Məhkəmə qərarları › İş №2(103)-6278/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6278/2022

26.09.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6278/2022 26.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı1 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-1331/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4905/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh və qeyrilərinin cavabdehlər İddiaçı1 və ailə üzvlərinə qarşı ünvan 1 saylı evin iddiaçıya məxsus yaşayış sahəsi 47,7 kv.m olan üç otaqlı yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi və cavabdehlərə məxsus əmlakın oradan çıxarılması tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə müəyyən etmişdir ki, cavabdelər 2005-ci ildən evdə yaşamasalar da,əşyaları həmin evdədəir, onların evdən getməsi ailə münaqişəsi zəminində məcburiyyətdən olmuş və onların daimi yaşamaq üçün başqa yaşayış yerinə getmələri sübut olunmur.

2. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2622/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 Cavabdeh qarşı ailə üzvləri ilə birlikdə ünvan 1 saylı evin əvvəllər yaşadıqları 18,2 kv.m mənzilə köçürülmə tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, mübahisəli fərdi yaşayış evində 18,2 kv.m sahəsi olan 2 otaq mövcuddur, onlardan hər biri cavabdehi deyil, ayrı-ayrı şəxslərin mülkiyyətindədir, həmçinin iddiaçının yetkinlik yaşına çatmış ailə üzvlərinin adından iddia qaldırmaq səlahiyyəti yoxdur.

3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin arayışına əsasən ünvan 1 saylı evdə iddiaçı və onun ailə üzvləri İddiaçı2, İddiaçı3, İddiaçı4 qeydiyyatdadırlar.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı4, İddiaçı3 cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların qeydiyyatda olduqları ünvan 1 saylı, ümumi sahəsi 47,7 kv.m. olan evin bir otağına köçürülməsi və istifadə hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvandakı ev İddiaçı1 baba mülküdür. İddiaçı1 həmin mülkdə doğulub böyümüşdür. Sonradan İddiaçı1 digər İddiaçı3 ilə ailə qurmuş və İddiaçı3 həmin evə gəlin köçərək uzun müddət mübahisəli evdə ailəsi ilə yaşamışdır. İddiaçılar X9 və X10 onların övladlarıdır. Mübahisəli evdə iddiaçılar uzun müddət yaşamışlar, sonradan cavabdeh tərəfindən evdən qovulmuşlar və bu günə kimi mübahisəli evdə qeydiyyatdadırlar. İddiaçılar mübahisəli evdə 2005-ci ilə kimi cavabdehlə birgə yaşamışlar. 2005-ci ildə cavabdeh xarici ölkədən Azərbaycan Respublikasına daimi yaşayış yerinə mübahisəli evə qayıtdıqdan sonra dava-dalaş salaraq iddiaçıları mübahisəli evdən qovmuşdur. Evdən qovularkən iddiaçılara məxsus əmlaklar mübahisəli evdə qalmışdır. İddiaçılar ailəliklə cavabdeh tərəfindən daimi qeydiyyatda olub yaşadıqları evdən qovulduqdan sonra kirayə yaşamaq məcburiyyətində qalmışlar. Həmin vaxt babaları və nənələri (digər iddiaçıların atası və qaynatası) sağ olduğundan həmin evə gedib gəlmiş, onların qayğısı ilə məşğul olmuşlar. Dəfələrlə onlarda cavabdehdən onlar yaşadıqları evə könüllü buraxılmasını tələb etsə də, cavabdeh bunu bilməmiş və hər dəfə valideyinləri ilə bu səbəbdən münaqişə yaratmışdır. Bu səbəbdəndə onlar valideynlərinin rahatlığı naminə cavabdehlə evə köçürülmə haqqında mübahisə açmamışlar. Cavabdeh onları evdən qovduqdan sonra həmin otağında arakəsməsini sökərək evdə rekonstruksiya etmişdir ki, onlar evə qayıda bilməmişdir. Sonra cavabdeh atası Bala Ağanı məcbur edərək, onların razılığı olmadan həmin üç otaqdan və yardımçı sahələrdən ibarət evi öz adına rəsmləşdirmiş və alt mərtəbədəki otaqda özünə mağaza açmışdır və hazırda sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Onların əmlakları da hazırda cavabdehin ailəsi ilə yaşadığı həmin mənzildədir. Cavabdehdə qalan əmlaklarının siyahısını cavabdeh özü onlara qarşı Nəsimi Rayon Məhkəməsində iddia qaldırarkən məhkəməyə təqdim etmişdir və bir daha sübut etmişdir ki, onların əmlakları onun mülkiyyətində olan mənzildədir. Dəfələrlə cavabdehdən onları qeydiyyatda olduqları və yaşadıqları evə könüllü buraxmasını xahiş etsə də, bunu könüllü etmək istəmir və hər dəfə münaqişə yaradır.

6. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin (hakim N.Tağıyeva) 2(006)-1331/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı4, İddiaçı3 qeydiyyatda olduqları ünvan 1 saylı, ümumi sahəsi 47,7 kv.m. olan evin bir otağına köçürülmələri və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, Mülki Prossesual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4905/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş halların preyudisiya olduğunu qeyd edərək,qeyd etmişdir ki, İddiaçı1 və onun ailə üzvləri mübahisəli evdə mülkiyyətçinin, yəni tərəflərin mərhum ataları X1 ailə üzvləri kimi yaşamaqla evə hüquq və vəzifələr əldə etmişlər. Daha sonra Cavabdeh mübahisəli evə mülkiyyət hüququnu bağışlama müqaviləsi əsasında əldə etmiş və iddiaçının ailə üzvləri ilə birlikdə həmin evə qeydiyyatda olmaqla əmlaklarının orada olmasını bilmişdir. Həmçinin iddiaçı X4 mübahisəli evdən getməsi məcburi xarakter daşımışdır. Bu faktların hazırki məhkəmə baxışı çərçivəsində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. İddiaçının və onun ailə üzvlərinin mübahisəli yaşayış sahəsindən istifadə hüquqları mövcuddur və hazırki tələbi də məhz mənzilə istifadə hüququna əsaslanır. Məhkəmə hesab etmişdir ki, iddiaçı həmin yaşayış sahəsinə köçürülmə tələbi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 43,60,71-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3,233.3, 14.2, 77.1 və 217.4cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat:

9. Qətnamədən cavabdeh X5 apellyasiya şikayəti vermişdir.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), A.V.Tanrıverdiyev, R.M.Həsənov) 2(103)-1984/2022 saylı, 02 mart 2022-ci il tarixli qətnaməsi ilə cavabdeh X7 apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-1331/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə (iddianın təmin edilən hissəsində) cavabdeh X8 münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.3-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, məhkəmə aktları ilə müəyyən edilmişdir ki, İddiaçı1 və onun ailə üzvləri mübahisəli evdə mülkiyyətçinin, yəni tərəflərin mərhum ataları X1 ailə üzvləri kimi yaşamaqla evə hüquq və vəzifələr əldə etmişlər. Daha sonra Cavabdeh mübahisəli evə mülkiyyət hüququnu bağışlama müqaviləsi əsasında əldə etmiş və iddiaçının ailə üzvləri ilə birlikdə həmin evə qeydiyyatda olmaqla əmlaklarının orada olmasını bilmişdir. Həmçinin İddiaçı1 mübahisəli evdən getməsi məcburi xarakter daşımışdır.

12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının və onun ailə üzvlərinin mübahisəli yaşayış sahəsindən istifadə hüquqları mövcuddur və hazırki tələbi də məhz mənzilə istifadə hüququna əsaslanır. Odur ki, iddiaçı həmin yaşayış sahəsinə köçürülmə tələbi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur və birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməklə düzgün nəticəyə gəlmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, İddiaçı1 və onun ailə üzvlərinin mübahisəli mənzilə istifadə hüquqları qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edildiyindən, hazırda iddiaçı həmin yaşayış sahəsinə köçürülmə tələbi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

14. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur. Cavabdehin istinad etdiyi qətnamədə iddia tələbi – iddiaçının həyat yoldaşı və iki qızının adından iddia qaldırması və cavabdehin mülkiyyətində həmin ölçüdə iddiaçının ailə üzvləri ilə birlikdə yaşadıqlarını iddia etdiyi 18.2 kv.m otaq olmadığı üçün rədd edilmişdir. Bununla da müəyyən edilir ki, iddianın rədd edilməsinin əsasları iddianın mahiyyəti üzrə əsassız olması ilə bağlı olmamışdır və hazırki iddia tələbinə baxıla bilər. Digər tərəfdən qeyd edilməlidir ki, cavabdeh apellyasiya şikayətində iddiaçının 14 il sonra evə köçürülməsini tələb etməklə iddia müddətinin ötürülməsini qeyd etsə də qanunvercilikdə evə köçürülmə ilə bağlı iddialar üçün hər hansı müddət müəyyən edilməmişdir.

c) Kassasiya instansiyası məhkəməsində icraat

15. Cavabdeh X5 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-915/2022 saylı, 03 mart 2022-ci il tarixli qərarı ilə (hakim Elşanə Vəliyevanın sədrliyi və məruzəsi ilə, hakimlər Elşad Şamayev və Aqil Abbasovdan ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 mart 2022-cu il tarixli 2(103)-1984/2022 saylı qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

17. Kassasiya instansiyası məhkəməsi həmin qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır.

18. Belə ki, «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 1999-cu il 12 mart tarixli Qərarının 2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı aylığa və daha uzun müddətə başqa yerə getməsi bu şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.

19. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

20. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

21. İşin materiallarından görünür ki, iddiaçı və onun ailə üzvləri 2005-ci ildən mübahisəli mənzildən çıxıb getmişlər. Məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə iddiaçıların həmin mənzilə istifadə hüququna xitam verilməsi barədə cavabdehin 2012-ci ildə qaldırdığı iddia rədd edilmiş, lakin iddiaçılar həmin məhkəmə mübahisəsindən sonra da uzun müddət mənzilə köçürülmələri ilə bağlı məhkəməyə müraciət etməmişdirlər.

22. Məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmələr tərəfindən iddiaçıların 2005-ci ildən 2014-cü il tarixədək mənzildə yaşamamalarının məcburiyyətdən qaynaqlanması və daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmələrinin sübut edilməməsi əsası ilə istifadə hüquqlarına xitam verilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinin 2014-cü ildən sonrakı dövrə də preyudisiya kimi tətbiq edilməsi düzgün olmamışdır.

23. Çünki mənzildən istifadə hüququ ilə bağlı münasibətlər davam edən münasibət olduğundan iddiaçıların 2014-cü ildən sonrakı dövrdə mənzilə köçməyə cəhd etməməsinin səbəbləri, mənzildən istifadə edilməsinə digər şəxslər tərəfindən ciddi maneələr yaradılması və bu mənzilə yaşayış sahəsi kimi ehtiyaclarının qalıb-qalmaması məsələsi ayrıca araşdırılmalı, onların mövcud istifadə hüquqlarına 2014-cü ildən sonra xitam verən halların baş verib-vermədiyinə hüquqi qiymət verilməklə mübahisə həll edilməli idi.

24. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırki iş üzrə əhəmiyyətli hal olsa da, apellyasiya instansiyası məhkəməsi iddiaçıların 16 il müddətində harada yaşamaları, yaşayış sahəsinə ehtiyaclarını necə qarşılamaları, iddiaçıların adına yaşayış evinin mövcud olub-olmaması barədə müvafiq araşdırma aparmamış, həmçinin cavabdehlərin 2014-cü ildən sonra hansı məcburiyyətdən həmin mənzildə yaşaya bilməməsi barədə qənaətini əsaslandırmamışdır.

25. Kollegiya qeyd etmişdir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

26. Azərbaycan Respublikasının MPM-nin: - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab etmişdir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır.

28. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.

29. Eyni hüquqi mövqe Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da təsbit edilib göstərilmişdir.

30. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir.

31. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır.

32. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur.

33. Beləliklə də, kollegiya hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir.

34. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

35. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

36. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, mübahisəli yaşayış sahəsində ailəsi ilə birlikdə yaşayır. İddiaçılar isə onun xüsusi mülkiyyəti olan yaşayış evində yaşamırlar. İddiaçıların öz şəxsi evləri vardır, onların bir neçə yerdə mülkləri olduğundan, həmin evlərdə yaşayırlar, onun evində sadəcə formal olaraq qeydiyyatdadırlar. İşə baxılarkən isə məhkəmə iclaslarından onun xəbəri olmamış, məhkəmə iclasları onun iştirakı olmadan keçirilmiş, iddia tələbləri, vəsatətlərin, əlavə sübut və sənədlərin məhkəməyə təqdim olunmasına imkan yaradılmamışdır. Bununla belə, məhkəmə qeyd etmişdir ki, şəxs axırıncı dəfə 2005-ci il tarixdə ona məxsus yaşayış evini, ailə üzvləri ilə birlikdə tərk etmiş, daha sonra üzərindən 14 il keçdikdən sonra 2019-cu il tarixdə yaşayış evinə köçürülmə tələbinə dair, hazırki işə oxşar, eyni məzmunda iddia ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edib, iddia təmin olunsa da, sonra Bakı Apellyasiya Məhkəməsinin 20 avqust 2020-ci il tarixli qətnaməsi ilə, Nəsimi Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli qətnaməsi, eyni məzmunlu iddia ilə bağlı ləğv edilmiş, şikayəti təmin edilmişdir. Həmçinin həmin məhkəmə iclaslarında da, iddiaçı özü etiraf edərək, bu zamana qədər, 14 il ərzində nə üçün iddia vermədiyi barədə sual verilsə də, cavabında, özü istəmədiyini, bu 14 il ərzində evə köçürülmə tələbinə dair iddia ilə müraciət etmək istəmədiyini bildirmişdir. Bundan başqa hazırki, iddiaya oxşar iddia üzrə artıq Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi olsa da məhkəmə eyni iş üzrə eyni predmetlə bağlı tərəflər arasında qanuni qüvvəyə minmiş, ləğv olunma barədə qətnamə olduğu halda təkrar olaraq, eyni tələblə bağlı iddianı məhkəmə icraatına götürərək baxıb və təmin edilməsi barədə qanunsuz qətnamə qəbul etmişdir.

a) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.

37.Məhkəmə iclasında İddiaçı1 apellyasiya şikayətinə yazılı etiraz və izahat təqdim etdi və etirazda göstərir ki, apellyasiya şikayəti iddiaçıların hüquqlarını pozmaq üçün verilib. Belə ki, cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan Nəsimi rayonu, Əbilov küçəsində yerləşən 111 saylı ev onun xüsusi mülkiyyətində olan əmlakıdır. Nəsimi Rayon Məhkəməsi guya qəbul etdiyi qətnamə ilə onun hüquqlarını pozmuşdur, iddiaçılar mübahisəli evdə yaşamırlar və s. Məhkəmənin nəzərinə çatdırır ki, o, ailəsi ilə birlikdə cavabdeh tərəfindən mübahisəli evdən qovulublar, əmlakları zəbt olunub, əmlaklarının geri qaytarılması barədə məhkəmə aktı vardır. Onların uzun illərdir ki, məhkəmə mübahisələri davam edir. Hazırda da apellyasiya şikayəti cavabdehin onların evlərinə köçürülmələrinə maneə yaratmaq üçün edlmiş prosessual hərəkətdir və cavabdehin hüququndan sui-istifadədir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları.

38. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

39. Məhkəmə iclasında İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

40. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər iddiaçılar İddiaçı2, İddiaçı4 və İddiaçı3 məhkəmə iclasında iştirak etmirlər və səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə digər iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

41. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

42. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdir və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Maddə 87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən 2000-ci ilin sentyabr 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarı:

Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya baxışının hədləri:

44. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin qismən, yəni iddianın təmin edildiyi hissədə ləğv edilməsi və həmin hissədə də iddianın rədd edilməsi üçün əsasdır.

45. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

46. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

48. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi, (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətlərin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

49. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

50. İddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə iddianın təmin edildiyi hissədə düzgün olmamışdır.

51. Belə ki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki halların iddia tələbinin təmin edilən hissəsi üzrə yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddia haqlı sayılmırdı.

52. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan qəti göstərişlər verilmişdir.

53. İşdən bəlli olur ki, iddiaçılar 2005-ci ildən mübahisəli mənzildə yaşamırlar. Qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə iddiaçıların həmin mənzilə istifadə hüququna xitam verilməsi barədə cavabdehin 2012-ci ildə qaldırdığı iddia rədd edilmiş, lakin iddiaçılar həmin məhkəmə mübahisəsindən sonra da uzun müddət mənzilə köçürülmələri ilə bağlı məhkəməyə müraciət etməyiblər.

54. Birinci instansiya məhkəməsi iddiaçıların 2005-ci ildən 2014-cü il tarixədək mübahisəli mənzildə yaşamamalarının məcburiyyətdən qaynaqlanması və daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmələrinin sübut edilməməsi əsası ilə istifadə hüquqlarına xitam verilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinin 2014-cü ildən sonrakı dövrə də preyudisiya kimi tətbiq edilməsi düzgün olmamışdır.

55. Çünki, mənzildən istifadə hüququ ilə bağlı münasibətlər davam edən münasibət olduğundan iddiaçıların 2014-cü ildən sonrakı dövrdə mənzilə köçməyə cəhd etməməsinin səbəbləri, mənzildən istifadə edilməsinə digər şəxslər tərəfindən ciddi maneələr yaradılması və bu mənzilə yaşayış sahəsi kimi ehtiyaclarının olub-olmaması məsələsi araşdırılmalı idi və onların mövcud istifadə hüquqlarına 2014-cü ildən sonra xitam verən halların baş verib-vermədiyinə hüquqi qiymət verilməklə mübahisə həll edilməli idi.

56. Birinci instansiya məhkəməsi iddiaçıların 16 il müddətində harada yaşamaları, yaşayış sahəsinə ehtiyaclarını necə qarşılamaları, iddiaçıların adına yaşayış evinin mövcud olub-olmaması barədə müvafiq araşdırma aparmamış, həmçinin cavabdehlərin 2014-cü ildən sonra hansı məcburiyyətdən həmin mənzildə yaşaya bilməməsi barədə qənaətini əsaslandırmamışdır.

57. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişlərlə əlaqədar cavabdehin nümayəndəsi və vəkilinin hazırki apellyasiya baxışı zamanı təqdim etdiyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********00 saylı, xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilir ki, ünvan 2 ünvanının 1 otağı 1 saylı Bakı "ASAN Xidmət" mərkəzində notariat kontorunun 7E-64717 reyestr nömrəli xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı3 adına qeydiyyata alınmışdır. Sonradan həmin mənzilin qalan hissəsi də 14 saylı notariat kontorunun 2V-145 reyestr nömrəli xx.xx.2021-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun mülkiyyətinə keçmişdir. Sözügedən mənzil hazırda tam mülkiyyət hüququ üzrə İddiaçı3 məxsusdur. Həmçinin, İddiaçı3 adına ölkə ərazisi üzrə qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir. İddiaçı1, İddiaçı2 və İddiaçı4 adlarına isə ölkə ərazisi üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.

58. Göründüyü kimi, iddiaçıların 2014-cü ildən sonrakı dövrdə mübahisəli mənzilə köçməyə cəhd etməmələrinin səbəbi məhz iddiaçılardan İddiaçı3 mülkiyyətinə əvvəlcə başqa mənzilin bir otağı, sonradan isə qalan hissəsinin keçməsi olmuşdur. Demək, iddiaçıların mübahisəli mənzilə yaşayış sahəsi kimi ehtiyacları aradan qalxıdığı üçün onlar 2014-cü ildən sonra bu mənzilə köçməyə cəhd etməyiblər yaxud buna ehtiyacları aradan qalxmışdır. Ona görə də iddiaçılar qeyd olunan mənzilə cavabdehin onlara maneə yaratmasına görə deyil, yaşayış sahəsindən istifadəyə ehtiyacları olmadığı üçün köçməyə hər hansı bir formada cəhd göstərmədikləri təsdiq olunur.

59. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh X2 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-1331/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi qismən, yəni iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı4, İddiaçı3 qeydiyyatda olduqları ünvan 1 saylı, ümumi sahəsi 47,7 kv.m. olan evin bir otağına köçürülmələri hissəsində ləğv edilməli, həmin hissədə də iddia təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

60. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 386, 387, 388, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-1331/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi qismən, yəni iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı4, İddiaçı3 qeydiyyatda olduqları ünvan 1 saylı, ümumi sahəsi 47,7 kv.m. olan evin bir otağına köçürülmələri hissəsində ləğv edilsin və iddia həmin hissədə də təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar