Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-629/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, X8 oğlunun katibliyi, İddiaçı X3 və onun nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli, 2(008)-3460/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən 302226 ABŞ dolları məbləğində pulun, həmin məbləğı hesablanmış bank uçot dərəcəsinə əsasən faiz borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq onlara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhərində yerləşən Əcəmi metrostansiyasının yaxınlığında yerləşən Moskva univermağında qızıl-zinət əşyalarının alqsatqısı ilə məşğul olur. Bir neçə il əvvəl Bakı şəhərində qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan Cavabdeh ondan 325822 ABŞ dolları dəyəri olan qızıl-zinət əşyalarını nisyə alaraq bir neçə günə ödəmək şərti ilə aparmış, sonradan həmin puldan 10000 manat, 4000 manat (100$=0,785 manat məzənnəsi üzrə), 5000 manat (100$=1,05 manat məzənnəsi üzrə) və 1000 ABŞ dolları ödəsə də, qalan 302226 ABŞ dolları məbləğində pulu bu günə kimi ona ödəməmişdir. Həmin borcun etirafına dair Ramin ona qəbz vermişdir. Dəfələrlə cavabdehdən borcunu ödəməyi tələb etsə də, bu günə kimi heç bir ödəniş etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli, 2(008)- 3460/2019 saylı qətnaməsi ilə (hakim İmran Burcayev) iddia qismən təmin olunmuş, Cavabdeh oğlundan 301426 ABŞ dolları (ödəniş günü dolların manata məzənnəsi nəzərə alınmaqla, manatla) pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq, cavabdeh X4 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 03 dekabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 30 iyul 2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 03 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə cavab verməməsi, iddia tələbinin sübut olunmaması və bununla əlaqədar məhkəməyə sübut təqdim edilməməsi, cavabdehin iddianı qismən qəbul etməsi barədə məhkəmənin mövqeyinin əsassız olması, əksinə birinci instansiya məhkəməsinin iclasında iddianın onun tərəfindən rədd edilməsinin xahiş olunması, iddiaçı ilə aralarından qızıl-zinət əşyalarının alqı-satqısı barədə münasibətlərin olmaması, iddiaçıdan ümumiyyətlə qızılzinət əşyaları almaması, uzun müddət əvvəl iddiaçının qızıl mağazasında satıcı işləməsi, qızılların başqa şəxslərə nisyə satılması, bu işlərə iddiaçı və onun qardaşının nəzarət etməsi, onun döyülməsi, hədə-qorxu və təzyiqlər edilərək ondan pul tələb olunması, bu səbəbdən də atası və qardaşı tərəfindən müəyyən əmlakların satılaraq iddiaçıya pul vəsaiti ödənilməsi və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar: Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbi ilə bağlı müəyyən edilməli olan hallar aşağıdakılardır: 1) iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqlara (tələb hüququna) malik olub-olmaması, yəni tərəflər arasında iddiaçının iddia etdiyi kimi qızıl-zinət əşyalarının alqı-satqısı sahəsində mülki hüquqi münasibətlərin yaranması; 2) əgər yuxarıda göstərilən hallar mövcuddursa, cavabdeh tərəfindən alınmış qızılzinət əşyalarına görə iddiaçıya hər hansı pul vəsaiti ödəməli olması, iddiaçıya məhz iddia tələbində göstərilən məbləğdə pul vəsaitinin ödənilməli olmasının sübuta yetiribyetirilməməsi. İşin qeyd edilən ilkin hallarının müəyyən olunmaması sonrakı tələblərin yoxlanılmasını istisna edir. Məhkəmə kollegiyası qeyd edilən halların mövcudluğunu ardıcıllıqla yoxlamağı (araşdırmağı) zəruri hesab edir. Məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi qanunla ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, «Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 30 iyul 2020-ci il tarixli qərarı ilə işi yeni apellyasiya baxışına qaytararkən göstərmişdir ki, baxılan iş üzrə iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, o, qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. Bir müddət əvvəl qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan cavabdehlə tanış olmuş, ona nisyə ödəmək şərti ilə qızıl-zinət əşyalarını vermiş, ilk vaxtlar vaxtlı-vaxtında ödənişlər etmiş və buna görə də, onun etibarını qazanmış, lakin sonradan cavabdehin cəmi 325822 ABŞ dolları dəyərində borcu olduğu müəyyən edilmişdir. Həmin borcdan müəyyən ödəniş etsə də, qalan 302226 ABŞ dolları məbləğində pulu yazılı şəkildə etiraf etsə də, bu günə kimi heç bir ödəniş etməmişdir. İddiaçı sübut kimi məhkəməyə əlyazma dəftər təqdim etmişdir. İşə baxan məhkəmələr həmin dəftəri sübut kimi qəbul etmiş, eyni zamanda cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahata istinad edərək iddia tələbini qismən təmin edərək 301426 ABŞ dolları məbləğində pulun Cavabdeh iddiaçı Şahbaba Şükürovun xeyrinə tutulmasını qət etmişlər. Məhkəmə kollegiyası cavabdehin izahatına münasibətdə qeyd edir ki, cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahatı iddia tələbinin və ya iddiaçının istinad etdiyi faktların etirafı kimi qəbul edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllədə etirafla bağlı iki institut müəyyən edilir: faktın etirafı (106.3-cü maddə) və iddianın etirafı (191-ci maddə). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Bu normalara görə baxılan iş üzrə cavabdehin birinci instansiya məhkəməsində verdiyi şifahi izahatı faktın və ya iddianın etirafı kimi qəbul oluna bilməz. Həmçinin cavabdehin izahatında onun iddiaçıya 301426 ABŞ dollar borcunun olmasını bildirməsi də müəyyən edilmir. Baxılan iş üzrə məhkəmələrin istinad etdiyi ikinci sübut növü iş materiallarına əlavə edilmiş dəftər olmuşdur. Qeyd edilən dəftərdən də cavabdehin iddiaçıya tələb edilən 302226 ABŞ dolları məbləğdə borcunun olması müəyyən edilmir. Dəftərdən görünür ki, cavabdeh «razıyam» yazaraq imza etmiş, imzadan əvvəl isə «1000 dollar zaloqdan Ağa 8-ci km», «Kürd 10000 AZN, 4000 AZN, 5000 AZN» və sair qeydlər vardır, ondan əvvələ isə «qalıq 325822» sözü və rəqəmi yazılmışdır. Cavabdehin hansı rəqəmə imza etməsi aydın deyildir, 325822 rəqəminin manat, yaxud dollar olması da görünmür. Dəftərin özü isə mühasibat sənədi olmayıb iddiaçının özü tərəfindən yazılmış, gündəlik işi ilə bağlı istifadə etdiyi dəftərdir. Tərəflər arasında qızıl zinət əşyalarının nisyə alqı-satqısı, Cavabdeh iddiaçıya borclu olması, həmin borcun 302226 ABŞ dolları təşkil etməsi, cavabdehin həmin borcu konkret tarixə qaytarmaq öhdəliyini götürməsi və digər zəruri şərtlər haqqında dəftərdə hər hansı qeydiyyat aparılmamışdır. Kassasiya instansiyasının göstərişlərindən (hüquqi mövqeyindən) göründüyü kimi, iddiaçı tərəfindən iddianın əsası kimi istinad olunan hallarla bağlı məhkəməyə mötəbər sübutlar təqdim olunmamış, iddiaçının sübut kimi məhkəməyə təqdim etdiyi dəftərdən isə cavabdehin iddiaçıya tələb edilən 302226 ABŞ dolları məbləğdə borcunun olması müəyyən edilmir. Yəni, dəftərdə müəyyən rəqəmlər qeyd edilmiş, bir yerdə isə cavabdeh «razıyam» yazaraq imza etmiş, lakin cavabdehin hansı rəqəmə imza etməsi aydın deyildir. Hazırki apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi həmçinin bildirmişdir ki, cavabdeh iddiaçıdan ümumiyyətlə nisyə qızıl-zinət əşyaları almamış, o, iddiaçıya məxsus mağazada satıcı işləmiş, qızıl-zinyət əşyaları iddiaçının razılığı ilə müxtəlif şəxslərə nisyə satılmış, onlar da pulları ödəyən zamanı dəftərdə müəyyən qeydlər aparılmış, cavabdeh yalnız ödənilən pullara görə imza etmişdir. Tərəflər arasında hər hansı alqı-satqı münasibətləri olmamışdır. Apellyasiya şikayətində də qeyd etdiyi kimi, iddiaçı cavabdehdən digər şəxslərdən pulların yığılmasını tələb etmiş, ona hədə-qorxu gələrək, təzyiqlər göstərmiş, hətta onu döymüşdür. Cavabdehin yaxın qohumları məcbur olub özlərinə məxsus bir neçə əmlakı satıb, iddiaçıya pul ödəmişlər. Lakin, bu hal iddia tələbinin əsaslı olması demək deyildir. İddiaçı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Göründüyü kimi, cavabdeh tərəf imza ilə bağlı etirazını (mövqeyini) bildirmiş, iddiaçı tərəf isə bunun əksini təsdiq edən hər hansı sübutu və ya ağlabatan əsaslandırmanı təqdim edə bilməmişdir. Eyni zamanda, həmin dəflərdən tərəflər arasında qızıl-zinət əşyalarının alqı-satqı ilə bağlı münasibətlərin yaranması da görünmür (bu istiqamətdə ümumiyyətlə hər hansı qeyd mövcud deyildir). Göründüyü kimi, iddiaçının iddia tələbinin əsası kimi sübut olaraq təqdim etdiyi dəftər iddianın qanuni həlli baxımından yetərli və mötəbər deyildir. Birinci instansiya məhkəməsi həmin dəftəri sübut kimi qəbul etməkdə haqlı olmamış, prosessual hüquq normalarının tərəblərini pozmuşdur. Qeyd edilməlidir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə əsaslı nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) əsaslı nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Bununla yanaşı, birinci instansiya məhkəməsi iddianın cavabdeh tərəfindən qismən etiraf olunmasını qeyd etsə də, işdə bununla bağlı sübut mövcud deyidir. Kassasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahatı isə iddia tələbinin və ya iddiaçının istinad etdiyi faktların etirafı kimi qəbul edilə bilməz. Çünki, Mülki Prosessual Məcəllədə etirafla bağlı iki institut müəyyən edilir: faktın etirafı (106.3-cü maddə) və iddianın etirafı (191-ci maddə). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Bu normalara görə baxılan iş üzrə cavabdehin birinci instansiya məhkəməsində verdiyi şifahi izahatı faktın və ya iddianın etirafı kimi qəbul oluna bilməz. Həmçinin cavabdehin izahatında onun iddiaçıya 301426 ABŞ dollar borcunun olmasını bildirməsi də müəyyən edilmir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı apellyasiya baxışı zamanı cavabdehə qızılların verilməsinin sübutu kimi əlavə dəftər (jurnal) təqdim etsə və şahidlərin dindirilməsi barədə vəsatət versə də, məhkəmə kollegiyası bununla razılaşmayaraq qeyd edir ki, iddiaçı tərəf birinci instansiya məhkəməsində (həmçinin əvvəlki apellyasiya baxışında) iştirak etmiş, müəyyən sübutlarını təqdim etmişdir. Belə olan halda isə, məhkəmə kollegiyası əlavə (yeni) sübutların birbaşa apellyasiya instansiyası məhkəməsinə təqdim olunmasını və onun qəbul edilməsini mümkün hesab etmir. Çünki, MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. MPM-in 372.2-ci maddəsinin tələbinə görə əlavə sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o, halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə MPM-nin 371 vəm 372.2-ci maddələrində apellyasiya instansiyasına yeni və əlavə faktların və sübutların təqdim olunmasına dair ciddi məhdudiyyətlər nəzərdə tutulmuşdur. Apellyasiya məhkəməsində yeni və əlavə sübutların təqdim olunmasında və yoxlanılmasında məhdudiyyətlər tam apellyasiyanın olmamasına dəlalət edir. Qeyd edildiyi kimi, iddiaçı birinci instansiya məhkəməsində iştirak etmiş və müvafiq sübutları təqdim etmək imkanında olmuşdur. İddiaçı əlavə sübutların birinci instansiya məhkəməsinə təqdim edə bilməməsini əsaslandırmamış, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfin birinci instansiya məhkəməsinə təqdim edə bilmədiyi yeni sübutları gecikmiş və ya apellyasiya prosesini ləngitməyə yönəlmiş və yaxud kobud səhlənkarlığa görə təqdim edilməmiş hesab etdikdə, onları rədd edə bilər (MPM-in 371.2-ci mad.). Bununla yanaşı, hətta təqdim olunmuş əlavə sübut (jurnal) qəbul edilsə belə, orada tərəflər arasında müvafiq münasibətlərin mövcudluğuna və ya cavabdehə iddia olunan qızıl-zinət əşyalarının satılmasına dair hər hansı qeyd və ya cavabdehə məxsus hər hansı imza mövcud olmamış, qeydlər iddiaçının işçiləri tərəfindən aparılmışdır (iddiaçı bu halı inkar etmir). Belə olan halda isə həmin sənəd də iddianın qanuni həlli baxımından yetərli və mötəbər sübut kimi qəbul edilə bilməz. Həmçinin qeyd edilməlidir ki, mübahisənin qanuni və obyektiv həlli baxımından apellyasiya icraatı zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, lakin daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2021-ci il tarixli ekspert rəyinə görə - təqdim edilmiş dəftər (i.v 88-104) və hesablama aparılması ilə bağlı tərtib edilmiş qeydlər (i.v 7, 35-38) ciddi uçot sənədi sayılmadığından, işdə olan sadə yazılı formada tərtib edilmiş qeydlərdə və dəftərdə aparılmış hesablamalarla cavabdehin iddiaçıya 302226 ABŞ dolları pul ödəməli olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, ekspertiza vasitəsilə də iddiaçının təqdim etdiyi sübutlardan borcun (tələb olunun pul vəsaitinin) mövcudluğunu müəyyən etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü hazırki tələbinin hüquqi və faktiki əsasları mövcud deyildir. Məhkəmə baxışı zamanı iddiaçı cavabdehlə arasında iddia etdiyi kimi qızıl-zinət əşyalarının alqı-satqısı sahəsində mülki hüquqi münasibətlərin yaranmasını və bununla bağlı cavabdehin ona 302226 ABŞ dolları məbləğində pul vəsaiti ödəməli olmasını sübut edə bilməmişdir. Belə olan halda isə iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqları (tələb hüququ) mövcud deyildir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə almamış, maddi və prosessual hüquq normalarının pozulması iə yekun məhkəmə aktı qəbul edilmişdir. Bu hal isə MPM-nin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğv edilməsi üçün tam əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı 100 manat ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı X3 Cavabdeh qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli, 2(008)-3460/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli, 2(008)- 3460/2019 saylı qətnaməsi ləğv edilsin, iddia təmin olunmasın. Məhkəmə xərci iddiaçı X4 aid edilsin. İddiaçıdan apellyasiya icraatı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 100 (bir yüz) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-629/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-629/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver