Məhkəmə qərarları › İş №2(103)-6296/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6296/2022

08.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6296/2022 08.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3586/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 100.000 manat məbləğində borcun İddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 85.8 kv.m olan mənzilə yönəldilməsi, həmin mənzilin ən gec bir ay ərzində boşaldılması, mənzilin açıq hərracda satılaraq satışdan əldə olunan pul hesabına kredit borcunun ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3586/2022 saylı 16 avqust 2022-ci il tarixli qərardadı ilə iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina olunmuşdur. Hazırda İddiaçı vəkili və nümayəndəsi Nümayəndə həmin qərardaddan şikayət vermiş və şikayətini onunla əsaslandırmışdır ki, hazırkı iddia yeni əsaslarla qaldırılmış, digər mülki işdə ipoteka perdmetinə yönəldilmə bildirişin göndərilməməsi, reyestr xidmətinə ərizənin verilməməsi səbəbindən rədd olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3586/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə, şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iddia ərizəsini iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə istinad edərək hesab etmişdir ki, eyni tərəflər arasında, eyni predmetə dair, eyni əsaslarla məhkəmənin aktı (qətnaməsi, qərardadı) mövcud olduğu üçün ikinci icraatın başlanılması istisna edilir, belə ki, iddia ərizəsinin məzmunundan, “Elektron məhkəmə” informasiya sistemindən aydın olur ki, məhkəmənin icraatında İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə 2(005)-59/2022 saylı mülki iş olmuş, həmin mülki iş üzrə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 100.000 manat məbləğində borc pulun, tərəfindən ödənilmiş 30 manat məhkəmə üçün və 34,5 manat ipotekanın qeydə alınması üçün dövlət rüsumunun tutulması; xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmetinin ilkin satış qiyməti 136.000 manat məbləğində müəyyən edilməklə Cavabdeh tutulmalı olan məbləği onun qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.m olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və mənzil satıldıqdan sonra həmin mənzil ən gec bir ay ərzində boşaldılmadıqda, həmin mənzilin məcburi qaydada boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-59/2022 saylı 14 mart 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilərək Cavabdeh 100.000 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatının dəyərinin tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət olumuşdur. Qeyd olunan qətnamədən apellyasiya şikayəti verilməmişdir. Bu səbəbdən birinsi instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı tələb üzrə artıq qüvvədə olan məhkəmə qərarı mövcud olduğu üçün eyni tələbə yenidən baxılması yolverilməzdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli qətnaməsindən görünür ki, məhkəmə iddia tələbini borc məbləğinin ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və mənzil satıldıqdan sonra həmin mənzilin məcburi qaydada boşaldılması ilə bağlı hissədə rədd edərkən o hallara istinad etmişdir ki, iddiaçı “İpoteka Haqqında” AR Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etməmiş, yəni ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı iddiaçı qanuna uyğun olaraq ipoteka qoyana bildiriş göndərməmiş və bildirişin qeydə alınması üçün reyestr xidmətinə ərizə verilməmişdir. Göründüyü kimi, məhkəmə iddia tələbinin mahiyyətinə qiymət vermədən, yalnız iddiaçı tərəfindən işin məhkəmədən kənar həlli üçün zəruri olan tədbirləri görməməsi əsası ilə iddia tələbini rədd etmişdir. Hazırda iddiaçı qətnamədə qeyd edilmiş və onun iddiasının təmin edilməsinə mane olmuş halları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etmişdir. Belə olan halda, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 153.2.2-ci maddəsi tətbiq edilə bilməzdi. Çünki, məhkəmənin iddianı rədd edərkən istinad etdiyi əsaslar hazırkı iddia tələbində mövcud deyildir. Bu isə o anlama gəlir ki, hazırkı iddia tələbi məhkəmə tərəfindən baxılaraq rədd edilmiş digər iddia ilə eyni olsa da, eyni əsaslarla irəli sürülməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərardad ləğv edilməklə, hazırkı iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi yenidən müzakirə edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, 398.0.3-cü maddəsinə əsasən isə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3586/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi, həmin mənzilin boşaldılması, mənzilin açıq hərracda satılaraq satışdan əldə olunan pul hesabına kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar