmanla onlara öhdəliklər yox, toksik aktivlər keçib. 16 sentyabr 2019-cu ildə Cavabdeh MTK, "xxxx" BOKT və "xxxx" ASC arasında üçtərəfli razılaşma imzalanır. Bu razılaşma ona dəlalət edir ki, onlara satılmamış əmlaklar keçəcək. 50 qaraj üstəgəl 35 qaraj 85 qaraj oldu. Səhv etmirsə, ondan sonra hələ 6 ədəd də verildi. İddiaçının müqaviləsi var, göründüyü kimi mənzillə bağlı heç bir problem yaranmadı, çünki hüquqi prosedurlara əməl edilmişdi və mənzil ona verilib. Amma qarajla bağlı məsələ belə deyil. Onlar kiminsə satılan, yüklü olduğu və ya sərəncamında olan əmlakı götürmürlər. 22.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MTK-nın vəkili və nümayəndəsi Vəkil bildirmişdir ki, müqavilə etibarsızdır. 2017-ci ilin aktı var, "xxxx" BOKTdan Cavabdeh MTK-ya aktivlərin keçməsi ilə bağlı təhvil-təslim aktında orada sadəcə qarşı tərəfin mənzil alması ilə bağlı müqavilə var. Qarajla bağlı müqavilə yoxdur. İkincisi, tərəflər arasında üçtərəfli razılaşma var, predmetlər mənzil, qarajlar və qeyri-yaşayış sahələridir. Mənzillərlə bağlı bölgü mövcuddur. Satılmış mənzillər qeyd olunmuşdur. Qətnamə ilə 120 qaraj var idi. 55 qaraj verildi. Bu qarajlardan bir dənəsi belə olsa satılmış olsa idi, qeyd olunardı. Qarajlarla bağlı belə bir bölgü yoxdur. Qeyri-yaşayış sahələri ilə bağlı da yoxdur. Nə Cavabdeh MTK-nın dövründə, nə də "xxxx" BOKT-un dövründə qarajların heç biri satılmamışdır. Qarşı tərəf mənzili alıb, təmirini həyata keçirdir, mənzillə bağlı heç bir problemi yoxdur. Amma qarajla bağlı problem var. Maliyyə arayışında “daimi istifadə üçün verilir” ifadəsi qeyd olunmuşdur. Daimi istifadə ilə mülkiyyət hüququ bir deyil. İş materiallarına əlavə edilmiş akta əsasən müəyyən olunur, orada yalnız bir müqavilənin adı çəkilir. Burada ən adi sənədləri belə, hətta arayışı belə qeyd ediblər. 23.Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X5 bildirmişdir ki, belə başa düşülür ki, burada bütün söhbət 120 qarajdan gedir. 27 mart 2017-ci ildə 1 saylı İnzibati- İqtisadi Məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, Cavabdeh MTK “Beynəlxalq Bank”dan 31 milyon manat məbləğində kredit borcu götürmüşdür. Sonradan həmin borc tələbi "xxxx" QSC-yə keçmişdir. Qətnamədə 120 qaraj qeyd olunmuşdur, eskiz layihəsində 136 qaraj göstərilmişdir. Yekunda 120 qarajın qiyməti 20 milyon qeyd olunmuş və bildirmişdir ki, əgər başqa əmlak tapılsa, Cavabdeh MTK-dan götürüləcək. Prezidentin başqa fərmanı ilə bu tələblər onlardan "xxxx" ASC-yə keçdi. Bundan sonra üçtərəfli birgə komissiya yaradıldı. Onlar binaya gedib baxanda binanın necə yararsız vəziyyətdə olduğunu gördülər. 120 qarajdan 55-i satılmamışdı. Eyni zamanda satılmış 85 mənzil var idi. Həmin qarajların dəyəri 13 milyon manat kimi dəyərləndirildi. Qiymətləndirmədə 4 qaraj da satılmış kimi qeyd edildi. Sənəddə qeyd olunmuşdur ki, 58 qaraj satılan zaman əldə olunan gəlirlərlə vergi və kredit borcu bağlanacaq. Bütün tikinti səlahiyyətləri "xxxx" ASC-yə keçdi. "xxxx" ASC tikinti işlərinə başladı. Tikinti vaxtı smeta çıxartdılar və onlardan həmin smetanı təsdiqləmələrini istədilər. Onlar ora gedəndə təxminən 30 yeni qarajın ortaya çıxdığını gördülər. Layihə planında dəyişiklik oldu. Bu söhbət 2022-ci ildə ortaya çıxdı. 1 saylı İnzibati-İqtisadi Məhkəmə özü gedib baxış keçirmiş və layihə planı əsasında 120 qaraj qeyd etmişdir. Onlar nə görübsə onu da vermişlər. 55 qaraj əvvəldən verilmişdir, sonradan 30 qaraj və 6 qaraj verilmişdir, ümumilikdə 91 qaraj oldu. Cavabdeh MTK-nın borcları silinmişdir. Cavabdeh MTK 120 qaraj olduğunu bildirir, məhkəmə qətnaməsi də 120 qaraj deyir. Eskizdə 136 qaraj qeyd olunmuşdur. 6 qarajın satılması ilə bağlı onlarda sübutlar yoxdur. Burada ipoteka və kredit borclarından söhbət gedir. Onlar obyektləri təhvil-təslim aktı ilə vermişlər. Cizgi ilə 91 qaraj göstərilmişdir. "xxxx" ASC ilə təhvil-təslim aktında 58 mənzil verildi. Səhv etmirsə, 85-i satılmışdı. Nə qədər satılmışdırsa onun hesabatı aparılmışdır 24.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinin təmin olunmamasını xahiş edərək bildirmişdir ki, ona bu məsələdə Cavabdeh MTK-nın mövqeyi maraqlıdır. Cavabdeh MTK həm qaraj, həm də mənzil satır. Qarajla bağlı müqavilənin etibarsız olduğunu bildirirlər. Lakin bununla bağlı maliyyə arayışı təqdim olunmuşdur. Müqavilənin bəndlərində də göstərilib ki, qarajın qiyməti ödənildikdən sonra maliyyə arayışı təqdim olunur. Maliyyə arayışı məhkəməyə təqdim olunmuşdur. Həm mənzillər üçün, həm qarajlar üçün ödəniş edilmişdir. İki müqavilə bağlanmışdır. 53 min 300 manat 6-cı mərtəbədə yerləşən dörd otaqlı mənzil üçün verilib. qarajlar o vaxt hələ nömrələnməmişdi, amma şəxs payçı kimi qeydiyyatdan keçib. Hətta Cavabdeh MTKnın sədri özü də şəxsin 20 manat mənzil pulu ödədiyini qeyd etmişdir. Vətəndaş 2007-ci ildən Cavabdeh MTK-ya həm mənzilin pulunu, həm qarajın pulunu ödəyir. Cavabdeh MTK-nın bu cür davranması vətəndaşın pulunu mənimsəməyə çalışırmış kimi görünür. Eyni zamanda 8 qaraja olan münasibətdə də Cavabdeh MTK o qarajları satıb pulu mənimsəməyə çalışır. Yerli baxış zamanı MTK-nın sədri Arif Mədətov özü şəxsən 6 ədəd qarajın satıldığını bildirmişdir. Burada sırf vətəndaşla Cavabdeh MTK arasındakı münasibətlərdən söhbət gedir. Bu münasibətlər mülki münasibətlərdir. Tərəflərdən biri pul verməyi, digəri isə qarşılığında qaraj verməyi öhdəsinə götürür. Yerli baxış keçirilmişdir. Arif Mədətov özü yerli baxışda qarajların yerini göstərmişdir. Əmlaka pay hüquqları yaranandan sonra başqa şəxs o hüquqları mənimsəyə bilməz. Mənzil İddiaçı özündədir. Birinci instansiya məhkəməsi işi tam obyektiv şəkildə araşdırmışdır. İddiaçı ödənişi etmişdir, müqavilə və maliyyə arayışı vardır. Qaraj Fərmandan əvvəl 2007-ci ildə satılmışdır. Eyni zamanda Mülki Məcəlləyə görə iddiaçı payçı sayılır. Əmlakın dəyərini ödəyəndən sonra onun pay hüquqları, istifadə və sərəncam hüquqları yaranmışdır. Ona görə də sözügedən qaraj iddiaçıya verilməlidir. 25.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər üçüncü şəxs məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

26.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 27.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 28.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 29.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyasının

30.29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

31.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

32.152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 33.152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 34.178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 35.178.2-ci maddəsinə əsasən, eni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. 36.178.8-ci maddəsinə əsasən, (1 iyul 2018-ci il tarixədək qüvvədə olan redaksiyada) mənzil, bağ,qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. 37.324.1-ci, 324.2-ci və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 38.337.1-ci və 337.2-ci maddələrinin məzmununa görə məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 39.386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədənəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 40.399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 41.425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkəntərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 42.452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 43.567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 44.752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin

45.112.1-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 46.113.1-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir.

47.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

48.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

49. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

50.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəmənin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

51. Məlum olduğu kimi qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər podrat müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətlərinə daxil olmuşlar.

52. Belə ki, Cavabdeh MTK (payçı) ilə İddiaçı (sifarişçi) arasında bağlanmış xx.xx.2007ci il tarixli müqaviləyə əsasən İddiaçı Bakı şəhəri Yasamal rayonu M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişdiyi 252 saylı məhəllədə inşa edilən binanın qaraj sahəsinin üst mərtəbəsində olan qaraj sahəsi üçün 20.000 manat ödəməyi, Cavabdeh MTK isə müvafiq qarajı İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür.

53. Etibarlılığı mübahisələndirilməyən müqavilə əsasında qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun yaranmasına istinad edən iddiaçı mübahisəli sahə üzərində mülkiyyət hüququnun müqavilə bağlayan sahənin dəyərini tam ödəməklə yarandığını iddia etmişdir.

54. İşə baxan məhkəmə tərəfindən müqavilənin bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakını, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğunu nəzərə alaraq iddiaçının qeyri-yaşayış sahəsi üzərində hüquqlarını tanımış, Cavabdeh MTK (payçı) ilə İddiaçı (sifarişçi) arasında xx.xx.2007-ci il tarixli müqavilənin Azərbaycan Respublikası Prezidentinin "xxxx" ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 4 dekabr 2017-ci il tarixli, 1704 nömrəli fərmanın icrası ilə bağlı Cavabdeh MTK-nın problemli aktivlərinin əvəzində məhkəmə qərarı ilə əldə edilmiş əmlakların "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının mülkiyyətindən "xxxx" ASC-nin mülkiyyətinə verilməsinə dair xx.xx.2019-cu il tarixli razılaşmadan əvvəl bağlandığını qeyd etmişdir.

55. Məhkəmə kollegiyası iddiaçının qaraja hüququnun yarandığı barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti ilə razılaşır. Çünki işin müəyyən olunmuş hallarına görə, mübahisəli qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən MTK ilə xx.xx.2007-ci il tarixdə bağlanmış müqavilə əsasında qiyməti tam şəkildə ödənilməklə əldə edilmişdir. Beləliklə Mülki Məcəllənin 178.8-ci (1 iyul 2018-ci iltarixədək qüvvədə olan redaksiyada) maddəsinə əsasən, iddiaçı kooperativin təhvil verməli olduğu qaraj üçün pay haqqını tam ödədiyindən həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmiş, bununla da, o, mülkiyyətçi olaraq mübahisə predmeti olan qarajın təhvil verilməsini tələb etməkdə haqlı olmuşdur. Buna baxmayaraq, "xxxx" MTK qarajı iddiaçıya təhvil verməkdən imtina etməklə müqavilə ilə öz üzərinə götürdüyü qarşılıqlı öhdəliyi yerinə yetirməməkdədir. Halbuki aparılan araşdırma nəticəsində, iddiaçının tələbinin təmin edilməsi üçün zəruri olan bütün əsasların mövcudluğu müəyyən edilmişdir.

56. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin verdiyi apelyasiya şikayətində istinad etdiyi dəlillər iddiaçının MTK ilə bağladığı xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən yaranmış hüququna xitam verilməsi və ya hər hansı formada müdaxilə edilməsinin mümkünlüyünü müəyyən edən qanuni əsaslar yaratmır.

57. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətlinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin müvafiq tələblərini nəzərə almaqla təqdim edilmiş sübutları tam araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün nəticəyə gəlmişdir.

58. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

59. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393,402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2306/2024 saylı, 5 iyul 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar