Məhkəmə qərarları › İş №2(103)-629/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-629/2025

14.01.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-629/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evdən istifadə qaydasının müəyyən edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 oktyabr 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı və onun vəkili (nümayəndəsi) Vəkil2, özü cavabdeh olmaqla yanaşı digər cavabdehlərin nümayəndəsi Cavabdeh1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı, iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən 59 nömrəli evin giriş hissəsinin sağ tərəfində yerləşən 2 otaq, bir dəhliz, bir mətbəx, 1 hamam və sanitar qovşaq, həmin sahələrin altında yerləşən zirzəmi sahəsinin onun, qalan sahələrin isə cavabdehlərin istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi belə əsaslandırılmışdır ki, mübahisəli evin və onun yerləşdiyi 0,0404 ha torpaq sahəsinin 1/2 hissəsi iddiaçının, qalan 1/2 hissəsi isə cavabdehlərin mülkiyyətindədir (hər birinin payı 1/6 təşkil etməklə). Cavabdehlərdən biri – Cavabdeh2 iddiaçının mərhum qardaşı X1 arvadı, digər cavabdehlər - Məmmədağa və Cavabdeh3lar isə mərhum qardaşının övladlarıdır. Cavabdehlər iddiaçıya evə sahiblik və ondan istifadə etməyə imkan vermədiyi üçün iddiaçı və iddiaçının arvadı X4 iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə onların mübahisəli evə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Həmin iddiaya dair 2(001)-2586/2023 saylı mülki işə baxmış Binəqədi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsini, iddiaçıların evdən istifadələrinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını, iddiaçılar evə köçürülməsini, iddiaçıların həmin evdən istifadələrinə maneələrin yaradılmasının cavabdehlərə qadağan edilməsini qət etmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qüvvədə saxlanılmış, qüvvəyə minmiş, icraya yönəldilmiş, qətnamə əsasında verilmiş icra vərəqəsi icra edilməsi üçün Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinə göndərilmişdir. Lakin həmin ev ümumi birgə əmlak olduğundan və payların faktiki bölgüsü olmadığından hansı sahələrin hansı mülkiyyətçilərə məxsus olması məlum deyildir. Bu səbəbdən də, qətnamənin icrasında problemlər yaranmışdır. Cavabdehlər isə bu məsələ ilə bağlı razılıq əldə etməkdə maraqlı deyillər. Buna görə də, evdən istifadə qaydasının məhkəmə yolu ilə müəyyən edilməsi zərurəti yaranmışdır. b) cavabdeh tərəfin iddiaya etirazı barədə məlumat

3. Cavabdehlərin iddiaya etirazı onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən ünvanda yerləşən 0,0404 ha torpaq sahəsi iddiaçının atası, cavabdehlər Zöhrab və Cavabdeh1 isə babası Cavabdeh1 Ramazan oğluna məxsus olmuşdur. O, 1990-cı ildə vəfat etmişdir. Baba - Cavabdeh1 sağlığında, yəni 1958-ci ildə, həmin torpaq sahəsində 2 mərtəbəli, 4 otaq, 1 sanitar qovşağından ibarət olmaqla ev inşa etdirmiş və ailəsi ilə birlikdə, o cümlədən övladları - cavabdehlərin atası Rüstəm Qəhrəmanov və iddiaçı ilə birlikdə həmin evdə yaşamışdır. O, iddiaçı 1980-ci ildə ailə quran zaman, iddiaçıya həmin torpaq sahəsinin bir hissəsində yer ayırmış və ailənin ümumi vəsaiti hesabına eni 7 metr, uzunluğu 11 metr olan bir mərtəbəli ev inşa etdirərək, iddiaçının ailəsinin istifadəsinə vermişdir. İddiaçı həmin vaxtdan etibarən öz ailəsi ilə bilikdə yeni inşa edilmiş evdə yaşayır. Əvvəlcədən inşa edilmiş evi isə babaları digər böyük övladı (cavabdehlərin atası) Rüstəm Rüstəmova vermiş, bununla da o, sağlığında evləri övladlarının arasında bölmüşdür. Rüstəm Rüstəmov atasının ona verdiyi evdə öz vəsaiti hesabına yenidənqurma, artırma və təmir işləri apararaq, 2 əlavə otaq, əlavə dəhliz və 1 əlavə sanitar qovşağı tikdirmişdir. Daha sonra Rüstəm Rüstəmovun övladları olan cavabdehlər ailə qurarkən 6 otaqlı, 2 sanitar qovşaqlı, dəhlizli evdə öz vəsaitləri hesabına iki dəfə yenidən əsaslı təmir işləri aparmışlar. Göründüyü kimi, hazırkı mübahisənin qohum olan tərəfləri 1980-ci ildən 2020-ci ilə qədər ötən 40 il ərzində bir həyətdə müstəqil giriş-çıxışı olan iki evdə - iddia üzrə mübahisə predmeti olan evdə cavabdehlər, 1980-ci ildə inşa edilmiş digər evdə isə iddiaçı ailəsi ilə birlikdə maneəsiz yaşamışlar. Rüstəm Rüstəmov 2013-cü ildə vəfat etdikdən sonra “köhnə” evlə bağlı cavabdehlər ilə iddiaçı arasında narazılıq yaransa da, narazılıq gərgin vəziyyətə çatmamış, qohumluq münasibətləri əsasında narazılıq qarşılıqlı güzəşt yolu ilə həll olunmuşdur. 2018-ci ildə isə iddiaçı cavabdehlərin xəbəri olmadan onların yaşadıqları mübahisəli (“köhnə”) evə dair “Vərəsəlik şəhadətnaməsinin” alınması üçün 46 saylı Notariat Ofisinə müraciət etmişdir. O, şəhadətnaməni aldıqdan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş və həmin Xidmətin əməkdaşları 0,0404 ha torpaq sahəsinə və torpaq sahəsinin üzərində olan evlərə yerində baxış keçirilmədən, xx.xx.2018-ci il tarixdə evin faktiki vəziyyətini (əlavə tikilmiş otaqlar, sanitar qovşağı və dəhliz) deyil, 1958-ci ilin plan-cizgisi əsasında 60 il əvvəlki vəziyyətini əks etdirən, eyni zamanda həmin ünvanda yerləşən eni 7 metr, uzunluğu 11 metr olan evin planını əks etdirməyən “Texniki pasport” tərtib etmişlər. xx.xx.2018-ci il tarixdə isə həmin Xidmət tərəfindən həmin ünvana dair iddiaçının 1/2 hissədə paylı mülkiyyət hüququnu təsdiq edən “Reyestrdən çıxarış” verilmişdir. Bu sənədləri əldə etdikdən sonra iddiaçı cavabdehlərə qarşı evin və torpaq sahəsinin ona aid 1/2 hissədə payının naturada bölgüsü aparılaraq zəbt olunmuş ərazinin sökülüb ona təhvil verilməsinə dair Binəqədi Rayon Məhkəməsinə iddia vermişdir. Həmin iddiaya dair mülki işə baxılan zaman keçirilmiş ekspertiza nəticəsində iddia tələbi üzrə evin və torpağın naturada bölgüsünün mümkün olmadığına dair xx.xx.2021-ci il tarixli 10/5110 saylı rəy verilmişdir. Həmin işə baxmış Binəqədi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə (iş № 2(001)-171/2022) ilə iddianın rədd edilməsini qət etmişdir. Həmin məhkəmə gedişatında hazırkı iş üzrə Cavabdeh1 evin 1/6 hissə üzərində özünün, 1/6 hissə üzərində Cavabdeh2, 1/6 hissə üzərində Cavabdeh3 payının olması barədə xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli “Çıxarış” almışdır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən baxılan zaman iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir və ekspertizanın verdiyi xx.xx.2022-ci il tarixli, 10/6198 saylı rəyi alınmışdır. Həmin rəyə əsasən mübahisəli fərdi yaşayış evinin iki ailənin yaşaması üçün uyğun olması, İnşaat Norma və Qaydalarının tələblərinə əsasən faktiki vəziyyət üzrə evin bölünməsinin mümkün olmadığı müəyyən edilmişdir. İşə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə (iş № 2(103)-286/2023) ilə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən kassasiya şikayəti verilməmiş, bununla da Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, iddiaçının mahiyyət və məzmunca hazırkı iddia ilə eyni olan iddiası məhkəmə baxışının predmeti olmuş və həmin iddia rədd edilmişdir. Bu və iddiaçının arvadı ilə birlikdə evdə yaşamasına maneələrin yaradılmaması halı nəzərə alındıqda isə müəyyən edilir ki, iddiaçının hazırkı tələbi də əsassızdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, nəzərə alaraq ki, iddiaçının istifadə qaydasının müəyyən edilməsini tələb etdiyi əmlak, paylı mülkiyyətdə olan əmlak olmaqla yanaşı, ilkin vəziyyətində saxlanılmadığından, əlavə tikinti işləri aparıldığından, müvafiq ekspert rəyləri ilə həmin paylı mülkiyyətin naturada bölünməsi, fərdi yaşayış evinin faktiki vəziyyətdə iki təcrid hissə bölünməsi, yaradılmış yaşayış və yardımçı tikililərin sayının iki ailənin yaşaması üçün uyğun olması nəzərə alınaraq, tikilinin faktiki istifadə vəziyyəti üzrə bölünməsi İnşaat Norma və Qaydalarına müvafiq olaraq texniki cəhətdən mümkün olmadığından, cavabdehlər tərəfindən sözügedən mübahisənin barışıqla həll edilməsi istiqamətində təkliflərin, yəni iddiaçı tərəfə kompensasiyanın verilməsi, cavabdehin qayınanasına məxsus və Bakı metropolitenin İnşaatçılar stansiyasının yaxınlığında yerləşən iki otaqlı evlə əmisigilin hazırki evinin dəyişdirilməsi, Cavabdeh1 yaşadığı mənzilin iddiaçıya verilməsi və sair təkliflər irəli sürülməsinə baxmayaraq, müsbət nəticə əldə edilmədiyindən, sözügedən təkliflərə heç bir ağlabatan əsas göstərilmədən imtina edilyindən, bununla da iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü “evdən istifadə qaydasının müəyyən edilməsi tələbi barədə” iddiası əsassız hesab edilərək, rədd edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat

6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışında iştirakı və izahatları barədə məlumat

8. İddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdilər və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər.

9. Özü cavabdeh olmaqla yanaşı digər cavabdehlərin nümayəndəsi olan Cavabdeh1 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş çıxarışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, 59 saylı ev xüsusi mülkiyyət hüququ üzrə 1/2 hissədə iddiaçının adına xx.xx.2018-ci il tarixdə, 1/6 hissədə Cavabdeh2, 1/6 hissədə Cavabdeh1, 1/6 hissədə cavabdeh Zöhrab Rüstəm oğlunun adına xx.xx.2021-ci il tarixdə reyestrdə qeydiyyata alınmışdır.

12. Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-171/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamədən görünür ki, hazırkı iş üzrə iddiaçı hazırkı iş üzrə cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin ona aid 1/2 hissədə payının naturada bölgüsünün aparılaraq zəbt olunmuş ərazinin sökülüb ona təhvil verilməsi barədə qətnmə qəbul edilməsini xahiş etmişdir. Həmin qətnamə ilə iddia təmin edilməmişdir.

13. Həmin iş üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/5110 saylı, xx.xx.2021-ci il tarixli rəydən görünür ki, Musabəyov küçəsi 59 saylı xüsusi mülkiyyətdə olan evin ilkin vəziyyətdə saxlanılmadığına, əlavə tikinti işləri aparıldığına, evə dair tərtib edilmiş “Texniki pasportda” öz əksini tapan tikililərdə daxili konstruktiv dəyişikliklər olduğuna görə, həmin ünvanda yerləşən “A” literli fərdi yaşayış evinin və həmin evin yerləşdiyi xüsusi mülkiyyətdə olan torpaq sahəsinin mülkiyyətçilərin paylarına uyğun naturada bölgüsünün aparılmasının mümkün olmadığı müəyyən olunur. Mülki iş materiallarında olan məlumatlara və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən qeyd olunur ki, “Texniki pasportda” qeyd olunan köhnə tikiliyə bitişik əlavə otaqlar inşa olunmuşdur. Faktiki vəziyyətdə “Texniki pasportda” öz əksini tapan 1 və 2 nömrəli tikililərə bitişik (küçəyə tərəf) 6,1 x 12,7 metr ölçüdə zal otağı, 2 nömrəli otağın sol tərəfində mövcud olan boşluqda 0,85 x 1,5 m, 0,85 x 2,7 m, 0,85 x 1,3 m ölçülərdə hamam tualet otaqları, 6, 7 və 8 nömrəli otaqlara bitişik 2,3 x 6,3 m ölçüdə mətbəx otağı və 1,8 x 6,1 m ölçüdə yataq otağı “Texniki pasportda” öz əksini tapmamışdır. Torpaq sahəsində iddiaçı tərəfindən inşa olunmuş eni 7 metr, uzunluğu 11 metr olan bir mərtəbəli fərdi yaşayış evi yerləşir. Həmin tikili Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2018-ci il tarixdə tərtib olunmuş “Texniki pasportda” qeyd olunmamışdır.

14. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən həmin iş üzrə verilmiş 10/6198 saylı, xx.xx.2022-ci il tarixli rəydən görünür ki, iddiaçının faktiki istifadəsində olan və Musabəyov küçəsi 59 ünvanında yerləşən eni 7 metr, uzunluğu 11 metr olan bir mərtəbəli fərdi yaşayış evinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Çıxarışda” qeyd olunan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. “Texniki pasport” üzrə yaşayış və yardımçı otaqların sayını (3 yaşayış otağının, 1 hamam otağının və 1 mətbəx otağının olması), mülkiyyətçilərin sayını (4 nəfər), torpaq sahəsində tikilinin yerləşmə vəziyyətini, torpaq sahəsinin 3 tərəfdən qonşu sahələrlə, yalnız bir tərəfdən yol ilə əhatə olunduğunu nəzərə alaraq, Musabəyov küçəsi 59 saylı ünvanında yerləşən fərdi yaşayış evində əlavə tikililər nəzərə alınmadan, “Texniki pasport” üzrə mövcud vəziyyətdə evdən və torpaq sahəsindən mülkiyyətçilərin paylarına (1/2, 1/6, 1/6, 1/6) uyğun naturada bölünməsinin, İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik vəsaitin, eləcə də Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılmasının” küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Həmin ünvanda yerləşən fərdi yaşayış evinin faktiki vəziyyətdə iki təcrid hissəyə bölündüyü, yaradılmış yaşayış və yardımçı tikililərin sayının iki ailənin yaşaması üçün uyğun olduğunu nəzərə alaraq, tikilinin faktiki istifadə vəziyyəti üzrə bölünməsinin, inşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik vəsaitin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.

15. Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)2586/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamədən görünür ki, hazırkı iş üzrə iddiaçı və onun arvadı X4 hazırkı iş üzrə cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən 59 nömrəli evə köçürülməsi, onların evdən istifadələrinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və onların həmin evdən istifadələrinə maneələrin yaradılmasının cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Həmin qətnamə ilə iddia təmin edilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4624/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qətnaməsini dəyişdirilmədən saxlanılması qət edilmişdir.

17. Hazırkı mülki iş üzrə Rayon Məhkəməsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “Yerində müayinə protokolundan” görünür ki, həmin tarixdə sözügedən mübahisəli ünvanda yerində müayinə keçirilmişdir. Həmin ünvanına daxil olduqda, həyətdə iki ayrı fərdi yaşayış evi, bir saxlanc otağı və həyətin arxa tərəfində isə iddiaçının faktiki yaşadığı ev müəyyən edilmişdir. Həyətə daxil olduqda sol tərəfdə əlavə tikili olan, Cavabdeh3 ailəsi ilə birlikdə yaşadığı mənzil yerləşir. Həmin mənzilin ümumi sahəsi 70 kv.metrdir, həmin mənzil bir qonaq otağı, həmin otaqdan sağdan ikinci otaqda, bir yataq otağı və bir sanitar qovşağı yerləşir. Qonaq otağında sağdan birinci qapıya daxil olduqda bir dəhliz yerləşir. Həmin dəhlizin sonuna açılan qapıdan sonra isə mətbəx yerləşir. Mətbəxin sol tərəfində yerləşən qapıdan isə cavabdehlərin anasına məxsus yataq otağı müəyyən olunmuşdur. Mətbəxin pəncərəsi isə sözügedən ünvanın arxa tərəfinə açılır. Həmin pəncərədən iddiaçının yaşadığı evin pəncərəsi və onun istifadəsində olan həyətyanı sahə görünür. Həyətdə sol tərəfdə yerləşən ikinci qapıdakı evə baxış keçirildikdə müəyyən olunmuşdur ki, həmin mənzildə Cavabdeh1 ailəsi ilə birlikdə yaşayır. Bu mənzilin ümumi sahəsi 55-60 kv.metrdir və bir mətbəx, bir yataq otağı, bir qonaq otağı və bir balaca uşaq otağı müəyyən edilmişdir. Həyətə baxış zamanı iddiaçının istifadəsində olan ev müəyyən olunsa da, evə daxil olmaq mümkün olmamışdır. Sözü gedən ünvanın həyətyanı sahəsinin altında yerləşən zirzəmiyə daxil olduqda sol tərəfdə daha iki qapı və qarşıda iddiaçının istifadəsində olan mənzilin giriş qapısı müəyyən edilmişdir. Sol tərəfdən birinci qapıdan daxil olarkən sağ tərəfdə daha bir otaq müəyyən edilmişdir. Həmin sözügedən zirzəmi Cavabdeh3 istifadəsindədir. Həmin zirzəmidə sol tərəfdə yerləşən ikinci qapıya daxil olarkən sol tərəfdə daha dörd otaq müəyyən edilmişdir. Həmin zirzəmi hazırda iddiaçının istifadəsindədir. Ümumi zirzəmiyə daxil olarkən qarşı tərəfdə yerləşən, iddiaçının istifadəsində olan evdə bir qonaq otağı, qonaq otağından çıxan dəhlizin sol tərəfində sanitar qovşağı, sağ tərəfində yataq otağı və sonunda mətbəx yerləşir. Mətbəxin sağ tərəfindəki qapıdan daha bir otağı müəyyən olunmuşdur. Mətbəxin pəncərəsində iddiaçının istifadəsində olan həyətyanı sahəsi müəyyən olunmuşdur. Yerində müayinə zamanı iddiaçı izahat verərək bildirmişdir ki, ev və evin yerləşdiyi 0,0404 ha torpaq sahəsinin 1/2 hissəsi onun mülkiyyətindədir. Faktiki istifadəsində olan mənzil əvvəllər qaraj olmuşdur. Hal-hazırda o, ailəsi ilə birlikdə orda yaşayır. Ümumi sahəsi 70 kv.metrdir. Çıxarışa düşən hissə isə 15-18 kv.metr olar. Yerində müayinə zamanı Cavabdeh1 izahatında bildirmişdir ki, ev onun babası Cavabdeh1 Ramazan oğluna məxsus olmuşdur. Babası 1990-ci ildə vəfat edəndən sonra onun iki vərəsəsi olan atası X3 və əmisi İddiaçı öz ailə üzvləri ilə həmin ünvanda yaşamışlar. Babalarının sağlığında vərəsələrin yaşayış yerlərini özü müəyyən etmişdir. Evin yerləşdiyi torpaq sahəsini iddiaya ayırmışdır ki, özünə ev tiksin. O zaman ailənin birgə vəsaiti hesabına həmin sahədə iddiaçı üçün ev tikilib və bu günə kimi həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda mübahisə predmetinə çevrilmiş iki mərtəbəli dörd yaşayış otağından ibarət olan ev mərhum atası Rüstəm Rüstəmova və ailəsinə verilmişdir. Babasının vəfatından sonra atası və əmisi yaşadıqları tikililəri faktiki olaraq qəbul etmişlər və həyətyanı sahədən birgə istifadə etmişlər. Ailələrin tələbatları artdıqca keçən illər ərzində babası ilə əmisi öz yaşayış sahələrini yaxşılaşdırmağa və artırmağa çalışmışlar. İddiaçı öz vəsaiti hesabına əlavə otaq inşa etmişdir. Mərhum atası isə babasından qəbul etdiyi dörd otaqlı tikilini özününkü hesab edərək, altı otağa artırmış, evdə əlavə dəhliz tikdirmiş, iki hamam-tualet inşa etdirmişdir. Bütün bu proseslər əmisi ilə atası arasında qarşılıqlı razılıq əsasında aparılmışdır. Ümumiyyətlə yeni tikililər evin əvvəlki vəziyyətini tamamilə dəyişmişdir. Hazırda iddiaçı onun yaşadığı evə köçməyi tələb edir.

18. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur (maddə 13; hissə İ.). Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir (maddə 29; hissə İ.). Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (maddə 29; hissə İİ.). Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (maddə 29; hissə İİİ.).

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5.). İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur (maddə 213.1.). Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (maddə 213.2.). Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (maddə 213.3.). Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.(maddə 214.1.). Paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər.(maddə 214.2.). Paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir.( maddə 214.3.). Paylı mülkiyyət mülkiyyətçilərinin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ümumi mülkiyyəti yaxşılaşdıran və ayrıla bilən əlavələr onları etmiş mülkiyyətçinin mülkiyyətinə daxil olur. (maddə 214.4.). Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.(maddə 215.1.). Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.(maddə 215.2.). Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: Əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; Əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti (maddə Həmin Məcəllənin 215.3.2.). Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər (maddə 215.4.). Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir (maddə 215.5.). Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir (maddə 215.6.). Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (maddə 220.1.). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (maddə 220.2.). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (maddə 220.3.). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər (maddə 220.4.). Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir (maddə 220.5.). Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (maddə 220.6.).

20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının “Broniovski Polşaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2004-cü il tarixli qərar və “Skordino İtaliyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2006-cı il tarixli qərar). Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.

21. Yuxarıda qeyd edilənləri nəzərə alan və işdə olan sübutlara əsaslanan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddia tələbini əsassız hesab edərək, rədd etməkdə haqlı olmuşdur.

22. Belə ki, mübahisəli fərdi yaşayış evi paylı mülkiyyətdə olan əmlak olmaqla yanaşı, ilkin vəziyyətində saxlanılmadığından, əlavə tikinti işləri aparıldığından, müvafiq ekspert rəyləri ilə həmin paylı mülkiyyətin naturada bölünməsi, fərdi yaşayış evinin faktiki vəziyyətdə iki təcrid hissə bölünməsi, yaradılmış yaşayış və yardımçı tikililərin sayının iki ailənin yaşaması üçün uyğun olması nəzərə alınaraq, tikilinin faktiki istifadə vəziyyəti üzrə bölünməsi İnşaat Norma və Qaydalarına müvafiq olaraq texniki cəhətdən mümkün olmadığından, cavabdehlər tərəfindən sözügedən mübahisənin barışıqla həll edilməsi istiqamətində təkliflərin, yəni iddiaçı tərəfə kompensasiyanın verilməsi, cavabdehin qayınanasına məxsus Bakı Metropolitenin İnşaatçılar stansiyası yaxınlığında yerləşən iki otaqlı evlə əmisigilin hazırki evinin dəyişdirilməsi, Cavabdeh1 yaşadığı mənzilin iddiaçıya verilməsi və sair təkliflər irəli sürülməsinə baxmayaraq, müsbət nəticə əldə edilməməsi, sözügedən təkliflərdən heç bir ağlabatan əsas göstərilmədən imtina edilməsi nəzərə alınaraq iddiaçının evdən istifadə qaydasının müəyyən edilməsi tələbinin əsassız olduğu müəyyən olunur.

23. Məhkəmə həmçinin qeyd edir ki, hazırki vəziyyətdə iddianın təmin edilməsi, digər mülkiyyətçilərin hüquqlarının pozulması ilə nəticələnə bilər. Sözügedən mübahisənin həllinin çıxış yolu kimi isə yalnız sözügedən fərdi yaşayış evinin – daşınmaz əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi ola bilər ki, bununla bağlı da tərəflər arasında hər hansı bir razılıq əldə edilməmişdir və ya belə tələb irəli sürülməmişdir. g) apellyasiya baxışının nəticəsi

24. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

25. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

26. Apellyasiya şikayəti təmin edilmədiyindən onun verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçının özünə aid edilməlidir.

27. Məhkəmə həmçinin bildirir ki, iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından iş üzrə cavabdehlər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən o, hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

28. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402, 405 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 oktyabr 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə cavabdehlər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar