Məhkəmə qərarları › İş №2(103)-628/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-628/2025

14.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-628/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 17 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh İddiaçı oğludur. Cavabdeh görmə qabiliyyətinin 95 faizini itirmişdir, buna görə 700 manat pensiya alır. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev3, mənzil 21 (bundan sonra – mübahisəli ev) iddiaçının mərhum əri, cavabdehin atasından miras əmlak kimi qalmış və hazırda iddiaçının xüsusi mülkiyyətindədir. Bu barədə ona xx.xx.2024-cü il tarixdə çıxarış verilmişdir. Cavabdeh nikaha daxil olduqdan sonra mübahisəli evdən çıxaraq atasının adına olan digər mənzildə yaşamağa başlamışdır. Həmin evdə 15 ilə yaxın yaşamış və nikahı pozulduqdan sonra təxminən 4 il əvvəl mübahisəli mənzildə yeni ailəsi ilə yaşamağa başlamışdır. İddiaçının əri vəfat etdikdən sonra cavabdehin əvvəllər yaşadığı həmin mənzil satılmış və cavabdehə Biləcəri qəsəbəsində sənədsiz 3 otaqlı fərdi yaşayış evi alınmışdır. Həmin evi cavabdeh 300 manata kirayə vermiş və iddiaçı ilə birlikdə yaşamağa davam etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev3 , mənzil 21 (yeni qaydalarla AZ 117, ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh birgə yaşayış qaydasını pozur və ona rahat yaşamağa imkan vermir. Cavabdehə alınmış evin yaşamaq üçün bütün kommunal şəraiti vardır. Cavabdehə köçüb orada yaşamasını dəfələrlə bildirsə də, könüllü qaydada mənzildən çıxmamışdır. Cavabdehin onun iradəsinə zidd olaraq mənzildə yaşaması mülkiyyətçi kimi hüquqlarını pozur.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-3385/2024 saylı, 09 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim İ.Əliyev) iddia təmin edilmişdir.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 262.2-ci, Mənzil Məcəlləsinin 30.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun olduğu bildirilən evin ona aid olduğunu təsdiq edən heç bir qanuni sənəd yoxdur və bu, iddiaçının əsassız subyektiv fikridir. Eləcə də o, qeyd edilən həmin evə köçməyib və daima hazırda yaşadığı ünvanda yaşayıb və yaşamaqda da davam edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə etiraz verilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

10. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər.

12. Azərbaycan Respublikası Mənzil Məcəlləsi

Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

Apellyasiya baxışının hədləri

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

14. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

16. Məhkəmə kollegiyası bu qənaətə gələrkən işin mübahisələndirilməyən aşağıdakı hallarını nəzərə alır.

17. Mübahisəli mənzil əvvəllər iddiaçının mərhum ərinin, yəni cavabdehin atasının mülkiyyətində olmuş və həmin şəxslər bir yerdə həmin mənzildə yaşamışlar. Lakin sonradan cavabdeh daimi əsasla mənzili tərk edərək başqa yerdə yaşamışdır. Cavabdehin Biləcəri qəsəbəsində 3 otaqlı fərdi yaşayış evi vardır və həmin evdən istifadə etməsinə hər hansı maneə yoxdur.

18. Cavabdeh apellyasiya baxışı zamanı izahat verərkən Biləcəri qəsəbəsində ona 3 otaqlı fərdi yaşayış evi alındığını etiraf etmiş, lakin həmin evdə yaşamadığını, onu kirayə verdiyini, kirayə pulunu isə müalicəsinə və aliment ödənilmsinə sərf etdiyini göstərmişdir.

19. 08.10.2013-cü il tarixli Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olubolmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir

20. Yuxarıda göstərilən hüquqi mövqedən aydın olduğu kimi ümumiyyətlə istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq, yəni həmin sahədə yaşamaq imkanını təmin edir. Bu imkan isə ehtiyacdan (məcburiyyətdən) yaranır və ehtiyacın aradan qalxması ilə itir. Hüququn yaranması əsası isə yuxarıda göstərildiyi kimi müxtəlif ola bilər. Bunlara etibarlı ailə münasibətlərinin mövcudluğunu, müqavilə və digər razılaşmaları aid etmək olar. Lakin hər bir halda həmin hüquq mülkiyyət hüququnun mütləq şəkildə məhdudlaşdırılması ilə nəticələnə bilməz. Yəni, mülkiyyətçinin iradəsinə əsasən mənzildə onunla birlikdə yaşamağa icazə verilmiş şəxslərin, sonradan mülkiyyətçinin iradəsinə əsasən evdən çıxarılmaları mülkiyyət hüququnun müdafiəsindən irəli gəlir və hüquqi baxımdan əsaslıdır.

21. Cavabdehin ona mənzil alınaraq daimi əsaslarla köçdüyü vaxtdan istifadə hüququ itirildiyindən, hal-hazırda da başqa evi olmaqla yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı üçün onun istifadə hüququnun saxlanması üçün əsas olmadığından iddiaçının tələbi əsaslıdır.

22. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni hazırkı apellyasiya baxışının predmeti olan hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 09 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar