Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6290/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 ASC-yə qarşı iş üzrə (Açar sözlər: hərracın nəticələrinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı nümayəndəsi, Vəkil, Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 ASC-yə qarşı hərracın nəticələrinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair 2(005)-1534/2022 saylı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cəlilabad Rayon Məhkəməsinin 27 iyul 2018-ci il tarixli 2(073)-379/2018 saylı qətnaməsinin icrası ilə əlaqədar verilmiş icra vərəqəsinə əsasən, Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış 27 iyun 2013-cü il tarixli, 016HOME354808 saylı kredit müqaviləsi və 09 iyun 2015-ci il tarixli kredit müqaviləsinə Əlavə ləğv edilməli, 27 iyun 2013-cü il tarixli, 016HOME354808 saylı kredit müqaviləsi üzrə İddiaçı 38068,29 manat əsas kredit borcu, 2025,30 manat kreditdən istifadəyə görə faiz borcu yaranmış və 50 manat cərimə, cəmi 40143,59 manat borc və 30 manat dövlət rüsumu alınıb iddiaçı Cavabdeh2 ASC-yə ödənilməli, tələb ipoteka predmeti olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən 17 iyul 2013-cü il tarixli RX ******* saylı çıxarışa əsasən İddiaçı məxsus olan Abşeron rayonu Masazır kəndində yerləşən 0,0317 ha torpaq sahəsinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı, satışdan əldə edilən vəsaitdən həmin kredit müqaviləsi üzrə cavabdeh İddiaçı Banka yaranmış cəmi 40143,59 manat borcu və 30 manat dövlət rüsumu Cavabdeh2 ASC-yə ödənilməli, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti 15000 manat müəyyən edilməlidir.
2. İcra vərəqəsi icra olunması üçün Abşeron Rayon İcra Şöbəsinə göndərilmiş, icra şöbəsi tərəfindən icra üzrə icraata başlanaraq Abşeron rayonu Masazır kəndində yerləşən 0,0317 ha torpaq sahəsinin açıq hərracda satılması üçün “X3” MMC-yə (indiki adı "xxxx" MMC) sifariş verilmişdir.
3. Hərrac keçirilərək hərracın nəticələri haqqında 15 fevral 2019-cu il tarixli 25 nömrəli protokol tərtib olunmuş, həmin tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmış, həmin torpaq sahəsini Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti əldə edərək Bankın adına daşınmaz əmlakın dövlət reyestrindən 15 aprel 2019-cu il tarixli çıxarış verilmişdir.
4. Əbilov X1 Rayon Məhkəməsinin 27 iyul 2018-ci il tarixli 2(073)-379/2018 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək qətnamə ipoteka predmetinin ilkin satış qiymətində dəyişdirilmiş, satış qiyməti 55000 manat müəyyən edilmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qərarı ilə Cavabdeh2 ASC-nin kassasiya şikayəti təmin edilərək qətnamə ipoteka predmetinin satış qiyməti hissəsində ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
6. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 fevral 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cəlilabad Rayon Məhkəməsinin 27 iyul 2018-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilmədən saxlanılmışdır.
7. İddiaçı tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilmiş, iş hal-hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının icraatındadır.
a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Masazır kəndində yerləşən 0,0313 ha torpaq sahəsinin açıq hərracdan satılması ilə bağlı cavabdeh “X3” MMC tərəfindən tərtib olunmuş (hazırkı Cavabdeh1) hərracın nəticələri haqqında 15 fevral 2019-cu il tarixli 25 nömrəli protokolun, 15 fevral 2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin və həmin torpaq sahəsinə dair Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 15 aprel 2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırmışdır ki, hərrac ləğv olunmuş məhkəmə qətnaməsinin əsasında keçirilmiş, hərracın keçirilməsi barədə iddiaçıya məlumat verilməmişdir.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli 2(005)-1534/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Abşeron rayonu Masazır kəndində yerləşən 0,0317 ha torpaq sahəsinin satılmasına dair hərracın nəticələri, o cümlədən Cavabdeh1 MMC və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış “Hərracın yekunları barədə” 15 fevral 2019-cu il tarixli 25 nömrəli Protokol, 15 fevral 2019-cu il tarixli hərracın yekunları üzrə alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 15 aprel 2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmişdir. (hakim X2)
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 415 və 416-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh2 ASC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddianın rədd edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının guya Cəlilabad Rayon Məhkəməsinin qanuni qüvvəsini almamış məhkəmə qətnaməsi əsasında gizli hərrac keçirilməsinə dair dəlilləri əsassızdır. Belə ki, hərrac tam qanuni şəkildə keçirilmiş, hərracın keçirilməsi barədə İddiaçı rəsmi qeydiyyatda olduğu ünvana bildirişlər göndərilmiş, “Kaspi” qəzetində elanlar verilmişdir. Hərracın keçirilməsi və hərracın yekunları barədə protokolun tərtib olunması proseduru apellyasiya icraatında məhkəmə çəkişmələri başlanan tarixə qədər artıq yekunlaşmış olmuşdur. Bundan əlavə, İddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti verildiyi halda, hərracın dayandırılması barədə icra qurumuna hər hansı məlumat verilməmişdir. Məhkəmə qərar qəbul edərkən onu da nəzərə almamışdır ki, Cəlilabad Rayon Məhkəməsinin 27 iyul 2018-ci il tarixli qətnaməsi Şirvan Apellyasiya Məhkəməsinin 9 fevral 2022-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin olunmamasını xahiş etdi.
16. Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi :
Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
20. İş materiallarından görünür ki, hərrac Cəlilabad Rayon Məhkəməsinin ləğv olunmuş 27 iyul 2018-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar verilmiş icra sənədi əsasında və həmin qətnamədən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsində baxılan dövrdə keçirilmişdir. Bundan əlavə, hərracın keçirilməsi barədə bildirişlərin İddiaçı çatması barədə iş materiallarında heç bir sübut yoxdur. Hərrac prosedurunun qətnamədən şikayətə apellyasiya icraatında baxılanadək yekunlaşması, həmin qətnamənin apellyasiya instansiyası məhkəməsi tərəfindən qüvvədə saxlanılması hərracın etibarsız hesab edilməməsinə əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı qətnamədən apellyasiya şikayəti verdiyinə və şikayətə apellyasiya instansiyası məhkəməsində baxıldığına görə qətnamənin icraya yönəldilməməsini və hərracın keçirilməməsini güman etməyə haqlı idi. Bu güman həm də ona əsaslanır ki, qətnamənin icraya yönəldilməsi, icra üzrə icraata başlanması, hərracın keçirilməsi barədə İddiaçı məlumatlı olması barədə cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamışdır.
21. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiyası məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Buna görə də mübahisələndirilən qətnamə cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalı, apelllyasiya şikayəti təmin olunmamalıdır.
22. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 384.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli 2(005)-1534/2022 saylı qətnaməsi Cavabdeh2 ASC-nin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Cavabdeh2 ASC tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.