Məhkəmə qərarları › İş №2(103)-6286/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6286/2022

27.10.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6286/2022 27.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: intizam tənbeh barədə əmrin ləğv edilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı “intizam tənbehi barədə əmrin ləğv edilməsi tələbi”nə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2344/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2021-ci il tarixdən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən Bakı şəhəri 108 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir.

2. Bakı şəhəri C.Nurməmmədov adına 108 №-li tam orta məktəbin direktoru Esmira Məmmədova Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevaya ünvanladığı xx.xx.2021-ci il tarixli, 302 saylı təqdimatda qeyd etmişdir ki, Bakı şəhəri 108 nömrəli tam orta məktəbdə xx.xx.2021-ci il tarixdən yeni təyin olunmuş təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı vəzifəsinin öhdəsindən gələ bilmir, direktor və müavinlər ilə kobud rəftar edir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İddiaçı tədris etməsinə icazə verdiyi 6 saatın çoxaldılmasını tələb edir, dərs yükünün 10 saata qədər artırılmasına baxmayaraq, yenidən narazılıq edir. Öz vəzifə funksiyalarını yerinə yetirmir, məktəbin nüfuzuna xələl gətirir. Pedaqoji heyətin zəhməti hesabına formalaşdırılmış kollektivlik ruhunu pozur. Məktəb rəhbərliyi adından qeyd olunanları nəzərə alaraq yaranmış bu arzuedilməz abu-havanın müsbət istiqamətdə yenilənməsi üçün göstəriş verilməsi və bu barədə lazimi tədbirlər görülməsini xahiş etmişdir.

3. Bakı şəhəri C.Nurməmmədov adına 108 №-li tam orta məktəbin direktoru Esmira Məmmədova Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevaya ünvanladığı xx.xx.2021-ci il tarixli, 316 saylı təqdimatda qeyd etmişdir ki, Bakı şəhəri 108 nömrəli tam orta məktəbdə xx.xx.2021-ci il tarixdən yeni təyin olunmuş təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərdə məktəbin nizam-intizam qaydalarını pozaraq rəhbərliyə xəbərdarlıq etmədən nahara getmiş, iş saatını tam başa vurmadan geri qayıtmamışdır. Belə hal bundan öncə də dəfələrlə təkrarlanmışdır. İddiaçı izahat tələb olunduğu halda heç bir izahat yazmamışdır.

4. Bakı şəhəri C.Nurməmmədov adına 108 №-li tam orta məktəbin direktoru Esmira Məmmədova Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevaya ünvanladığı xx.xx.2021-ci il tarixli, 317 saylı təqdimatda qeyd etmişdir ki, Bakı şəhəri 108 nömrəli tam orta məktəbdə xx.xx.2021-ci il tarixdən yeni təyin olunmuş təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərdə məktəbin nizam-intizam qaydalarını pozaraq rəhbərliyə xəbərdarlıq etmədən nahara getmiş, iş saatını tam başa vurmadan geri qayıtmamışdır. Belə hal bundan öncə də dəfələrlə təkrarlanmışdır. İddiaçı izahat tələb olunduğu halda heç bir izahat yazmamışdır.

5. Bakı şəhəri C.Nurməmmədov adına 108 №-li tam orta məktəbin direktoru Esmira Məmmədovanın Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevaya ünvanladığı xx.xx.2021-ci il tarixli, 331 saylı, xx.xx.2021-ci il tarixli, 335 saylı, xx.xx.2021-ci il tarixli, 347 saylı, xx.xx.2021-ci il tarixli, 351 saylı, xx.xx.2022-ci il tarixli, 10 saylı təqdimatlardan da görünür ki, Bakı şəhəri 108 nömrəli tam orta məktəbdə xx.xx.2021-ci il tarixdən yeni təyin olunmuş təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı məktəbin nizam-intizam qaydalarını dəfələrlə pozmuşdur.

6. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli, F-49 saylı əmrindən görünür ki, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Bakı şəhəri 108 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi, ümumi sektor (S.Rəsulova) qeyd olunan halın təkrarlanmasının qarşısının alınması məqsədilə əmrin surətinin çoxaldılaraq BŞTİnin tabeliyində olan bütün ümumi təhsil müəssisələrinə çatdırılmasını təmin etməsi, əmrin icrasına nəzarəti öz üzərində saxlanması əmr edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı “intizam tənbehi barədə əmrin ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin təlim-tərbiyyə işləri üzrə direktor müavinlərinin imtahan müsabiqəsində uğurlu nəticə göstərərək Sabunçu rayonu 108 nömrəli tam orta məktəbə 01 oktyabr 2021ci il tarixində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Riyaziyyat” fakültəsini bitirmişdir. 1997-ci il tarixində Lerik rayonunun Orand kənd tam orta məktəbinə riyaziyyat müəllimi, 2002-ci ilin sentyabrın 18-dən həmin məktəbə direktor vəzifəsinə təyin olunmuşdur. 5 il müəllim, 19 il fasiləsiz olaraq direktor vəzifəsində çalışmışdır. Çalışdığı müddətdə heç bir intizam tənbehi almamışdır. Dəfələrlə Lerik rayon təhsil şöbəsi, həmkarlar təşkilatı, YAP tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur. Ailə vəziyyəti ilə əlaqədar olaraq Bakı şəhərinə köçmək məcburiyyətində olduğundan və müavinlərin imtahan müsabiqəsində uğurlu nəticə göstərdiyindən öz ərizəsi əsasında Lerik rayonun Orand kənd tam orta məktəbin direktoru vəzifəsindən 28 sentyabr 2021-ci il tarixində işdən azad olunaraq, 01 oktyabr 2021-ci il tarixində Sabunçu rayonu 108 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunsa da, məktəbin direktoru xanım Esmira Məmmədova ilk gündən onun məktəbə təyin olunmağına etirazını bildirərək ondan bu məktəbdən imtina etməyini tələb etmişdir. Bildirmişdir ki, özünə yaxın olan şəxsi təlim-tərbiyyə işləri üzrə direktor müavini vəzifəsinə təyin etdirmək istəyib. İddiaçıdan təkidlə tələb etdi ki, “onu bura nahaq göndəriblər, burada dolanışıq yoxdur. Niyə onu 87 nömrəli məktəbdə vakansiya olduğu halda ora göndərmədilər?”. Məktəbin direktoru iddiaçının vəzifə funksiyalarına aid heç bir sənədi ona vermədi və onu heç nə ilə tanış etmədi. Əmək müqaviləsinin surəti də iddiaçıya nə məqsədləsə işəgötürənin imzası və möhürü ilə təsdiq olunmadan adi bir kağız parçası kimi verildi. Məktəbin direktoru iddiaçıya elan olunan dərs saatlarından da bilərəkdən Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə bağladığı əmək müqaviləsində nəzərdə tutulmuş nahar fasiləsinə salmaqla, iddiaçıdan nahar fasiləsinə çıxmamağı tələb edərək onu bezdirib məktəbdəki işindən imtina etməyini istəyirdi. Dəfələrlə Bakı şəhəri üzrə Təhsil idarəsinə şifahi şəkildə məlumat versə də, ona heç bir köməklik olunmadı. Məktəbin direktoru xanım Esmira Məmmədova iddiaçının vəzifə funksiyalarının yerinə yetirməyinə imkan vermədiyindən vəzifə funksiyalarına aid olan heç bir sənədi verməyərək və onu heç bir sənədlə tanış etmədiyindən məcbur qalaraq sonralar etdiyi çoxsaylı müraciətlərinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilən cavablardan da görünür ki, 20 oktyabr 2021-ci il tarixində iddiaçının yazdığı ərizə 25 oktyabrda alınsa da, 21 gün sonra 16 noyabr 2021ci il tarixində qeydiyyata alınmışdır. İddiaçı tam şəffaf imtahan yolu ilə işə təyin olunduğu üçün, direktorun qanunsuz hərəkətlərini gizlətmək və ona kömək etməmək məqsədi ilə 25 oktyabr 2021-ci il tarixində ona çatan xəbərnaməyə əsasən Bakı Səhəri üzrə Təhsil İdarəsi tərəfindən alınan ərizəni daxil olduğu gündə qeydiyyata alaraq ona kömək etmək əvəzinə, məqsədli şəkildə həmin ərizə qeydiyyata alınmamışdır. Göstərilənlərə əsasən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri xanım Mehriban Vəliyevanın 03 fevral 2022-ci il tarixli, F-49 №-li əmrinin ləğv olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

9. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2344/2022 saylı qətnaməsi ilə (hakim R.Səmədov) iddia rədd edilmişdir.

10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş əmr tam qanuni olmaqla, Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla, habelə kifayət qədər əsasların olması səbəbilə verilmişdir və bu səbəbdən əmrin ləğv edilməsi tələbi tamamilə əsassızdır.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1,2,3-cü hissələrinə, 10-cu maddəsinə, 187-ci maddəsinin 1-ci hissəsinə, 189cu maddəsinin 3-cü hissəsinə, 190-cı maddəsinin 3-cü hissəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddianın təmin edilməsinə dair yeni qətnamənin çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, direktor müavini vəzifəsinə təyin olunduğu gündən məktəbin direktoru Esmira Məmmədova ondan işindən imtina etməyi tələb etmiş, onun vəzifə funksiyalarına aid olan heç bir sənədi verməmiş və tanış etməmiş, vəzifə funksiyalarının yerinə yetirilməsinə maneçilik törətmişdir. Onun çoxsaylı müraciətlərindən sonra məktəbin direktoru təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə funksiyalarına aid olan “Buraxılan və əvəz edilən dərslərin uçotu kitabını” 07 yanvar 2022 ci il tarixində öz əl xətti ilə yazdığı aktla ona vermişdir. Direktorun məhkəməyə təqdim etdiyi və onun da tanış olduğu 13 yanvar 2022 ci il tarixli yalan və qurama aktda isə qeyd olunur ki, məktəbin keçmiş təlim tərbiyə işləri üzrə direktor müavini Umuxanım Qasımova tərəfindən vəzifə funksiyalarına aid olan “Buraxılan və əvəz edilən dərslərin uçotu kitabı” və digər sənədlər ona işə təyin olunduğu gündə təqdim olunmuşdur. Bu tamamilə yalan olmaqla yanaşı, həm də qeyri qanunidir. O, təyin olunduğu günə kimi məktəbdə heç kimi və Umuxanım adlı müəlliməni də tanımamışdır. Əgər məktəbin sənədləri keçmiş direktor müavini olan Umuxanım müəllimədə olubsa və o, işə təyin olunanda Umuxanım müəllimə həmin sənədləri ona təhvil verərək, hətta köməklik etməyə hazır olduğunu bildiribsə, həmin sənədlərin təhvil təslim aktı hardadır? Keçmiş direktor müavini olan tanımadığı Umuxanım adlı şəxs nə vaxt işdən azad olunub? Əgər işə təyin olunduğu 01 oktyabr 2021 ci il tarixinə kimi keçmiş direktor müavini olan Umuxanım müəllimə işdən azad olunubsa, məktəbin sənədləri heç bir səlahiyyəti olmayan şəxsdə niyə saxlanilib, həmin yer necə vakant verilib? Və heç bir səlahiyyəti olmayan şəxs təlimtərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə funksiyalarına aid olan sənədləri ona necə verə bilərdi? Əgər həmin sənədlər ona işə təyin olunduğu gündə verilmişdirsə, məktəbin direktoru işə təyin olunduğu gündən 3 ay sonra 07 yanvar 2022-ci il tarixində aktla yenidən niyə verirdi? Hətta bu aktda yazılanlar doğru olsa belə, bu qanun pozuntusudur. Məktəbin direktoru həmin bu aktda hətta tam arxayın şəkildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul şəxlərinin adlarını qeyd edir və bildirir ki, guya “Buraxılan və əvəz edilən dərslərin uçotu kitabın”ı gizlətmiş və sonra verərək məktəbin işçilərini də təhqir etmişdir. Əslində bu akt Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim olunan kimi məktəbin direktorunun bu qanunsuz əməllərinə dərhal hüquqi qiymət verilməli idi və şifahi məlumatlarına görə 2020- 2021-ci tədris ilinin sonunda işdən azad olunan keçmiş direktor müavinində məktəbin sənədləri niyə saxlanılıb və yeni təyin olunan direktor müavininə həmin sənədləri səlahiyyəti olmayan 3-4 ay əvvəl işdən azad olunan bir şəxs necə təhvil verir? Əlbəttə əleyhinə olan bütün bunlar hamısı yalan və qurama olmaqla yanaşı, həm də qanun pozuntusudur və buna hüquqi qiymət verilməlidir. Çox təəssüf ki məhkəmə işə obyektiv yanaşmadığı üçün bu faktı görməzdən gəlmiş və ədalətsiz qətnamə qəbul etmişdir. Dərs bölgüsü etdiyi çoxsaylı müraciətlərdən sonra 30 noyabr 2021-ci il tarixdə təhsil İdarəsinin məsul şəxsinin yanında verilmişdir. Ona verilən həmin dərs bölgüsü də yarımçıq formada dərnək saatları, məktəbə hazırlıq qrupları və digər saatlar öz əksini tapmamışdır. Ona 30 noyabrda verilən yarımçıq dərs bölgüsüylə tanış olduqda bilmişdir ki, direktorun ibtidai siniflərdə 12 saat musiqi dərsi vardır. Məktəbin direktoru dekabr ayının 2-nə kimi bir saat da olsa, həmin dərsləri tədris etmədiyi üçün öhdəsində olan 2(a) və 3(c) siniflərində musiqi dərslərinin eyni gündə və eyni saatda başlanmasını bilməmişdir. Bu dərs cədvəllərində, şagird gündəliklərində, sinif jurnallarında və məcbur qalaraq yazdığı həmin siniflərin müəllimlərinin səs yazılarında öz əksini tapmışdır. Adlarında 36 saat dərnək saatı olan müəllimlər özləri etiraf edirlər ki, həmin saatların pulu Esmira Məmmədovaya çatır. Noyabr ayının axırında tədrisi dayandırılan fiziki tərbiyə dərnək saatının müəllimi özü etiraf edir ki, həmin dərsləri tədris etmədən direktorla pulunun bölünməsiylə bağlı əvvəlcədən razılığa gəlmişlər. O, məktəbə təyin olunanadan sonra həmin dərsləri keçmək məcburiyyəti yarandığından müəllim direktora pul verməkdən imtina etdiyi üçün 9 saat fiziki tərbiyə dərnək saatının tədrisi noyabr ayının axırında dayandırılmışdır. Dərnəklərin jurnalı ona göstərilməmişdir. Həmin jurnalı direktor öz otağında saxlayır və orda müəllimlərə yazdırırdı. Əgər müəllimlər dərsləri keçirdilərsə, nəyə görə dərnək jurnalı sinifdə yazılmırdı? Nəyə görə dərnək jurnalını sinifə məktəbə gələn Təhsil İdarəsinin məsul şəxsi aparır? Bütün bunlar məcbur qalaraq yazdığı səs yazıları olan disklərdə öz əksini tapmışdır. Bu faktların özü sübut edir ki, onun vəzifə funksiyalarına aid olan heç bir sənəd ona verilməyib, vəzifə funksiyalarının yerinə yetirilməsinə maneçilik törədilib və ona verilən intizam tənbehi də direktorun qanunsuzluqlara görə etdiyi müraciətlərə görə əsassız və qanunsuz olararaq verilmişdir. Heç vaxt üzürsüz səbəbdən iş buraxmamışdır. İşçi işə getmirsə, işə getmədiyi günlərə və iş saatlarına görə əmək haqqı tutulmalıdır. Məktəbin direktorunun yazdığı yalan və qurama aktlar sonradan əvvəlki tarixlərə yazılmayıbsa və o, üzürsüz səbəbdən işə getməmişdirsə, işə gedib gəlməmişdirsə, nəyə görə əmək haqqından tutulmayıb və ona xəbərdarlıq edilməyib? Qurama və yalan aktlarda yazılanların hamısı yalan və böhtandır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

20. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi:

21. Maddə 186, 1-ci hissə. İşəgötürən və işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

22. Maddə 186, 2-ci hissə. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: .... b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək.

23. Maddə 186, 3-cü hissə. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır.

24. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; əmək qanunvericiliyinin tələblərinə əməl etmək və s. göstərilmişdir.

25. Maddə 187, 1-ci hissə. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

26. Maddə 189, 3-cü hissə. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.

27. Maddə 190, 1-ci hissə. İntizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur.

28. Maddə 190, 3-cü hissə. İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”:

29. Bənd 2.1.5. Mədəni davranış – müəllim təhsilalanlarla, rəhbərlik və həmkarları ilə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Müəllim peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır. Müəllim səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır;

30. Bənd 3.14. Müəllim icra və əmək intizamına riayət edir, iş vaxtında kənar işlərlə məşğul olmur, üzrsüz səbəbdən işdən yayınmır;

31. Bənd 4.1.3. Müəllim təmkinli davranmalı və hər bir vəziyyətdə özünü ələ almağı bacarmalıdır.

32. Bənd 4.2.1. Müəllimlər arasında münasibət əməkdaşlıq və qarşılıqlı hörmət prinsipinə əsaslanmalıdır. Müəllim yalnız şəxsi nüfuzunu deyil, işlədiyi təhsil müəssisəsinin və həmkarlarının da nüfuzunu qorumalıdır. Təhsilalanlar və digər şəxslər qarşısında müəllimin öz həmkarını təhqir etməsi və zor tətbiq edilməsi yolverilməzdir.

33. Bənd 4.2.3. Müəllim pedaqoji münasibətlərdə təhsil müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərən mübahisə və münaqişələrə yol verməməli, yaranmış mübahisə və münaqişəni konstruktiv həll etməyə çalışmalıdır.

34. Bənd 4.2.4. Müəllim ümumi vəzifələrin icrasına və əməkdaşlığa mane olacaq rəqabətə yol verməməlidir.

35. Bənd 4.2.6. Müəllim öz fəaliyyəti ilə işlədiyi kollektivin nüfuzunun artmasına çalışmalıdır.

36. Bənd 4.3.1. Müəllim rəhbərin qanunauyğun yazılı əmrlərini, sərəncamlarını və ya şifahi tapşırıqlarını yerinə yetirməyə borcludur.

37. Bənd 4.3.4. Müəllimlə rəhbərin arasındakı münasibətlər qarşılıqlı hörmət əsasında qurulmalıdır.

38. Bənd 4.5.2. Müəllim hər zaman cəmiyyətə fayda verməyə çalışmalıdır. Yalnız peşə fəaliyyətini həyata keçirərkən deyil, bütün hallarda münaqişələrə və mübahisələrə yol verməməli, problemlərin həllinə, münaqişələrin qarşısını almağa çalışmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

41. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

42. Belə ki, işin araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən Bakı şəhəri 108 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir.

43. İddiaçı tərəfindən mübahisələndirilən əmrin məzmunundan görünür ki, İddiaçı barəsində intizam tənbehi 108 saylı məktəbin direktoru tərəfindən verilmiş təqdimatlar əsasında aparılmış araşdırma nəticəsində tətbiq edilmişdir.

44. Qeyd edilən təqdimatların məzmunundan görünür ki, onlar İddiaçı əmək funksiyalarının və əmək intizamının icrası ilə bağlı yol verdiyi və iddiaçının çalışdığı 108 saylı orta məktəbin bir neçə əməkdaşı tərəfindən tərtib edilmiş aktlarda qeyd edilən pozuntuların əsasında verilmişdir.

45. Belə ki, həmin aktların əsasında iddiaçının barəsində tədbir görülməsi üçün iddiaçı ilə əmək müqaviləsini bağlamış işəgötürən Bakı şəhəri üzrə Təhsil İdarəsinə məktəbin direktoru tərəfindən təqdimatlar verilmişdir.

46. Tərtib olunmuş aktlardan və 108 saylı məktəbin direktoru tərəfindən Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdirinə ünvanlanmış təqdimatlardan görünür ki, İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, o cümlədən dəfələrlə iş və nahar fasiləsindən kənar saatlarda üzrlü səbəb olmadan iş yerindən ayrılmış, ya gec qayıtmış, ya da ümumiyyətlə həmin gün iş saatını başa vurmadan iş yerini tərk etmişdir.

47. Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həmin təqdimatlar əsasında araşdırma aparılmış və İddiaçı tərəfindən əmək və icra intizamının pozuntusuna yol verilməsi müəyyən edildiyindən onun barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət növündə intizam tədbiri tətbiq edilmişdir.

48. Cavabdeh tərəfindən təqdim edilən və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş təqdimatlarla bağlı ətraflı araşdırma aparılmış, o cümlədən həmin aktları tərtib etmiş məktəbin əməkdaşlarının izahatları alınmış, sonuncular bu aktları öz arzularına uyğun olaraq, heç bir təzyiq olmadan imzaladıqlarını bildirmiş, İddiaçı tərəfindən aktlarda qeyd edilən pozuntulara yol verildiyini bir daha təsdiq etmişlər.

49. İddiaçı bu araşdırma zamanı onun izahatının alınmadığını bildirsə də, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş təqdimatlar üzrə iddiaçının iki dəfə izahatı alınmış, o, izahatlarında təqdimatda qeyd edilən məlumatları təkzib etmişdir.

50. Göründüyü kimi, iddiaçının əmək və icra intizamının pozuntusu ilə bağlı verilmiş təqdimatlar cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə uyğun araşdırılaraq intizam tənbehi verilmişdir.

51. Aktlarda ifadə edilmiş məlumatlar dəqiq və bütün detalları ilə göstərildiyindən, həmin aktlar onu tərtib etmiş məktəbin əməkdaşları tərəfindən imzalanaraq təsdiq olunduğundan və cavabdeh təşkilat tərəfindən aparılan araşdırma zamanı həmin əməkdaşların bu aktları sərbəst şəkildə və heç bir təzyiq olmadan imzalamaları müəyyən edildiyindən, kollegiya həmin aktların mötəbər olması qənaətinə gəlir.

52. İddiaçı sözügedən aktların mötəbərliyini şübhə altına alsa da, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

53. Kollegiya hesab edir ki, aktların həqiqiliyini şübhə altına alan tərəf ən azından onun tərtibində iştirak etmiş şəxsləri şahid qismində dəvət edə və ya onların aktda qeyd etdiyi məlumatın əksini təsdiq edən ərizəsini məhkəməyə təqdim edə bilərdi.

54. Belə ki, iddiaçı aktı tərtib etmiş şəxslərin bəzilərinin bu aktı imzaladıqdan sonra peşman olduqlarını, bəzi məktəb əməkdaşlarının isə aktı tərtib etməkdən imtina etdiklərini bildirmişdir.

55. Kollegiya həmçinin qeyd edir ki, aktların orada qeyd edilən tarixdə deyil, sonradan tərtib olunması ilə dəlillərini əsaslandırmamışdır.

56. Göstərilən faktın müəyyən olunması üçün ekspertiza təyin olunması barədə iddiaçının vəsatətini Kollegiya kifayət qədər əsaslandırılmamış hesab edir. Belə ki, aktı tərtib etmiş şəxslərin həqiqəti əks etdirməyən faktları təsdiq etməyə və aktı imzalamağa hansı səbəbdən məcbur olduğu iddiaçı tərəfindən ağlabatan dəlillərlə əsaslandırılmamışdır.

57. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

58. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

59. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.

60. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

61. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).

62. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

63. Yuxarıda qeyd olunanların aradan qaldırılması məqsədilə İddiaçı və Bakı şəhəri 108 nömrəli tam orta məktəbin direktorunun Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanladıqları müraciətlər əsasında İdarə tərəfindən araşdırmalar aparılmışdır.

64. Aparılan araşdırmaların yekununda İddiaçı “Müəllimlərin etik davranış Qaydaları”nın 2.1.5-ci, 3.14-cü, 4.1.3-cü, 4.2.1-ci, 4.2.3-cü, 4.2.4-cü, 4.2.6-cı, 4.3.1-ci, 4.3.4-cü, 4.5.2-ci bəndlərinin tələblərini pozması və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin X4 Sorğu Kitabçası”nda təlimtərbiyə işləri üzrə direktor müavini üçün nəzərdə tutulmuş əmək funksiyalarını keyfiyyətsiz icra etməsi və ya ümumiyyətlə icra etməməsi halları müəyyən edilmiş və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ona xx.xx.2022-ci il tarixli, F-49 nömrəli əmr ilə AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.

65. Kollegiya hesab edir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş əmr tam qanuni olmaqla, Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla, habelə kifayət qədər əsasların olması səbəbilə verilmişdir və bu səbəbdən İddiaçı barəsində verilmiş əmrin ləğv edilməsi tələbi tamamilə əsassızdır.

66. Beləliklə, kollegiya apellyasiya şikayətinin dəlillərini araşdıraraq onları əsassız hesab edir və bildirir ki, onlar formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.

67. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi :

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2344/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar