Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6289/2025 25.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Açar sözlər: prosessual müddətin bərpası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, e-2(004)-3005/2025 nömrəli qərardadından Cavabdeh şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal1, 2 saylı evin 161 saylı mənzilindən şəxsi əşyaları ilə birlikdə məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli, 2(004)- 3005/2025 nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 2 saylı evin 161 saylı mənzilindən şəxsi əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir.
3. Daha sonra, Cavabdeh 13 oktyabr 2025-ci il tarixində apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 3005/2025 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmiş, eyni zamanda prosessual müddətin bərpasına dair ərizə əlavə etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004) 3005/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ona rəsmi qaydada, Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq poçtla təqdim edilməmişdir və iş materiallarında cavabdeh olaraq məhz ona qətnamənin göndərilməsi barədə hər hansı təsdiqedici poçt qəbzi yoxdur. Ümumiyyətlə məhkəmə prosesinin gedişi barədə ona heç bir məlumat verilməmişdir. Belə ki, iş üzrə iddia ərizəsinin verilməsi və məhkəmə icraatına başlanması barədə nə qeydiyyatda olduğu ünvana, nə də istifadə etdiyi əlaqə nömrəsinə hər hansı məhkəmə bildirişi, çağırış vərəqəsi və ya digər sənəd təqdim edilməmişdir. Bu səbəbdən cavabdeh kimi işdə iştirak etməmişdir. Barəsində məhkəmə işinin mövcudluğu barədə yalnız icra məmuru onunla əlaqə saxladıqdan sonra xəbəri olmuşdur. İcra şöbəsinə getdiyi zaman icra məmuru ona qətnaməni könüllü icra etməli olduğu barədə məlumat vermiş və bu zaman ilk dəfə haqqında çıxarılmış belə bir qətnamənin olduğunu öyrənmişdir. Yalnız bundan sonra hüquqşünasa müraciət edərək, xx.xx.2025-ci il tarixində “Sima” tətbiqi vasitəsilə elektron qaydada qətnamə ilə tanış olmuşdur. Hazırda hüquqşünasla birlikdə apellyasiya şikayəti hazırlayaraq məhkəməyə təqdim edir. Qətnamə ilə gec tanış olmağının səbəbi, tamamilə hüquqi biliklərinin məhdud olması və elektron məhkəmə sistemindən istifadə qaydalarını bilməməyi ilə əlaqədardır. Hesab edir ki, qətnamədən şikayət verilməsi üçün prosessual müddətin axımı xx.xx.2025-ci il tarixindən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Ona görə də qeyd olunan səbəbə görə apellyasiya şikayəti verilməsi üçün qanunvericilkdə nəzərdə tutulmuş prosessual müddəti üzürlü səbəbdən buraxmışdır.
5. İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə elektron kabinet vasitəsilə ərizəyə etiraz verərək, ərizənin təmin olunmamasını xahiş etmişdir.
6. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, məhkəmə hazırlıq və baxışı iclaslarına dair məhkəmə bildirişləri tərəflərin birgə yaşadıqları mənzilə poçt vasitəsi ilə gətiriləndə cavabdeh tərəf bilərəkdən məktubu qəbul etmirdi. Dəfələrlə poçtalyon zəng vuraraq məhkəmədən gətirilən poçt zərfini gəlib götürülməsini bildirəndə cavabdeh deyirdi ki, “qoy zəhmət çəkib poçtalyon yenidən gətirsin”. Əsas məsələ, qətnamə cavabdehə 19 avqust 2025-ci il tarixində çatmış və o, qətnamə ilə tanış olandan sonra yenə də mənzildə dava-dalaş salmışdır, iddiaçı və həyat yoldaşına həmişəki kimi nalayiq söyüşlər söymüşdür. Məhkəmədən həmin tarix, yəni 19 avqust 2025-ci il tarixli bildirişə və xəbərnaməyə diqqət yetirilməsini xahiş etmişdir. Əlavə olaraq bildirilmişdir ki, cavabdeh manipulyasiya edir, vaxt udaraq qanunsuz mənzildə yaşaması bir yana, iddiaçı və ailəsinin başına müsibətlər gətirməkdə davam edir, hədə biçir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, e-2(004)- 3005/2025 nömrəli qərardadı ilə ərizənin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-3005/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina olunması, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
8. Qərardad onunla əsaslandırılmışdır ki, iş materiallarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli, 2(004)-3005/2025 nömrəli qətnaməsinin 15 avqust 2025-ci il tarixində Cavabdeh rəsmi qeydə alındığı yerin ünvanına (ünvan 1ust 2025-ci il tarixində sənədin kötüyünə imza çəkilməklə qəbul edildiyi müəyyən olunmuşdur. Sözügedən qətnamə 22 sentyabr 2025-ci il tarixində qüvvəyə minmiş, 25 sentyabr 2025-ci il tarixində icraya yönəldilmiş, 26 sentyabr 2025-ci il tarixində Bakı şəhəri Nərimanov rayon İcra şöbəsində iş üzrə icraat başlanılmışdır. Cavabdeh isə 13 oktyabr 2025-ci il tarixində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli, 2(004)-3005/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Göründüyü kimi, Cavabdeh məhkəmə prosesindən, qətnamədən və qətnamənin icraya yönəldilməsindən məlumatlı olsa da, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli, 2(004)-3005/2025 nömrəli qətnaməsindən 13 oktyabr 2025-ci il tarixində apellyasiya şikayəti verməklə qanunvericiliklə müəyyən edilmiş müddəti buraxmış və müddətin üzrlü səbəbdən buraxılması ilə bağlı məhkəməyə əsaslı sübutlar təqdim etməmişdir. Bu baxımdan iş materialları ilə buraxılmış müddətin üzrlü hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir.
9. Cavabdeh həmin qərardaddan şikayət verərək, həmin qərardadın ləğv edilməsini və buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir.
10. Şikayət onunla əsaslandıılmışdır ki, birinci instansiya məhkəməsi qərardadında məhkəmə qətnaməsindən şikayət vermək üçün qanunvericiliklə nəzərdə tutulmuş 1 aylıq müddətin ötürülməsinin hansı əsaslara görə üzrsüz sayaraq bərpa etməməsini əsaslı hallarla əsaslandırmamışdır. Belə ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə edilmiş müddətin bərpası barədə ərizədə konkret olaraq onun hansı səbəblərə görə müddəti ötürməyi göstərilmişdir. Belə ki, Yasamal Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli, e-2(004)-3005/2025 nömrəli qətnaməsi cavabdehə rəsmi qaydada, Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq poçtla təqdim edilməmişdir və iş materiallarında cavabdeh olaraq məhz cavabdehə qətnamənin göndərilməsi barədə hər hansı təsdiqedici poçt qəbzi yoxdur. Ümumiyyətlə, məhkəmə prosesinin gedişi barədə cavabdehə heç bir məlumat verilməmişdir. Belə ki, iş üzrə iddia ərizəsinin verilməsi və məhkəmə icraatına başlanması barədə nə qeydiyyatda olduğu ünvana, nə də istifadə etdiyi əlaqə nömrəsinə hər hansı məhkəmə bildirişi, çağırış vərəqəsi və ya digər sənəd təqdim edilməmişdir. Bu səbəbdən cavabdeh kimi işdə iştirak etməmişdir. Barəsində məhkəmə işinin mövcudluğu barədə yalnız icra məmuru onunla əlaqə saxladıqdan sonra xəbəri olmuş, İcra şöbəsinə getdiyi zaman icra məmuru cavabdehə qətnaməni könüllü icra etməli olduğu barədə məlumat vermiş və bu zaman ilk dəfə haqqında çıxarılmış belə bir qətnamənın olduğunu öyrənmişdir. Yalnız bundan sonra hüquqşünasa müraciət edərək, xx.xx.2025-ci il tarixində “SİMA” tətbiqi vasitəsilə elektron qaydada qətnamə ilə tanış olduqdan sonra, hüquqşünasla birlikdə apellyasiya şikayəti hazırlayaraq, məhkəməyə təqdim etmişdir. Qətnamə ilə gec tanış olmağının səbəbi həm məhkəmənin rəsmi qaydada qətnaməni ona təqdim etməməsi, bununla yanaşı hüquqi biliklərinin məhdud olması və elektron məhkəmə sistemindən istifadə qaydalarını bilməməyi ilə əlaqədardır. Baş verənlər tamamilə cavabdehin iradəsinin ziddində olmuş, tərəfindən hər hansı bir qərəzli və ya laqeyd yanaşma məqsədli prosessual pozuntu hərəkətləri baş verməmişdir. Bir sözlə, qeyd edilənlərə görə vaxtında apellyasiya şikayəti verməyinə maneələr yaranmışdır. Məhkəmə bütün bu halları nəzərə almamış, iddiaçı tərəfin heç bir əsaslandırılmamış, sübutla təsdiqlənməmiş etirazına əsasən onun vəsatətini təmin etməmişdir. Belə ki, iddiaçı iddia edir ki, “məhkəmə hazırlıq və baxışı iclaslarına dair məhkəmə bildirişləri tərəflərin birgə yaşadıqları mənzilə poçt vasitəsi ilə gətiriləndə cavabdeh tərəf bilərəkdən məktubu qəbul etmirdi. Dəfələrlə poçtalyon zəng vuraraq məhkəmədən gətirilən poçt zərfini gəlib götürülməsini bildirəndə cavabdeh deyirdi ki, “qoy zəhmət çəkib poçtalyon yenidən gətirsin”. Əsas məsələ, qətnamə cavabdehə 19 avqust 2025-ci il tarixində çatmış və o qətnamə ilə tanış olandan sonra yenə də mənzildə dava-dalaş salmışdır, iddiaçı və həyat yoldaşına həmişə ki kimi nalayiq söyüşlər söymüşdür”. Bildirilir ki, iddiaçı tərəfin bildirdikləri həqiqəti əks etdirmir. Həmçinin, qarşı tərəf bu faktları təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. Məhkəmə sözgedən poçtalyonu məhkəmə iclasına cəlb edərək, dinləmədən, qarşı tərəfin təsdiqlənməmiş qəsdli sözlərinə etibar etmiş, nəticədə onun qanunla qorunan hüquqlarını pozmuşdur. Vəsatətdə dəfələrlə vurğulanır ki, prosessual müddət cavabdeh tərəfindən buraxılmış və bunun baş verməsi üzrlü səbəblərdən olmuşdur. Qərardadında qeyd edilmişdir ki, Cavabdeh məhkəmə prosesindən, qətnamədən və qətnamənin icraya yönəldilməsindən məlumatlı olsa da, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-3005/2025 nömrəli qətnaməsindən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verməklə qanunvericiliklə müəyyən edilmiş müddəti buraxmış və müddətin üzrlü səbəbdən buraxılması ilə bağlı məhkəməyə əsaslı sübutlar təqdim etməmişdir. Bu baxımdan buraxılmış müddətin üzrlü hesab edilməsi üçün əsas yoxdur. Məhkəmə praktikasında və prosessual hüququn əsas prinsiplərinə görə, tərəfin üzərinə yalnız mövcud olmuş və ya baş vermiş faktların sübut edilməsi vəzifəsi qoyula bilər. Lakin baş verməmiş bir hadisənin, yəni qətnamənin cavabdehə təqdim edilməməsi faktının sübutu hüquqi cəhətdən mümkün deyildir. Sübutetmə predmeti yalnız real, obyektiv surətdə mövcud ola bilən halları əhatə edir. Bu baxımdan, cavabdeh tərəfindən qətnamənin təqdim edilməməsi faktının sübutu tələb edilə bilməz, çünki bu, “neqativ fakt” – yəni, baş verməmiş hadisədir. Əksinə, məhkəmə tərəfindən qətnamənin cavabdehə çatdırılması faktını və onun vaxtını təsdiq edən müvafiq sübutların təqdim edilməsi tələb olunur. Məhkəmə qərarının tərəfə təqdim edilməsi prosessual qanunvericilikdə məhkəmənin vəzifəsi kimi müəyyən edilmişdir. Məhkəmə qərarı tərəfə təqdim olunduqda, bu barədə poçt bildirişi, elektron məhkəmə sistemi qeydi və ya digər rəsmi sənəd vasitəsilə sübut təqdim edilməlidir. Belə sübutların mövcudluğu və etibarlılığı məhkəmənin üzərinə düşən sübutetmə öhdəliyidir. Beləliklə, cavabdeh tərəfindən baş verməmiş bir hərəkətin – yəni, qətnamənin təqdim edilməməsinin – sübut olunması tələb edilə bilməz. Əksinə, məhkəmə sübut etməlidir ki, qətnamə qanunla nəzərdə tutulan qaydada və müddətdə cavabdehə təqdim edilmişdir. Həmçinin, qeyd edilmişdir ki, cavabdeh və qarşı tərəf eyni ünvanda — bir mənzildə yaşayır. Bu şəraitdə mümkündür ki, qarşı tərəf cavabdehin xəbəri olmadan və ya razılığı olmadan, onun əvəzinə məhkəmədən gələn sənədləri qəbul etmiş olsun. Belə bir hal baş verdiyi təqdirdə, məhkəmə qərarının cavabdehə təqdim olunması faktı hüquqi baxımdan etibarlı sayılmamalıdır.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli, e-2(004)- 3005/2025 nömrəli qərardadına əsasən şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir; Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.”
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. İş materiallarında olan poçt qəbzindən (xəbərnamədən) görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi 19 avqust 2025-ci il tarixində Cavabdeh ünvanına göndərilməklə rəsmi qaydada çatdırılmışdır.
15. Kollegiya cavabdehin dəlillərini müddətin buraxılmasına səbəb olan üzrlü səbəblər kimi qəbul etməyərək qeyd edir ki, buraxılmış prosessual müddətin bərpası üçün elə üzrlü səbəblər mövcud olmalıdır ki, bunun nəticəsində tərəf prosessual hərəkətləri etmək imkanından məhrum olsun. Hazırkı vəsatətdə isə cavabdehin göstərdiyi hal yuxarıda qeyd olunan “üzrlü səbəblər” dairəsinə aid edilə bilməz. Belə ki, məhkəmənin qətnaməsi ona rəsmi qaydada çatdırılmışdır və müddətin başlanğıcı da həmin vaxtdan hesablanmalıdır.
16. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
17. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, e-2(004)-3005/2025 nömrəli qərardadından verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, e-2(004)- 3005/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.