Məhkəmə qərarları › İş №2(103)-6281/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6281/2025

14.01.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6281/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı iş üzrə (Açar sözlər: işçiyə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilməsi barədə əmrin ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), X5 və X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3688794Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı "əmrin ləğv edilməsi və s." tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-3705/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən, iddiaçı Bakı şəhəri 275 nömrəli tam orta məktəbin direktor vəzifəsinə təyin edilmişdir.

2. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2025-ci il tarixli 3- 29/3- 1-400E/2025 nömrəli əmrinə əsasən keçirilmiş monitorinq nəticəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, monitorinq zamanı məktəbdə dərsdənkənar məşğələ dərslərinin təşkili vəziyyətinə baxış edərkən müəyyən edildi ki, 2024/2025-ci tədris illərində məktəbdə "Ümumi təhsil müəssisələrində dərsdənkənar məşğələlərin (fakültativ kursların) təşkili Qaydası"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 01 sentyabr 2022-ci il tarixli, F-529 nömrəli əmrinin tələbləri pozulmuş və dərsdənkənar məşğələlərin təşkili zamanı ciddi nöqsanlara yol verilmişdir. Belə ki, dərsdənkənar məşğələyə bütün siniflər cəlb olunmamış, dərsdənkənar məşğələlərin proqramı metodiki şurada müzakirə olunmamış, tədris ilinin birinci yarısı üçün fəaliyyətinin qiymətləndirməsi aparılmamış, dərsdənkənar məşğələlərin işinə ümumi rəhbərlik və nəzarət təhsil müəssisəsi üzrə müvafiq əmrlə tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavininə həvalə edilsə də, lakin direktor müavini tərəfindən nəzarət edilməmişdir. 9 d sinfində yarımqrupa bölünən ingilis dilinin tədrisi zamanı şagirdlərin sinif jurnalına müvafiq olaraq siyahı üzrə tədrisə cəlb edilmədikləri müəyyən edilmişdir. Tədris ilinin 1-ci yarımilində 11c sinfində 19 nəfər şagird tədrisə cəlb edildiyi üçün fənlər yarımqruplara bölünməmişdir. 11 c sinif şagirdi X17 xx.xx.2024-cü il tarixdə yerdəyişmə edərək məktəbə qəbul edilmiş, həmin sinifdə 20 şagird olduğu üçün fənlər yarımqruplara bölünmüşdür. Monitorinq zamanı 11 c sinif şagirdi X12 2-ci yarımildə daimi olaraq dərslərdə iştirak etmədiyi aşkar edilmişdir. 11 c sinfinə baxış keçirilərkən ingilis dili fənni yarımqruplara bölündüyü halda qruplar birləşdirilərək şagirdlər bir qrupda tədrisə cəlb edilmişdirlər. 10 a sinif şagirdi Zümrüd Məmmədzadənin mütəmadi olaraq dərslərdə iştirak etmədiyi aşkar edilmişdir.

3. Azərbaycan Respublikası Elm Və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-2959/3-2-245F/2025 nömrəli intizam tənbehi barədə əmrindən müəyyən olunur ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2025-ci il tarixli 3-29/3-1-400E/2025 nömrəli əmrinə əsasən 23 aprel 2025-ci il tarixdə Bakı şəhəri 275 nömrəli tam orta ümumtəhsil məktəbində monitorinq keçirilmişdir. Monitorinq zamanı Bakı şəhəri 275 nömrəli tam orta ümumtəhsil məktəbində tədris ilinin 1ci yarımilində 11c sinifində 19 şagirdin tədrisə cəlb edildiyi, 2-ci yarımildə isə yerdəyişmə ilə Razi Rzayevin məktəbə qəbul edildiyi üçün şagird sayının 20 nəfər olduğu və dərsə davamiyyətinin olmadığı, 2-ci yarımildən fiziki tərbiyə, informatika, Azərbaycan dili, İngilis dili, Alman dili fənlərindən yarımqruplar yaradılaraq, dövlət büdcəsindən artıq vəsait xərcləndiyi müəyyən edilmişdir. Eyni zamanda məktəbdə bölünən fənlər üzrə dərslərin yarımqruplar halında deyil, hər iki qruplar birləşdirilərək sinif halında tədris olunması, 9d və 10 a siniflərində şagirdlərin mütəmadi olaraq dərsə cəlb edilməməsi, kiçik xidmətedici işçilərin əmək funksiyaları üzrə fəaliyyət göstərməməsi, buraxılan və əvəz edilən dərslərin uçotu jurnallarının qeydiyyatının aparılmaması kimi hallar aşkar edilmişdir. Qeyd olunanları nəzərə alaraq, “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil idarəsinin Esasnaməsi" nin 5.5.4-cü bəndini rəhbər tutaraq Əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə Bakı şəhəri 275 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi və gələcəkdə analoji hallara yol verəcəyi təqdirdə barəsində daha ciddi intizam tənbeh tədbirinin tətbiq ediləcəyi nəzərinə çatdırılması, Bakı şəhəri 275 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru İddiaçı oğunun iş yerinin şagird sayı az olan digər məktəbə dəyişdirilməsi məsələsinə baxılması, hüquq, kargüzarlıq və vətəndaşlarla iş sektoru (Nümayəndə1) bu əmrin surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasının təmin edilməsi əmr edilmişdir.

4. İddiaçı, 23 aprel 2025-ci il tarixli izahatından görünür ki, o, 2019-cu ildən 275 nömrəli tam orta məktəbdə direktor vəzifəsində işləmişdir. Monitorinq zamanı tərtib olunmuş yekun aktla tanış olmuşdur və orada yazılan nöqsanlarla razıdır və yaxın gələcəkdə onların düzəldilməsi istiqamətində işlər aparacaqdır.

5. X7, 23 aprel 2025-ci il tarixli izahatından görünür ki, o, 11c sinfinin sinif rəhbəri olmuşdur. Onun sinfində jurnal üzrə 20 şagird təhsil alır. X23 xx.xx.2024-cü il tarixində elektron yerdəyişmə vasitəsilə təhsil aldığı məktəbdən 275 nömrəli məktəbə yerdəyişmə etmişdir. X25 cari tədris ilinin ikinci yarım ilindən etibarən mütəmadi olaraq dərs məşğələlərində iştirak etmir. Bununla bağlı onun valideynləri ilə sinif rəhbəri və rəhbərlik tərəfindən dəfələrlə sohbət aparılsa da, heç bir nəticəsi olmamışdır. Onun rəhbəri olduğu sinifdə Azərbaycan dili, İngilis dili, Alman dili, İdman və İnformatika fənləri bölünəndir.

6. X1, 23 aprel 2025-ci il tarixli izahatından görünür ki, həmin tarixdə 11c sinfində İngilis dili fənni bölünən fənn olmasına baxmayaraq, qruplar birləşdirilərək bir sinifdə dərs aparılmışdır. O, bir daha belə bir halın yaşanmayacağını, bundan sonra qaydalara uyğun bölünən fənni tədris və təşkil edəcəklərini bildirmişdir.

7. X3 23 aprel 2025-ci il tarixli izahatından görünür ki, o, 1991-ci ildən məktəbdə pedoqoji fəaliyyətlə məşğuldur, texnologiya fənnini tədris edir və 2024-2025-ci tədris ilində “Bacarıqlı əllər” dərnəyinin rəhbəridir, 5A, 5B, 6B sinifləri üzrə 8 nəfər şagird dərnəyə cəlb olunmuşdur. Monitorinq zamanı 11:20-də Əhmədova Zəhra adlı 1 nəfər şagird sinifdə olmuşdur. Daha sonra Əliyeva Leyla gəlmişdir. Dərnək təşkil edilərkən o, şagirdlərlə sorğu keçirməmişdir. Həmin gün dərnəkdə 5 nəfər şagird olmuşdur. Bayramova Səma və Muradova Ayan dərnək üzvü deyildir. Qafarova Aynur, dərnəkdə mütmadi olaraq iştirak etmir. 1-ci yarımil üçün dərnəklərin qiymətləndirilməsi ilə bağlı pedoqoji şurada müzakirə aparılmayıb.

8. X2 23 aprel 2025-ci il tarixli izahatından görünür ki, o, 275 nömrəli məktəbdə TTİd/m vəzifəsində çalışıb. 10B sinfindəki dərsdənkənar məşğələnin tədrisi ona həvalə olunmuşdur və bu məşğələdə 6 şagird iştirak etmişdir. Program metodiki şurada müzakirə edilməmiş və o, hazır formada olan programdan istifadə etmişdir. Cari ilin 1-ci yarımilində qeyd olunan dərsdənkənar məşğələnin fəaliyyətinin qiymətləndirilməsi onun tərəfindən aparılmamışdır. Bundan sonra bu məsələrlə bağlıtələblərə daha diqqətlə yanaşacağını və dərsdənkənar məşğələlərin fəaliyyətinə uyğn aparılacağını bildirmişdir.

9. X8 23 aprel 2025-ci il tarixli izahatından görünür ki, o 275 nömrəli məktəbdə İnformatika laborant vəzifəsində çalışmışdır, lakin o, testlərin hazırlanması, çap edilməsi, kserekopiyasının çıxarılması, cədvəllərin hazırlanması, bəzi hallarda isə kargüzarlıq işləri ilə məşğul olmuşdur.

10. X4 23 aprel 2025-ci il tarixli izahatından görünür ki, o, məktəbdə monitorinq aparılan zaman 11C sinfində ingilis dili dərsini bölünmə şəklində deyil, birləşdirərək aparırdı. Bölünmə qaydaları ona izah edilmişdir və bundan sonra dərsləri qaydasına uyğun aparacağını bildirmidir.

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm Və Təhsil Nazirliyi Yanında Məktəbəqədər Və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin Bakı Şəhəri Üzrə Təhsil İdarəsinə qarşı "əmrin ləğv edilməsi və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 3-2959/3-2-245F/2025 nömrəli "sonuncu xəbərdarlıqla şiddətli töhmət" əmrinin ləğv edilməsi, əmrin ləğv edilməsi barədə media subyektlərində elan olunması və mediasiyaya ödənilmiş 60 manat rüsumun cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixdən Bakı şəhəri 275 nömrəli tam orta məktəbdə direktor vəzifəsində işləyir. Lakin ona Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-2959/3- 2-245F/2025 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. O, aşağıda göstərəcəyi təkzib edilməz faktlara əsasən hesab edir ki, barəsində olan xx.xx.2025-ci il tarixli, 3-2959/3-2-245F/2025 nömrəli əmr əsassız olaraq qəbul edilmişdir. Belə ki, intizam tənbehi haqsız və qərəzli verilmiş, töhmət veriləndə həmkarlarda müzakirə olunmamış, idarə rəhbərliyi ona töhməti verəndə bu məsələni ona bildirməmişdir. Töhmətdə əsasda onun izahatı və toplanmış materiallar yazılmış, tərəfindən yazılan izahatda töhmətdə verilənlərin əksəriyyətini boynuna götürməmişdir. Çünki izahatda yazmışdı ki, o aktda yazılanları qəbul edir. Məktəbdə 23 aprel 2025-ci il tarixdə monitorinq keçirilmişdir. Yoxlama nəticəsində tərtib edilən aktda yazılanlarla ona verilən töhmətlə böyük fərq vardır. Yəni aktda olmayan aşağıdakı formada məsələlər töhmətdə qeyd edilmişdir. X27 xx.xx.2024-cü il tarixdə məktəbə yerdəyişmə ilə gəldiyi yazılsa da töhmətdə şəgirdin 2-ci yarım ildə yerdəyişmə etdiyi yazılır. Aktda 11C sinifində Ravi gələndən sonra 2-ci yarım ildə sinifdə fənnlərin yarımqruplara bölündüyü qeyd edilsə də, lakin bunun qanunsuz olduğu bildirilmir. Töhmətdə isə bu sinifdə 5 fənndən yarımqruplar yaradılaraq dövlət büdcəsindən artıq vəsaitin xərcləndiyinin müəyyənləşdirildiyi yazılır ki, bu da tam əsassızdır. Çünki siniflərdə bölünmə saatlarının verilməsi və bağlanması ildə iki dəfə sentyabr və yanvar aylarında tarfikasiyanın təsdiqi zamanı baş tutur. Bu prosesdə birinci yarım ildə şagirdin sayı artdığından və sinif bölməyə imkan verdiyindən qanun əsasında ikinci yarımildə sinif yarımqruplara bölünüb. Sinifin yarımqruplara bölünməsi əsassızdırsa sual oluna bilər onlarda buna dair hansı materiallar var və hansı qanuna görə sinifin yarımqrunlara bölünməsi olmaz? Sinifin yarımqruplara bölünməsi yanvar tarfikasiyası ilə təsdiq olunub və bu tarfikasiyanı da 4 X9 mühasibi və daha sonra İdarənin mühasibi və İdarə müdiri tərəfindən bu tarifikasiya təsdiq edilib. Yanlışlıq varsa niyə İdarə müdiri məktəblərinin tarfikasiyasını təsdiq edib. 11C-də fənnlərin yarımqruplara bölünərək dövlət büdcəsindən artıq vəsaitin, xərcləndiyi müəyyənləşdirilibsə bu artıq vəsaitin dövlət büdcəsinə qaytarılması üçün hansı əməli addım atılmışdır? Aktda 11C sinifində ingilis dili fənninin yarımqruplara bölünmədiyini (o da bir dərsdə olub) qeyd edilsə də, töhmətdə məktəbdə bölünən fənnlərin yarımqruplar halında deyil sinif halında birləşdirilmiş formada keçirildiyi bildirilir ki, bu da tam əsassızdır. Birincisi məktəbdə bölünən fənnlər bütöv sinifhalında deyil bölünmüş formada tədris edilir. Çünki bu deyiləni təsdiq eləyən heç bir araşdırma aparılmayıb və əldə faktlar yoxdur. İkincisi məktəbdə 1004 saat bölünmə saatı var və bu saatı 56 müəllim tədris edir ki, ən azından bu sayda müəllimdən (hələ şagirdlərdən demir) izahat alınmalı idi ki, bunların heç biri edilməyib. Üçüncüsü, əgər töhmətdə yazılan doğrudursa, bu külli miqdarda dövlət vəsaitinin israfı deməkdir. Sual oluna bilər bu vəsaitin geri qaytarılması üçün niyə tədbir görülmür? Töhmətdə 9D və 10A sinif şagirdlərinin mütəmadi dərsə cəlb ki aktda da bu məsələ öz əksini tapmamışdır. Aktda 10A sinifin bir şagirdin mütəmadi dərslərdə iştirak etmədiyi qeyd edilir ki, o sinifda də 26 şagird var 1 şagird nə vaxtdan sinif oldu? 9D sinifinin mütamadi dərsə gəlmədiyi hansı faktlarla sübut olunur? Aktda 2 kiçik xidmətedici işçinin vəzifə təlimatlarına uyğun işlərin icrası ilə məşğul olduğu yazılsa da töhmətdə kiçik xidmətedici işçilərin əmək funksiyası üzrə fəaliyyət göstərməməsi yazılır ki, bu da yanlışdır. Çünki məktəbdə 24 kiçik xidmətedici işçi var aktda 2 nəfər qeyd edilir, töhmətdə isə 24 nəfərin hamısı nəzərdə tutulur. Kiçik xidmətedici işçilərin əmək funksiyası üzrə fəaliyyət göstərməməsi məsələsi nə ilə sübut edilir. Bu işçilərin vəzifə funksiyası hansı sənəddə öz əksini tapıb ki, onlar da bunu pozmuşdu. Kiçik xidmətedici işçilərin əmək funksiyası məktəb direktoru ilə işçi arasında bağlanan əmək müqaviləsində öz əksini tapır ki, aktda adı keçən şəxslər də öz əmək funksiyasını yerinə yetirirlər. Aktda buraxılan və əvəz edilən dərslərin uçotu jurnalında 2 qeydin aparılmadığı qeyd edilsə də töhmətdə isə bu jurnalın qeydiyyatının aparılmaması yazılır ki, bu da ümumiyyətlə buraxılan və əvəz edilən dərslərin uçotu jurnalında heç bir qeydiyyatın aparılmadığı anlamına gəlir. Məktəbdə aparılan monitorinqə görə heç bir müəllimə, direktor müavininə töhmət, xəbərdarlıq və ya şiddətli töhmət verilmədiyi halda məktəbindirektoruna birbaşa töhmətin verilməsi heç cür doğru deyil. Çünki, məktəb tək direktor və şagirdlərdən ibarət deyildir. Verilən töhmət doğrudursa onda məktəbdə töhmətdə yazılan məsələlərə məsul olan şəxslər də cəzalanmalıdır. Şagirdlərin davamiyyətinə görə sinif rəhbəri, uşaq birliyi rəhbəri, təşkilatçı müavin, X21 İşləri üzrə müavin, buraxılan və əvəz edilən dərslərin uçotu jurnalına X24 üzrə direktor müavini, kiçik xidmətedici işçilərin əmək funksiyasına Təsərrüfat İşləri üzrə direktor müavini cavabdehdir. İntizam tənbehini verməklə yanaşı bu tənbehi mediyaya sızdırmaq qanun pozuntusu olmaqla yanaşı məktəbə və məktəb rəhbərliyinə ən böyük zərbədir. Çünki monitorinqlər nəticəsində 20dən çox məktəb rəhbərliyinə töhmət, şiddətli töhmət və xəbərdarlıq edilmişdir ki, yalnız 2 məktəbdən (278 və 275 nömrəli məktəblər) savayı heç bir məktəbə qarşı atılan addım İdarə tərəfindən mediaya sızdırılmamışdır. Məktəb direktorunun adının İdarənin birbaşa əli ilə mediada hallanması və kommentlərdə direktoru tanımayanlar tərəfindən söyülməsi İdarə tərəfindən direktorun şərəf və ləyaqətin təhqir olunmasına şərait yaratmaq və direktorun işgüzar nüfuzuna zərbə vurmaqdır. Elektron resusrlarda paylaşılan ünvanlar "axşam.az", "BAKU.WS", "qafqazinfo.az" və.s.

13. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi iddia qarşı etiraz verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 275 nömrəli tam orta məktəbdə xx.xx.2025-ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçirilmiş monitorinq zamanı bir sıra ciddi nöqsanlar aşkar edilmişdir. Belə ki, monitorinq nəticəsində aşağıdakı hallar müəyyən olunmuşdur: 1. Dərnəklərin təşkili zamanı ciddi pozuntular qeydə alınmış, “Ümumi təhsil müəssisələrində dərnəklərin təşkili Qaydası” (Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli, F-382 nömrəli əmri) pozulmuşdur. 2. Dərnəklərin illik iş planı müəssisənin Pedaqoji Şurasında müzakirə olunmamış, bu barədə qərar qəbul edilməmiş, fəaliyyətləri qiymətləndirilməmişdir. 3. Dərnəklərlə bağlı sorğu anketi tərtib edilməmiş və protokollaşdırılmamışdır. 4. “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012ci il tarixli, 171 nömrəli qərarının tələblərinə zidd olaraq 5-ci siniflər ikinci növbədə tədrisə cəlb olunmuşdur. 5. Təxliyə planı məktəbin 3-cü mərtəbəsində yerləşən dəhlizdə ümumiyyətlə yerləşdirilməmişdir. 6. Məktəbin kiçik xidmətedici heyəti - Aysel Cəfərli və Ədilə Alməmmədova vəzifə təlimatlarına uyğun olmayan işlərə (katibə, kargüzarlıq) cəlb olunmuşdur. 7. 11-ci sinifdə keçirilən dərs zamanı ingilis dili fənni yarımqruplara bölünməli olduğu halda, şagirdlər birləşdirilərək bir qrup halında dərsə cəlb edilmişdir. 8. Tədris ilinin 1-ci yarımilində 11 c sinifində 19 şagirdin tədrisə cəlb edildiyi, noyabr ayında isə yerdəyişmə ilə Ravi Rzayevin məktəbə qəbul edildiyi üçün şagird sayının 20 nəfər olduğu və dərsə davamiyyətinin olmadığı, 2-ci yarımildən fiziki tərbiyə, informatika, Azərbaycan dili, İnglis dili və Alman dili fənlərindən yarımqruplar yaradılaraq, dövlət büdcəsindən artıq vəsait xərcləndiyi müəyyən edilmişdir. İddiaçının irəli sürdüyü əsas arqumentlərdən biri odur ki, verilmiş intizam tənbehi haqqında əmr aktla uyğun deyil. Lakin qeyd edilməlidir ki, monitorinq aktı üç vərəqdən ibarət olmaqla geniş məlumatlar əks etdirir və əmrdə bütün pozuntular sadalanmasa da, bu hal hüquqi cəhətdən əmrə xələl gətirmir. Əmr, aktın əsaslandırdığı pozuntulara əsaslanaraq qəbul edilmişdir və intizam tənbehi qanunvericiliyin tələblərinə uyğun şəkildə tətbiq olunmuşdur. Əlavə olaraq bildirilir ki, ddiaçı öz izahatında ona irad tutulan halları qəbul etmiş və bu nöqsanların tezliklə aradan qaldırılacağını bildirmişdir. Yuxarıda göstərilən hallar araşdırma zamanı toplanmış materiallar əsasında təsdiqini tapmış və sübut olunmuşdur ki, iddiaçının Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı irəli sürdüyü iddia tələbi hüquqi əsasa malik deyil.

15. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)- 3705/2025 nömrəli qətnaməsi ilə (hakim Ə.E.Heydərova) iddia təmin edilmişdir.

16. Məhkəmə cavabdehin iddiaçıya intizam tənbehi verilməsi haqqında xx.xx.2025-ci il tarixli, 3-2959/3-2-245F/2025 nömrəli əmrinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, intizam tənbehi işəgötürənin işçiyə əmək müqaviləsi ilə ona həvalə edilmiş əmək vəzifələrini yerinə yetirməməsinə və ya lazımınca yerinə yetirməməsinə, əmək intizamına (daxili əmək qaydalarına) əməl etməməsinə və ya əməyin mühafizəsi tələblərinin pozulmasına görə tətbiq edə biləcəyi qeyri-maddi məsuliyyətdir. Qanunvericilikdə işçi müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə işəgötürən tərəfindən intizam məsuliyyətinə cəlb edilə bilməsi müəyyən edilmişdir. Bu pozuntuların işçi tərəfindən qəsdən törədilməsi ilə bağlı sübutetmə yükü də işəgötürənin üzərindədir.

17. Məhkəmə hesab etmişdir ki, iddiaçının barəsində tətbiq olunmuş xx.xx.2025-ci il tarixli, 3-2959/3-2-245F/2025 nömrəli “sonuncu xəbərdarlıqla şiddətli töhmət” barədə əmrin hüquqi əsası və faktiki dəlilləri mövcud deyildir. Belə ki, cavabdeh qurumun təqdim etdiyi materiallardan və iş üzrə toplanmış sübutlardan görünür ki, intizam tənbehinin tətbiqinə əsas kimi xx.xx.2025-ci il tarixdə keçirilmiş monitorinq nəticəsində tərtib edilmiş akt göstərilmişdir. Lakin məhkəmə müəyyən edir ki, həmin aktın məzmunu ilə intizam tənbehi barədə əmr arasında ciddi uyğunsuzluqlar mövcuddur.

18. Aktda göstərilən pozuntularla əmrdə qeyd edilən hallar həm məzmun, həm də həcmin baxımından fərqlidir. Məsələn, X27 xx.xx.2024-cü il tarixdə məktəbə yerdəyişmə ilə gəldiyi yazılsa da, töhmətdə şagirdin 2-ci yarım ildə yerdəyişmə etdiyi yazılır. Bundan əlavə töhmətdə 9 D və 10 A sinif şagirdlərinin mütəmadi dərsə cəlb edilmədiyi qeyd edilir ki, aktda da bu məsələ öz əksini tapmayıb. Aktda ancaq 10 A sinifin bir şagirdin mütəmadi dərslərdə iştirak etmədiyi qeyd edilir.

19. Məhkəmə qeyd etmişdir ki, aktda yalnız dərsdənkənar məşğələlərin təşkili ilə bağlı müəyyən nöqsanların aşkar edildiyi, bəzi siniflər üzrə dərsdənkənar məşğələlərdə bütün şagirdlərin cəlb edilmədiyi, proqramların metodiki şurada müzakirə olunmadığı, qiymətləndirmələrin aparılmadığı və bəzi şagirdlərin dərsə davamiyyətində nöqsanların mövcudluğu qeyd edilmişdir. Lakin intizam tənbehi barədə əmrdə aktda əksini tapmayan və heç bir sübutla təsdiq olunmayan bir sıra yeni hallar əlavə edilmişdir. Belə ki, əmrdə guya məktəbdə 11C sinfində 5 fənn üzrə yarımqrupların yaradılaraq dövlət büdcəsindən artıq vəsait xərcləndiyi, bölünən fənlərin sinif halında birləşdirilərək tədris edildiyi, 9D və 10A siniflərində şagirdlərin mütəmadi dərsə cəlb olunmadığı, kiçik xidmətedici işçinin əmək funksiyalarını yerinə yetirmədiyi, buraxılan və əvəz edilən dərslərin uçotu jurnalının aparılmadığı kimi hallar qeyd edilmişdir.

20. Bu isə göstərir ki, intizam tənbehi barədə əmr yalnız monitorinq aktı ilə əsaslandırılsa da, faktiki olaraq aktın hüdudlarını aşaraq orada göstərilməyən faktlara istinad etmiş, beləliklə də, əmrin əsasını təşkil edən sübutlar qeyri-müəyyən və ziddiyyətli olmuşdur. Əmək qanunvericiliyinə əsasən, xüsusilə Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əgər işçinin məsuliyyətə cəlb edilməsinə əsas olan hallar obyektiv şəkildə müəyyən edilməmişdirsə və ya həmin halların mövcudluğu şübhə doğurursa, intizam tənbehi tətbiq edilə bilməz.

21. Məhkəmənin qənaətinə görə, cavabdeh qurum tərəfindən iddiaçıya intizam tənbehinin verilməsi zamanı obyektivliyin və əsaslandırmanın prinsipləri pozulmuşdur. İntizam tənbehini tətbiq etməzdən öncə iddiaçının izahatı alınsa da, həmin izahatda qeyd olunan izah və etirazlar nəzərə alınmamış, monitorinq nəticəsində toplanan faktlar kollektiv qaydada — həmkarlar təşkilatı və ya məktəbin daxili intizam komissiyası tərəfindən müzakirə edilməmiş, eyni zamanda, intizam pozuntusuna görə məsuliyyət daşımalı olan digər şəxslərə (direktor müavinləri, sinif rəhbərləri, təsərrüfat işləri üzrə müavin və s.) münasibətdə heç bir tədbir görülməmişdir.

22. Bundan başqa, əmrdə “büdcə vəsaitinin artıq xərclənməsi” və “əmək funksiyalarının yerinə yetirilməməsi” kimi ağır ifadələrin yer alması, lakin bu barədə nə maliyyə araşdırması, nə akt, nə də zərərin məbləği göstərilməməsi, əmrin hüquqi əsasının olmadığını təsdiqləyir.

23. Məhkəmə bu nəticəyə gəlmişdir ki, cavabdeh qurum tərəfindən tərtib edilən intizam tənbehi barədə əmrin faktiki əsasını təşkil edən sübutlar natamam, ziddiyyətli və qeyri-obyektiv xarakter daşıyır. Əmrdə göstərilən hallar monitorinq aktında öz əksini tapmadığından, eləcə də əlavə araşdırma materialları təqdim edilmədiyindən, əmrin qəbul edilməsi üçün hüquqi əsas yaranmamışdır.

24. Nəticə etibarilə, məhkəmə hesab etmişdir ki, İddiaçı “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilməsi qanunsuz və əsassız olmuş, əmrin məzmunu onu doğuran aktla uyğun gəlməmiş, faktiki hallar tam və obyektiv araşdırılmamışdır. Bu səbəbdən, iddiaçının tələbi əsaslı hesab edilir və xx.xx.2025-ci il tarixli, 3-2959/3-2- 245F/2025 nömrəli əmr ləğv edilməlidir.

25. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materiallarından görünür: direktor barəsində “şiddətli töhmət” intizam tənbehi tətbiq edildikdən sonra həmin əmr yalnız iş yerində deyil, həmçinin kütləvi informasiya vasitələrində dərc edilmiş, bununla da intizam tənbehinin nəticələri geniş ictimaiyyətə açıqlanmışdır. Belə məlumatın ictimai müstəviyə çıxarılması direktorun işgüzar nüfuzuna, peşəkar etibarına və mənəvi hüquqlarına birbaşa təsir göstərmişdir.

26. Əgər intizam tənbehinin tətbiqi barədə məlumat ictimai mediada yayımlanmışdırsa, onun əsassız və ya qanunsuz olduğu müəyyən edildikdə, həmin məlumatın ləğv edilməsi barədə qərarın da eyni informasiya mənbələrində elan olunması hüquqi ədalətin və bərabərlik prinsipinin tələblərindəndir. Əks təqdirdə, intizam tənbehinin ləğvi yalnız daxili sənədlərdə öz əksini tapmış, lakin ictimai müstəvidə şəxs haqqında formalaşmış mənfi rəy aradan qaldırılmamış olar.

27. Bu baxımdan, məhkəmə hesab etmişdir ki, direktor barəsində verilmiş intizam tənbehi barədə əmr qanunsuz hesab edilərək ləğv olunduğuna görə, həmin qərarın nəticələrinin tam bərpası üçün bu barədə məlumatın yayımlandığı media subyektlərində təkzib və ya elan formasında ictimai şəkildə dərc edilməsi zəruridir. Bu, həm şəxsin işgüzar nüfuzunun bərpasına, həm də məhkəmə qərarının obyektiv icrasına xidmət edir və hüququn bərpaedici funksiyasına uyğundur.

28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12, 35-ci maddələrinə, Əmək Məcəlləsinin 3.5, 10-cu maddəsinin “b” bəndinə, 186.1, 186.2, 186.3, 187-ci maddəsinin 1-3-cü hissələrinə, 188-ci maddəsinin 1-2-ci hissələrinə, 189, 190-cı maddəsinin 1-3-cü hissələrinə, 292.2-maddələrinə, Mülki prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

29. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xə ta nın xarakterini nəzərə almışdır. Məktəbdə keçirilmiş monitorinq nəticəsində bir sıra ciddi nöqsanlar aşkar edilmişdir. Məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. İddiaçı məhkəməyə öz iddiasını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Lakin cavabdeh tərəfindən təqdim olunmuş müvafiq sənədlərə (məktəbdə aparılmış araşdırmaya dair aktlar, sinif jurnallarının yoxlanmasının nəticələrinə dair aktlar, əməkdaşların izahatları və sair) istinad edərək iddiaçı tərəfindən əmək funksiyalarının keyfiyyətsiz icra edilməsini, əmək fəali yyətləri ndə nöqsanlara yol verilməsini işin həqiqi halları kimi müəyyən etmişdir. Məhkəmənin qətnaməsində yoxlama aktı ilə əmrin məzmununun uyğun gəlmədiyi qeyd edilir, lakin nəzərə alınmalıdır ki, monitorinq aktı üç vərəqdən ibarət olmaqla geniş məlumatlar əks etdirir və əmr sənədində bütün pozuntular sadalanmasa da, bu hal hüquqi cəhətdən əmrə xələl gətirmir. Əmr, aktın əsaslandırdığı pozuntulara əsaslanaraq qəbul edilmişdir və intizam tənbehi qanunvericiliyin tələblərinə uyğun şəkildə tətbiq olunmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

31. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Naziri Emin Əmrullayevin xx.xx.2025-ci il tarixli 5416 nömrəli qərarı və şəxsi imzası ilə səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunmuşdur. Əmək Məcəlləsinin 190-cı maddəsinin 4-cü bəndini (intizam tənbehinin qüvvədə olduğu müddət ərzində əmək funksiyasını yüksək peşəkarlıqla yerinə yetirdiyinə, müəssisədaxili intizam aydalarına əməl etdiyinə görə işçi bu məcəllənin 185-ci maddəsində nəzərdə tutulmuş hər hansı həvəsləndirmə vasitələri ilə mükafatlandırılarsa, həmin mükafatlandırıldığı gündən ona verilmiş intizam tənbehi qüvvədən düşmüş hesab edilir) nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanmasını xahiş edir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

32. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı iddia edir ki, onun işgüzar nüfuzu ləkələnib, əmr dərc olunub. Burada əksinə olub, birinci instansiya məhkəməsi bu əmri ləğv etməklə cavabdehin işgüzar nüfuzu ləkələnib, çünki bundan sonra bütün məktəb direktorları elə hesab edir ki, bu aktda görülən ən azı 8 pozuntu ilə belə nəticəyə gələ bilərik ki, heç bir məktəb direktoruna heç bir intizam tənbehi verilməməlidir. O ki qaldı ziddiyyətə, düzdür, əmr geniş yazılmayıb, qısa nüanslara toxunulub, lakin orada ziddiyyət yoxdur. Əmrdə gördüyünüz bütün pozuntular aktda qeyd olunub, sadəcə aktda qeyd olunan bütün pozuntular əmrdə qeyd olunmayıb. İxtisas sorğu kitabçasına əsasən direktor səlahiyyətini icra edirsə, bütün qərarlardan məlumatlı olmalıdır.

33. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Həmçinin bildirdi ki, əmr düzgün verilməyib. Bir var deyirsiniz ki, nöqsanların hamısını əmrdə yazmamışıq, bir də var ki, hamısını yazmamaqla yanaşı, olmayan şeyi yazmısınız. Cənab nazir ona fəxri fərmanı verməklə artıq töhmət ləğv edilib. Bu, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin işini bilməməzliyindən irəli gəlir, yaxud da ona olan qərəzindəndir. Bakı şəhəri üzrə 350 məktəbin arasında nəticəsinə görə ilk 50-də olan məktəbdir. Suraxanı rayonunda 37 məktəb var, məktəb olaraq bu il 2 qızıl medal vermişlər, heç bir məktəbin nə qızıl, nə də gümüş medalı olub. 21 fərqlənmə attestatı 9-cu siniflərin, 23 fərqlənmə attestatı 11-ci siniflərin olub, 1 fənn olimpiyadasının qalibini vermişdir. Ona verilən akta rahat imza çəkdi, bundan sonra çəkməz. Saytlarla əlaqə saxlamış, həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri ilə şəxsən əlaqə saxlamış, o demişdir ki, rəhbərlik ona tapşırıq verib. Mediada töhmət verilməsi bildirilib, əmrin məzmunu yayımlanmayıb.

Tətbiq edilən hüquq

34. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 10. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əmək qanunvericiliyinin tələblərinə əməl etmək və s. əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

Apellyasiya baxışının hədləri

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Hazırkı işdə iddia təmin olundugundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin və ona qarşı verilmiş etirazın dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir.

39. İşdən aydın olur ki, İddiaçı xx.xx.2023-cü il tarixdən Bakı şəhəri 275 nömrəli tam orta məktəbin direktor vəzifəsinə təyin edilmişdir. Həmin məktəbdə xx.xx.2025-ci il tarixində aparılmış monitorinq nəticəsində bir sıra nöqsanlar aşkar edilərək akt tərtib edilmiş, iddiaçı da həmin aktı imzası ilə təsdiq etmişdir.

40. Bundan əlavə, iddiaçı öz yazılı izahatında sözügedən aktda yazılan nöqsanlarla razı olduğunu və yaxın gələcəkdə onların düzəldilməsi istiqamətində işlər aparacağını bildirmişdir.

41. Əmək qanunvericiliyinin yuxarıda istinad olunan normalarına əsasən İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

42. İstinad olunan xx.xx.2025-cü il tarixli aktın məzmunundan da müəyyən edilir ki, iddiaçı onun əmək funksiyasına aid olan vəzifələri pozmuşdur. Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin 3.1.1-ci bəndinə əsasən onun əmək funksiyasına daxildir: təhsil müəssisəsinin cari fəaliyyətinə rəhbərlik etmək və bu fəaliyyət üçün şəxsən məsuliyyət daşımaq; təlim-tərbiyyə prosesinin yüksək səviyyədə təşkilini və onun monitorinqinin həyata keçirilməsini təmin etmək; təhsilalanların dərsə davamiyyəti ilə bağlı zəruri tədbirlər görmək; məktəbə ayrılan büdcə vəsaitindən və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək və bunun üçün məsuliyyət daşımaq və s.

43. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçı özü də aşkar olunmuş nöqsanları qəbul etmişdir.

44. Belə olan halda, cavabdeh tərəfindən iddiaçının barəsində əmək qanunvericiliyi ilə müəyyən edilmiş intizam tənbelərindən birinin tətbiq edilməsi əmək qanunvericiliyinin tələblərinə uyğun olmuşdur.

45. O ki qaldı əmrin məzmununa, nəzərə alınmalıdır ki, xx.xx.2025-cü il tarixli monitorinq aktı özündə geniş məlumatları əks etdirir və həmin məlumatların bütövlükdə iddiaçıya intizam tənbehinin verilməsi barədə əmrə köçürülməsinə zərurət yoxdur. Belə ki, həmin əmrin məzmununda monitorinqə istinad edilməklə aşkar edilmiş nöqsanlar qısa şəkildə təsvir edilmişdir.

46. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının cavabdeh tərəfindən onun barəsində verilmiş xx.xx.2025ci il tarixli, 3-2959/3-2-245F/2025 nömrəli əmrin ləğv edilməsi ilə bağlı tələbi əsassızdır və təmin edilməməlidir. Bu tələb təmin edilmədiyindən iddiaçının digər tələbi - əmrin ləğv edilməsi barədə media subyektlərində elan olunması barədə tələbi də təmin edilmə bilməz.

47. Kollegiya apellyasiya şikayətinə qarşı iddiaçının etirazının dəlili ilə bağlı onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisənin predmeti olan əmrin verilməsindən sonra iddiaçının Elm və Təhsil Nazirliyi tərəfindən xx.xx.2025-ci il tarixli “Fəxri Fərman”la təltif olunması məhkəmə tərəfindən sözügedən əmrin qanuniliyin apellyasiya qaydasında yoxlanılmasından imtina edilməsi üçün əsas deyil.

48. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmiş, qətnamə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1, 405.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-3705/2025 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı "əmrin ləğv edilməsi və s." tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən mediasiya üçün ödənilmiş vəsait onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar